Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Avqust 2015

İnsan dilinə nəzarət, sükutla hikmətə çata bilər

Quranda dəfələrlə xəbərdarlıq edilir ki, nəfsinizi (özünüzü) qoruyun. İnsana tövsiyə olunur ki, özünü və əhlini oddan qorusun
Ustad Rəfii haqqunnas barədə

İmam Səccadın (ə) Hüquq Risaləsi Allahın, insanların, fərdin hüquqlarına, hətta namaz və oruc kimi ibadət haqlarına kompleks bir baxışdır. Risalədən aydın olur ki, insanın Allah qarşısında, cəmiyyət qarşısında, özü qarşısında məsuliyyətləri var. Namaz və oruc kimi ibadətlər bizim üzərimizdə olan şəriət məsuliyyətləridir. Bəzi insanlar namaz və oruc kimi ibadətlərin haqqını yerinə yetirmir. Xalqın, cəmiyyətin haqqı da öz haqqımız kimidir. Nəfs dedikdə insanın özü, mahiyyəti nəzərdə tutulur. Quranda dəfələrlə xəbərdarlıq edilir ki, nəfsinizi (özünüzü) qoruyun. İnsana tövsiyə olunur ki, özünü və əhlini oddan qorusun. Bildirilir ki, yaxşılıq etsəniz özünüzə edirsiniz, pislik də etsəniz özünüzə edirsiniz. Ayələr məcmusundən aydın olur ki, haqqunnas, yəni xalqın haqqı dedikdə elə insanın özünə münasibətdə hüquq və vəzifələri nəzərdə tutulur. Bu hüquqlar iki qismə bölünür. Onların bir qismi maddidir, bədənin fiziki baxımdan qorunmasını nəzərdə tutur. İnsan cismi ona verilmiş əmanətdir. Biz cismimiz qarşısındakı vəzifələrə biganə qala bilmərik. Bir şəxs deyir ki, gözlərim özümə məxsusdur. İnsan əl-ayağını, bədən üzvlərini öz malı hesab edir. Düşünür ki, istəsə əlini kəsə bilər. Amma İslam buna icazə vermir. İnsan istər maddi, istər mənəvi hüquqları pozmağa ixtiyarlı deyil. Peyğəmbər (s) dövründə bir qrup insan ibadətə elə qərq olmuşdu ki, insanlarla ünsiyyəti, ailəni, yeyib-içməyi yaddan çıxarmışdı. Peyğəmbər (s) buyurdu ki, bu mənim sünnəm deyil, mən sizin peyğəmbəriniz olduğum zaman ailə qurmuşam, övladlarım var, yaxşı xörəklər yeyirəm. Röhbaniyyət yolunu seçib cəmiyyətdən təcrid olanlara Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin röhbaniyyəti cihaddır. Özünüzə sıxıntı yaratmaq istəsəniz düşmənlə vuruşun. Bir şəxs deyir ki, mən öz canımın sahibiyəm, istəsəm narkotikadan istifadə edərəm, siqaret çəkərəm. Narkotikaya aludə olan insan ilk zərbəni özünə vurur. Onun üzərində cəmiyyətin, ailə-övladın haqqı var. Onun bu işi əslində özünə də cəmiyyətə də zülmdür. Narkotika kimi vərdişlərin qarşısını almaq üçün sərhədləri bağlamaq bəs etmir, bu gün ölkənin daxilində belə uyuşdurucular tapılır. Bu sahədə statistika üzücüdür. Hər gün narkomanlar cərgəsinə yüzlərlə insan qatılır. Ey insan, Allah sənə həyat, sağlamlıq, nemətlər verib. Sən bu nemətlər müqabilində vəzifələrinə əməl etməlisən. Narkotikadan istifadə, spirtli içkilərdən istifadə, hətta bədənə zərərli qidalanma dində yolverilməzdir. Bir şəxs yol hərəkəti qaydalarına məhəl qoymadan maşın sürür, qəzaya düşür, ömrünün sonuna qədər əlil arabasına oturur. Başqa biri həkim qadağan etdiyi halda yağlı xörəklərdən və şirniyyatdan istifadəni dayandırmır, nəticədə gözü tutulur, şikəst olur. İbadət də belədirmi? Bəli, Allah bizdən namaz, oruc istəyib. Buyurub ki, sizə oruc vacib edildi. Xəstə adama, müsafirə oruc tutmaq olmaz. Bu da bir qanundur. Əgər oruc tutmaq sizə zərərsə, din sizin xeyrinizi istəyib, oruc tutmayın. Həzrət Peyğəmbər (s) bir səhnəyə şahid oldu. Gördü ki, bir şəxs məsciddə özünü sütuna bağlayıb və bu halda namaz qılır. Həzrət (s) bunun səbəbini soruşdu. Həmin şəxs cavab verdi ki, mən ayaq üstə dura bilmədiyimdən özümü sütuna bağlamışam. Həzrət (s) buyurdu ki, əyləş, otraq vəziyyətdə namaz qıl. Bəli, İslam kimin üçünsə çətinlik yaratmır. Hətta su bədənə zərərli olduqda qüsl və dəstəmaza icazə verilmir, torpağa təyəmmüm etmək lazımdır.
Xoşbəxtlik yolunda insan üçün ən zərərli şeylərdən biri vəsvəsə, yersiz şəkk-şübhədir. Vəsvəsə nəticəsində insan öz enerji və istedadlarını puça çıxarır. O Allahın nemətini zay edir, israfa yol verir. Vasvaslıq (vəsvəsə) bir çox günahların mənşəsidir. Bunların ən mühümü Allah və peyğəmbərin sözünə məhəl qoymamaqdır. Allah və peyğəmbər buyurur ki, bir şey pakdır, vasvası adam isə onu pak hesab etmir. Hücurat surəsində oxuyuruq ki, Allah və Peyğəmbərdən (s) qabağa keçməyin. Allah və Peyğəmbər (s) buyurur ki, bir şeyin murdarlığına əminlik olanda ondan çəkinin. İnsanların vasvaslığa qarşı mübarizəsi də çox vaxt düzgün olmur. Xanımının vasvaslığından şikayətlənən şəxsə deyiblər ki, bütün evi murdarla, rahat ol. Bu düzgün yol deyil. Vasvaslığı aradan qaldırmaq üçün vasvası şəxs sizə inanmalıdır. Əksər insanların vasvaslığı dini məsələlərə aiddir. Bu isə Allah və peyğəmbərdən önə keçməkdir. Allah buyurur ki, kim Onun və Rəsulunun (s) göstərişindən çıxsa lənətə gələr. Vasvaslıq həm də israfa səbəb olur. Vəsvəsə keçirən insan enerjiyə, suya qənaət etmir. Belə bir insan düşüncədə də israfa yol verir. Namazda bir sözü ifrat təkrarlamaqla özünə çətinlik yaradır. Digər tərəfdən, vasvaslıq şeytan təlqinlərindəndir. İmam Sadiq (ə) buyurur ki, vəsvəsə şeytan işidir. Vasvası adamın özündən də soruşsanız, deyəcək ki, Allah şeytana lənət etsin. Belə bir fikir var ki, vasvaslıq xəstəlikdir. Vasvası şəxs cəmi 20-30 faiz ehtimal əsasında bir şeyin rütubətli, yaş olduğunu deyir. Hansı ki bir şeyin yaş olduğunu demək üçün 99 faiz ehtimal da bəs etmir, 100 faiz əmin olmaq lazımdır. Əgər murdar bir şey quru bir şeyə toxunubsa murdarlıq qurudan quruya keçmir. Mən arada yaşlıq olduğunu yalnız o zaman qəbul edə bilərəm ki, 100 faiz əmin olum. Bir evə getmişəm, həmin evdə xalçada yaşlıq var. Olsun ki, həmin yaşlıqda murdarlıq da var. Amma bunu araşdırmaq mənim vəzifəm deyil, rahat namazımı qıla bilərəm. Bir şeyi o zaman murdar hesab etmək olar ki, əminlik olsun. Əgər əminliyim yoxsa, demək pakdır. Bizim işimiz zahir əsasında hökm çıxarmaqdır, araşdırma aparmamalıyıq. Bizə göstəriş verilib ki, şəkk vasitəsi ilə əminliyi əldən çıxarmayaq. Yanınızdan keçən maşın gölməçədəki suyu üstünüzə sıçradırsa həmin suyun murdarlığına əminlik olmadıqda şübhəyə düşməyə əsas yoxdur. Bəli, vasvaslıq insan üçün çox zərərli haldır. Görün insanın ətrafındakılar, onun ailə-övladı, ata-anası həmin şəxsin vasvaslığından nə qədər əziyyət çəkir. Bütün bunlar hüquqların pozulmasıdır. Siz vasvaslıq kimi bir xasiyyətlə ətrafdakıların haqqını tapdayıb, onlara çətinlik yaradırsınız.
Mənəvi hüquqlara nəzər salaq. Bizim insani mahiyyətimizin hüquqları var. Bir insan olaraq ağıl və düşüncəyə malikik. Ağıl və düşüncə insan üçün vəzifə yaradır. Hüquq Risaləsində buyurulur: “İnsanın öz üzərində ilk haqqı budur ki, Allaha itaət yolunu seçsin. Bu nəfsin ilk haqqıdır, onu Allaha itaət yoluna aparın. Nəfsin birinci haqqı budur ki, o günaha işlədilməsin...”
İnsan dörd mərtəbə nəfsə malikdir. Nəfs özü yeganə insan mahiyyətindən ibarətdir. Bəs dörd mərtəbə nədir? Əmmarə nəfs, mutməinnə nəfs, ləvvamə nəfs və musəvvələ nəfs. Əmmarə nəfs mərtəbəsində insan tam nəfsə tabedir, onun ixtiyarındadır. Nəfs nə deyirsə insan ona itaət edir. Əmmarə nəfs odur ki, insan günah qarşısında asanlıqla təslim olur. Çox asanlıqla namazdan, ibadətlərdən, vəzifələrindən boyun qaçırır. Naməhrəmə baxır, haram yeyir, günaha əl aparır. Amma musəvvələ nəfs əmmərə nəfsdən təhlükəlidir. Əgər əmmarə nəfsdə insan günahın günah olduğunu etiraf edirsə musəvvələ nəfsdə günah gözəl göstərilir. Bu hadisə ilə Quranda da rastlaşırıq. Quranda buyurulur ki, bu iş Yusifin qardaşlarına gözəl göstərildi. Musəvvələ nəfsdə insan qeybət edəndə buna əsas göstərir. Musəvvələ nəfs insana deyir ki, Allahla rabitə gözəldir, amma sən fars dilli olduğundan namazı farsca qılmağının eybi yoxdur!! Musəvvələ nəfs insana deyir ki, bütün insanlar bacı-qardaşdır, hicab olmasa da olar. Musəvvələ nəfsin bütün günahlarda bəhanələri var. Başqa bir mərtəbə ləvvamə nəfsdir. Ləvvamə nəfsdə insan xətaya yol verəndə özünü danlayır, günaha görə narahat olur. Namaza yubandıqda, namazın vaxtını otürdükdə özünü danlayır. İstənilən bir günaha yol verdikdən sonra ləvvamə nəfs insanda peşmançılıq hissi yaradır. Kərbəla hadisəsində insanlar bir neçə qrupa bölünmüşdü. Bəziləri bilirdilər ki, İmam Hüseynin (ə) qətlə yetirilməsi pis işdir. Bununla belə həmin işi görürdülər. Ömər Səd gözəl bilirdi ki, Hüseyn (ə) Peyğəmbər (s) övladıdır və tutduğu yol haqq yoludur. Camaata təlqin edirdi ki, İmam Hüseyn (ə) əmirəlmöminin olan Yezidə qarşı çıxıb. Bunu İmam Hüseynin (ə) dindən çıxması kimi qələmə verirdi. İmam Sadiq (ə) buyurur ki, bəziləri Allahın razılığını qazanmaq üçün İmam Hüseynlə (ə) vuruşurdu. Bəziləri də Kərbəla hadisəsində seyirçi mövqe tutub, hadisə başa çatandan sonra həmin yerə gəldilər, özlərini danladılar. İnsanın günahdan qabaq peşiman olması yaxşıdır. Hürrün peşmançılığı bu qəbildəndir. Hürr qılıncı sıyırmamış ləvvamə nəfs onun qarşısında dayandı.
Nəfsin dördüncü mərtəbəsi mutməinnə nəfsdir. Quran bu nəfsi mədh edir. İmam Səccad (ə) buyurur ki, ilk növbədə özünü Allahın bəndəsi saymağın nəfsin haqqıdır. İnsan öncə Allahın, sonra bəndələrin haqqını ödəməlidir. Rəvayətdə nəql olunur ki, bir şəxs Peyğəmbərin (s) görüşünə gəlib bir neçə sual verdi. Soruşdu ki, Allaha mərifət nədir? Həzrət (s) buyurdu ki, Allaha mərifət insanın özünü tanımasıdır. Bəziləri deyir ki, insanın özünü tanıması qeyri-mümkündür, demək Allahı da tanımaq olmaz. Əslində rəvayət bunu demir. Rəvayətə görə insan öz mahiyyətini tanısa, öz ehtiyaclarından xəbərdar olsa bu ona bəs edir. Həzrətdən (s) soruşdular ki, insan haqq yolda olub-olmadığını necə təyin edə bilər? Həzrət (s) buyurdu: “Bax gör nəfs sənə nə deyir!” İnsanda nəfslə ağıl arasında müharibə gedir. Soruşurlar ki, insan xalqa əl açmaqla kiçilirmi? Rəvayətlərdə izzəti-nəfs adlı bir dəyərdən danışılır. Mömin özünü kiçiltməməlidir. İnsan özünü kiçiltdiyi zaman günaha gedir. Öz ləyaqətini dəyərləndirən şəxs yalan danışmır, zülm etmir, özünə bu sifətləri yaraşdırmır. Bir şəxs İmam Sadiqin (ə) görüşünə gəlib ona əziyyət verən qonşusundan şikayətləndi. Dedi ki, mən Allaha xatir susuram, bu qonşu ilə keçinirəm. Amma buna görə qorxaq adlandırıldığını bildirdi. Həzrət (ə) buyurdu ki, əsl zəlil zülm edən şəxsdir, zülm alçaqlıq nişanəsidir. Bəzi insanlar daxilindəki boşluğu başqalarına zülm etməklə doldurmaq istəyir. Psixoloqlar deyirlər ki, təkəbbür insanın özünü kiçik görməsinin təzahürüdür. Yəni özünü kiçik görən insan bu kompleksdən qurtarmaq üçün təkəbbür yolunu seçir, özünü böyük göstərməyə çalışır. Biz nəfsimizi alçaltmağa icazəli deyilik. Bir şəxs İmam Sadiqə (ə) dedi ki, mən qeyri-ziyarət səfərlərində pulum olduğu halda səfər yoldaşlarıma xidmət edib, pul xərcləməməyə çalışıram. Həzrət (ə) buyurdu ki, bu çox pisdir. Belə bir halda səfərə çıxmamağı, öz şəxsiyyətini qorumağı tapşırdı. Tamahkarlıq insanın şəxsiyyətini alçaldır. İmam Sadiq (ə) ondan yardım istəyən şəxsə pul verəndən sonra tapşırdı ki, öz ehtiyacını hər insanın yanında danışıb şəxsiyyətini kiçiltməsin. Bir şəxs İmam Hüseyndən (ə) kömək istədi. İmam (ə) ona kömək etməmişdən öncə üç məsləhət verdi: “Kömək istəyəndə bu işdə təcrübəli, mürüvvətli və dindar adamlardan istə.” İmam (ə) həmin şəxsin nəzərinə çatdırırdı ki, ağız açanda səni kiçildəcək insanların qapısını döymə. Təəssüf ki, müasir dövrdə insanlar bir-biri ilə yarışa girib. Bir qohum, bir qonşu bahalı maşın alırsa, həccə gedirsə, dəbdəbəli həyat yaşayırsa, bu məni qıcıqlandırır, mən də belə etmək istəyirəm. Amma Quran belə bir həyat tərzini bəyənmir. Mən qəzetdə maraqlı bir şey oxudum. Varlı bir ailə istirahət üçün dəniz kənarına gedir və istirahətdən qayıdanda onların dərisi qaralır. Soruşanda deyirlər ki, günəş altında özümüzü yandırmışıq. Qonşu ilə mübahisəyə girən o biri ailə də imkansız olduğundan kəndə üz tutur. Onlar kənddə evin damında gün altında uzanırlar ki, geri dönəndə istirahətdə olduqlarını desinlər!! Nə üçün özümüzə bu qədər çətinlik yaradırıq?! Təəssüf ki, insanlarda şəxsiyyətini qorumaq, aza qane olmaq hissi zəifləyib. Bir şəxs məsumdan nəsihət istədi. Məsum imam soruşdu ki, deyəcəyimə əməl edəcəksən? Həmin şəxs əməl edəcəyini söz verdi. İmam (ə) buyurdu ki, insanların malında gözün olmasın, bu səni alçaldar. Doğrudan da insan özünü başqalarından kiçik gördükdə bir yarışa həvəslənir. Rəvayətlərdə deyilir ki, nəfsinə dəyər verən insan günaha getmir, qeybət etmir, kimisə məsxərəyə qoymur, paxıllıq hissindən uzaq olur. O öz həqiqi dəyərini anlayır. Əgər bədən üzvlərinin haqlarından danışsaq İmam Səccadın (ə) buyuruqlarını yada salmalıyıq: “Qulaq, ayaq, dil, göz, qarının sizin üzərinizdə haqqı var.” Biz bu barədə ətraflı danışa bilmirik. İmkanımız azdır. Bir qədər dil barədə danışaq. Dil Allahın insana verdiyi nemətdir. Dilin vəzifəsi bəyan etməkdir. Dil peyğəmbərlər üçün silah olub. Əgər dil olmasaydı peyğəmbərlər insanları doğru yola necə dəvət edərdi?! Dil ünsiyyət vasitəsidir.
Danışa bilməyən insan bir çox işlərdən məhrum olur. Allah insana danışmaq istedadı verib. Allah edə bilərdi ki, dil günaha açılmasın. Yalan danışa bilməsin, söyüş söyə bilməsin. Amma dil də bütün əzalar kimi azad yaradılıb. İnsan sınağa çəkilir ki, dilinə nəzarət edə biləcək, yoxsa yox? Rəvayətlərdə bildirilir ki, bütün xeyirlərin və bütün şərlərin açarı dildir. Mənə elə gəlir ki, dil başqa işlərdə də əzalara köməkçidir. İnsan haram tikəni əldə etmək üçün danışmalıdır. Cinsi günaha yol vermək üçün qarşı tərəflə rabitə yaratmalıdır. Haram musiqiyə qulaq asmaq üçün dillə danışıb həmin lent yazısını almalıdır. Yəni bütün günahlarda müqəddimə işlər dilin öhdəsinə düşür. Dil heç bir əziyyətsiz dolanıb, işini görür. İmam Səccad (ə) Hüquq risaləsində dil üçün haqlar sadalayır. Bunlardan biri dilin əzizliyidir. Onu xəyanətdən qoruyaq. Dilin xəyanəti yalan, məsxərə, qeybətdir. İkinci budur ki, dilimizi xeyir işə alışdıraq. İnsan nəyə adət edirsə həmin yolla da gedir. Cərrahiyyə otağında işləyən tibb işçilərindən biri deyir ki, narkozdan ayılan xəstələrin hərəsi bir cür danışır. Bəzisi söyüş söyür, bəziləri xoş sözlər deyir. Hətta Quran oxuyanlar, zikr deyənlər də olur. Mənə elə adamlar rast gəlib ki, onları çox ədəbli tanımışam, amma gözlənilmədən dava düşəndə ağıla gəlməyən söyüşlər söyürlər. Bəzən minbər əhli haqqında qonşuları deyir ki, gəlin onun əxlaqını evdə görün. Pənah aparaq Allaha belə sifətlərdən. İmam Sadiq (ə) buyurur ki, cəhənnəm odunu özünüzə haram etmək istəyirsinizsə, sübh namazından sonra 100 salavat çəkin. 100 salavat 7-8 dəqiqə vaxt aparır. Bəziləri soruşur ki, salavatla cəhənnəm odu arasında nə rabitə var? Cavab budur ki, həmin salavatlar xeyirə adətdir. Sübh tezdən salavatla açılan dilin günaha getməsi çətinləşir. Bizə tövsiyə olunur ki, sübh namazından sonra 7 dəfə la həvlə vəla qüvvətə illa billahil deyək. İkinci namazından sonra 10 dəfə inna ənzəlna oxumaq tövsiyə edilir. Həsbunallah zikri, yunisiyyə zikri, bütün bunlar dili xeyir sözə adət etdirmək üçündür. Bəziləri əsəbləşəndə dərhal la ilahə illallah deyir. Çünki adi vaxtlar bu sözü adət ediblər. Bəziləri də əsəbləşən kimi söyüş söyür. Çünki adi vaxtlarda dillərini qorumayıblar. Rəvayətdə deyilir ki, İmam Sadiqin (ə) evində bir kəniz varmış. Bu kəniz imama yemək gətirəndə büdrəyir, qaynar yemək imamın övladının üstünə tökülür. İmam (ə) dərhal Quran oxumağa başlayır. Bəli, insan dilini Quran və zikrə adət etdirsə əsəbləşdiyi zaman da lazımsız söz danışmaz. İmam Hüseyn (ə) aşura günü bədəninə oxlar sancılanda la hövlə vəla qüvvətə illa billah deyir. Onun bütün sözləri ədəblidir. Birinə buyurun deməklə oturun demək arasında da ədəb baxımından fərq var. Dilimizi ədəbli danışmağa alışdıraq. Mühüm nöqtələrdən biri də budur ki, susmağı öyrənək. Bir yerdə ehtiyac yoxdursa danışmayaq. Çox hallarda dediyimiz sözlər zərərimizə işləyir. Bəzən də danışdığımız sözlərin mənası olmur. İmam Səccad (ə) öz risaləsində buyurur ki, bütün dualara salavatla başlayaq. Risalənin bir yerində qarının haqlarından danışılır. İnsan dilindən, şəhvətindən və qarnından zərbə alır. Adətən günahlar bu üç ünvandan birinə aiddir. Başqa əzaların da günahı var, olsun ki, bu qədər əhəmiyyətli deyil. Rəvayətlərdə bildirilir ki, insan qarnına və cinsi meylinə nəzarət edə bilsə xilas olar. İmam Səccad (ə) buyurur ki, qarnınızı haram kisəsinə çevirməyin. Əmirəlmöminin (ə) yeməkdən sonra əlini yuyar, əlini qarnının üstünə qoyub buyurardı ki, vay o kəsə ki, qarnını haramla doldurub! Bir tikə çörəklə doymaq mümkünsə insan nə üçün başqasının haqqına, haram göz dikməlidir?! İmam (ə) buyurur ki, qarnın haqqı onu haramdan qorumaqdır. Haramın az-çoxluğunun fərqi yoxdur. Bir xurma olsun, ya da bir xurma bağı. Haram haramdır! İnsan hətta halalda da hədd gözləməlidir. İmam (ə) tövsiyə edir ki, insan qarnını doldurmaqdan çəkinsin. İnsan ehtiyacı həddində yesə bu ona xeyirli olar. Əgər bir alma bəs edirsə, 10 alma yemək qarınqulluqdur. İnsanın çox qidaya ehtiyacı yoxdur. Bu gün toy salonlarında, xeyir-şərr süfrələrində böyük israfçılıq görürük. Bu artıq doymaq deyil, qida məhsullarının partlayışıdır. Qarınla bağlı üç nöqtəyə diqqət yetirək: Harama yol verməyək, halaldan qədərincə istifadə edək, yeməkdə məqsədimiz güc əldə etmək olsun. Əgər bədən üzvlərinin haqqını pozsaq tövbə etməliyik. Cəmiyyətin haqqı da belədir. Söyüşə öyrənmiş dili nəzarətə götürüb tərbiyələndirmək lazımdır. Ləyaqətli insan zikr olan yerdə ədəbsiz sözlər danışmaz. İnsan xəstələnəndə dərman qəbul edir. Əxlaqi xəstəliklərin müalicəsi üçün də müalicələr var. Həzrət Peyğəmbər (s) buyurur ki, söz dərman kimidir, həddindən artıq dərman öldürücü olur. Əgər həkim bir həb yazıbsa, 10 həb qəbul etmək olmaz. Loğmandan soruşurlar ki, nə üçün həkim oldun? Loğman zahiri baxımdan gözəl olmayıb, dərisinin rəngi qara olub. Cavabında deyir ki, qarnımı qorudum, lazım olmayan şey yemədim, dilimi gözlədim, hər söz danışmadım, gözümə nəzarət etdim, hər şeyə baxmadım. Bəli, insan öz bədən üzvlərinə müəyyən qədər nəzarət etsə, xüsusi ilə çox büdrəyən, günaha meyilli üzvləri nəzarətə götürsə Allah ona hikmət verər. Rəvayətlərdə bildirilir ki, insan dilinə nəzarət, sükut yolu ilə hikmətə çata bilər.


1603 بازدید
در حال ارسال اطلاعات...