Şrift ölçüsü:
A+
A
A-
Kr
28 İyul 2015

Əhli-beyt məhəbbəti İslamın əsasıdır

Din insanla Allah arasında əlaqə yaratmaq üçündür
İmam Sadiq (ə) buyurur: «Hər şeyin əsası var və İslamın əsası biz Əhli-beytə məhəbbətdir».
İslam bir saraya oxşayır ki, sütunları Əhli-beytə məhəbbətdir. Möhkəm sütunlu binanın ömrü də uzundur. İllər ötdükcə bu binanın zahiri görkəmi dəyişib solğunlaşa bilər. Amma sütunları möhkəm olduğundan onu əvvəlki görkəminə qaytarmaq çox asandır. Amma sütunları möhkəm olmayan bina kiçik bir titrəyişdən müvazinətini itirir və nə qədər təmir olunsa da onu ilkin vəziyyətinə qaytarmaq mümkün olmur. İslam möhkəm sütunlara malik olduğundan əsrlərin təlatümlərini əzmlə keçmiş və öz ilkin mahiyyətini qoruyub saxlamışdır.
Bəs nə üçün İslamın sütunu Əhli-beyt məhəbbətidir? Burada isbat və sübuta ehtiyac vardır. İsbat məqamı dedikdə, sübut üçün ayə və dəlillərin varlığı nəzərdə tutulur. Məsələn, yuxarıda zikr olunmuş hədis bu mövzu üçün bir dəlildir. Amma sübut məqamı dedikdə, bu məsələyə aydınlıq gətirilməsi nəzərdə tutulur. Nə üçün Əhli-beytə məhəbbəti olmayan insanın dini süst və kövrək olmalıdır? Biz daha çox sübut məqamını araşdıracağıq.

Din və Əhli-beyt məhəbbəti arasında əlaqə

Din insanla Allah arasında əlaqə yaratmaq üçündür. Amma bu əlaqə iki amildən asılıdır: tanıma və fitri meyl. İnsan ilk əvvəl gördüyü dünyanın yaradıcısı olduğunu dərk edir. Anlayır ki, bütün nemətlərin sahibi vardır. İkinci mərhələdə qəlbdə bu nemət sahibinə məhəbbət yaranmalıdır. Əgər bu tanıma və məhəbbət insan vücudunda formalaşarsa, Allahla bəndə arasında əlaqə üçün şərait yaranar. Amma bu tanıma və məhəbbət insanın doğru yol tutması üçün kifayət etmir. Tarixdə Allahı tanıyıb sevdiyi halda yolunu azanlar çox olub. «Zumər» surəsinin 3-cü ayəsində buyurulur: «Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı qoyub özlərinə dost tutanlar deyirlər: «Biz onlara yalnız Allaha yaxınlaşmaq üçün ibadət edirik». Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm edəcəkdir». «Yunus» surəsinin 18-ci ayəsində isə belə buyurulur: «(Müşriklər deyir) Bunlar (bütlər) Allah yanında bizdən ötrü şəfaət edənlərdir».
Demək, doğru yolu tapmaq üçün Allahı tanımaq kifayət deyildir. Ona görə də Allah-təala peyğəmbərlər göndərmişdir. Amma bununla da məsələ bitmir. Tarixə nəzər salsaq görərik ki, peyğəmbərləri qəbul etdikləri halda əsl ilahi hədəfdən yayınanlar az deyil. Təkcə İslamda 82 məzhəb və təriqət mövcuddur. Hamı müsəlmanlıq iddiasında olsa da peyğəmbər vəsisinə, canişininə münasibətdə baxışlar haçalanır. İslam dinində Allah-təala Peyğəmbərə (s) canişinlər təyin edərək onları müsəlmanlar üçün rəhbər qərar verir. Beləcə, aydın olur ki, nə üçün Əhli-beyt məhəbbəti İslamın əsasıdır.


1304 بازدید
در حال ارسال اطلاعات...