Şrift ölçüsü:
A+
A
A-
Kr
23 İyul 2015

İstibdada hökm oxuyan ruhanilər

Seyid Cəmaləddin Əsədabadinin Mirzayi Şiraziyə məktubu...
Tənbəki qadağası fitvası ilə məşhur Mirzayi Şirazinin iki oğlu olub. Bir oğlu Mirza Məhəmməd, alim həyatda ikən dünyasını dəyişib. Mərhum Mirza Məhəmməd alim və müdərris olub. İkinci oğlu Mirza Əliağadır. O Seyid Rəzi Şirazinin babasıdır və böyük Nəcəf alimlərindən olub. Atasından, Mirza Məhəmmədtəqi Şirazidən dərs alıb. Bu nəsildən bir yadigar qalıb, o da hazırda Tehranda yaşayır. İctihad dərəcəsini Nəcəfdə almış alim, Ayətullah Mirza Həsən Hüseyni Şirazinin oğul nəvəsidir. O hazırda İranın İbn Sina irsi üzrə bilicisidir. Tənbəki qadağası mövzusunda sualları bu dəyərli alim, Ayətullah Seyid Rəzi Hüseyni Şirazi cavablandırır...

Sual: Mirzayi Şirazinin məşhur fitvası şiə mərcəiyyəti tarixində yer almış sənəddir. Necə olub belə fitva verilib?
Cavab: Mərhum Mirza Əliağa, Mirzayi Naininin oğlu fazil və saleh bir insan idi. O atasının dilindən nəql edir ki, tənbəki hadisəsində Samirrada olublar. Bir gecə mərhum Mirza şagirdlərini toplayıb deyir: “İstəyirəm tənbəki qadağasını Tehrana teleqrafla göndərim. Hər biriniz mətn yazın, münasib mətni göndərək.” Bir qədər sonra tələbələr yazdıqları mətnləri gətirir. Mətnləri oxuyurlar, sonra alim döşəkçənin altından bir mətn çıxarıb oxuyur: “Bismillahir-Rəhmanir-Rəhim. Bu gündən tütün və tənbəkidən istifadə İmam-Zamanla (ə.c.) müharibə hökmündədir. Həqir Məhəmməd Həsən Əlhüseyni.” Mirza mətni oxuyandan sonra buyurur ki, bu mətn həzrət Höccətin (əc) müqəddəs nahiyəsindəndir. Sonra tələbələrin münasibətini soruşur. Hamı alimin sözünə təslim olub, bu mətnin göndərilməsini münasib sayır.

Sual: Bəzi mənbələrdə məlumat var ki, Seyid Cəmaləddin Əsədabadi Mirzayi Şiraziyə məktub yazıb və onu tənbəki qadağasına təşviq edib. Bu doğrudurmu?
Cavab: Bir yerdə qeyd olunmayıb ki, mərhum Mirza Seyid Cəmaləddinə cavab verib. Mərhum Seyid Cəmal Gülpayiqani Mirzayi Naininin dilindən nəql edir ki, Seyid Cəmaləddin Samirraya gəldi, bir neçə gün mənim hücrəmdə qaldı, Mirza ilə görüşmək istəsə də bu görüş alınmadı.
Mühüm nöqtə budur ki, Mirza müxtəlif yollarla məktublar alırdı. Bu məktublardan biri də Seyid Camalın məktubu olub. Amma son qərar Mirzanın özünə aiddir. Peyğəmbər (s) səhabələrlə məsləhətləşər, amma özü qərar çıxarardı. Mirza Seyid Camalla görüşməyə maraq göstərməyib. Seyid Camal deyib ki, Mirzayi Şirazi İslam dünyasına yaxşı rəhbərdir, amma Avropaya səfərə getsə, ora ilə yaxından tanış olsa, bu səfər İslam cəmiyyətinin inkişafına təsirli olar. Mərhum Şeyx Əbdünnəbi Nurinin oğlu Şeyx Bəhauddin nəql edir ki, atası 5 il Samirrada Mirzanın xidmətində olub. O, İstanbul səfərində olanda Seyid Camal onun görüşünə gəlib. Seyid Camal deyib ki, onun xahişini Mirzaya çatdırsın. Seyid Camal xahiş edib ki, Mirza, Nasirəddin şahı təkfir etsin, bu yolla şah hakimiyyətdən uzaqlaşdırılsın. Seyid Camal öz məktublarında Nasirəddin şahın hakimiyyətdən uzaqlaşdırılmasını çox təkid edir. Şeyx Əbdünnəbi Seyid Camaldan soruşur ki, Nasirəddin şah getsə, onun yerinə kim gələcək? Seyid Camal cavab verir ki, onun yerinə mən gələrəm və sultan Əbdülməcid məni himayə edər. Seyid Camalın sözü Mirzaya çatdırılanda Mirza deyir: “Nasirəddin şahın təkfiri İslam və şiəliyin xeyrinə deyil, Osmanlı ölkəyə nəzarət etsə, şiəlik məhv olar.” Tənbəki qadağasının qələbəsindən qabaq Nasirəddin şah Mirzaya teleqramlarında hörmət gözləməyib. Tənbəki fitvasından sonra şahın münasibəti tam dəyişib.
Mirza heç vaxt şahı tam himayə etməyib. Sadəcə əqidəsi bu olub ki, şahın getməsi şiəliyə zərərdir. Bununla belə Mirzayi Şirazinin Seyid Camala mənfi və ya müsbət münasibəti barədə bir sənəd görməmişəm.

Sual: Mirza nə üçün Nəcəfdən Samirraya mühacirət etdi?
Cavab: Mənbələrdə müxtəlif səbəblər göstərilir, amma əsil səbəb məlum deyil. Elm hövzəsindən çıxıb, ümumiyyətlə şiə sakini olmayan bir kəndə hicrət qərarı verən alim haqqında söz demək çətindir. Məncə Mirzanın hicrətinin müxtəlif səbəbləri ola bilər. Əvvəla, Nəcəf əhli şiə, Samirra əhli sünni olub. Mirza Samirraya hicrət edəndən sonra orada hüseyniyyə, mədrəsə, xalqa xidmət üçün müxtəlif binalar inşa edib. Bir növ şiələrlə sünnilər arasında körpü yaratmaq istəyib. İmam Həsən Əskərinin (ə) pak qəbri və evi, İmam Zamanın (əc) əziz anasının qəbri Samirradadır. Mirza Samirraya mühacirətlə şiələri də bu şəhərə mühacirətə həvəsləndirib. Mirza mədrəsə tikəndə sünnilər də mədrəsə tikməyə başlayıb. Mirza sünnilərə mədrəsə tikməkdə kömək edib. Bir dəfə şiə tələbə ilə sünni tələbə arasında dava olur. Bundan istifadə edən fitnəkarlar xalqı sövq edir ki, Mirzanın evini daşlasınlar. Mirza çətin vəziyyətə düşür. Fərat şeyxləri ondan göstəriş istəyir. Hətta Britaniya və Rusiya səfirliyinin işçiləri Mirza ilə görüşmək istəyirlər. Mirza isə onları qəbul etmir. Amma Osmanlı valisini qəbul edir. Vali soruşur ki, evinizə hücum edənlər barədə göstərişiniz nədir? Mirza cavab verir ki, onlar bizim övladlarımızdır. Samirra əhli danışırmış ki, Mirza bizi cəzalandıra biləcəyi halda bundan vaz keçdi və onun sayəsində azad olduq.

Sual: İnqilabın əvvəllərində sizə qarşı terrordan sonra İmam Xomeyni (r) ilə görüşmüsünüz. İmam tənbəki qadağası ilə bağlı nə düşünürdü?
Cavab: Görüş bir saat çəkdi. İmam hal-əhval tutandan sonra buyurdu: Bir qəzet yazıb ki, tənbəki qadağasının Mirzaya aidiyyatı yoxdur, bu göstəriş xaricdən gəlib. Onlar çalışır ki, ruhanilərin xalq üçün bir iş görmədiyini sübuta yetirsin. Tənbəki qadağasından bu günə qədər xidmətləri başqalarının adına yazmaq istəyirlər. Hansı ki tənbəki qadağası ruhaniyyətin xidmətidir.
Seyid Məhəmməd Fişarəki Mirzadan soruşur ki, bu qadağa bütün ölkələrə aiddir? Mirza bildirir ki, təkcə İrana aiddir.

Vilayet.nur-az.com