Şrift ölçüsü:
A+
A
A-
Kr
19 İyul 2015

Qəm-qüssə səbəbləri

Çıxış yolu olan çətinliklə vuruş, çıxış yolu olmayan çətinliklə barış...
İnsanın şadlığını aradan qaldıran, onu qəm-qüssəyə qərq edən nədir? Bu çox geniş bir mövzudur. İnsana qəm-qüssə gətirən, onu nigaran edən səbəblərin bəziləri eyni zamanda şadlıq və sevincin düşmənidir. Pis əxlaq, paxıllıq, günah, yoxsulluq, dünyaya əsir olmaq insanın sevincini əlindən alıb, ona qəm-qüssə gətirir.
Dünya həyatının sonu ölümdür. Buna kimsə şübhə etmir. Dünya mütləq sevinc yeri deyil. Bununla belə, imanlı və xeyirxah insanlar Allah və axirəti yadda saxlamaqla yanaşı dünya həyatından da ləzzət ala bilər. Çünki qəm-qüssənin bir çox amilləri etiqadlı insanlardan uzaqdır. Eyni zamanda, axirət inanclı insanlar günahdan uzaq olmaqla şad bir həyat keçirir.
Bir qrup hədislərdə qəm-qüssə səbəbləri həm də sevinc və şadlığın düşməni kimi göstərilir. Xülasə şəkildə bu hədislərdən bəzilərini nəzərdən keçirək. Hətta axirət inancı olmayan insanlar ölümü qəbul edir və ölüm barədə düşüncələrdən azad deyil. Əgər ölüm varsa, demək dünya daimi sevinc yeri ola bilməz. İmanlı həm də xeyirxah insanlar onların qarşısına qoyulan vəzifələrə əməl etməklə xoş bir həyat yaşaya bilər. Onların axirət inancı buna mane olmur. Əksinə, axirət inancı, əbədi həyata inam onların sevincini də davamlı edir. Qəm-qüssəyə təsirli əxlaqi amillər hansılardır? Bəzi rəzil sifətlər insanı şadlıqdan məhrum edir. Loğman oğluna buyurur ki, kim pis xasiyyətli olsa, qəm-qüssəsi də çox olar. Həzrət Əlidən (ə) soruşurlar ki, həyatda daha çox kim qəmlənir? Həzrət buyurur ki, ən pis əxlaqlı insan daha çox qəmlənir.
İnsana qəm-qüssə gətirən pis sifətlərdən biri də həsəddir. Həzrət Əli (ə) buyurur ki, həsədçi adamı şad görməzsən, həsəd aparan insan qəm-qüssə içindədir. İnsana qəm gətirən başqa bir sifət kin-küdurətdir. Həzrət Əli (ə) buyurur: “Kin-küdurətli insanın həyatı əzab içindədir, onun qəm-qüssəsi başqalarından qat-qat artıqdır.”
İnsana əziyyət verən sifətlərdən biri də dözümsüzlük, şikayətlənməkdir. Həzrət Əli (ə) buyurur: “Dözümsüzlükdən çəkin, dözümsüzlük ümid bağını qırır, insanın işlərini süstləşdirir. O insana qəm-qüssə gətirir. Qurtuluş iki şeydədir: Çıxış yolu olan problemlərdən qurtarmaq, çıxış yolu olmayan problemlərlə barışmaq lazımdır”.
İnsan həyatını qəm-qüssəyə qərq edən sifətlərdən biri də tələskənlikdir. Həzrət Əli (ə) buyurur ki, tələsmək insanı uğurdan qabaq, qəm-qüssəyə çatdırar. Başqa bir məqamda həzrət (ə) buyurur: “Tələskənlikdən çəkin, tələskənlik zərər-ziyan, peşmançılığın sərlövhəsidir.”
Dünya həyatına bağlılıq, dünyaya əsarət pərişan həyatın əsas səbəblərindəndir. Həzrət Peyğəmbər (s) buyurur: “Dünyaya bağlılıq, dünya həvəsi insanın qəm-qüssəsini artırır. Dünyaya rəğbətsizlik insanın qəlbinə rahatlıq gətirir.”
İmam Sadiq (ə) nəql edir: “Bəzi kişilər və onların zövcələrini bir şeydən bəhrələndirsək, sən ona göz dikmə, onlara görə qəmlənmə; möminlər qarşısında təvazökar ol”, ayəsi nazil olanda Peyğəmbər (s) buyurub: “Kimin başqalarının malında gözü olsa qəmi çox olar, narahatçılığı aradan qalxmaz.”
Qəm-qüssə səbəblərindən biri də əməldə bəlalardır. Əməldə bəlalar dedikdə insanın rahatlığını əlindən alan xoşagəlməz işlər nəzərdə tutulur. Həvəsbazlıq, şorgözlük, günah, xeyir işdən uzaqlıq, işsizlik, fürsəti əldən vermək, ilahi ədalətə diqqətsizlik insanın qəlb rahatlığını əlindən alır. Xeyir işlər insan fitrətinə uyğun olduğundan insan xeyir iş gördükdə ruhani bir ləzzət alır. Çirkin işlər insan fitrətinə yaddır. Buna görə də insan çirkin iş gördükdə ruhu təlatümə gəlir, nigaran olur. Aydın məsələdir ki, insanın əməlləri çirkin, günahları ağır olduqca onun iztirabları da artır. Hətta bir neçə dəqiqəlik haram ləzzət insana bir ömür peşmançılıq gətirə bilər. Allah-Taala buyurur ki, kim mənim zikrimdən uzaq olsa, həyatı çətinləşər, qiyamət günü səhnəyə kor halda gətirilər. Həzrət Peyğəmbər (s) buyurur ki, nə çoxdur ötəri şəhvətlər ki, onun qəm-qüssəsi uzunmüddətlidir. Başqa bir məqamda Həzrət (ə) buyurur ki, insan xeyir işdə səhlənkarlıq göstərsə, Allah onu qəm-qüssəyə düçar edər. Həzrət Əli (ə) buyurur: “Ən böyük qüssə fürsətləri əldən çıxarmaqdır.” İmam Baqir (ə) buyurur: “Cisminin rahatlığını qəlbinin rahatlığında axtar. Xətaların azaldıqca qəlbinin rahatlığı çoxalar.” İmam Riza (ə) buyurur: “Əlinin (ə) elə bir şiəsi yoxdur ki, gündüz bir xətaya yol versin, gecə həmin xətaya görə peşmançılıqla günahını yumamış olsun.”
İnsanın rahatçılığını əlindən alan, ona qəm-qüssə gətirən səbəblərdən biri də iqtisadi problemlərdir. İnsan maddi ehtiyaclarının təmininə çox bağlı olduğundan hər hansı maliyyə problemi onun rahatlığını əlindən alır. İqtisadi problemlərlə mübarizə aparmadan şad yaşamaq mümkün deyil. Amma unutmaq olmaz ki, insana qəm-qüssə gətirən təkcə yoxsulluq deyil. İnsan varlı olsa və bu var-dövlətə qəlbində yer versə, yenə də aramlığını itirir, yoxsul insanlardan daha çox gərgin olur. Həzrət Əli (ə) buyurur: “Yoxsulluq insanı alçaldır, ona pərişanlıq gətirir.” Həzrət Peyğəmbər (s) buyurur: “Borclu olmağın qüssəsi kimi qüssə yoxdur.”
İmam Kazim (ə) buyurur ki, Həzrət Məsih (ə) həvarilərə deyib: “Kimin borcu yoxsa rahatdır. Borclunun qəm-qüssəsi daha çoxdur. Əgər imkanınız olsa borcunuzu ödəyin.” Həzrət Əli (ə) buyurur: “Var-dövlət insana qəm-qüssə gətirir.”
İnsana qəm-qüssə gətirən səbəblərdən biri də təbii bəlalardır. Dünya həyatının öz səciyyələri var. Bəzən insanın həyat balansını pozan elə təbii səbəblər olur. Bu halda insan şadlıq hissini əldən verir. Soyuq təbiətli insanlar adətən qəm-qüssəyə meyilli olur. İmam Sadiq (ə) buyurur ki, soyuq insan qəm-qüssə içində olar, fiziki zəiflik, yaddaşsızlıq, ümidsizlik onun sorağına gələr.”
Həzrət Əli (ə) buyurur ki, ölümün yaxınlaşması düşüncəsi həyatın şirinliyini insandan alır.
Həzrət Peyğəmbər (s) buyurur: “Ey İnsanlar! Dünya şadlıq yox, qəm-qüssə evidir. Dünyada çətinliklər var, rahatçılıq yoxdur. Dünyanı tanıyan şadlığa ümid etməz, həm də çətinliklərdən qəmlənməz.” Həzrət (s) Üsamə ibn Zeydə buyurur: “Ey Üsamə! Doğru yolda ol, məbada dünyanın örəti ləzzətlərinin əlindən çıxmasına görə pərişan olasan.” Həzrət Əli (ə) buyurur: “Məbada dünya həyatı sizi aldatsın. Dünya hər tərəfdən bəlaların insana hücum çəkdiyi bir yerdir. Vəfasızlıq onun xüsusiyyətidir. Onda nə varsa məhv olmağa doğru gedir. O əhli arasında növbə ilə dolanır, gündə birinin ağzını şirinlədir. Durumu dayanıqlı deyil. Dünyada olanlar onun ağrı-acılarından amanda qalmaz. İnsanlar şadlıq keçirdiyi zaman birdən-birə qəm-qüssəyə düçar olar. Dünya həyatının asayişi davamlı deyil. İnsan dünyada hədəfdir, dünya oxları ona tuşlamışdır, ölümlə məhv olar.”
Deyilənlərdən aydın olur ki, dünya həyatının təbiəti çətinliklər və bəlalardan ibarətdir. Bunu dərk edən insan şadlıq və sevincin müvəqqəti olduğunu başa düşür. Buna görə də çətinliklər onun üçün gözləniləndir, heç vaxt bəladan üzülmür. Mütləq şadlıq sorağında olanlar bilməlidirlər ki, dünya həyatında belə bir şadlıq yoxdur. Bütün sevinc və şadlıqlar müvəqqətidir. İnsan bu həqiqəti dərk edəndə dünya çətinlikləri onun üçün asanlaşır, çətinlikləri qəbul etməyə hazır olur. Dünya bəlaları onun üçün gözlənilməz deyil.
İnsana qəm-qüssə gətirən amillərdən biri də psixoloji amillərdir. Bu amillər insanın daxilindən qaynaqlanır. Üzücü təxəyyüllər, lazımsız fikirlər insanın zehnini məşğul edir, onun rahatlığını əlindən alır. İnsana nigaranlıq gətirən belə fikirlərdən biri gələcəklə bağlı narahatçılıqdır. Təcrübə göstərir ki, belə nigarançılıqlar əhəmiyyətsizdir. Böyük səhabə Əbuzər deyir: “Görməyəcəyim bir günün qəm-qüssəsi məni öldürdü.” Həzrət Əli (ə) buyurur: “İşini möhkəm tut, arzuların yalanına aldanma, sabahkı qəmə bu gün yol vermə. Sabah gələr, sabah o barədə düşünərsən. Bu gün sabahın qüssəsini çəksən vəziyyətini ağırlaşdırarsan, bir neçə günün ağrısını bir gündə çəkməli olarsan. Uzun-uzadı arzular sənə yalnız əziyyət gətirəcək. İmkanlarından uzaq şəraitlər barədə düşünmək sənə sıxıntı gətirər. Qəlbini belə boş arzulardan təmizlə ki, rahatlaşasan. Bugünkü arzular sənə iki tərəfdən zərbə vurur. Bugünkü işini saxlayırsan, qəm-qüssən artır.
İnsanın qəm-qüssəsini artıran amillərdən biri şeytanın təlqinləridir. Rəvayətlərdə bu barədə çox danışılır. Şeytan yuxuda və aşkarda insana təlqin edir. Bəzi yuxular insanın rahatlığını əlindən alır. Həzrət Peyğəmbər (s) buyurur: “Yuxu üç qisimdir: şeytanın insana qəm gətirdiyi yuxu; gündüz fikirlərdən yaranan yuxu və ilahi yuxu...”
Bəzən insanın dolanışıqla bağlı qorxuları şeytandan qaynaqlanır. Allah insanı yaradıb və onun ruzisini öz üzərinə götürüb. İnsanın vəzifəsi çalışmaqdır. Çalışan insan ruziyə görə narahat olmamalıdır. İnsanın ömrü hər gün azalır, o hər gün ölümə yaxınlaşır. Ömür sərmayəsini boş xərcləmək insanı narahat etməlidir. Adi halda günlərin xərclənməsi təbiidir, buna görə qəmlənməyə dəyməz.
Həzrət Peyğəmbər (s) buyurur ki, Allah-Taala buyurub: “Ey Adəm övladı! Sənin hər gününün ruzisi çatar, eyni zamanda ömrün qısalar. Amma sən sevinirsən. Ehtiyacın olan sənə çatır, amma səni bədbəxt edəcək şeylərin ardınca gedirsən. Azca qənaət etmirsən, çoxdan doymursan.”

Vilayet.nur-az.com


1528 بازدید
در حال ارسال اطلاعات...