Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyul 2015

Əməllərinizin girovusunuz!

Həzrət Əlinin (ə) inci buyuruqlarından
Axirət ehtiyacı
Dünya əhlinin çoxu xoşbəxtliyi təkcə dünyəvi ləzzətlərdə görür, öz axirətindən qəflətdədir. Hansı ki mütəfəkkirlər, hikmət əhli insanın axirət xoşbəxtliyi üçün saleh əməli şərt sayır. Davamlı, diqqətə layiq olan əməl insanı dünya və axirət xoşbəxtliyinə aparan saleh əməldir. Təqvalılar mövlası Həzrət Əli (ə) buyurur: Doğrudan da, ölümdən sonra öncədən göndərilən saleh əməldən başqa bir şey yoxdur. O zaman saleh əməldən başqa bir şey insanın ehtiyacını ödəməz. Bacardığın qədər saleh əməldən azuqə topla!

Axirət üçün təlaş
Mömin və düşüncəli insanlar daim doğru həyat yolunu izləyir. Onlar axirət barədə düşünür, əbədi səadətə çatmaq üçün Allahın razılığı üçün çalışırlar. Axirət üçün təlaş Allahın razılığına səbəb olur. Bir bəndədən Allah razısa, o bəndə hər iki dünyada xoşbəxt olacaq. Belə bir insanın axirətdə möhkəm dayağı var. Mühüm olan budur ki, axirət əbədi bir məskəndir. Beləcə, axirət işlərinə məşğulluq insanı cəhənnəm əzabından qurtarır. Dünya həyatında kim axirəti dünyadan üstün tutarsa, dünyanı axirət səadəti üçün vasitə sayarsa, belə bir insan udub. Əmirəlmöminin (ə) buyurur: Həqiqətən, axirət üçün çalışsan, oxun hədəfə dəyib.

Dünya zərərləri
İslam təlimlərində dünya işlərinə ifrat diqqət günah və xətaların səbəbidir. Dünyaya məşğulluq insana Allahı unutdurur. Bu hal insanı əbədi axirət səadətindən məhrum edir. İnsan məhşər günü anlayır ki, necə böyük bir neməti əldən çıxarıb. Bu neməti dəyərsiz dünya ləzzətlərinə satıb. Qurani-Kərim Allahdan üz çevirən, mənəviyyatdan bəhrələnməyən insanları dünyaya aldanmış insanlar adlandırır. Belə insanlar dünya ilə axirət arasında seçim aparmalı olduqları zaman dünyanı seçir, Allahdan qəflətdə qalırlar. Həzrət Əli (ə) buyurur: Həqiqətən, əgər dünya üçün çalışsan, öz alış-verişində zərər etmisən.

Dünya sevgisi
Allah-Taala öz bəndələrini dünyaya bağlılıqdan çəkindirir. Çünki dünya sevgisi, dünyaya əsarət insan üçün ən böyük bəladır. Dünyaya maraq insanda tamahkarlığı gücləndirir, Allah və axirəti yaddan çıxarır. İnsanın axirət üçün çalışması, dünya bər-bəzəyinə aldanmaması onun düşüncəsini göstərir. Bu halda insan Allah qarşısında üzü qara qalmır. Hafiz Şirazinin təbirincə, torpaq məstliyinə aldanmayanlar həqiqəti görmək gücü alıb. Əmirəlmöminin (ə) buyurur: Allahla görüşdə dünya sevgisindən zərərli iş olmaz.

Faydalı əməl
Ölüm və axirət həyatını qəbul edən insan azuqə yığmaq üçün çalışır. Ən ağıllı yol budur ki, insan əbədi nemətləri dünyanın ağrı-acılı müvəqqəti ləzzətlərinə dəyişməsin. Bu zərərli bir alış-verişdir. Əmirəlmömininin (ə) təbirincə, bəzi ali fəzilətlər axirət xoşbəxtliyi üçün ən gözəl azuqədir. Həzrət (ə) buyurur: Həqiqətən, axirət üçün səbir və razılıq, qorxu və ümiddən üstün şey tapmayacaqsan.

İnsanın əməli
Yaxşı olar ki, müsəlman fərd Allahın razılığına səbəb olan işlər görsün. Allahı narazı salan işlərdən çəkinsin. Layiqli işlər görmək, haram işlərdən çəkinmək axirət azuqəsi toplamaqda faydalıdır. Bu işlər insanın qurtuluşuna səbəb olur. Əmirəlmöminin (ə) insanın səadətini onun əməllərindən asılı sayır. Həzrət (ə) buyurur: Həqiqətən, siz əməllərinizin əvəzini alarsınız. Siz əməllərinizin girovusunuz.

Allahın hüzuru
İnsan həyatının mahiyyətini məad, ölümdən sonrakı həyat təşkil edir. Qiyamət günü yaşından, cinsindən asılı olmayaraq bütün insanlar Allahın hüzurunda toplanar. İnsanın kiçik və böyük əməllərinin hesabı aparılar. Yaxşı olardı ki, insan onun axirət rüsvayçılığına səbəb olacaq əməllər barədə düşünəydi. Xeyir aqibət ardınca olan şəxs dünyanın bər-bəzəyinə aldanmaz. O daim öz axirəti barədə düşünür, saleh işlər görür ki, Allah qarşısında üzüqara olmasın. Həzrət Əli (ə) xəbərdarlıq edərək buyurur: Həqiqətən, siz axirətə doğru gedəcəksiniz, Allahın hüzurunda dayanacaqsınız.

İnsan ölüm oxunun hədəfidir
İslam mütəfəkkirləri, alimləri həmişə çalışıblar ki, ölüm həqiqətini insanlara aydınlaşdırsınlar. İnsanın ölümü yada salması onu qəflət yuxusundan oyadır. İnsan ölümü xatırlamaqla Allahı yada salır, axirətə arxa çevirib dünya ardınca getmir. Həzrət Əli (ə) insanı ölüm oxuna hədəf kimi təsvir edir. Həzrət (ə) buyurur: Həqiqətən, siz əcəlin biçini, ölüm oxlarının hədəfisiniz.

İnfaq
Dünyapərəstlər daim dünya malı ardıncadır. Onlar axirət səadətini dünya ləzzətlərinə satır. Sərvət toplamağın əsl dəyəri o zaman bilinir ki, bu sərvət axirət azuqəsi toplamağa sərf olunsun. Var-dövlət bu yolda xərclənməsə dünya və axirətdə əzaba səbəb olar. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz qazandığınızı xərcləməyə ehtiyaclısınız.

Əməlin paklanması
Bəziləri natiqliyi, iti danışığı xoşbəxtlik səbəbi sayır. Hansı ki əməl və rəftarların paklanması danışığın gözəlləşdirilməsindən daha əhəmiyyətlidir. Əməllərini riya, günah çirkabından təmizləyən insan Allah dərgahına yaxın insandır. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz danışığınızı gözəlləşdirməzdən öncə rəftarlarınızın islahına möhtacsınız.

Böyük məqsəd
Bəziləri dünya həyatına elə məşğul olur ki, yaranışın əsas məqsədini yaddan çıxarır. Onlar diqqətini yalnız dünyəvi işlərə yönəldir. Bəzən insan unudur ki, yaranışında məqsəd qısa dünya həyatı yox, bu həyatda əbədi axirət üçün azuqə toplamaqdır. Bu yolda dünyanın yalanlarına aldanmamaq, iman və etiqadı, saleh əməli gücləndirmək lazımdır. Çünki Allah dərgahında bəyənilən əməl səmimi ibadət və saleh əməldir. Təqvalılar mövlası buyurur: Həqiqətən, siz var-dövlətdən qabaq saleh əmələ ehtiyaclısınız.

Axirət azuqəsi
Allahı tanıyan insan, yaranış və məada etiqadlı şəxs dünya həyatını bir əkin sahəsi hesab edir. O bu dünyada əkdiklərinin bəhrəsini axirət dünyasında götürür. Aydın məsələdir ki, insan təkcə dünya işlərinə məşğul olsa mənəviyyatdan bəhrələnməsə, qiyamət günü Allahın hüzurunda ilahi mərhəmətdən məhrum qalar. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz dünya işlərindən daha çox axirət üçün təlaşa ehtiyaclısınız.

Təqva azuqəsi
Ağıllı və imanlı insan əbədi axirət barədə düşündüyü zaman dünyanın ötəri ləzzətləri onu əsas məqsəddən uzaqlaşdırmır. O ötəri dünya ləzzətlərinə uyub, əbədi əzabı yaddan çıxarmır. Dünya həyatını elə tənzimləyir ki, Allah hüzurunda layiqli azuqəsi olsun. İnsanın qəlbində iman və Allah qorxusu nə qədər çox olarsa, günahdan çəkinməsi də çox olar. Belə bir insan dünya həyatını axirət səadəti üçün təlaş fürsəti sayır. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz dünya azuqəsindən çox təqva azuqəsinə ehtiyaclısınız.

Əbədi axirət mənzili
Mömin insan çalışır ki, dünya həyatının bər-bəzəyinə aldanmasın, dünyanın aldadıcı ləzzətləri onu axirət səadətindən məhrum etməsin. Çünki axirət insanın əbədi məskənidir. Dünya həyatında Allahı yaddan çıxaran istənilən bir şey insanın axirətini viran qoyur. Ağıl hökm edir ki, insan bütün təlaşını axirət həyatını abadlaşdırmağa sərf etsin. Təqvalılar mövlası Həzrət Əli (ə) insanın diqqətini onun axirətini viran edən səbəblərə yönəldərək buyurur: Həqiqətən, siz müvəqqəti dünya həyatını abadlaşdırmaqdan çox əbədi axirət həyatını abadlaşdırmağa möhtacsınız.

Bağışlamağın mükafatı
Bəziləri həyatın mənasını var-dövlət toplamaqda görür. Onların bütün təlaşları buna yönəlir. Hansı ki İslam insana Allah yolunda bağışlamağı tapşırır. Dünya həyatında gördüyümüz nə varsa Allahın mülküdür. Var-dövlət insana əmanət verilir. Əliaçıq insan ehtiyaclılara əl tutur, bununla da sərvətini hər gün artırmış olur. Belə insanlar bir gün çətinliyə düşəndə ətrafdakılar ona yardıma tələsir. Onlar öz əliaçıqlıqları ilə Allahın razılığını və axirət səadətini qazanmışlar. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz fəqirə verdiyinizdən çox verdiyinizin savabına möhtacsınız.

Ruziyə qane olmaq
Əgər insanda ali qənaət sifəti olsa, bu insan alnıaçıq və ehtiyacsız olar. Ruzi verən Allaha etiqadlı insan öz qismətindən razıdır, Allahın razı olduqlarını qəbul edir. Təcrübə göstərir ki, hərislik və tamahkarlıq insanın var-dövlətini artırmır. Tamahkarlıq insanı doydurmur, onun hərisliyini zəiflətmir. İnsanın dünya malına təşnəsini yatıran, onu gözütox edən qənaətdir. Şairin təbirincə, qənaət insanı güclü edir, hərislik insanı zəiflədir. Həzrət Əli (ə) buyurur: Həqiqətən, siz dünya malı, ruzi üçün təlaşdan çox az ruziyə qane olmağa möhtacsınız.

Gözəl danışıq
Danışıq insana rahatlıq gətirdiyi kimi, ağrı-acı da gətirə bilər. Təqvalılar mövlası buyurur: Siz danışığınıza görə sorğuya çəkiləcəksiniz. Buna görə də, gözəl danışın.

Gözəl rəftar
Ağıl tələb edir ki, insan öz əməl və rəftarlarını həmişə dəyərləndirsin. Çünki axirət dünyasında insan əməllərinə görə mühakimə olunar. İslam təlimlərində saleh əməl çirkin əməldən tam seçilmişdir. Həzrət Əli (ə) əməl və rəftarda, danışıqda kamil insan nümunəsi olsa da, Allahla minacatlarında axirət azuqəsinin azlığından nalə çəkir. O öz ardıcıllarını əməllərinə diqqətə çağıraraq buyurur: Həqiqətən, əməllərinizin əvəzini görəcəksiniz. Buna görə də ancaq yaxşı iş görün.

Vilayet.nur-az.com


1651 بازدید
در حال ارسال اطلاعات...