Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2013

İbrahim Ədhəmin tövbəsi

Şeyx Sultanul-Arifin Əbu-İshaq İbrahim ibn Ədhəm ibn Mənsur Təmimi ürfan və sufilik səmasının parlaq ulduzlarındandır. Onun ürfanda böyük yeri var. O böyük şəxsiyyət padşahlıq taxt-tacını buraxıb riyazətə, ibadətə başladı. Təsəvvüf tarixində ariflərdən üç nəfəri sultan yaxud sultanul-arifin təxəllüsü ilə tanınıb. Bunlar Bayəzid Bəstami, Əbu Səid Əbul-Xeyr və İbrahim Ədhəmdir. Maraqlıdır ki, hər üç şəxsiyyət Xorasanlı olub. Hicrətin 100-cü ilində Bəlxdə doğulan İbrahim Ədhəm ərəb idi. O Bəni-Əcl qəbiləsindən idi və ailəsi Kufədən Bəlxə köçüb orada yerləşmişdi. Bəzi tarixçilərin yazdığına görə isə İbrahimin ata-anası həccə getmişdi və İbrahim Məkkədə doğulmuşdu. Hər halda o Bəlxdə böyüyüb . Həmin dövrdə Bəlx İslamın elm mərkəzlərindən biri idi. Bu şəhər şərq təsəvvüfünün yaranmasında mühüm rol ifa edib, hicrətin ilkin 100 illiklərində bir çox İslam alimləri və ariflərinin yetişdiyi məkan olub. Bertelsin yazdığına görə İbrahim Ədhəm Xorasanda ilk ürfan məktəbinin banisi oldu; Lakin taleh elə gətirdi ki, o Xorasandakı dərslərinin bəhrəsini görə bilmədi... Amma onun şagirdi Şəqiq Bəlxi İbrahim Ədhəmin getdikcə sayı artan şagirdlərini bir yerə toplaya bildi.

Deyilənlərə görə İbrahimin atası Xorasan padşahlarından və dövrün güc sahiblərindən olub. İbrahim cazibəli, ədəbli, axtarış aparan, zəkalı, ədalətə aşiq və məzlumlara kömək edən bir cavan idi. Onun valideynləri İbrahimin ehtiyacı olanları və onun xoşbəxtliyi üçün lazım olan vasitələrin ən yaxşılarını onun üçün hazırlamağa çalışırdılar. Lakin o asanlıqla təslim olmurdu. O mütləq məchulun, naməlumun kəşfinə çalışırdı. Zahirdə aram və cəzzab cisminin daxilində iki qüvvə bir-birinə qarşı vuruşurdu: Taxt-taca maraq və dünya nemətlərindən, bər-bəzəyindən çəkinib, sarayın bər-bəzəyindən, səs küyündən uzaq müqəddəs bir pənahgaha sığınmaq. İbrahim onun əl-qoluna və düşüncəsinə bağlanmış əsarət zəncirlərinin qırılmasını və can güdənlərinin iti gözlərindən uzaq olmasını istəyirdi. O mütəfəkkir, təbiətə, həqiqətə aşiq şahzadə idi. Saray əhli ilə söhbətlərində iffətli idi. Qeyri-əxlaqi əhvalatlara qulaq asmaqdan və saray təlxəklərinin onu sevindirmək üçün etdikləri ədəbsiz zarafatlardan bezmişdi. Bu kimi səbəblərdən meşəyə gedər və saatlarla tənha düşünərdi. Özünüdərk və həqiqətşünaslıq bulağından öz susuzluğunu yatızdıran bu sufi təbiətli şahzadənin əhvalatını mütaliə etmək maraqlıdır.

Bər-bəzəkli həyatdan uzaqlaşıb zahidlik və təsəvvüf yolunu seçməsi barəsində bir çox əhvalatlar nəql olunur, onlardan bəzilərinə qısa işarə edək:

Bu rəvayətlərdən birinə görə İbrahim şah sarayında taxtda yatmışdı. Gecə yarı evin tavanı tərpəndi və banda olan şəxsin ayaq səsləri eşidildi. İbrahim soruşdu: Kimdir? Cavab gəldi ki, dəvəmi itirmişəm, itirdiyimi axtarıram! İbrahim dedi: Ey nadan! Dəvəni banda axtarırsan?

Cavab gəlir: Bəs sən bər-bəzəkli taxtda, atlas libaslarda ikən Allahı necə axtarırsan? Bu sual onun daxildən dəyişməsinə, onda tərpəniş yaranmasına səbəb oldu.

Həzrət Mövlana Rumi bu hekayəni gözəl şəkildə nəzmə salıb.

İbrahimin özündən belə nəql olunur: “Atam bizim ov öyrənməyimizi istəyirdi. Ata minib çölə çıxdım. Atla getdiyim vaxt qəfil bir dovşan ya da tülkü atıldı. Atımı sürətlə çapmağa başladım, arxadan belə bir səs eşitdim: “Sən bu iş üçün yaranmamısan və bu işə əmr almamısan.” Dayandım, sağıma, soluma baxdım. Heç kəsi görmədim. Dedim: Lənət şeytana! Sonra atımı çapmağa başladım. Bir qədər sonra əvvəlkindən daha uca səs gəldi, deyirdi: Ey İbrahim! Bu iş üçün yaranmamısan və bu işə əmr almamısan.” Dayandım, sağıma, soluma baxdım, bir kəsi görmədim. Dedim: Şeytana lənət! Sonra atımı çapmağa başladım. Qəfil üçüncü dəfə də bu səsi eşitdim. Dayandım və dedim: “Anladım, anladım!” Hiss etdim ki, aləmlərin rəbbi tərəfindən məni ayıldan, çəkindirən biri gəlib. And olsun Allaha həmin gündən sonra Allaha itaətsizlik etmədim...”

İbrahim şəhərə doğru geri dönür və yolda öz atasının çobanlarından biri ilə rastlaşır. Atı, silahı və libasını ona verir və çobanın paltarlarını alıb geyinir, zahidliyə, riyazətə başlayır. Professor Annemari Şimel bu əhvalatı müqəddəs Hubertin əfsanəsinə bənzədir.

Üçüncü rəvayətdə deyilir ki, bir gün İbrahim Ədhəm öz qəsrində oturmuşdu, bu zaman dövlətin vəzifəli şəxsləri də qəsrdə idilər. Qəfil, heybətli, əzəmətli bir şəxs daxil olub, İbrahimin taxtına doğru addımladı. İbrahim soruşdu: Kimsən və nə istəyirsən? Həmin şəxs dedi: Bu qonaq evində qalmağa gəlmişəm! İbrahim dedi: Bura qonaq evi deyil, mənim evimdir! Həmin şəxs soruşdu: Bu ev səndən əvvəl kimin olub? Dedi: Atamın.

Soruşdu: Ondan əvvəl kimin olub? İbrahim dedi: Filankəsin.

Həmin şəxs yenə soruşdu: Ondan əvvəl necə?

Dedi: Həmin şəxsin atasının.

Soruşdu: Onlar hara getdilər?

Dedi: Hamısı ölüb, getdilər.

Soruşdu: Bir yer ki, hamı ora gəlir və gedir qonaq evi deyilmi?! Həmin yad bu sözü dedikdən sonra tələsik, evdən çıxıb, getdi. İbrahim onun arxasınca qaçıb, ondan soruşdu: Sən kimsən? O dedi: Mən Xızıram və qeyb oldu.

Bu hadisə İbrahimin dünyadan üz çevirməsinə səbəb oldu.

Çox məhşur olmayan bir rəvayətdə isə belə nəql olunur: Bir gün öz qəsrində oturub, çölə tamaşa edirdi. Qəsrin kölgəsində oturmuş yoxsul bir şəxsi gördü. Yoxsul kişi köhnə torbasından bir tikə çörək çıxarıb yedi, daha sonra su içib, rahatca uzanıb yatdı. İbrahim qəflət yuxusundan ayılıb, öz-özünə dedi: Əgər insan bu qədər yeməklə kifayətlənib, rahat yata bilirsə, mən bu qədər dünya bər-bəzəyini neyniyirəm ki, bütün bunlar ölüm zamanı insan üçün zəhmət və həsrətdən başqa bir şey deyil?!

Hər bir insanın həyatında bəzən İlahi rəhmət nəsimləri əsir və insanı öz həqiqətinə qayıtmağa, geri dönməyə həvəsləndirir. Necə də gözəldir ki, bu küləklərin, nəsimlərin qarşısına çıxıb, haqqın dəvətinə ləbbeyk deyək.

İbrahim Ədhəmin dünyaya arxa çevirməsinin və təsəvvüf yoluna qədəm qoymasının səbəbləri barəsində başqa əhvalatlar da nəql ediblər. Bütün bunlar onu göstərir ki, İbrahim Ədhəm zahidlik və riyazət yoluna qədəm qoymamışdan öncə Bəlxin böyüklərindən birinin oğlu olub, İbn Bətutənin rəvayətinə əsasən onun atası yada ki, ana babası həmin ölkədə böyük məqam sahibi olub.

İbrahim Ədhəmin atası hədisçi olub və İbrahim ondan hədislər nəql edib. Bəzi şərqşünaslar onun Buddanın əhvalatından təsirlənməsini və dünya bər-bəzəyinə üz çevirib, zahidanə həyata başlamasını deyirlər. Böyük İslam ensiklopediyasında onun tərcümeyi halında bu barədə yazılır: “Bu cür oxşatmalar həmişə şəxslərin həqiqətdə bir-birlərindən təsirlənməsinə görə deyil. Bəzən bu cür oxşatmalar

ümumi olur. Necə ki, digər şəxslər barəsində də buna oxşar əhvalatlar nəql olunub...”

Ustad Əbdül-Hüseyin Zərrinkub İbrahim Ədhəmin Buddadan təsirlənib tövbə etməsini bildirən rəvayəti rədd edərək, ingilis araşdırmaçılarından birinin yazdıqlarını işarə edir: “Buddanı dünya bər-bəzəyini tərk edib, hikmət nurunu axtarmağa vadar edən qocalığı, xəstəliyi və ölümü görməsi idi, atası Buddanın bunları tanımamasına çalışmışdı.

Lakin İbrahimin dünya bər-bəzəyinə, bağlılıqlarına arxa çevirməsinə səbəb olan onun qeybdən bir səs kimi başa düşdüyü idi. Qeybi nida yaxud Xızırın sözləri.” İbrahimin Buddadan təsirlənməsini israrla bildirən bəzi şərqşünaslar bu işləri ilə demək istəyirlər ki, İslam ürfanı anlayışları Quran və Peyğəmbər sirəsindən deyil, zərdüştlük, məsihiyyət, buddizm, hindiuzm və digər dinlər və məktəblərdən əldə olunub. Bu isə yanlış, batil fikirdir. Bu fikir az-çox qərəzli şərqşünasların nəzəridir.

İbrahim Ədhəmin səfərləri

İbrahim Ədhəm tövbə edib zöhd, zahidlik və təsəvvüfə başladıqdan sonra pərişan bir arifə çevrildir, heç bir an aramlıq tapmır. Müxtəlif məqsədlər ilə dünyanın müxtəlif yerlərinə səfərə çıxır. Yer üzünü gəzmək bir çox ariflərin adəti olub və İmam Quşəyri öz risaləsinin bir fəslini bu məsələyə aid edib.

Onun Bəlxdən çıxmasının səbəbləri barəsində müxtəlif rəvayətlər var. Əksər tarixçilərin yazdıqlarına görə o ruhi baxımdan dəyişmək, dünyəvi meyllərdən uzaqlaşmaq məqsədi ilə səfərlərinə başladı, həm də bu yolla zahidanə həyata başlayıb, öz əllərinin zəhməti ilə halal ruzi qazanmaq istəyirdi. Lakin İbn Əsakirin nəql etdiyi rəvayətə əsasən o Əbu-Müslimin qorxusundan Xorasandan qaçdı. Əbu-Nəimin nəql etdiyi digər bir rəvayətə görə Əbdullah ibn Mübarək deyir ki, mən, İbrahim Ədhəm və bir neçə başqa şəxs elm öyrənmək məqsədi ilə Xorasandan çıxdıq.

Şeyx Əttar İbrahim Ədhəmin Bəlxdən Şamadək səfərləri barəsində geniş məlumat verir. Onun dediyinə görə İbrahim Bəlxdən sonra Mərvəruda gedir. Ayaqyalın dağlarla, səhralarla yol gedir, günahlarına ağlayır, növhə deyirdi, nəhayət Mərvəruda çatır. Oradan Nişapura gəlir və 9 il bu şəhərdə sakin olur. Həmin illər bir mağarada yaşayır. Sonralar sultan Əbu Səid Əbul-xeyr İbrahimin ibadətgahı

olan bu mağaranı ziyarətə gəlir. Ariflərin və zahidlərin mağarada sakinləşməyi adi bir hala çevrilibmiş və bir çox kitablarda bu məsələyə işarə olunub. Əbu-Bəkir Kəlabazinin dediyinə görə bu ariflər “şekəftiyə” adlanırmışlar; Yəni mağara, şekəft sakinləri.

Şeyx Əttarın dediyinə görə İbrahimin mağarada nə işlə məşğul olduğunu heç kəs bilmirmiş. Həftənin dördüncü günü mağaranın üstünə çıxar, çır-çırpı yığıb, sübh çağı Nişapura gedib, orada satarmış. Cümə namazını qıldıqdan sonra satdığı çır-çırpının pulu ilə çörək alarmış. Çörəyin yarısını yoxsula verərmiş, yarısını yeyərmiş, orucunu açarmış. Digər həftəyə kimi belə davam edərmiş.

İnsanlar İbrahimdən xəbər tutduqda, o həmin yeri tərk edir, Məkkəyə yollanır 14 il namaz qılıb, ibadəy edərək səhraları adlayıb, Məkkəyə yaxınlaşır. Nəql olunur ki, elə ki, İbrahim Məkkəyə yaxınlaşdı, oaranın şeyxləri, böyük şəxsləri bundan xəbərdar olurlar və hamısı onu qarşılamağa çıxırlar. O kimsənin onu tanımaması üçün özünü karvanın qarşısına atır. Xadimlər ona çatanda deyirlər: İbrahim Ədhəm yaxınlaşır və hərəmin şeyxləri onu qarşılamaq üçün çıxıblar. İbrahim deyir: O zındıqdan nə istəyirsiniz?! Onlar bu sözdən sonra İbrahimi sillələyirlər və deyirlər: Məkkənin şeyxləri onu qarşılamaq üçün çıxıblar, sən ona zındıq deyirsən?! Onun yanından ötüb keçdikdən sonra İbrahim öz nəfsinə deyir: İstəyirdin şeyxlər sənin qarşına çıxsınlar, bir neçə sillə yedin, nuş olsun! İbrahim Bağdadda əhli-sünnənin İmami-əzəm kimi tanıdığı İmam Əbu-Hənifə ilə görüşdü. Əttar deyir ki, İbrahim Ədhəm bir gün Əbu-Hənifənin yanına daxil olur, Əbu-Hənifə şagirdlərinə, dostlarına deyir: O bizim ağamızdır! Şagirdləri deyirlər: Bu məqama necə çatıb?

Əbu-Hənifə deyir: O Allahına xidmətlə məşğuldu, siz isə özünüzə xidmətlə! Bəzi yerlərdə nəql olunub ki, İbrahim Ədhəm Əbu-Hənifəyə şagirdlik edib.

İbrahim İraq və Hicazdan sonra Şamın müxtəlif şəhərlərinə səfərə çıxdı. Deyilənlərə görə bu səfərdə Fuzeyl ibn Əyaz da onun yanında olub. O Şam səfərinə Ceyhun sahillərindəki şəhərlərdən birindən başladı. Həmin şəhərdə halal qazanç üçün iş tapa bilmədiyi səbəbindən Tartusa gedir. Orada əkin sahələrinin qarolunu çəkmək və taxıl biçməklə məşğul olur. Lakin bu şəhərdə çox qalmır. Sonradan Mərəş, Sur, Beytul-Müqəddəs, Əsqəlan və daha sonra Qəzzəyə gedir. Bütün bu şəhərlərdə öz zəhməti ilə qazanç əldə edir. Ya bağban işləyir, ya taxıl biçir, ya dəyirmanda çalışır və...

O kirkirə, əl dəyirmanı ilə buğdanı, arpanı un edirdi. Taxıl biçməyi daha çox sevirdi. İşa namazından sonra küçələrdə gəzib, fəryad edirdi: “Kim un elətdirmək istəyir?” Bəzən, bir qadın bir səbət buğdanı küçəyə qoyurdu. İbrahim kirkirəni iki ayağının arasına qoyur buğdaları un etmiyənədək yatmırdı, əlbəttə bəzən zəhmət haqqı da almırdı!

Azından 24 il Şamda olub, bu illərdə bəzən taxıl biçir, bəzən dəyirmançılıq edir, bəzən də tarlalarda qoruq çəkirdi. Biçin işi başa çatdıqdan sonra dostlarından bəzilərini tarla sahibinin yanına göndərirdi ki, onun muzdunu, zəhmət haqqını alsınlar. Onun zəhmət haqqını gətirdikdə, dirhəmlərə əl vurmur, dostlarına deyirdi: Öz nəfsinizin ehtiyaclarını ödəməyə gedin! İbrahim Ədhəm çox səxavətli şəxs idi, zəhmət haqqının, qazancının hamısını yaxud böyük bir hissəsini bağışlayırdı. Əbu-Nəim bu barədə bir çox əhvalatlar nəql edib. İbrahim halal maldan muzd əldə etməsi üçün çox həssas idi.

İbrahimin oğlunun öz atası ilə Məkkədə görüşməsi barəsində bir çox rəvayətlər nəql ediblər. Deyirlər ki, İbrahim Bəlxdən çıxdıqda südəmər bir oğlu var idi. Uşaq hədd-buluğa çatdıqda, anasından atası barəsində soruşur. Anası baş verənləri oğluna danışır və deyir: “Onun hal-hazırda Məkkədə olduğunu deyirlər.” İbrahimin oğlu atasını görməyə çox müştaq olduğu üçün anası ilə birlikdə Məkkəyə yola düşdülər və elan etdilər ki, həccə getmək istəyən hər bir şəxsə səfər xərci verəcəklər. Bu ailənin baniliyi ilə dörd min nəfər Həccə yola düşdü. İbrahimin oğlu Məkkəyə çatdıqda, hərəmdə bir qrup dərvişlə rastlaşdı. Onlardan soruşdu: İbrahim Ədhəmi tanıyırsınız? Dedilər: Bizim şeyximizdir, çır-çırpı yığımağa gedib.

Atası ilə görüşü çox arzuladığı üçün onun səhradan qayıtmağını gözləyə bilməyib, səhraya yollandı. Səhrada çiynində ağır çır-çırpı yükü olan bir qoca ilə rastlaşdı. Gözlərindən yaş axdı, lakin özünü ona göstərmədi. Yavaş-yavaş onun ardına düşdü, qoca çır-çırpını bazara gətirib, satdı. Sonra satdığının yarısını sədəqə verdi və pulun qalan hissəsinə çörək alıb, dərvişlər üçün gətirdi.

Oğlu evə qayıdıb baş verənləri anasına danışdı və o biri gün təvafa çıxdı. Təvaf zamanı atasına salam verdi. İbrahim çox diqqətlə ona baxdı. Dostları İbrahimin oğlana belə diqqətlə baxmasından təəccübləndilər. Çünki onun özündən eşitmişdilər ki, “gözəllik sahibinə nəzər salmayın ki...”

Təvafdan ayrıldıqdan sonra İbrahimdən bu işinin səbəbini soruşdular. Dedi: Bəlxdən gələndə südəmər oğlum var idi. Güman edirəm ki, bu həmin oğlandır.

O biri gün İbrahimin dostlarından biri Bəlx karvanına getdi. Gözəl bir xeymədə bər-bəzəkli taxtda həmin oğlanın Quran oxuyub, ağladığını gördü. Dərviş icazə istəyib, daxil oldu. Dedi: Kimin oğlusan?

Dedi: Mən atamı görməmişəm. Amma dünən bu səhrada kürəyində çır-çırpı aparan bir qoca gördüm. Bilmirəm bu odur, ya yox? Qorxuram, ondan bu barədə soruşsam, qaça. Çünki o bizdən qaçıb. Mənim atam İbrahim Ədhəmdir, anam da mənimlə gəlib. Dərviş dedi: Gəlin sizi onun yanına aparım.

İbrahimin oğlu anası ilə birlikdə dərvişlə yola düşdülər. İbrahim öz dostunun onlarla birlikdə gəldiyini gördü. Onlar İbrahimə yaxınlaşdıqda anası fəryad çəkib oğluna dedi: Sənin atan budur!

Ana, oğul və İbrahimin dostları hamısı ağladılar. İbrahim oğlunu qucaqlayıb, ondan soruşdu: “Ey oğul, hansı dindəsən?” Dedi: Mustafanın (s) dinindəyəm.

İbrahim sevinib, Allaha şükür etdi. Sonra dedi: Qurana bələdsən? Başqa nə oxumusan?

O atasının suallarına cavab verdi, İbrahim oğlunun cavablarından sonra sevindi.

İbrahim öz-özlüyündə dedi: “Nə qədər ki, gec deyil bunlardan uzaqlaşım. Getmək üçün ayağa qalxdı. Onlar fəryad çəkdilər və İbrahimi getməyə qoymurdular. İbrahim əllərini dua üçün qaldırıb, dedi: “ya ilahi əğisni” (ilahi dadıma çat) həmin zaman İbrahimin oğlu canını tapşırdı, öldü. Dostları soruşdular: “Ey İbrahim, bu nə haldır?

Dedi: “O yanımda olanda, məhəbbəti qəlbimi bürüdü. Bir səs eşitdim: Ey İbrahim, bizi sevdiyini iddia edirsən, lakin bizimlə birlikdə başqasını da sevirsən? Sonra dedim: Ey izzətli Allah! Dadıma çat. Əgər onun məhəbbəti sənin məhəbbətini unutmağıma səbəb olacaqsa, ya onu öldür, ya da məni. Haradan biləydim ki, bu dua onun haqqında qəbul olunacaq?

İbrahimin oğlunun atasını görmək məqsədi ilə Məkkəyə səfəri doğru ola bilər. Lakin yuxarıda qeyd olunan əhvalatın həqiqətən də baş verməsi inandırıcı görünmür. Ata məhəbbəti müqəddəs bir şeydir, insanın gözəl hisslərindən və

Allahın insana verdiyi gözəl hədiyyədir. İlahi nidanın “bizi sevdiyini iddia edirsən və bizimlə yanaşı başqasını da sevirsən?” deməsi inandırıcı görünmür. Bəlkə də yazıçının düşüncəsi belə bir əhvalatı dərk etmək həddində deyil. Necə ki, deyiblər:

Pakların işini özünlə müqayisə etmə

İbrahim Ədhəmin cihadda şəhid olması

Böyük cihadda (nəfslə cihad) müvəffəq olan İbrahim Ədhəm kiçik cihadda iştirak etmək qərarına gəldi. Əbu-Nəim və İbn Əsakirin nəql etdikləri onu göstərir ki, İbrahim şərqi Rum əleyhinə olan dəniz döyüşlərində iştirak edib.

Keçmişdə ictimai şəraitə görə zalım rejimlərlə mübarizə və millətlərin zülmdən xilas edilməsi yalnız silahla döyüş vasitəsi ilə gerçəkləşirdi. Müasir dövrdə diplomotik yolla da mübarizə aparmaq olur. Müasir dövrdə, medianın inkişafı, insanların agahlığının artması, bəşəriyyətin mədəni, siyasi və iqtisadi həmrəyliyə doğru hərəkəti və bir çox sülh təşkilatlarının varlığı səbəbindən bir çox hallarda məsələlərin həlli üçün silahla mübarizəyə ehtiyac görülmür. Lakin İslamın ilkin əsrlərində ədalətin gerçəkləşməsi üçün müharibədən başqa bir yol yox idi və bu özü beynəlmiləl hüquq çərcivəsində qəbul olunmuş bir prinsipdir: İnsanlığın qorunması üçün müdaxilə.

Tanınmış, böyük sufi və arif olan İbrahim Ədhəmin müharibədə, cihadda iştirak etməsi bir çoxlarının təəccüblənməsinə səbəb olub. Bu təəccübün səbəbi bu gün bir çoxlarının ürfan və təsəvvüfü guşənişinlik, dünyəvi və ictimai məsələlərə laqeyidlik tələb edən bir məktəb kimi tanımalarıdır. Lakin bu yanlış təsəvvürdü. Qədim şeyxlər və ariflərin bioqrafiyasına nəzər saldıqda görürük ki, onların hamısının ictimai, siyasi, iqtisadi və bəzən də hərbi fəaliyyətləri olub; cəmiyyətdə baş verənləri izləyirdilər və digər insanların həyatına, yaşayışına müsbət təsir qoymağa çalışırdılar.

Əhməd ibn Bəkarın dili ilə belə nəql olunur: İbrahim Ədhəm bizimlə birlikdə iki döyüşdə iştirak etdi. Döyüşlərdən biri digərindən daha şiddətli idi.

Döyüşlərdən birində Əbbas Əntakinin cəngavərlər dəstəsində idi. Digər bir döyüşdə döyüş qənimətindən heç nə götürmədi, Rum məhsullarından heç nə yemədi, onun üçün bal və qızardılmış toyuq gətirdik, onlardan yemədi, dedi: Halaldır, lakin pəhriz edirəm. Yalnız öz yeməyindən yeyirdi; oruc tuturdu. Dəniz

döyüşlərində iki döyüşdə vuruşdu. Burada da döyüş qənimətlərindən heç nə almadı. İbrahim könüllü olaraq Allah yolunda cihada qoşulmuşdu, döyüş qənimətlərindən ona düşən payı qəbul etmirdi, çünki o var-dövlət, qənimət üçün yox, yalnız Allah üçün mübarizə aparırdı!

Bizim şeyximiz şərqi Ruma qarşı olan döyüşlərdən birində şəhid olur. Bəzi məlumatlara görə o Rum adalarından birində döyüş zamanı şəhid olur və bir qalanın yanında dəfn olunur. Başqa bir xəbərdə belə gəlib ki, o həmin Rumdakı adada döyüş zamanı şəhid olur və Sur şəhərinə aparılır və orada Mədfələ adlanan bir məkanda dəfn edilir. Sur əhalisi öz şeirlərində onu yad edirlər və öz ölənlərinə mərsiyə dedikdə əvvəlcə İbrahim Ədhəmi xatırlayırlar. Qasim ibn Əbdul-Səlam deyir: “Sur və Əsqəlanda İbrahimin qəbrini gördüm.”

Bir çox sufilər kimi İbrahimin də dəfn olduğu məkan barəsində müxtəlif rəvayətlər var. O cümlədən Bağdad, Dəməşq, Cəbələ və Sur şəhərlərinə işarə olunur. Ən məşhur məlumata görə o Suriyada Cəbələdə dənf olunub. Masenyon da İbrahim Ədhəmin Cəbələdə qəbrini görüb, Osmanlı padşahları bu məqbərəyə bir çox vəqflər ediblər və burada məscid tikiblər. Başqa bir mənbədə yazılır ki, o Misrə gedib, İsgəndəriyyəyə baxış keçirib. Sələmi Əsləm ibn Yezid Cəhnidən nəql edir ki, o İbrahim Ədhəm ilə İsgəndəriyyədə görüşüb, onunla söhbət edib. İbn Əsakir Əbu Səid ibn Yunisdən nəql edir ki, İbrahim Ədhəm Misirə gəlib.

İbrahimin şəhadəti barəsində müxtəlif fikirlər var: Hicrətin 161, 162, 163 və 166-cı illərinə işarə olunur. Deyilənlərə görə o hətta ölüm zamanı ox və kamanı onun əlinə vermələrini istəyib. İbn Bətutə öz səfərnaməsində yazır ki, onun dövrünədək Bəlx şəhərində insanlar İbrahim Ədhəmin evini tanıyırdılar və o özü oranı ziyarət etməyə gedib.

İbrahim Ədhəmin həyatında baş verən əhvalatlar

Doktur Qasim Ənsari ilkin əsrlərin təsəvvüfünü Bəsrə məktəbi və Xorasan məktəbinə ayıraraq, İbrahim Ədhəmi Xorasan məktəbinin banisi hesab edir və yazır: O Budda kimi bir şahzadə idi ki, səltənəti, sultanlığı və dünyanı tərk etdi, ürfana, təsəvvüfə, mənəviyyat aləminə daxil oldu. Onun metodu “Sokr və ibadət”ə əsaslanırdı (məstlik və bəndəlik). O güc və məqam sahibləri qarşısında qorxusuz və cəsarətli idi, sərt və tənqid dolu bəyan ilə onları dünyapərəstlikdən və din

satmaqdan çəkindirirdi. Ümimiyyətlə Xorasan sufilərinin təriqət prinsipləri bundan ibarət idi.

Alicənablıq, isar, fədakarlıq hər bir aşiq və abid şəxsin xüsusiyyətlərindəndir. Həsən Bəsrinin tərcümeyi-halında demişdik ki, onu “seyyidül-fətəyan” (mərdlərin ağası) ləqəbi ilə çağırırdılar.

İbrahim Ədhəm də bu gözəl xüsusiyyətdən bəhrəsiz qalmamışdı; Onun bu xüsusiyyəti barəsində nəql olunan rəvayətlər insanın onu alqışlanmasına və heyrətlənməsinə səbəb olur.

Deyirlər ki, İbrahim Ədhəm taxıl biçir və bu yolla özünün və dostlarının bir hissəsinin dolanışıq xərcini əldə edirdi, gecə bir yerə toplaşıb, oruclarını açırdılar. Bir gecə dostları bir-birlərinə dedilər ki, biz orucumuzu açaq və o yox ikən bir şeylər yeyək ki, bundan sonra tez, vaxtında gəlsin! Elə ki, İbrahim gəldi, dostlarının yatdığını gördü. Elə düşündü ki, onlar oruclarını açmaq üçün bir şey tapmayıblar. Bir qədər un var idi. Xəmir edib, çörək bişirdi. Dostları ayıldıqda gördülər ki, İbrahim saqqalını yerə qoyub və alovu üfürür. Dedilər: Nə edirsən? Dedi: Fikirləşdim ki, siz orucunuzu açmamısınız, iftar etməmisiniz, ona görə bir şey hazırlayırdım ki, yuxudan ayılanda yeyəsiniz. Onlar bir-birlərinə dedilər: Biz ona qarşı nə etdik, o bizə qarşı necə rəftar edir?!

Əbu İshaq Şəqiq Bəlxi təsəvvüfün ən məşhur şeyxlərindəndir. Bir gün İbrahim Ədhəm ona deyir: Necə başladın? Cavab verir: Bir gün qanadı sınmış bir quş gördüm, başqa bir quş ona yemək gətirdi. Bunu görəndən sonra iş-gücü, qazanc üçün çalışmağı tərk etdim, ibadətə başladım. İbrahim deyir: Nə üçün sən həmin sağlam quş olub qanadı sınmış quşa yemək verib, ondan üstün olmayasan?Yoxsa sən Peyğəmbərin bu sözünü eşitməmisən: “Verən əl alan əldən üstündür?" Möminin əlamətlərindən biri budur ki, bütün işlərdə ən üstün dərəcəni tələb edər.

Şəqiq İbrahimin əlini tutub öpür və deyir: “Sən bizim ustadımızsan ey Əbu-İshaq.”

Nəql olunur ki, bir şəxs bir müddət İbrahimlə yoldaş olur. Ondan ayrılmaq istədikdə İbrahimə deyir: “Ola bilsin bu yoldaşlıqda məndən incimiş olasan, çünki çox hörmətsizlik etdim.” Ibrahim deyir: “Mən sənin dostun idim. Dostluq, sənin eybini mənə örtdü! Məndə sənə qarşı olan dostluq hissi səbəb oldu ki, yaxşılıq, yoxsa pislik etdiyini görməyəm.”

Yenə də onun alicənablığı, fədakarlığı haqqında nəql edirlər: Üç nəfər xarab bir məsciddə ibadət edirlər, onlar yatdıqda İbrahim Ədhəm sübhədək məscidin qapısının ağzında durur. Ondan soruşurlar: Nə üçün belə etdin? Deyir: Hava çox soyuq idi və soyuq külək gəlirdi. Qapının ağzında durdum ki, siz çox narahat yatmayasınız və bu küləyin çətinliyini mən çəkmiş olam.

Səhl ibn İbrahim deyir: İbrahim Ədhəmlə birlikdə səfərə çıxdıq. Xəstələndim. Hər nəyi var idisə mənə xərclədi. Mən yaxşılaşdıqdan sonra ondan soruşdum: Eşşək haradadır? Dedi: Satdım. Dedim: Bəs nəyə süvar olacıq? Dedi: Ey qardaş, mənim boynumda otur! Üç istirahət məkanınadək məni boynunda daşıdı. Həmçinin Əbdullah ibn Mübarək nəql edir ki, İbrahimin bir səfərdə yol azuqəsi başa çatır. 40 gün səbr edir, torpaq yeyir və kimsəyə bir söz demir ki, qardaşları ona görə çətinliyə düşməsin.

Şeyx Cüneyd Bəğdadi deyir: “Şeyx Səri Səqətidən eşitdim ki, pəhrizkarlıq əhli onun dövründə dörd nəfər olub: Hüzeyfə Mərəşi, Yusif Əsbat, İbrahim ibn Ədhəm və Süleyman Xəvas.” Nəql olunur ki, İbrahim Bəsrənin Cameə məscidində etikaf etmişdi və hər üç gündən bir iftar edirdi. Baxmayaraq ki, o özü cavanlıq dövrünün əvvəllərində ailə qurmuşdu və övlad sahibi olmuşdu, lakin evlilik yükünü daşımağı seyri-sülük üçün bir maneə bilirdi və bu barədə deyirdi: Evlənən dərviş gəmiyə minən şəxs kimidir və dünyaya övladı gəldikdə qərq olan şəxs kimi olur.

Onun barəsində başqa bir hekayə belədir: İbrahim Ədhəm seyr-sülük aləminə qədəm qoyduqda, hər şeyi tərk edir, uzun illər riyazət çəkir; bir gün bir pir ibadətgahına çatır. Qapını döyür. İçəridən soruşurlar: Kimdir? Deyir: Sultan İbrahim Ədhəm. Cavab gəlir: Pir deyir ki, hələ sultanlığı unutmayıb? Sultan İbrahim geri qayıdır və neçə il riyazət çəkir, pirin yanına geri dönür. Bu dəfə soruşurlar: Kimdir? Deyir: “Yoxsul, kiçik şəxs, günahkar İbrahim.” Pir onu qəbul edir... Nəticə budur ki, haqq məqamında yox olmayanadək, haqqa çatmazlar.

Başqa bir yerdə nəql olunur ki, İbrahimi yeməyə dəvət edirlər. İbrahim süfrə başında oturan kimi, insanlar qeybət etməyə başlayır. İbrahim deyir: Təəccüblüdür. Bizim diyarımızda əvvəl çörək, sonra ət yeyilir. Siz isə birinci ət yeyirsiniz! O bu sözü ilə həmin Quran ayəsinə işarə edir ki, ayədə insanların qeybətini etmək onların ətini yeməyə bənzədilir.

İbrahim Ədhəm deyir: Günlər idi gözləyirdim ki, Kəbənin ətrafı boş olsun. Qaranlıq bir gecə idi və yağış yağırdı. Kəbənin ətrafı, təvafgah boş idi. Təvafa başladım və dedim: “Əllahummə əsimni...” (İlahi məni günahdan saxla) Bir nida gəldi: Ey Ədhəmin oğlu, məndən məsumluq istəyirsən və bütün insanlar məsumluq istəyirlər. Mən əgər sizi məsum etsəm, kimə rəhm edərəm?

Nəql olunur ki, İbrahim bir gün hamama daxil olmaq istəyir. Hamamçı onun libasının çox köhnə olduğunu görüb kasıb bir şəxs olduğunu düşünür və onu hamama buraxmır. İbrahim deyir: Qəribədir! Var-dövləti olmadığı üçün hamama buraxılmayan şəxs itaətsiz və əməlsiz behiştə daxil olmaq intizarında ola bilərmi?!