Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2015

Hollivud dini həyata qarşı

Hollivud kino studiyaları şəbəkəsi ilahi peyğəmbərləri aşağılayır...
İlahi peyğəmbər və övliyaların, tövhid dinləri müqəddəsliklərinin aşağılanması yeni hadisə deyil. Təhqir, istehza və inkar ilahi peyğəmbərlərə qarşı qədim qövmlərin məşhur üsullarıdır. Peyğəmbərlərin təhqiri, onların yalançı, sehirbaz, divanə, məqampərəst, ağılsız adlandırılması azğın qövmlərin və din düşmənlərinin peyğəmbərlərə qarşı gedişləridir.
Bu arada Qərb informasiya vasitələri, xüsusi ilə kino və televiziya peyğəmbərlərin missiyasının təhrifində xüsusi rol oynayır. Dövri olaraq bu prosesin nümunələrini Qərb informasiya vasitələrində, hətta İslam ölkələri informasiya vasitələrində müşahidə edirik.
“Məsihi müsibətləri”, “Məsihin son şübhələri”, “Məhəmməd ilə müsahibə”, “Fitnə”, “10 əmr”, “Müsəlmanlara nifrət” kimi filmlər Qərbin ilahi dinlərə qarşı təhqiredici fəaliyyətlərinə nümunə filmlərdir. İlahi peyğəmbərlərin, xüsusi ilə İslam Peyğəmbərinin (s) Qərb dünyasında aşağılanması prosesini xülasə şəkildə nəzərdən keçiririk.
Qərb dövlətləri ilə yanaşı Hollivud kino sənayesi sionist və antidin qüvvələrin himayəsi ilə demək olar ki, bütün ilahi peyğəmbərləri şübhə altına alıb, müxtəlif formatlarda, əsasən kinofilmlərdə Allahın elçiləri qərəzli şəkildə aşağılanıb.
Bu qəbil əsərlərdə təlaş olunur ki, ilahi peyğəmbərlərin yüksək məqamı adiləşdirilsin, onlar sadəcə din təbliğ edən alimlər kimi təqdim olunsun. Müxtəlif ictimai və siyasi, ideoloji məqsəd daşıyan qüvvələr ilahi kitablarda olmayan rəvayətlər uydurmaqla peyğəmbərləri təhqir ediblər. Bir filmdə sübuta yetirməyə çalışıblar ki, peyğəmbər nadan olub, başqa bir filmdə peyğəmbər sadəcə bir dülgər kimi tanıtdırılıb. Üçüncü filmdə peyğəmbərin şəhvətpərəst olduğu, hətta terrora əl atdığı təlqin edilir.
Amerika, İtaliya, Almaniya istehsalı olan filmlərdə siyasət dünyasının maraqlarına uyğun olaraq peyğəmbərlərin tarixi şəxsiyyəti kənara qoyulur, onlar nağıl qəhrəmanı kimi göstərilir.
Belə filmlərdə peyğəmbərləri nadan şəxs kimi göstərməklə insanlarda şübhə yaradılır. Həzrət Musa (ə), İbrahim (ə), Nuh (ə) Dekart şübhəsi yaşıyan şəxslər kimi tanıtdırılır. Bu filmlərdə qadın və eşq macəralarına da xüsusi yer verilir. Amma belə kinoların ən böyük zərbəsi peyğəmbərləri qeyri-ilahi tanıtdırmaqdır. Hollivud və Qərb istehsalı olan filmlər bu gün hummanizm baxışına daha çox uyğundur. Bu prinsipi əsas götürərək Amerika əsərlərində peyğəmbərlər adi bir şəxsiyyət səviyyəsini aşmır.
“10 əmr” (The Ten Commandments) filmi iki fərqli nüsxədə hazırlanmışdır. Bu filmdə Musa (ə) adi bir insan kimi göstərilir. Təbii ki, bu formatda onun arzu-istəkləri də adi insanın arzu-istəkləri olmalıdır. Hollovudun Musası (ə) Fironun qarşısında baş əyir, onun əlindən öpür, Fironun bacısı qızına aşiq olur, adi insanlar kimi bu qadının gözəlliyindən məstdir. Daha sonra isə Həzrət Şüeybin (ə) böyük qızına aşiq olur. O Şüeybin (ə) qızlarından əl çəkmir, adi bir insan kimi ilahi həyadan məhrumdur. O öz hisslərinin qarşısında aciz qalmaqda başqalarından fərqlənmir. Qərb düşüncəsinə əsasən həya və iman nisbi məfhumlardır və Musa (ə) şəkk-şübhə içindədir.
Filmdə Musanın (ə) həyatını izləyən şəxs onda mənəviyyat və ilahi iman görə bilmir. Qərb dünyası, xüsusi ilə Hollivud açıq şəkildə insan tərbiyəsində vəhyin rolunu inkar edir, ilahi peyğəmbərlərin paklığına qarşı çıxır. “10 əmr” filmi 1956-cı ildə çəkilmişdir.
1966-cı ildə “Yaranış kitabı” (The Bible: In the Beginning) filmi çəkilir. Bu film də peyğəmbərlərin həyatındandır, Adəm (ə), Həvva, Nuh (ə), Lut (ə), İbrahim (ə), İsmail (ə) və İshaqdan (ə) danışır. Bütün ilahi insanlar Hollivud pəncərəsindən müşahidə edilir. “Yaranış kitabı” filminə görə Həzrət Adəm (ə) sadəcə ilk insandır. Onun ilk peyğəmbər olması şübhəlidir. O sadə və tezaldanan bir insandır, şeytanın ilk vəsvəsəsində Həvvanın (ə) əlindən almanı alıb yeyir, yerə endirildikdən sonra əkinçiliklə məşğul olur. Adəm (ə) Qabilin qətlini gördükdə adi insanın yaşadığı duyğuları yaşamır. Onun ilahi elmi və məqamı pərdələnir. Bu sadə və savadsız əkinçi ibtidai insanlar kimi təqdim olunur. Rejissor Adəmin (ə) necə aşağılayırsa Nuha (ə) da eyni münasibəti nümayiş etdirir.
Onun Həzrət Nuha (ə) baxışı bir qoca dülgərə baxışıdır. Nuh (ə) sadəcə gəmi düzəldən bir ustadır. Tamaşaçıda sual yaradılır ki, əgər Nuh (ə) peyğəmbərdirsə nə üçün ona iman gətirən yoxdur? Hətta ailə-övladı ona itaət etmir. Ən yaxınları onun məqamını inkar edir. Bir gün Nuh (ə) onu və ətrafındakıları xilas olmağa çağıran bir səs eşidir. Amma necə bilək ki, bu səs təxəyyül deyil? “Yaranış kitabı” filminə görə Nuh (ə) öz qövmü qarşısında heç bir peyğəmbərlik missiyasi yerinə yetirmir.
Bu filmdə İslam Peyğəmbərinin (s) cəddi olan Həzrət İsmail (ə) təhqir olunur. Həzrət İshaq (ə) dünyaya gələndən sonra (Bəni-İsrailin babası sayılır) Həzrət İbrahimin (ə) şəninə layiq olmayan şənlik mərasimləri keçrilir. Bu arada həzrət Hacər və həzrət İsmail (ə) ixtilaf yaradan şəxslər simasında Hicaz səhrasına sürgün olunmuş kimi göstərilir.
1998-ci ildə “Yeramya” (Jeremiah) filmi çəkilir. Film belə sual ortaya qoyur ki, Yeramya üstün insan olub? Filmin bütün səhnələri ilahi peyğəmbərlərin adi insan olması təəssüratı yaradır. Yeramya peyğəmbər sehir-cadu ilə məşğul olur, qeyri-adi sözlər danışır. Filmin əvvəlində ilahi vəhyin qəbuluna hazırlanan kimi göstərilən Yeramya sonradan peyğəmbər yox, peyğəmbərlərə aşiq sadə bir insan kimi təqdim olunur.
Filmin davamında şahid oluruq ki, Yeramya nəinki tövhid qəhrəmanı deyil, hətta qorxaq, sadəlövh bir şəxsdir. O ilahi vəhyi eşidəndə qorxudan baş götürüb qaçır, vəhyi qəbul etmək istəmir.
Hollivud və Qərb kinosu həyata hummanist baxış əsasında ilahi peyğəmbəri adi bir insan kimi göstərir, tamaşaçıda onların ilahi məqamına şübhə oyadır.
1988-ci ildə “Məsihin son şübhələri” (The Last Temptation of Christ) filmi çəkilir. Həzrət İsa (ə) bu filmdə ikili, dünya və axirət arasında tərəddüddə olan bir insan kimi təsvir olunur. Onu daha çox həvəsbaz bir kişi kimi göstərirlər. Filmin adından göründüyü kimi həzrət İsa (ə) şeytanın hiylələrinə aldanıb günahkar qadınla yaxınlıq edir. Bu səhnələrdə heç bir əxlaq gözlənilmədən, şəhvət yaradan səhnələr yer alır. Bu filmdəki ikililik həm onun mahiyyətində, həm də onun formasında müşahidə olur. İsa (ə) qəddarlıq edib günahkar qadınla yaxınlaşır, həm də ədalətin bərpası üçün çalışır. Tamaşaçıda bu ziddiyyətə adi yanaşmaq hissi yaradılır, insanın həm günaha batıb, həm ədalət ardınca getməsi normal göstərilir. Məsih özü şəkdə qalıb ki, o insandır, yoxsa Allah? Digər tərəfdən, kəramətlər əsasında fədakarlıq yolunu seçib çarmıxa çəkilir. Hansı ki qəlbində onu iqtidar və qadına doğru sürükləyən vəsvəsələr var.
Bu filmdə həzrət İsa (ə) adi bir adam kimi göstərilib. Onda heç bir müqəddəslik müşahidə olunmur. Hollivud studiyaları şəbəkəsində müqəddəsliyin inkarı bir bütə çevrilir. Bu yolda hətta İsaya (ə) rəhm olunmur. Rejissor var-qüvvəsini sərf edir ki, İsanın (ə) peyğəmbər olmadığını sübuta yetirməklə ilahi məqamı şübhə altına alsın. Əgər İsa (ə) peyğəmbər olubsa da, sırf eşq təbliğ edən peyğəmbər olub. O ilahi dəyərlərin və zülmlə mübarizənin təbliğatçısı deyil. Şeytan hətta çarmıxda ondan əl çəkmir, mələk simasında yaxınlaşır deyir: “Sən imtahanlardan qalib çıxdın, artıq istədiyin qadınla yaxınlıq edə bilərsən.” Məsih də onun hiyləsinə aldanıb məşuqəsi ilə ailə qurur, onların uşağı dünyaya gəlir. Qocalıb ölüm yatağına düşəndə Yəhuda ona yaxınlaşıb gileylənir: “Mən sənin çarmıxa çəkilməyin üçün çalışdım, istədim məsihilər qurtulsun. Amma sən şeytana aldandın, adi bir həyat dalınca getdin.” Bu məqamda Məsih şeytanın onu aldatdığını anlayıb Allahdan istəyir ki, Allah onu çarmıxa qaytarsın və o bəşəriyyətin günahlarının qurbanı olsun. Beləcə, Məsih çarmıxa qayıdır və çarmıxda fəryad çəkir: “Mənim missiyam başa çatdı.”
Məşhur “Davinçi kodu” (The Da Vinci Code) filmi 2006-cı ildə çəkilmişdir. Hollivudun iddiasına görə Məsihin nəvə-nəticələrindən olan bir qız var və bu filmdə həmin qızın əhvalatları nəql olunur. Kilsə tərəfindən öldürülməkdən qorxan bu qız Sion məbədinin keşikçiləri tərəfindən illər uzunu gizlədilmiş bir həqiqətdir. Filmdə iddia olunur ki, kilsə Məsihi müqəddəs göstərmək üçün bu qızın varlığını məxfi saxlayıb. Bu qızın varlığı məlum olanda aydınlaşır ki, həzrət İsa (ə) şəhvət dolu adi bir həyat yaşayıb. Filmdə lentə alınan əhvalatlar məsihiliklə bağlı yeni bir baxışı ortaya qoyur. Bu nəzəriyyəyə əsasən İsa Məsih (ə) Məcdəlli Məryəmlə izdivac edir, onların övladı olur. Katolik kilsəsi və Vatikan bu uşağı gizlətməklə İsanı (ə) müqəddəs göstərməyə çalışır. “Müqəddəs qan, müqəddəs cam” deyimində həmin cam elə Məcdəlli Məryəmdir. Filmdə göstərilir ki, Məsih öz səhvini etiraf edir və kilsə onun səhvini düzəltmək üçün yeni doğulmuş uşağı gizlədir. Hollivud liberal-demokrat və himanizm baxışları əsasında ssenarilər hazırlamaqla öncə İslam dinini hədəfə alır. Bu gün humanizm və liberal-demokratiya məktəblərinin yaşamasından bu studiyalar şəbəkəsinin rolu misilsizdir. Qərb təfəkkürü qarşısında duranı inkar etməklə özünə həyat qazanır. Birinci və ikinci dünya müharibələrindən və dünyadakı qlobal siyasi dəyişikliklərdən sonra kommunizm ictimai fikirdə ən böyük təhlükə kimi yer aldı. Hollivud yaranmış vəziyyətdən məharətlə istifadə etdi. Sovetlər Birliyi dağılandan sonra Hollivud üçün də bir boşluq yarandı. Düşməni inkar etməklə özünü tanıtdırmaq üsulu yeni bir düşmən tələb edirdi. Bu dəfə İslam, ifrat dindarlıq dünyaya düşmən kimi tanıtdırıldı. 11 sentyabr hadisələrindən sonra bu layihə daha sürətlə həyata keçməyə başladı. “Terrorla mübarizə” kimi ifadələr Qərbdə ən çox işlənən sözlər arasında yer aldı. Hər il 11 sentyabr hadisələrinin ildönümünü qeyd etmək bəhanəsi ilə ABŞ rəsmiləri və sionizm başçıları İslamı təhqir edir, İslamın aşağılanması istiqamətində müxtəlif layihələr həyata keçirir. Hollandiyalı rejissorun “Fitnə” filmi, amerikalı keşişin Quranı yandırmaq kampaniyası, “Müsəlmanlara nifrət” filmi İslam və müsəlmanlara qarşı həyata keçirilən layihələrdəndir.
Qərb informasiya vasitələri, xüsusi ilə Hollivud studiyaları İslam Peyğəmbərinə (s) qarşı daha amansızlıqla və rəngarəng fəaliyyətlər göstərirlər. Bu layihələrdə konkret məqsədlər izlənilir. Onlardan bəzilərini nəzərdən keçirək.
1. İslam Peyğəmbərini (s) adi göstərmək;
Qərb və Hollivudun əsas ssenarilərindən biri İslam Peyğəmbərinin (s) adi insan kimi göstərilməsidir. Onlar bütün güclərini sərf edərək İslamın müqəddəsliyini şübhə altına almağa çalışırlar. “Müsəlmanlara nifrət” filmi bir yəhudi rejissor tərəfindən çəkilib. Filmdə aktiyor açıq üzlə İslam Peyğəmbərinin (s) rolunu oynayır. Hollivud “Məhəmməd Rəsulullah (s)” filmini müsbət bir film kimi göstərsə də, həmin filmdə də peyğəmbəri adi insan kimi göstərməyə cəhd edilir. Filmdə peyğəmbərin Allaha bəndəlik, iman ruhiyyəsini göstərən səhnə ilə rastlaşmırıq. Film boyu müharibələr, savaşlar izlənilir. Mənəvi həyatdan əsər-əlamət yoxdur. Filmdə döyüş səhnələri arasında peyğəmbəri adi qəhrəman kimi göstərmək məqsədi gizlənir.
2. Tarixi həqiqətlərin təhrifi, saxtalaşdırılması;
Hollivudun ssenarilərindən biri də İslam tarixini saxtalaşdırmaqdır. Şiə və sünnə əhli məktəbləri arasında razılaşdırılmış müştərək bir baxış var. Bunlardan biri ilkin İslam dövründə Əmirəlmömininin (ə) şəxsiyyətinə ehtiramdır. Hollivud filmlərində, o cümlədən “Fitnə” filmində təhriflərdən biri İslamın terror və amansızlıq dini kimi göstərilməsidir.
3. İslam və müsəlmanları amansız göstərmək;
Qərb və Hollivud ssenarilərində əsas məqsədlərdən biri İslam Peyğəmbəri (s) və müsəlmanları amansız göstərmək, onlara qarşı nifrət yaratmaqdır. Filmdə (“Müsəlmanlara nifrət”) ifratçı dindarlar Misirdə Qibti həkimin əczaxanasına hücum edir. Dəyənəklərlə silahlanmış uzun saqqallı müsəlmanlar namərdcəsinə həkimin ailə-övladlarına hücum edir, onun dükanını dağıdırlar. Misir polisi isə bu hadisəni kənardan seyr edir. Daha sonra İslam Peyğəmbərinin (s) həyatı təsvir olunur. Əxlaqsız səhnələrdə Peyğəmbər (s) aşağılanır, İslam dini bəşəriyyət üçün xərçəng xəstəliyi kimi göstərilir.
4. İslam Peyğəmbərinin (s) təhrifi;
Qərb və Hollivud ssenarilərindən biri Peyğəmbərin (s) siması və həyatının təhrifidir. “Məsihin son şübhələri” filmində Məsih şəhvətpərəst göstərildiyi kimi, İslam Peyğəmbəri (s) haqqında da belə təsəvvür yaratmağa cəhd edilir. “Müsəlmanlara nifrət” filmi Qərbin İslam Peyğəmbərinə (s) qarşı son fitnəkarlıqlarındandir. Filmdə Peyğəmbər (s) zəif iradəli bir insan kimi təqdim olunur.
Daha sonralar hollandiyalı Ehsan Fərcaminin çəkdiyi 10 dəqiqəlik “Məhəmmədlə müsahibə” filmi ekrana çıxır. Filmdə Fərcami və Peyğəmbərin (s) dialoqu yer alıb. Peyğəmbərə (s) uşaqlıq dövrü, valideyinləri, zövcələri ilə bağlı suallar ünvanlanır. Əslində Peyğəmbəri (s) həyasızcasına aşağılayan Fərcami özünü elə göstərir ki, İslama yeni münasibət formalaşdırmaq istəyir. Bu filmdə Peyğəmbər (s) öz ardıcıllarını mötədilliyə, İslam müxaliflərinə hücum etməməyə çağırır.
Hollivud studiyalarında çəkilən filmlərin əsas məqsədi həqiqəti pərdələmək, imperialist qüvvələrin maraqlarını himayə etməkdir. İslam məktəbini gözdən salmaqla humanizm və liberal-demokrat baxışları gücləndirmək istəyirlər. Dövri şəkildə İslam və müsəlmanlar haqqında aşağılayıcı filmlər ekrana çıxır. Amma Quran vəd edir ki, onlar nəzərdə tutduqlarının ziddinə nəticə alarlar. (Bax: Ali-İmran, 54)

Vilayet.nur-az.com


1532 بازدید
در حال ارسال اطلاعات...