Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Yanvar 2014

Həqiqi intizar

Əhli-beyt (ə) ona görə fərəc intizarı, yəni İmamın (əc) zühurunun gözlənilməsini tövsiyə edir ki, bu hal müntəzirdə (intizar çəkəndə, gözləyəndə) gələcəyə ümid yaradır və bu ümid insanın çalışqanlığında böyük rol oynayır. Əmirəlmöminin (ə) tövsiyə edir ki, Allah tərəfindən qurtuluş, fərəc intizarında olun, Ondan ümidinizi üzməyin. Allah üçün ən əziz əməl fərəc və qurtuluş intizarıdır. (Biharul-ənvar, c. 52, səh. 123).

İmam Səccad (ə) buyurur: "Fərəc intizarı özü böyük fərəc, qurtuluşdur." (Həmin mənbə).

Yer üzünün xilaskarının qiyamını gözləyən kəs əslində böyük inqilab intizarındadır. İmamın inqilabı bəşər tarixinin, yer üzünün ən böyük inqilabı olacaq. Bu inqilab həyatın bütün sahələrini əhatə edəcək. İntizarda, qurtuluş gözləntisində həmişə iki ünsür var. Pis vəziyyətdən cana gəlmək və yaxşı vəziyyətin eşqində olmaq. Demək, intizarda olan insanlar öz iddialarında düz, sədaqətli olsalar onlarda bu iki hal görünməlidir.

İntizar çəkən insanı başqalarından nə fərqləndirir? Həzrət Mehdinin (əc) dünya hökuməti hər şeydən öncə insani dəyərlərə ehtiyaclıdır. İnsanların düşüncəsi və hazırlığı yüksəlməlidir. Yalnız bu halda insan zühurda yardımçı ola bilər. Düşüncəsizlik, azğınlıq, həsəd, uşaqsayağı ixtilaflar, istənilən bir nifaq müntəzirin, yəni İmamın intizarında olan insanın sifəti deyil. Həqiqi müntəzir zühur hadisəsində tamaşaçı kimi dayana bilməz. O hökmən islahatçılar cərgəsində olmalıdır. İşin aqibətinə iman intizar çəkən şəxsə icazə vermir ki, müxaliflər sırasında dayansın. Tərəfdarlar isə pak və fədakarlıqlara hazır olmalıdır. Əgər mən pak olmasam inqilab alovu məni də ağuşuna alar. Əgər zalım olsam zülmlə vuruşacaq insanı necə gözləyə bilərəm?! Zalım və günahkar bir şəxs təbəddülat dolu həmin dövrdə nə rol oynaya bilər?!

Böyük mübarizə meydanında hamı bir-birindən xəbərdardır. Zəif nöqtənin islahı hamının vəzifəsidir. Bu meydanda olan insan gördüyü əyriliyi aradan qaldırmalıdır. Mübarizlərlə həmkarlıq etmədən bu proqramın həyata keçməsi mümkünsüzdür.

Bəşəriyyəti zülm-sitəmdən xilas edəcək şəxsin intizarında olan ordu həmişə hazır olmalıdır. Onlar döyüş üçün silahlarını hazırlamalıdır. Səngərlər qazılmalı, döyüş üçün mövqe tutulmalıdır. Hər bir əsgərin qəlbində mübarizə eşqi alovlanmalıdır. Belə bir hazırlığı olmayan ordunun bütün iddiaları yalandır. Həqiqi müntəzirin düşüncə və əxlaqı kamildir, dünyanın islahı üçün maddi və mənəvi hazırlığı var.

Bütün yer üzündə zülmə son qoymaq asan iş deyil. Belə bir böyük hədəfə hazırlıq da çətin işdir. Belə böyük inqilab böyük insanlar tələb edir. Bu insanlar həm pak olmalı, həm də döyüş hazırlığına yiyələnməlidirlər. Budur həqiqi intizar. Həqiqi intizar olan cəmiyyətdə artıq islahat başlayıb.

Həqiqi intizar çəkənlər özlərini islah etməklə yanaşı ətrafdakıların islahına çalışmalıdır. Bu proqram fərdi proqram deyil. Onda bütün cəmiyyət iştirak etməlidir. Fəaliyyətlər elə istiqamətləndirilməlidir ki, hər bir addım ümumbəşəri inqilaba xidmət etsin. Cəmiyyətin ümumi mübarizəsində fərd harada zəif nöqtə görürsə həmin istiqamətdə çalışmalıdır. Bütün mübarizlər bu işdə əl-ələ verməsələr zühur proqramını həyata keçirmək mümkünsüzdür.

Əsas məsələlərdən biri cəmiyyəti bürümüş fəsadda əriməmək, cəmiyyətin rənginə boyanmamaqdır. Günah ayaq tutub yeriyəndə pak insanların da ətəyi günaha bulaşır. Bu isə insanda gələcəyə ümidi sarsıdır. Düşünürlər ki, artıq iş-işdən keçib, vəziyyətin düzəlişi mümkün deyil. Hətta insanın özünü pak saxlamasını mümkünsüz sayırlar. Bu ümidsizlik insanı tədricən günah mühitinə çəkir. Hətta elə bir vəziyyət yaranır ki, insan mömin olmağından utanır.

İnsana ümid, qəlb gücü, müqavimət qüvvəsi verəcək yeganə şey islaha ümiddir. İnsan istənilən bir ağır durumda vəziyyətin düzəlişinə ümid etməlidir. Yalnız bu ruhiyyə insana hakim olduqda o süstləşmir, fəaliyyətdən əl çəkmir. İmam Mehdinin (əc) qiyamı və hökuməti məhz belə insanlara ehtiyaclıdır. Ümidsizlik böyük günahlardandır. Bəziləri təəccüb edir ki, ümidsizlik nə üçün böyük günah sayılır. Onların məntiqi budur ki, artıq iş-işdən keçib, vəziyyəti dəyişmək qeyri-mümkündür və mövcud durumla barışmaqdan başqa yol yoxdur. Amma insanın üzünə ümid qapıları açılanda onun ruhiyyəsi dəyişir, ən ağır vəziyyətdə belə üzülmür, gələcəyə ümidini itirmir.

Demək, ümid insanın tərbiyəsində əsas ünsürlərdəndir. Saleh insanlar da günahkar mühitdə ümidsizliyə qapılsa özünü qoruya bilməz. Bəli, İmamın ümumbəşəri inqilabı üçün zəifliklərdən uzaq möhkəm imana ehtiyac var. İnsan zühura hazırlıq üçün imanını gücləndirməli, təmizlənməlidir. Belə fərdlər öz varlıqları ilə zühurur yaxınlaşdırır. Zalımla həmkarlıq edən, iman və saleh əməldən uzaq olan, öz kölgəsindən qorxan insanlar zühur ruhiyyəsindən tam uzaqdır. Əlini əlinin üstünə qoyub oturan, cəmiyyətdəki nöqsanlarla mübarizə aparmayan şəxs dildə intizar çəkdiyini desə də bu həqiqət deyil.

Fatimə Zeynəddin
Nur-az.com



2022 بازدید