Şrift ölçüsü:
A+
A
A-
Kr
03 Avqust 2015

İlahi mərifətə çatmaq üçün addım

Nəfslə mübarizənin səmərəli yollarından biri də halal nemətlərdən sədəqə verməkdir.
Allaha həqiqi mərifət qazanmaq istəyən insan üçün ilk addım dünya ləzzətlərinə göz yummaqdır. Əgər bəla dolu ləzzətlərə göz yuma bilməsək, behişt nemətlərinə necə göz yumarıq? Allah-təala behişt nemətləri haqqında buyurur: “Onlar behişt içkilərindən nə qədər içsələr, nə başları ağrıyar, nə də məst olarlar.” (“Vaqiə”, 19.) Başqa bir ayədə oxuyuruq: “Onlar behiştdə heç bir əziyyət görməzlər...” (“Hicr”, 48.) Bəli, həqiqi mərifət qazanmaq üçün ilk öncə dünya nemətlərindən keçmək lazım gəlir. Ağrı-acı qarışıq dünya nemətlərindən keçməyən insan isə, şübhəsiz ki, ağrı-acısız behişt nemətlərinə arxa çevirə bilməz. İnsan hətta halal nemətlərdən istifadə etdikdə dünyaya marağı artır. Halal nemətdən istifadədə hədd gözləməyən insanlar asta-asta harama qədəm qoyurlar. Haramdan qorunmaq üçün halaldan istifadədə hədd gözləmək, haram uçurumundan məsafə saxlamaq lazımdır. Uçurumun düz kənarı ilə hərəkət edən insanın süqut etmə ehtimalı da böyükdür. Halal nemətlərdən istifadə qadağan edilməsə də, müəyyən vaxtlarda, xüsusi ilə rəcəb ayı kimi fəzilətli aylarda oruc tutmaq, nəfs istəklərinə qarşı çıxmaq lazımdır. Mömin insan qidadan əlavə, libasa, məskənə və bu kimi digər dünya matahlarına da eyni münasibətdə olmalıdır. Nəfslə mübarizənin səmərəli yollarından biri də halal nemətlərdən sədəqə verməkdir. Bu barədə Allah-təala buyurur: “Sevdiyiniz şeylərdən Allah yolunda infaq edənədək xeyirxahların məqamına çatmayacaqsınız.” (“Ali-İmran”, 92.) Başqa bir ayədə isə Allah-təala öz peyğəmbərinə belə buyurur: “Ey rəsulumuz, möminlərdən sədəqə al ki, sədəqə vasitəsi ilə nəfslərini pak edəsən.” (“Tövbə”, 103.) İnsan sevdiyi şeylərdən infaq edərkən, ehtiyaclılara paylayarkən dünyaya marağı azalır. Dünya ləzzətlərini ayağı altına alan insan elə bir mərhələyə çatır ki, axirətdə behişt nemətlərinə də göz yuma bilir.
Bəs insan yalnız Allahı yadda saxlamaq üçün nə etməlidir? Bizim vacib əməlləri yerinə yetirməkdə məqsədimiz cəhənnəm əzabından qurtarmaqdır. Olsun ki, Allah əmrini yerinə yetirməyənlər üçün əzab vəd edilməsəydi, biz də həmin əmrlərə əməl etməzdik. İlahi əmrlərə əməl etməklə əzab görməyəcəyinə əmin olan insan daha çox nemət əldə etmək üçün çalışmalıdır. İnsanın əzabdan qurtulması və axirət neməti əldə etməsi böyük səadətdir. Qurani-məciddə oxuyuruq: “Ey iman gətirənlər, sizə elə bir ticarət yolu göstərimmi ki, o sizi şiddətli əzabdan xilas etsin? Həmin yol budur ki, Allaha və Onun peyğəmbərinə iman gətirəsiniz, Allah yolunda canınız və malınızla vuruşasınız, əgər bilsəniz, bu sizin üçün çox xeyirlidir.” (“Səff”, 10,11.) Biz bu sayaq nemətlərə göz yuma bilmərik. Hətta Allahın razılığı bizim cəhənnəmdə yanmağımızda olmuş olsa, bizdə həmin əzaba dözməyə hazırlıq yoxdur. Biz uca bəndəlik məqamına çatmadığımızdan aciz və zəifik. Merac hədisində Allah-təala öz mömin bəndəsinin dilindən belə buyurur: “Pərvərdigara, əgər Sənin razılığın mənim tikə-tikə olmağımda, yetmiş dəfə ən pis şəkildə öldürülməyimdə olsa, bütün bunlar mənim üçün daha yaxşıdır.” Dünya ləzzətlərinə göz yummayan insan belə bir mərifət əldə edə bilməz. Amma övliyaların yoluna yaxınlaşmağa çalışmalıyıq. Əgər belə bir qərara gəlmiş olsaq, Allahın yardımından da faydalanacağıq. Bu məqsədlə az vaxt aparan və bir o qədər də çətin olmayan işlərdən başlayaq. Olsun ki, bu işlər bir o qədər də mühüm görünməyə. Amma həmin işlərlə bağlı belə dua edək: “Pərvərdigara, bizi cəhənnəmə aparmış olsan da, biz bu işləri Sənin razılığın üçün görürük.” Heç olmaya, gün uzunu sübh nafiləsi kimi nafilə namazı qılıb deyək: “Pərvərdigara, bizi cəhənnəmə aparmaq istəyirsənsə apar, amma səni svdiyimizdən və namaz səni razı saldığından biz bu iki rəkət namazı qıldıq.”
Əgər əksər işlərimiz Allaha xatir deyilsə də, heç olmaya, Allaha xatir ikicə rəkət namaz qılmağa çalışaq və həmin namaza görə heç bir mükafat istəməyək. Xalis bir niyyətlə bircə dəfə “Allahu əkbər” və ya “La ilahə illəllah” demiş olsaq, bu zikrlər bütün gün uzunu yerinə yetirdiyimiz ibadətlərdən üstün olar. Çünki ibadəti dəyərli edən onun qədəri yox, keyfiyyəti, ibadətdəki niyyət və xalislikdir.
Belə bir niyyətin yerinə yetirilməsi üçün qəlbimizdə Allaha mərifət və məhəbbət olmalıdır. Heç bir təmənnasız, yalnız Allahın razılığına xatir deyəcəyimiz qısa bir zikr gün uzunu cəhənnəm qorxusu və ya behişt tamahı ilə yerinə yetirdiyimiz uzun-uzadı ibadətlərlə müqayisəyə gəlməz. Axirətə inanan insan heç bir təmənnası olmadan yalnız Allahın razılığı üçün bir “ya Allah” zikri deyərsə, bu zikir ömür boyu təmənna ilə yerinə yetirilmiş ibadətlərdən üstün olar.


1444 بازدید