Şrift ölçüsü:
A+
A
A-
Kr
24 İyul 2015

Tərəddüd ağuşundan doğan eşq

Əllamə Təbatəbai kimi azad düşüncəli mütəfəkkir tapmaq olmaz!
Keyhan nəşriyyəsi doktor Dinani ilə söhbətləşib

Ustadla söhbətdə doktor Dakani və cənab Məhəmməd Cavad İsmaili də iştirak edib.

Keyhan: Təvəllüd, ilk təhsil və ailə barədə qısaca məlumat verərdiniz ...

Ustad Dinani: Bismillahir-rəhmanir-rəhim. Mən şəmsi 1313-cü ildə İsfahanın tabeçiliyində olan Dinan kəndində doğulmuşam. Elə həmin kənddə ibtidai təhsilə başlamışam. Ailəmiz adi müsəlman ailə olub. Yeniyetməlik dövründə hələ ibtidai təhsilimi başa vurmamış məndə dini elmlərə, tələbəliyə maraq yarandı.

Keyhan: O yaşda sizi dini elmlər arxasınca aparan maraq nə idi?

Ustad Dinani: O dövrdə hər məhəlin öz ruhanisi vardı. Atam Dinan ətrafındakı alimlərlə də əlaqə saxlayırdı. Bəzən bu alimlər bizə qonaq gələrdi. Atam evdə alimlərdən, xüsusi ilə bir ruhaninin elm və təqvasından danışardı. Bu söhbətlər mənə öz təsirini göstərmişdi. Atamın söhbətlərindən əlavə məktəbdə yazıb-oxumağı öyrəndiyim zaman əlimə düşmüş bir kitabdan çox təsirlənmişdim. Kitabın haradan gəldiyi yadımda deyil. Onun əvvəli və sonu yox idi. Mən bir kənd uşağı olaraq öz bəsit düşüncəmlə bu kitabın əsiri oldum. Bu kitab gecə-gündüz mənim düşüncəmi özünə məşğul etmişdi.

Keyhan: Həmin kitab haqqında nə danışa bilərsiniz?

Ustad Dinani: Bu kitab şeirlər toplusu idi, kimin tərtib etdiyi məlum deyildi. Əbusəid Əbulxeyr, Səhabi Əstərabadi, Mirza Nəqi (ya Təqi) Kəmreyi kimi şəxslərin bu kitabda rübailəri vardı. Mən o zaman yazıb-oxumağı təzəcə öyrənmişdim. Bu şairləri tanımırdım. Kəmreyi sözünü düzgün tələffüz edə bilmirdim. Amma hiss edirdim ki, bu rübailərdə, xüsusi ilə Əbusəidin rübailərində məni özünə çəkən bir qüvvə var. İllər ötdü, Əbusəidi tanıdım. Amma hələ də bilmirəm ki, Səhabi Əstərabadi kimdir? Düzü bunu araşdırmamışam.

Doktor Dakani: Səfəvilər dövrünün şairlərindəndir, ustad.

Ustad Dinani: Rübailəri çox cazibədar idi. O zaman hiss etdim ki, belə fikirlərə xüsusi marağım var. Sonralar bildim ki, bu ürfani təfəkkürdür. O zamana qədər adını bilmirdim. Atamın haqqında danışdığı alimlər gözəl insanlar idi. Bu məndə bir şövq yaratdı ki, həmin yolu gedim. Soruşdum ki, onlar harada dərs oxuyub? Dedilər: Nimavərd mədrəsəsində. Məndə həmin mədrəsəyə getməyə maraq yarandı.

Keyhan: Ata-ananız sizin dini təhsil almanıza müxalif deyildi?

Ustad Dinani: Atam Nimavərd mədrəsəsinə getməyimə müxalif deyildi. Amma bu işdə hansısa təlaş göstərmədi. Ailədə beş oğul, üç qız vardı. Atamın işi çox olduğundan övladlarına lazımi diqqəti göstərə bilmirdi. Anamın da Nimavərdə getməyimə marağı yox idi. Qardaşlarım isə müxalif idilər.

Keyhan: Səbəbi nə idi?

Ustad Dinani: Ailədə köməyə ehtiyac var idi. Mənim İsfahana gedişimlə bir işçi qüvvə azalırdı. Buna görə təhsil ardınca getməyimə maraqlı deyildilər. Amma mən qərara gəlmişdim. Acıq və küsməklə də olsa getmək qərarında idim. Atam məni Nimavərd mədrəsəsindəki tanışına tapşırdı. O da qəbul etdi. Mədrəsədə həmin şəxsin hücrəsinə getdim. Bir, iki-üç ay həmin hücrədə qaldım. Sonralar ayrı hücrəyə köçdüm, müstəqil oldum. Orada bir neçə ay təhsil alandan sonra mənə elə gəldi ki, bu mədrəsə mənim arzuladığım yer deyil. Bir qədər peşman oldum. Amma peşmançılıq özümə zərər idi. Əgər geri qayıtsaydım kimlərsə sevinərdi. Düşündüm ki, bu qədər müxalifətlə gəlmişəmsə, indi geri qayıtmağım namərdlik olar. Nə olur-olsun qalmalıyam. Qaldım və tədricən ədəbiyyat, sərf-nəhv (qramatika), bəyanla tanış oldum.

Keyhan: Nimavərd mədrəsəsində müəllimləriniz kim idi?

Ustad Dinani: Müəllimlərimdən biri mərhum Şeyx Məhəmmədəli Həbibabadi, digəri mərhum Hacı Şeyx Abasəli Həbibabadi idi. Onlar o dövrdə nümunəvi ədəbiyyat müəllimləri idilər. Muğna və Mütəvvəlin bir hissəsini onların hüzurunda öyrəndim. Şərhi-lümənin də birinci cildini mərhum ustad Şeyx Məhəmməd Həsən Nəcəfabadinin sinfində oxudum. Başqa müəllimlər də var idi.

Keyhan: İsfahan hövzəsində sizin üçün hansı dərslər maraqlı idi?

Ustad Dinani: Mütəvvəl və Muğnaya başlayanda hiss etdim ki, bu dərslərdə qəribə bir cazibə var. Zahirən ədəbiyyat, sərf-nəhv, bəyandan ibarət olan bu dərslər mənim əqidəmə, dünyagörüşümə təsir göstərdi. Məndə ədəbi bir cazibə yarandı. Bu eşq sayəsində özümə dedim ki, tələbəliyin nə çətinliyi olsa da onu davam etdirməyə dəyər.

Keyhan: Nə zaman İsfahandan Quma getdiniz?

Ustad Dinani: Eşitmişdim ki, Qum Elm Hövzəsi daha böyükdür. Təhsilimi davam etdirmək üçün 33 ya 34-cü ildə Quma yola düşdüm. Təbii ki, Qumda da çətinliklər vardı. Bununla belə Qumu seçdim.

Keyhan: Qumda hansı dərsləri oxudunuz?

Ustad Dinani: Şərhi-Lümənin birinci cildini İsfahanda oxumuşdum. Qumda ikinci cildi, Rəsaili oxudum.

Keyhan: Əllamə Təbatəbainin dərslərində mövzu nə idi?

Ustad Dinani: Bu dərslərdə dərin düşüncə ortaya qoyulurdu. Adi fəlsəfə ya irfan deyildi. Fəlsəfə və irfanın ali kursu sayıla bilərdi.
Məkasib və Sutuhu Kifayəyə qədər oxudum. Bir müddət də fiqh üsulu öyrəndim. Dərsi-xaric kursuna getdim. Bir növ təhsildə xəttə düşmüşdüm. Qum da ki dəryadır. Qumda olduğum müddətdə ikinci dəfə tərəddüdə düşdüm. Mənə elə gəlirdi ki, oxuduğum dərslərdə nəsə çatışmazlıq var. Düşünürdüm ki, fiqh elə budur. Bu dərsləri oxuduqca bişsən də, hansısa maariflər qalır. Düşünürdüm ki, bu çevrənin xaricində də nələrsə var. Bilmirdim nədir. O zaman tələbələr sadə idi. Bugünkü tələbələr fərqlidir. Amma bugünkü tələbələr qədim tələbələr kimi tələbəliyin dərinliyinə baş vurmur. Mən o zaman Şərhi-Mənzuməni fasilələrlə, müxtəlif yerlərdə oxuyurdum. Əllamə Təbatəbai Qumda tanınmış şəxs idi. Mən onun təfsir dərsinə, Əsfar dərsinə gedirdim. Görürdüm ki, Əllamənin sözləri tamam başqadır. İkinci dəfə tərəddüdlər yeni bir eşqə çevrildi. Bu fəlsəfəyə eşq idi, Əllamə Təbatəbaiyə eşq idi. Bəli, təhsil gedişində məndə arabir tərəddüd yaranırdı. Bu zaman yeni bir eşq doğur və yola davam edirdim.

Keyhan: Siz Əllamə Təbatəbainin başqa dərslərində də iştirak edirdiniz?

Ustad Dinani: Müəyyən təzyiqlər səbəbindən Ayətullah-üzma Bürucerdinin göstərişi ilə Əllamənin Əsfar dərsləri saxlanıldı. Əllamə yenidən Şifa dərsinə başladı. Mən Əsfar dərsi dayandırılanda Əllamənin tələbəsi idim. Tədricən gecələr dərs başladı. Bu dərslər səyyar idi. Həftədə iki dəfə, gecə, evlərdə keçirilirdi. İştirak edənlərin də sayı az olurdu. Əvvəlcədən bu dərsdə iştirak edənlər məni Əllaməyə təqdim etmişdilər. Bu dərsə hər adam gedə bilməzdi. Səni kimsə təqdim etməli idi. Əllamə qəbul edəndən sonra dərsə qatıla bilərdin. Məni də dostlardan biri təqdim etmişdi.

Keyhan: Siz bu dərslərin keyfiyyətindən danışdınız. Bu keyfiyyət yeniyetmə dövründə irfani rübailərdən təsirlənmənin bənzəri idi?

Ustad Dinani: Bəli, həmin şeirlər sonrakı mütaliələrimlə, bütün düşüncələrimlə izlənməkdədir.

Keyhan: Əllamə Təbatəbainin gecə dərslərinin mövzusu nə idi?

Ustad Dinani: Onu deyə bilərəm ki, dərslər sadəcə fəlsəfə və irfan deyildi. Onları fəlsəfə və irfanın ali kursu saymaq olardı. Bizdə fiqh və üsulda xaric dərsləri olsa da fəlsəfə və irfanda xaric dərsləri yoxdur. Əllamənin irfan və fəlsəfə dərsləri isə xaric kursu sayıla bilərdi. Bu dərslər uzun illər davam etdi.

Keyhan: Siz uzun illər Əllamə Təbatəbai ilə əlaqədə olmusunuz. Onun hansı xüsusiyyətlərini xatırlayırsınız?

Ustad Dinani: Dostlar Əllamə Təbatəbaidən danışanda adətən onun fəlsəfə və irfani bilikləri, zahidliyini yada salırlar. Yaddan çıxan mühüm mövzu Əllamənin azadlığıdır. Mən başqalarında bunu çox az görmüşəm. İndi də az görürəm. Əllamə Təbatəbai kimi azad düşüncəli bir şəxslə rastlaşmamışam. Mən qərbi görmüşəm, Qərb fəlsəfəsi ilə tanışam. Qətiyyətlə deyə bilərəm ki, qərbdə Əllamə Təbatəbai kimi azad düşüncəli mütəfəkkir tapmaq olmaz. Sözümü ifratçılıq hesab etməyin. O, xəlvətdə daha azad idi. Belə görüşlərdə mövzunu daha azad şəkildə şərh edirdi. Çünki dinləyicinin səviyyəsinə əminliyi vardı. Bu dərslərin cazibəsi mənim üçün çox böyük idi. Həmin cazibə heç vaxt tamamlanmır.

Doktor Dakani: Ustad, Şəhid Mütəhhəri ilə nə zaman tanış olmusunuz?

Ustad Dinani: Şəhid Mütəhhəri hamının tanıdığı şəxsiyyətdir. Tələbələr də onu bir fəzilət sahibi kimi tanıyırdılar. Biz də kitablarını oxuyurduq. Amma o Tehranda idi, mən Qumda. Onun şagirdi olmağa imkan yox idi. Mən Tehran Universitetinə gedəndə cənab Mütəhhəri orada idi. Amma onun dərsində olmamışam. O zaman Tehran universitetində üç nəfər fəlsəfə tədris edirdi: Ustad Mütəhhəri, doktor Məlikşahi, doktor Cavad Müsləh. Əksər dərslərdə doktor Müsləhin elmindən bəhrələnmişəm. Doktorluq işimə də o rəhbər olub.

Keyhan: O zaman Ustad Mütəhhərinin hansı əsərlərini oxumuşdunuz?

Ustad Dinani: Adlarını xatırlamıram. Məqalələrini oxuyurdum, fəlsəfə üsuluna haşiyəsini oxuyurdum, Realizm Üsulunu da oxumuşam.

Keyhan: Deyirlər ki, Əllamə Təbatəbainin gecə dərslərində ustad Mütəhhəri iştirak edib. Bu doğrudur?

Ustad Dinani: Bəli, ustad Mütəhhəri Əllamənin dərslərində iştirak edib. Amma bu bizdən qabaq olub.

Keyhan: Əllamənin sonrakı dərsləri əvvəlki dərsləri üslubunda idi?

Ustad Dinani: Xeyr, bizim dövrümüzdə dərs üsulu dəyişmişdi. Bizdən əvvəlki dərslərdə daha çox marksizm mövzusu aktual olub. Bizim dövrümüzdə sırf fəlsəfi mövzular tədris olunurdu. Biz sual verir, cavab alırdıq.

Keyhan: Həmin gecə dərslərindən nəsə qələmə alınıb?

Ustad Dinani: Həmin dərslərdə hərə özü üçün qeydiyyat aparırdı. Amma rəsmi çap olunmayıb. Mənim də qeydlərim var. Amma çap etdirməmişəm.

Keyhan: Həmin dərslərdə hansı tanınmış şəxslər olurdu?

Ustad Dinani: Cənab Həsənzadə Amuli, cənab Cavadi Amuli də bu dərslərdə iştirak edirdi.

Keyhan: Eşitmişik ki, Əllamə Təbatəbai və Henri Korbenin Tehrandakı söhbətlərində Ustad Mütəhhəri də iştirak edib. Bu nə dərəcədə doğrudur?

Ustad Dinani: Bəli, ustad Mütəhhəri həmin söhbətlərdə iştirak edirdi, amma fasilələrlə. Biz tanış idik, mənə xüsusi diqqət yetirirdi. Tehrana gedəndən sonra dostluq əlaqələrimiz gücləndi. Arabir onunla məsləhətləşərdim.

Keyhan: Deyə bilərikmi ki, siz ustad Mütəhhəri ilə oxşar yol getmisiniz?

Ustad Dinani: Fərq budur ki, Ustad Mütəhhəri rəsmi olaraq universitet yolunu getmədi, yolunu dəyişdi. Yəni o universitetə şəhadətnamə almaq üçün gəlməmişdi.

Doktor Dakani: Ustad, siz İmam Xomeyninin (r) də dərslərində olmusunuz?

Ustad Dinani: Bəli, mən onun dərslərində olmuşam. Qumda olduğum zaman 10 ilə yaxın İmamın fiqh və üsul, xaric dərslərində iştirak etmişəm.

Keyhan: İmamın fəlsəfə və irfan dərslərində də olmusunuz?

Ustad Dinani: Bizim dövrümüzdə İmam mütləq şəkildə fəlsəfədən danışmırdı.

Doktor Dakani: Nə üçün?

Ustad Dinani: İmam müəyyən səbəblərdən bu dərsləri kənara qoymuşdu. Biz bayram günləri ustadların evinə gedərdik. İmamın da mənzilinə getmişdik. Biz müəyyən şübhələrimizi bildirməklə İmamı fəlsəfə və irfan mövzusunda danışmağa vadar etmək istəyirdik. Fəlsəfə və irfandan söz düşən kimi İmam bizə nəzər salıb susardı. Amma fiqh və üsuldan ətraflı danışırdı.

Keyhan: Söhbət ustadlardan düşdüsə, Qumdakı başqa ustadlardan da danışardınız.

Ustad Dinani: Qumda 5-6 ay müddətinə Ayətullah-üzma Brucerdinin dərslərində iştirak etmişəm. Dərsləri çox izdihamlı olurdu. Tətil günlərində də sinifdə tələbələr çox olurdu. Sağlamlıq durumu yaxşı deyildi. O zaman hövzədə bir neçə ustad vardı. Mühəqqiq Damad, cənab Şəriətmədari, cənab Gülpayiqani, İmam Xomeyni (r) ... Başqa fəlsəfə ustadları olsa da, mən Əllamənin sinifdə oxumuşam.

Doktor Dakani: Ustad, Cənab Rəfii Qəzvininin də dərslərində olmusunuz?

Ustad Dinani: Bəli, o illər maraq ucbatından onun dərslərinə getmişəm. Eşitmişdim ki, böyük filosofdur. O, Qəzvində olurdu. Yayda Qum hövzəsi tətilə çıxanda mən onun dərslərinə gedərdim. 40-45 ci illərdə hər il üç ay Qəzvində onun dərslərində olmuşam. Sonradan Tehrana gəldi, bir neçə gün dərslərindən bəhrələndim.

Doktor Dakani: Elmi baxımdan onu necə görürdünüz?

Ustad Dinani: Cənab Rəfii Qəzvini Molla Sədranın əsərlərinə dərindən bələd idi. Xüsusi ilə Əsfarı gözəl bilirdi. Bundan əlavə gözəl nitqi, bəyanı vardı. Amma Əllamə kimi azad düşüncəli deyildi. Bir İslam alimi olaraq müəyyən məhdudiyyətlərə əməl edirdi. Əllamə də İslam alimi idi.

Doktor Dakani: Ustad, necə düşünürsünüz, Əllamə Təbatəbainin universitet müəllimləri ilə rabitəsi onlarda azadlıq hissini gücləndirirdimi?

Ustad Dinani: Təbii ki, bu əlaqə təsirsiz ötüşməyib. Amma Əllamə zatən azad idi. O özü universitet müəllimləri ilə əlaqə saxlayırdı. Bunu etməyə də bilərdi. Qərb alimləri ilə də ünsiyyətdən çəkinmirdi.

Keyhan: Deyə bilərikmi ki, mərhum Əllamə Təbatəbai həmin azad düşüncəni öz ustadı mərhum Seyid Əli Qazidən əxz edib?

Ustad Dinani: Bəli, belə düşünmək olar. Səbəbi də bu idi ki, Əllamə Təbatəbai arif idi.

Vilayet.nur-az.com


1726 بازدید