Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

Əmirəlmöminin (ə) cahillər qarşısında

Təqvalılar mövlasının əzəmətini və məqamını dərk etmək üçün onun bir sözünü yada salmaq bəs edir: “Əgər pərdələr çəkilsə, mənim əminliyimə bir şey əlavə olunmaz...”
Doktor Dinani ilə söhbət
Pərdələr çəkilsə, əminliyimə bir şey əlavə olunmaz!..

Mehr İnformasiya Agentliyi tanınmış filosof, doktor Dinani ilə Əmirəlmöminin Əli ibn Əbu Talib (ə) haqqında söhbətləşib. Doktor Dinani söhbət əsnasında deyib:
Çox üzücüdür ki, həzrət Əli (ə) qəlbinin dərdini quyuya deyib. Quyu ilə dərdləşmək həzrətin öz dövründə cahil insanlarla əhatə olunduğunu göstərir.
Təqvalılar mövlasının əzəmətini və məqamını dərk etmək üçün onun bir sözünü yada salmaq bəs edir: “Əgər pərdələr çəkilsə, mənim əminliyimə bir şey əlavə olunmaz...” Sanki dünyanın Əmirəlmömininin (ə) dərdlərini dinləməyə, onunla həmsöhbət olmağa tutumu olmayıb. Nəhayət bu dünya, onun cəhalətə qərq olmuş insanları quyu ilə dərdləşən Mövlanı şəhadətə yetiriblər.
Mövlana həzrət Əlinin (ə) mədhində deyir ki, ey Əli (ə), bütün ağıl (əql) və göz səndədir, gördüklərindən bir neçə söz danış... Bütün ağıl və göz dedikdə bəsirət nəzərdə tutulur. Ağıl kamilləşəndə yeni xüsusiyyətlər əldə edir. Mərifət ağılın xüsusiyyətidir. Ağıl mərifət və dərk sayəsində Allah-taalanın əzəmətini qavrayır. Kamil ağılın təvazö xüsusiyyəti var. Təvazö insanı ibadət-itaətə, gecələr raz-niyaza sövq edir.
Şəhriyar deyir ki, üfüq söküləndə Əlini (ə) yatmış görə bilmədi. Gecə də Əlinin (ə) yatdığına şahid olmadı. Əmirəlmömininin (ə) gecələr oyaq qalması, Allahla raz-niyazı, quyu ilə dərdləşməsi barədə rəvayətlər çoxdur. Bu rəvayətlər çox üzücüdür. Mövla nə üçün quyu ilə danışırdı? Quyu Əlinin (ə) sözlərini eşidirdimi? Əslində Mövlanın quyu ilə danışması dövrünün cəhalətinə işarə idi.
Həzrət Əli (ə) kamil ağıl sahibi idi. Bu kamil ağıl və bəsirət sahibi hansı cəmiyyətdə yaşayırdı? Həmin cəmiyyətin üzvlərindən biri “mürəkkəb cəhalətə” qərq olmuş İbn Mülcəm idi. Bu adam heç bir dəlil-sübut qəbul etmirdi, heç bir haqq sözə qulaq asmırdı. Təəssüb və cəhalət əsiri olmuşdu. O nadan cəmiyyətin bir nümayəndəsi idi. Həzrət quyu ilə danışırdısa, mənası bu idi ki, onu dinləyən, anlayan biri yoxdur.
Bəli, İmam Əli (ə) qatı, mürəkkəb cəhalətə qərq olanlarla üzbəüz idi. Bəsit cəhalətin eybi yoxdur. Bəsit cahil bilmədiyini bilir. Bilmədiyini bildiyindən deyilən sözə qulaq asır. Mürəkkəb cəhalətə uğrayan isə təkəbbürlüdür, özünü alim sayır, buna görə də kimsəyə qulaq asmır.
Bu adamlar Əmirəlmömininin (ə) sözlərinə qulaq asmırdılar. Həzrətin deyəcəyi sözlər qiyamətə qədər dərdləşdiyi quyularda qaldı. Dərd əhli, həqiqət axtaran insanlar Mövlanın səsini eşidir. Mövlanın fəryadı hər zaman, hər yerdə ünvanını axtarır. Tarix durduqca bu sözlər də duracaq. Mövla Əli (ə) ədalət yolunun şəhidi oldu. Bu yol insanlara sevgi yolu idi. Amma dövr Əlinin (ə) ədalətinə dözmək gücündə deyildi. Buna görə də ən zalım birinin əli ilə qətlə yetirildi.
İbn Mülcəm nadanlıq və cəhalət mücəssəməsi idi. Bu adamda düşünmək istedadı yox idi. Beləcə, insaniyyət təcəssümü cəhalət təcəssümünün əli ilə qətlə yetirildi. Bu tarix üçün böyük dərsdir. Mövla Əli Allahın vəlisi, elm və mərifət məzhəri idi. Elm və mərifət məzhəri cəhalət və nadanlığın hədəfinə çevrildi.
Maddiyyat aləmində hər dairənin bir mərkəzi və əhatəsi var. Dairənin mühiti onun mərkəz nöqtəsini əhatəyə alıb. Mərifət aləmində isə belə deyil. Bu aləmdə mərkəz mühiti əhatə edib. Bir dünya elm və məlumat varımızdır. Aləm məlumdan, məlum da aləmdən ayrı deyil. Elm məlumu əhatə edir, yoxsa məlum elmi? Elm məlum üçün mühitdir. Bu mənəvi dairədir. Mənəvi dairənin mərkəzi elm, Əlidir (ə).
Həzrət Əmir ilahi mərifətin kamil məzhəri, bəşəriyyət üçün nümunədir. Bir dəfə qazinin hüzurunda olanda qazi ona “Ya Əbül-Həsən” deyə müraciət etdi. Həzrət Əli (ə) ilə bir nəfər arasında mühakimə aparan qazi həzrətin etirazı ilə qarşılaşdı. Həzrət etiraz etdi ki, nə üçün qazi ona ehtiramla, ikinci tərəfə adi qaydada müraciət edir. Buyurdu ki, bu şəxslə mənim aramda mübahisə var, hər ikimizə eyni gözlə bax. Bu idi Əlinin (ə) ədaləti.
Mərifətsiz ədalət əfsanədir. Bir adamın mərifəti yoxsa, onun ədalət iddiaları puçdur. Axı mərifəti olmayan şəxs ədaləti necə tanıya bilər?! Yada saldığım mühakimədə həzrət Əmirin rəftarı bütün dünyadakı hakimlər üçün nümunədir. Mühakimədə bitərəf olmaq, sevgi və nifrətdən təsirlənməmək çətindir.
Mərifətsiz insanın dəm vurduğu ədalət fənadır, ədalətin dərki üçün mərifət lazımdır. İlahi mərifət olan yerdə ədalətin mənası aşkarlanır. Mövlamız belə ədalət məzhəri idi.

Vilayet.nur-az.com


1218 بازدید
در حال ارسال اطلاعات...