Şrift ölçüsü:
A+
A
A-
Kr
31 İyul 2015

Mərhum Şəbzendedar həmişə yeni idi!

Saleh bəndə mələkdən də üstündür
Mərhum Ayətullah Şəbzendedarın əxlaqi xüsusiyyətləri barədə söhbət

Mərhum Ayətullah Şəbzendedarın vəfat ildönümü günləridir. Cənab Rəhbər Ayətullah Xamenei alimin vəfatı münasibəti ilə müraciətində onu “pak və təqvalı fəqih” kimi yad etmişdir. Mərhum alimin əxlaqi xüsussiyyətləri barədə onun oğlu Nəzarət Şurası Fəqihləri qurumunun üzvü höccətülislam vəl-müslimin Mehdi Şəbzendedarla söhbətləşirik. (Khamenei.ir)

Sual: Mərhum valideyniniz Ayətullah Şəbzendedarın vəfat ildönümü günlərini yaşayırıq. Mərhum atanızın şəxsiyyəti barədə danışmağınızı istərdik. Onun hansı özünəməxsus xüsusiyyətləri vardı?

Cavab: Əgər qısa demək istəsəm, deyə bilərəm ki, o saleh bəndə idi. Atama yaxın olan alimlər onu mələk xislətli insan kimi xatırlasalar da, mən saleh bəndə ifadəsində bütün bu xüsussiyyətləri görürəm, saleh bəndə mələkdən də üstündür. Bəli, onun layiq olduğu ad Allahın saleh bəndəsi adıdır.
Allahın bəndəsi Allahın əmrlərinə mütidir. O götür-qoy etmir ki, Allahın istədiyi iş xeyirədir, yoxsa zərərə? Buna əhəmiyyət vermir. O özünü unutmuşdur. Onun üçün əhəmiyyətli olan məsələ budur ki, Allah ondan nə istəyir? Bəndəliyin mənası budur. Təbii ki, bəndəliyin mərtəbələri var. İslam Peyğəmbəri (s) haqqında ən böyük vəsf onun bəndə adlandırılmasıdır: “Və əşhədu ənnə Muhəmmədən əbduhu və rəsuluh”. İnsanın təsəvvürünə gəlməyəcək bir mərtəbə Həzrət Peyğəmbərin (s) ucaldığı mərtəbədir. Sonra məsum imamlar və övliyalar gəlir. Saleh bəndəliyin bir mərtəbəsinə də bu məktəbdə tərbiyə almış alimlər çatır. Onlarda da bir qədər aşağı dərəcədə həmin sifətlər var.
Mən 63, 64 il mərhum atamla birlikdə olmuşam. Əgər 7, 8 il uşaqlıq dövrünü çıxsaq ən azı 50 ildən yuxarı onunla yaşamışam. Mən ailə qurduqdan sonra da atamın mənzilində olmuşam. Bu müddətdə onda Allaha bəndəçilikdən başqa xüsussiyyət görməmişəm. Heç vaxt öz istəyini Allah və Allah övliyalarının istəyindən üstün tutmadı.

Sual: Bu barədə xatirələriniz varmı?

Cavab: Əvvəla, o zahid bir həyat yaşayırdı. Dünya bər-bəzəyinin arxasınca deyildi. Qumda yaşadığı dövrdə 30 ilə yaxın icarədə qaldı. Həmin dövrdə xatırlayıram ki, 7, 8 ev dəyişdik. Amma son 30 ildə yaşadığımız evi atam üçün mərhum İmam almışdı.

Sual: Bu necə baş vermişdi?

Cavab: Mənim məlumatıma görə, mərhum Ayətullah Həqşenas Cehromda İmam Xomeyni (r) və başqa mərcələrin nümayəndəsi idi. O məktub yazmışdı, mərhum İmam atam üçün ev almışdı. Anam danışır ki, atam bu xəbəri eşidəndə sübhə qədər gözünə yuxu getməyib.

Sual: Bir qədər ətraflı danışardınız?

Cavab: Əxlaqi baxımdan qəbul etmək çox çətin idi. Dostlarından eşitmişəm ki, tələbələr və alimlər Cehroma təbliğə gedəndə Cehromda olan atam təbliğ işini onlara həvalə edirdi. Onun minbərinə verilən hədiyyələri də tələbələr və alimlər arasında bölürdü. Dostlar danışır ki, təbliğ mövsümündə bu iş üçün əvəz
almırdı. Bəzən dolanışı üçün dostlarından borc alırmış.

Sual: Qum Elm Hövzəsində atanızın əxlaq dərslərinin məşhur olduğu deyilir?

Cavab: Deyirlər ki, Məkarimul-əxlaq duasının şərhi çox təsirli olub. Minbərləri, təfsirləri maraqla qarşılanıb. Allah ona nikbinlik, gözəl bəyan kimi xüsusiyyətlər vermişdi. Amma əsas xüsusiyyəti ixlas idi. Həqiqətən, Allahın razılığı üçün çalışdı. Harada danışması, cəmiyyətin çoxluğu onun üçün mühüm deyildi. Hərarətlə qarşılansa da buna əhəmiyyət verməzdi. Yəni bu onun üçün mühüm deyildi. Hövzədə tədrisdə də belə idi.

Sual: Tədrisi barədə nə deyə bilərsiniz?

Cavab: O hövzədə xaric kursu dərslərini (dərse-xaric) keçə bilərdi. Amma bu işi görmədi (xaric kursu dərsi keçməyin şöhrətindən qaçırdı). Evdə bəziləri üçün belə dərslər keçirdi. Evdən kənarda isə yalnız hövzə üçün zəruri tədrisi nəzərə alırdı. Atam xəstələndiyi zaman Ayətullah Subhani onun görüşünə gəlmişdi. Deyirdi ki, sizin sözünüz və əməliniz bizim üçün höccətdir. O özü bu sözü başqa alimlər haqqında işlədərdi. Deyərdi ki, filan alimdə riya yoxdur. Əslində özü də belə idi. Hövzəyə, hövzə yoluna böyük ehtiramı vardı. Hövzənin binovrəsini qoyduğu üçün hacı şeyx Əbdülkərim Hairiyə xüsusi sevgisi vardı. Mənə də tapşırırdı ki, vəzifəm olduğu zaman hövzənin işlərini yerinə yetirim.

Sual: Elmi məsələlərə münasibəti necə idi?

Cavab: Təhsildə çox çalışqan idi. Gənc olduğum zaman şahid idim ki, gecə saat 12-dən sonra nə qədər yazır, nə qədər oxuyur. Gözəl nitqi vardı. Dərsləri sevgi ilə qarşılanırdı. Tədrisə çox fikir verər, təbliğ məsələsinə ehtiyatla yanaşardı. İmamət mövzusunda bir yazını çap üçün təqdim etmişdi. Sonradan xəbər tutmuşdu ki, başqa bir alim də buna oxşar bir mətn yazıb. Dərhal kitabını çapxanadan geri aldı. Dedi ki, başqası bu işi görürsə daha ehtiyac qalmır. Bu işdən çoxları heç xəbər tutmadı.

Sual: Eşitdiyimizə görə atanız təfsir mövzusunda da çox çalışıb...

Cavab: O xüsusi ilə Əl-Mizan təfsirinə dərindən bələd idi. Buna görə də mərhum Əllamə Təbatəbai səhhəti pisləşən zaman mərhum Musəvi Həmədaninin tərcümələrinin araşdırılmasını ona tapşırmışdı. Mərhum Musəvi Həmədani Əl-Mizanı təkbaşına tərcümə etmişdi. Əvvəlki tərcümədə Ayətullah Məkarim, Ayətullah Misbah, Ayətullah Müfəttihin tərcümələri vardı. Mərhum Musəvi Həmədaninin tərcüməsinin bir üstünlüyü də onun öz tərcüməsini Əllamə Təbatəbaiyə oxuması idi. Yəni cümlə-cümlə tərcüməni oxumuşdu, Əllamə Təbatəbai də dinləmişdi. Amma təfsirin son iki cildinə baxmaq imkanı olmamışdı. Buna görə də mərhum Təbatəbai cənab Həmədaniyə tapşırmışdı ki, həmin iki cildi atam Şəbzendedarla oxusun. Aydın olur ki, Əllamə atamın Əl-Mizandan bələdçiliyini qəbul edib. Atam Məcməul-Bəyana da dərindən bələd idi. Amma Əl-Mizana bələdçiliyi daha dərin idi.

Sual: Bəlkə də, bütün bunları nəzərə alaraq Cənab Rəhbər onun haqqında “pak və təqvalı fəqih” sözlərini işlədib...

Cavab: Cənab Rəhbər atam haqqında başqa sözlər də buyurur. Atam Cənab Rəhbərin dayısı Mirdamadi Nəcəfabadi ilə dost və elmi mübahisə yoldaşı olub. Buna görə də Həzrət Ağa atamı gənc yaşlarından tanıyıb. Biz mərhum Mirdamadi ilə bir küçədə yaşayırdıq. Atam onunla möhkəm dost idi. Mənim uşaqlıq vaxtı nəsibim olan ləzzətlərdən biri bu iki böyük insanın mübahisəsini izləməyim olub. Onlar dəmiryolu kənarındakı bağlara gedər, fiqh mövzusunda mübahisələr edərdilər. Mübahisələri o qədər qızğın keçirdi ki, mən bir şey anlamasam da, onların söhbətinin qızğınlığından ləzzət alırdım. Amma mübahisələrə baxmayaraq səmimi və yaxın dost idilər.

Sual: Demək, Cənab Rəhbər və mərhum atanızın qədimdən tanışlığı olub ...

Cavab: Bəli, bu mərhum Bürucerdinin vaxtına gedib çıxır. Cənab Rəhbər mərhum atam haqqında buyurub: “Cənab Şəbzendedar əvvəldən yeni olub.” Yəni hövzənin inkişafı üçün deyilən sözləri, açıqlanan məsələləri dərk edərək addım atıb. Atam müxtəlif jurnallar üçün məqalələr də yazıb. “İslam məktəbi”, “Şiə məktəbi”, “Cəfəri maarifi”, “Məscidi-əzəm” nəşriyyələri üçün məqalələr yazıb. Həm maraqlı yazıb, həm də qələmi iti olub. Gənclər üçün məclisləri də təsirli olub. Fars ustanı, Cehromdan olan gənclər deyir ki, əgər Şəbzendedar olmasaydı biz münafiq olardıq, o bizi xilas etdi!

Sual: Atanızın Cehromda ictimai-siyasi fəaliyyətləri də olub?

Cavab: Bəli, geniş fəaliyyət göstərib. Məhərrəm, səfər aylarında, yayda, ramazan ayında təbliğə gedib. Təhsil aylarında da elmi fəaliyyətləri geniş olub. O hövzənin tanınmış müdərrislərindən sayılıb. Dərsləri rövnəqli olub. Bugünkü böyük alimlərin bir hissəsi onun tələbələridir. İsti və cazibəli danışıb, söhbətləri aktual olub. Xatırlayıram ki, atam Ayətullah Misbah və bir sıra başqa alimlərlə bizim evimizdə elmi məclis qurardılar. Qərb haqqında maraqlı söhbətlər olardı. Mövzu ilə tanış olmaq üçün kitablar oxuyardılar. Bu kitablar indi kitabxanamızda var. Cənab Rəhbər buyurur ki, onun düşüncəsi, təqvası, dinin tələb etdiyi bütün sifətləri yeni idi. Doğrudan da, söhbətləri qəlbə yatardı.

Sual: Cənab Rəhbərlə əlaqəli başqa xatirələr var?

Cavab: Atam Ayətullah Xameneini çox sevirdi. Rəhbəri ixlaslı, düşüncəli, rəhbərliyə layiq şəxs adlandırırdı. Yaşca Cənab Rəhbərdən böyük olsa da Cənab Rəhbər evimizə gələndə atam onun əlini öpməyə cəhd göstərərdi. Bəli, Rəhbər buna icazə vermirdi. Amma atam israr göstərərdi. Bir şəxsin İslama xidmət göstərməsi onun diqqətini çəkirdi. Belə adamların əlini öpmək istəyirdi. Bir dəfə Rəhbər bizim evə gələndə atam dedi ki, yuxuda sizin əlinizi öpmüşəm. Amma Cənab Rəhbər yenə buna icazə vermədi. Həzrət Ağanın atamın haqqında xoş sözləri çoxdur. Atama tövsiyə edirdi ki, əxlaq dərsləri keçsin. Təəssüf ki, atamın son dövrdə səhhəti ağır idi. Amma əvvəllər Məkarimül-əxlaq duasının şərhi mövzusunda dərsləri olmuşdu. Hövzə ona təklif etmişdi ki, əxlaq dərsləri keçsin. Amma atam biləndə ki, Ayətullah Mişkini də əxlaq dərsləri keçir, bundan imtina etdi. Kimsəyə bu barədə bir söz demədi. Amma mən səbəbini bilirdim.

Vilayet.nur-az.com


1306 بازدید
در حال ارسال اطلاعات...