Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Avqust 2015

İqtidara çatmaq yolunda əxlaqı maneə görürlər

Nitsşe deyir ki, insan özünü sevməli, özünə pərəstiş etməlidir!!
Əxlaq insan fitrəti ilə bağlı mövzulardandır. Bəşər həyatında əxlaq davamlı şəkildə rol oynayır. Təbii ki, bu mövzuya baxışlar fərqlidir. Əxlaqa müxtəlif şəkildə təriflər verilib.
İslamda, Əhli-Beyt (ə) məktəbində əxlaq nədir? İmam Musa ibn Cəfər (ə) buyurur: “Sənin üçün ən zəruri elm odur ki, qəlbinin xeyir və məsləhəti sənə göstərilsin, onun çirkinlikləri sənə aşkar edilsin.” İlahi peyğəmbərlər insanları islah etmək üçün, onları insani əxlaqla tərbiyələndirmək üçün əxlaqi dəyərlər müəyyənləşdirmişlər. İnsani və əxlaqi sifətlər di sistemi yaradılmışdır. Öz ardıcıllarına insan nəfsinin fəzilətləri və qəbahətləri tanıtdırılmışdır.
Dünyanın böyük filosofları, xüsusi ilə fərdi və ictimai xoşbəxtlik tərəfdarları bu mövzuya fərqli yanaşıb. Sokrat deyir ki, insan səadət axtarışındadır. Onun bundan başqa vəzifəsi yoxdur. Amma ləzzətlər və şəhvət yolu ilə həzz almaq mümkündür. Nəfs istəklərinin qarşısını almaqla insan daha tez məqsədə çata bilər. Fərdin xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyi ilə şərtlənib. Buna görə də hər bir fərd cəmiyyət qarşısındakı vəzifələrini bilməlidir. Elm insanı səadətə doğru aparmalıdır.
Əxlaq barədə Ərəstun nə düşünür? Ərəstun deyir ki, insan əməllərinin məqsədi var. Bu məqsədin də dərəcələri mövcuddur. Son məqsəd səadətdir. Amma insanlar müxtəlif şeylərdən ləzzət alır. Bəziləri var - dövlətdən, başqaları vəzifə və məqamdan həzz alır. Demək insanın nəzərdə tutduğu məqsəd, yəni xoşbəxtlik fəzilət vasitəsi ilə əldə olunur. İnsan nəfsani və ya əxlaqi fəziləti əldə etməlidir. Bunları özündə adət dərəcəsinə çatdırmalıdır. Belə ki, nəzərdə tutulan işə əməl etmək çətin olmasın. İnsan rəğbət, ləzzət, elm və ixtiyar yolu ilə buna daha rahat çatır. Belə bir şərait yarandıqda fəzilət arzu olunandır.
Dekart deyir ki, hər bir fərd başqalarından ayrı olsa da, tənha yaşaya bilməz. Onun mənafeləri başqalarının mənafeləri ilə şərtlənib. Əgər bir insan toplumun mənafeini öz mənafeindən üstün tutsa onda fəzilət sifətləri yaranar. O başqalarına xidmət üçün həyatını da qurban verər. İnsan ağıl əsasında addım atmalıdır. Təbii ki, bu halda əxlaqın da məqsədi olan səadətə çatar.
Təəssüf ki, bəzi filosoflar zor, iqtidar tərəfdarıdırlar. Onlar iqtidara, üstünlüyə çatmaq yolunda əxlaqı maneə kimi görürlər. Nitsşe deyir ki, insan özünü sevməli, özünə pərəstiş etməlidir. O zəifliyi kənara qoymalı bununla ağrılarını azaltmalıdır. Nitsşe deyir ki, üstün insan güclü insandır. İnsan öz güc və iqtidarı ilə öz nəfsani meyillərinə çatmalıdır. O özünü tanrı bilməli, bu yolda qarşısına çıxan maneələri aradan qaldırmalıdır. Məqsədə çatmaq yolunda dava-dalaş, müharibədən qorxmamalıdır.
Nitsşenin əxlaq barədə təsəvvürləri İslama tam ziddir. İslam son ilahi din olaraq əxlaq məsələsini prinsipial məsələ kimi ortaya qoyur. İnsanın ilahi sifətlərlə zinətlənməsi İslamda qurtuluş amili sayılır. Əxlaqi fəsadlar, nəfs çirkinlikləri insan üçün bədbəxtlik səbəbi kimi tanıtdırılır. Allah-Taala mübarək şəms surəsində buyurur ki, hər kəs nəfsini paklamaq üçün çalışsa, batinini çirkin fikirlər və çirkin əxlaqdan təmizləsə qurtular, xoşbəxt olar. Düşüncə və qəlbini çirkinliklərə yuva edən insan bədbəxt olar.
Həzrət Əli (ə) əxlaq barədə buyurur: İmanın başı gözəl əxlaqdır. ... Həzrət Əli (ə) imanın nəticəsi kimi iki sifəti göstərir: Gözəl əxlaq və doğru danışıq. Heç bir məktəbdə əxlaq üçün belə şərtlər qoyulmur. İslamda hər bir savab əməl gözəl əxlaq üzərində qurulub. İmam Sadiq (ə) buyurur: “Allah-Taala gözəl əxlaq müqabilində öz bəndəsinə Onun yolunda gecə-gündüz cihad aparanın savabını verər. ... Bəni-Adəmə müraciətlə buyurulur ki, yaranışın gözəldir, çalış, batinin də gözəl olsun. Allah-Taala insanı gözəl yaradıb. Amma insan gözəl əxlaqla özünü zinətləndirməlidir.”
Cureyr ibn Abdullah deyir: İslam Peyğəmbəri (s) mənə müraciətlə buyurdu ki, Allah səni gözəl yaradıb, zahiri görkəmin gözəldir, sən də öz batinini gözəl sifətlərlə zinətləndir. ...
Ərəstun deyir ki, insanın əməlində məqsəd var. Bu məqsədin də mərtəbləri mövcuddur. Nəzərdə tutulan son məqsəd xoşbəxtlikdir. İnsanlar isə öz xoşbəxtliyini müxtəlif ləzzətlərdə görür. Ərəstuna görə insan üçün nəzərdə tutulan məqsəd fəzilətlərlə əldə olunan xoşbəxtlikdir.
Həzrət Əli (ə) buyurur: Gözəl xasiyyət insanın ruhu üçündür. Yaranışdakı gözəlliklər Allahın öhdəsinədir ... Ey insan, çalış ki, özünü gözəl əxlaqla zinətləndirəsən. İmam Sadiq (ə) buyurur: Gözəl xasiyyət Allahın insana hədiyyəsidir. ... Bəzi gözəl xasiyyətlər fitridir, təbii və irsi yolla çatır. Bəzilərini isə insan öz iradəsi ilə çalışıb əldə etməlidir. Ravi imamdan (ə) soruşub ki, bunların hansı üstündür? İmam (ə) buyurur ki, əgər gözəl xasiyyətlə fitrət yoğurulubsa insan başqa yola meyl etmir. Amma çalışmaqla əldə olunan gözəl sifəti qorumaq lazımdır, bu yolda çətinliklər var. Əlbəttə ki, bu daha üstündür.
Ərəstun deyir ki, əxlaqi gözəlliklər qazanılmalıdır və onlara adət etmək lazımdır. Adət etdikdə əməl etmək çətin olmur.

Əxlaq xulq və xuluq sözlərindən yaranıb, xələq, təbiət mənasını bildirir. Əxlaq dedikdə bəsirətlə müşahidə olunan batini sifətlər nəzərdə tutulur. Amma xəlq deyilən zahiri sifət zahiri gözlə müşahidə olunur. Bir çox filosoflar və hikmət ustadları əxlaqı lüğət mənasında qəbul ediblər. Qədim həkimlər insanın qeyri-maddi ruhu və nəfsini onun rəftarları üçün ünvan sayıblar. Əksər İslam mütəfəkkirləri nəfsin varlığına etiqadla əxlaqı nəfsin xüsusiyyəti kimi tanıtdırıblar.
İnsanda yaxşı və pis əməllərin qaynağı kimi onun batinindəki sifətlər göstərilir. Bu sifətlər batində həm möhkəm, həm də səthi ola bilər. Onların düşüncəli və ixtiyarsız şəkildə özünü göstərməsi mümkündür. İslam alimləri arasında əxlaqın daha çox yayılmış forması budur ki, insan fitrətində kök atmış sifətlərin təsiri ilə düşüncəyə ehtiyac olmadan addımlar atır. Belə sifətlər insan batinində kök atmış sifətlərdir. İnsanda xarakterə çevrilməmiş sifətlər isə ayrıdır. İnsanın düşünərək özündən göstərdiyi sifətlərin tərifi fərqlidir. Bir tərifə əsasən, əxlaq insan fitrətində kök atmış və onu düşünməyə ehtiyac olmadan irəli aparan sifətlərdir. Belə bir tərif həm gözəl, həm çirkin sifətlərə aiddir. Xarakter insanı pisliyə aparırsa bu çirkin sifət sayılır. Bəziləri bu fikirdədir ki, insanın xarakteri bir əməlin təkrarlanması ilə formalaşır. Buna mühit, irsiyyə-t kimi təsirlər var. Bəzilərində isə fitri olaraq müəyyən sifətlər mövcuddur. Lüğət mənasına görə xülq insan fitrətindəki sabit sifətlərdir. Əxlaq elmində də bu məna nəzərdə tutulur. Belə bir əxlaq sonradan ixtiyari əməllər üçün stimul olur. Bəziləri əxlaqı fel sifəti kimi qəbul edir. Bu halda xarici bir fel, iş insanın xarakterinə təsir göstərir. Şəhid Mütəhhəri elə bir əxlaq tərifini qəbul edir ki, həm necə olmaq, həm də necə hərəkət etmək suallarını cavablandırsın. Necə rəftar etmək dedikdə, danışıq da nəzərdə tutulur. Necə olmaq isə batini sifətlərə aiddir.
Bəzən əxlaq dedikdə əxlaqi fəzilətlər nəzərdə tutulur. Məsələn deyilir ki, yalan danışmaq qeyri-əxlaqi sifətdir. Bildirilir ki, eşq və məhəbbət əxlaqdan qaynaqlanır. Əxlaq sözü həyatda əxlaq tərzi kimi də dəyərləndirilir. Qərb filosofları daha çox bu mənanı nəzərdə tutur. Belə bir əxlaqda əxlaqi zərurət və qadağalar nəzərdə tutulur. Yaxşı danışmaq gözəldir, yalan danışmaq çirkindir. İnsanlar bunu valideyn və müəllimdən öyrənir. Belə bir əxlaqın əsası cəmiyyətdir. Belə bir əxlaq ictimai həyatın qurulmasında faydalıdır. Əxlaqın bir mənası bir topluma hakim rəftarlar sistemidir. İslam əxlaqı rəftarlar sistemi mənasında məqbul bir əxlaqdır.
Bəziləri əxlaq üçün müəyyən sərhədlər təyin edir. Belələri fərdi əxlaqı inkar edir, əxlaqın cəmiyyətə aid sifət olduğunu bildirir. Belə bir halda fərd cəmiyyətdən kənarlaşdıqda onun üçün əxlaqi məhdudiyyətlər qalmır.
Bəzən əxlaq dedikdə sadəcə doğruçuluq, əxlaqsızlıq dedikdə yalan danışmaq nəzərdə tutulur. Əslində bu qəbil əxlaq yalnız əxlaqda bir bölmə ola bilər. Əslində əxlaq həm fərd, həm cəmiyyətin həyatını əhatə edən dəyərlər toplusudur.

Vilayet.nur-az.com


1756 بازدید
در حال ارسال اطلاعات...