Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Avqust 2015

Kamil arif Əllamə Qazi

Ayətullah Behcətin mənəvi-əxlaqi şəxsiyyətinin formalaşmasında Əllamə Qazinin çox böyük rolu və təsiri olmuşdur
Ayətullah Behcətin mənəvi-əxlaqi şəxsiyyətinin formalaşmasında Əllamə Qazinin çox böyük rolu və təsiri olmuşdur. Ustadın tələbəsinə etdiyi bu qəribə təsir mərifət əhlinə xasdır. Şiə aləminin fəxri, ibrətamiz həyat tərzi və Behcətin ustadı olan Ustad Qazinin şərhi-halı:
Əllamə Seyyid Mirzə Əli Qazi 1864-cü il zilhəccə ayının 13-ü Təbriz şəhərində elm və mərifət nuru ilə dolu bir ailədə dünyaya göz açdı. O, Mirzə Rəhim Təbatəbai ibn Mirzə Əhmədin oğlu, Mirzə Hüseynin oğludur ki, soy kökü həzrət Əliyə (ə) çatırdı. Atası Mirzə Hüseyn Qazi elm və mərifət əhli idi. Mirzə Şirazinin tələbəsi olmuş Mirzə Hüseyn Qazi “həmd və ənam” surələrinə təfsir yazmışdır. Təbrizə gedərkən mərhum Mirzə Şirazi onunla sağollaşıb dedi: “İndiki gedirsən, heç olmasa gün ərzində özünə bir saat vaxt ayır.” Bir müddətdən sonra Mirzə Şirazi başqalarından onun haqqında soruşanda dedilər: “Hacı, sənin dediyin o bir saat iyirmi dörd saata çatıb. Mirzə Hüseyni həmişə “müraqibə” halındadır. O, 1893-cü il fani dünya ilə vidalaşmışdır.
Əllamə Qazi elm və maarifi atasının və digər böyük ustadların yanında öyrənmişdir. Bu ustadlar sırasında Mirzə Musa Təbrizi (Haşiyətul-vəsail kitabının müəllifi) və Seyyid Məhəmməd Əli Qaraçədağinin (“Haşiyeyi şərhe lümə” kitabının müəllifi) adını qeyd etmək olar.
Əllamə Qazi 1892-ci ildə Nəcəf-Əşrəfə yollanır. Orada Molla Məhəmməd Şərəbyani, Şeyx Məhəmməd Həsən Mamaqani, Şeyx Əşşəriyeyi İsfahani, Şeyx Məhəmməd Kazim Xorasani və Mirzə Hüseyn kimi fazil alimlərdən dərs alır.
Maarif və Allaha doğru gedən yolda Axund Molla Hüseynqulu Həmədaninin şagirdi seyyid Əhməd Kərbəlayinin dərslərindən bəhrələnmiş və özü də bu yolda bir çoxlarını sirab etmişdir.
Onun əsərlərindən “Təfsiri-Quran” kitabını qeyd etmək olar. Bu kitabda Quranın əvvəlindən “Ənam” surəsinin 92-ci ayəsinə qədər təfsir etmişdir. Onun digər əsərlərindən biri də iyirmi bir yaşında Şeyx Müfidin “İrşad” kitabına yazdığı düzəlişdir.
Onun həyatının parlaq nümunələrindən maddiyyatdan uzaq və tövhidə çatmış tələbələr yetişdirməsini misal çəkmək olar. Belə imanlı tələbələr tərbiyə etmək çox az adama qismət olur. Ötən yarım əsrdə İraq və İranın mühüm məntəqələri şiə aləminin fəxri–Əllamə Qazinin yetişdirdiyi tələbələrin mənəvi hakimiyyəti altında idi. Misal olaraq Əllamə Təbatəbai və kamil arif Ayətullah Behcətin Qum elmi hövzəsindəki yüksək təsirini qeyd etmək olar. Tehranda Ayətullah Şeyx Məhəmməd Təqi Amuli və son zamanlar Ayətullah Şeyx Abbas Hatif Quçani, fars vilayətində Ayətullah Dəstğeyb və Ayətullah Nəcabət Şirazi, Azərbaycanda (İran) Ayətullah Şeyx Əli Əkbər Mərəndi, Təbrizdə Ayətullah Məhəmməd Həsən İlahi Təbatəbai, İraq və Məşhəddə də bu ilahi alimin mənəvi-əxlaqi dəsrlərindən bəhrələnmiş bir çox şagirdlərini misal çəkmək olar. Hal-hazırda onun əxlaqi yolunun davamçıları kamal aşiqlərini Əhli-beyt və Quran maarifinin zülal çeşməsindən sirab edərək, Allaha doğru gedən yola hidayət edirlər.
Ustad Qazinin tərbiyəvi göstərişləri barədə Ayətullah Hüseyni Tehrani belə deyir:
Qazi şagirdlərindən hər birinə onların istedadlarına uyğun, şəri əməllərin batini ədəb-ərkanına riayət etməklə qanunlar çərçivəsində xüsusi-əxlaqi tapşırıqlar verirdi. Bununla onların qəlblərini qeyb aləmindən gələn ilhamları qəbul etməyə hazır edirdi. Onun “Səhlə” və “Kufə” məscidlərində kiçik bir hücrəsi (otaq) var idi. Bəzən gecələr bu hücrələrdən birində sübhə qədər ibadətlə məşğul olar və bunu öz şagirdlərinə də tövsiyyə edərdi.
Son dövrümüzün nadir incilərindən olan Ustad Qazi 1935-ci il rəbiül-əvvəl ayında əbədi dünyaya qovuşdu. O öz hicrəti ilə mənəviyat oduyla yanan ürəklərdə matəm qurdu.


1686 بازدید
در حال ارسال اطلاعات...