Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Avqust 2015

İngiltərə səfirliyində istiqamətləndirilən hərəkat

Hərəkat daxilində İslama xəyanət təhlükəsi
Hicri qəməri 1327-ci il, rəcəb aynın 13-də, hicri şəmsi 1288-ci il, mordad ayının 9-da Tehranın Topxana meydanında böyük izdiham toplaşmışdı. Tehran camaatı şəhərin nüfuzlu aliminin edamını seyr etməyə gəlmişdi. Şeyx Fəzlullah Nurinin edam hökmünü məşrutəçilər yerinə yetirirdi. Məşrutəçilərin qəlbində Şeyx Fəzlullah Nuriyə qarşı misilsiz bir kin var idi. Bəzi mənbələrdə qeyd olunur ki, şəhid şeyxin cənazəsinə belə hörmət qoyulmadı. Məşrutəçilərin Şeyx Fəzlullahla düşmənliyinin tarixi uzun idi. Hicri qəməri 1326-cı il, 15 zil-hiccədə şeyxi terror etmək istəmişdilər. Kərim Dəvatgər adlı şəxs şeyxi qətlə yetirmək tapşırığı almışdı. Amma bu terror baş tutmadı. Onlar yalnız hicri qəməri 1327-ci ildə arzularına çatdılar. Məclisdə bu münasibətlə çal-çağır vardı. 1328-ci ildə isə Seyid Abdullah Bəhbəhani terror edildi. Bunun ardınca İrana qayıtmaq qərarı çıxarmış Axund Xorasani zəhərləndi.
Şiə mərcə alimləri, müctəhidlərin vəzifələrini araşdırdıqda onların milli kimliyə münasibətdə nə qədər məsuliyyət daşıdığı aydın olur. Hamid İlqarın təbirincə, müctəhidlərin əsas işi müqəllidlərə cavab vermək olsa da, bununla yanaşı həyati əhəmiyyətli məsələlərə münasibətdə vəzifəlidirlər. Din alimlərinin fərdi vəzifələrlə yanaşı ictimai vəzifələri də var. Kimsəsizlərin himayəsi, vəqf işləri, mühakimə məsələləri, dini hökumətin yaranması üçün ictimai-siyasi şəraitin yaradılması din alimlərinin məsuliyyətlərindəndir. Hamid İlqar belə bir məsələyə işarə edir: “Qacar dövrünün alimləri təqlid ünvanı olduğu kimi İranda İslamın nüfuzlu təmsilçiləri idilər.”
Hakimiyyətdən asılı olmamaları, elə bir şərait yaratmışdı ki, xalq hətta hakimiyyətin zülmlərindən alimlərə şikayətlənirdi. Din alimləri ölkəyə siyasi və ideoloji hücum qarşısında dayanmışdılar. Din alimlərinin dövlətlə həmkarlıq edib-etməməsi bu həmkarlığın faydaları ilə bağlı idi. Onların bəzən hökumətlə həmkarlıq edib, bəzən hökumətə qarşı çıxması milli mənafedən çıxış etdiklərini göstərir. Beləcə, din alimləri İranda tarix boyu məsuliyyətli və ağır vəzifə daşıyırlar. Kimin hakimiyyətdə olmasından asılı olmayaraq, alimlər ölkənin müstəqilliyi, xalqın mənafeləri barədə düşünüblər.
Biz din alimlərinin fəaliyyətlərini qeyri-bərabər Rusiya-İran müharibəsində müşahidə edirik. Rusiyanın İran əleyhinə müharibəsində din alimləri cihad fitvası verməklə yanaşı özləri də döyüş əməliyyatlarına qatılıblar.
Alimlərin səhnədə göründüyü ikinci mühüm dövr tənbəki qadağası dövrüdür. Məşrutə hərəkatı dövründə alimlərin əsas işi onların İranın müstəqilliyinin müdafiəsində dayanması olub. Həmin dövrdə İran istibdad ağrısı yaşayır. İstibdad nəticəsində ölkəyə qanunsuzluq və gerilik hakim olub. Belə bir ağır şəraitdə çıxış yolunu parlamentin, milli məclisin yaranmasında görənlər də olub. İşin başlanğıcında hərəkata sədaqətli din alimləri rəhbərlik edib və belə bir gözlənti olmayıb ki, qısa bir fasilədən sonra şəriət qanunları kölgədə qalacaq.
Məşrutədə qərbpərəst ziyalılar da olub. Hətta Qacar sülaləsindən olan bir qrup məşrutəyə qatılaraq istibdad yox, dinlə mübarizə aparıblar. Dini sıradan çıxarmaq üçün bu qüvvələrin əsas işlərindən biri xarici səfirliklərlə birbaşa rabitələr olub.
Elə bu fikirlə də ziyalılar zümrəsi hərəkatın əvvəlindən Şeyx Fəzlullah Nuri kimi alimlərlə müxalif olub. Müasir İran tarixində oxşar taleli iki şəhid müctəhidin adı yer alıb. Onlardan biri Şeyx Fəzlullah Nuri, digəri Mirzə Əli Seqətül-islam Təbrizidir. Hər iki alim dara çəkilib. Onlardan biri məşrutəçilər, digərini işğalçı ruslar edam edib. Alimlər xalqın mənafeini daha ciddi müdafiə etdikcə, milli mənafelərin müdafiəsində sərt mövqe göstərdikcə qərbpərəst ziyalıların da müxalifəti güclənib. Şeyx Fəzlullah Nurinin edam hökmünün əsas səbəbi onun qərbpərəst məşrutəçilərə qarşı çıxması olub. Həmin məşrutəçilər Şeyx Fəzlullah Nurini edam etdilər, müstəbid Eyniddövləni bağışladılar.
Şeyx Fəzlullah Nurinin mövqeyi bu idi ki, ölkə konstitusiyası, əsas qanun şəriət əsasında hazırlanmalıdır. Şeyx Fəzlullah Nuri şəriət qanunlarının tətbiqində güzəştə getmək fikrindən uzaq idi. Hansı ki, qərbpərəst ziyalılar eyni bir ciddiyyətlə şəriət qanunlarının tətbiqinə qarşı çıxırdılar. Şeyx Fəzlullah Nuri elə bu yolda həyatını qurban verdi.
Şeyx Fəzlullah Nuri iki böyük ruhani, yəni Seyid Abdullah Bəhbəhani və Seyid Məhəmməd Təbatəbaidən öncə məşrutənin mahiyyətini, şəriətə zidd olduğunu anladı. Elə buna görə də həmin iki alimdən öncə öz müxalifətini bildirdi. Şeyx Fəzlullah Nuri o biri alimlərdən fərqli olaraq şəriət qanunlarının tətbiqində böyük ciddiyyət göstərdi. O açıq aşkar bəyan etdi ki, məşrutənin şəriət qanunlarından uzaqlaşması onun milli mənafelərə xəyanətini göstərir. Qərbpərəst məşrutəçilər belə alimləri hərəkatdan uzaqlaşdırmaqla öz çirkin niyyətlərinə yol açırdılar. Təəssüf ki, digər alimlər Şeyx Fəzlullah qədər ciddiyyət göstərmirdi. Elə bu səbəbdən də Şeyx Fəzlullah qərbpərəstlər qarşısında tənha qalmışdı. Qərbpərəstlər şiə mərkəzi sayılan Nəcəfdəki böyük alimlərə yanlış informasiyalar verməklə müctəhidlər arasında fikir ayrılığı yaratdılar. Məhz bu parçalanma Şeyx Fəzlullahın edamına yol açdı.
Şeyx Fəzlullah Nurinin mühakiməsində Şeyx İbrahim Zəncani adlı ruhani iştirak edib. Şeyx Fəzlullahla Şeyx İbrahim Zəncani arasındakı sual-cavabı izlədikdə şeyxlə məşrutə arasındakı problemi daha dərindən anlamaq olur. Şeyxə qarşı ittihamnamə oxunduqdan sonra ona sual verildi ki, bu ittihamlara cavabı nədir? Şeyxin cavabı bu oldu ki, mən müctəhidəm, ictihad qüvvəsinin ilhamı, fəqihlik işığında şəriətə uyğun yol görürəm və bu yolu gedirəm. Şeyx öz çıxışında soruşdu ki, Məhəmməd Əli Mirzə ilə necə rəftar etdiniz? Zəncani “bunun sizə aidiyyatı yoxdur”, dedi. Şeyx Fəzlullah dedi: “Məhəmməd Əli Mirzə şah idi, istibdadın başçısı idi. Məşrutə zahirən istibdada müxalifdir. Necə olur ki, ona aman verirsiniz, İrandan çıxır gedir? Onun qətl-qarətlərinə göz yumursunuz? Hətta ona ildə 100 min tümən pul göndərməyi öhdənizə götürmüsünüz. Bu sözləri elə əvvəlcədən deməmişdim?! İngilis səfirliyində yaranan məşrutənin aqibəti başqa cür ola bilməz!” Zəncani deyir ki, vaxt azdır, özünüzü müdafiə edin. Şeyx Fəzlullah deyir: “Eyniddövlə ilə necə rəftar etdiniz? Qətliamlarda, xalqa zülmdə iştirakına görə cəzası nə oldu? İran camaatını öz qızlarını satmağa vadar edən şəxsin kim olduğunu bilirsiniz.” Zəncani dedi ki, bütün bunların sizə aidiyyatı yoxdur, vəsiyyətinizi edin. Şeyx Fəzlullah dedi: “Yaxşı olar ki, Eyniddövləni nazir təyin edəsiniz. O bu işi bacarar. Liyaxovla nə etdiniz? Məclisi topa tutan, Tehran əhalisini qıran mən idim?! Eşitdim ki, o qılıncını açıb təslimçilik ünvanında yerə qoyur, sərdar Əsəd də qılıncı yerdən qaldırıb onun belinə bağlayıb. Buna cavabınız nədir?” Zəncani deyir ki, o öz vəzifəsinə əməl edib. Şeyx Fəzlullah deyir: “Demək, təkcə dini vəzifəyə əməl etmək cinayətdir?! Sözümün canı budur ki, əncəbilərə sığınmaqla səhnəyə gələn məşrutənin qələbəsinin istibdad da bayram kimi qeyd edir. Siz bilirsiniz ki, mən istibdad tərəfdarı deyiləm. Heç olmaya mənimlə Məhəmməd Əli Mirza, Eynuddövlə, Liyaxov kimi rəftar edəydiniz! Bilirsiniz ki, məni Rusiya və Osmanlı səfirliyinə dəvət etdilər, amma mən qəbul etmədim. Bilirsiniz ki, mən başlanğıcda məşrutə ilə idim. Nə üçün ayrıldığımı da bilirsiniz. İmam Baqir (ə) də əvvəllər Bəni-Abbasla olub, Bəni-Üməyyəyə qarşı çıxıb. Amma abbasilərin büdrədiyini görəndə onlardan ayrılıb və nəhayət onlar tərəfindən qətlə yetirilib.” Zəncani deyir ki, özünü imamla müqayisə edirsən? Şeyx Fəzlullah deyir: “Özümü imamla müqayisə etmirəm, sizi Bəni-Abbasla müqayisə edirəm.” Zəncani göstəriş verir ki, şeyxi Topxana meydanına aparsınlar. Şeyxdən soruşur ki, vəsiyyətin varmı? Şeyx cavab verir: “Mən günorta namazını qılmışam, ikindi namazı qalıb. Zəncani deyir: “Xalqın sənin namazından da vacib işi var, onları boş yerə yubada bilmərik...”
İllərlə sonra Cəlal Ali-Əhməd “qərbpərəstlik” kitabında İran ziyalılığının xəstəliyindən yazırdı. O Şeyx Fəzlullahın dara çəkilməsini yada salıb qeyd edir: “Şeyx Fəzlullah məşrutə hərəkatının əvvəllərində onun müdafiəçisi idi. O Məşrutənin müxalifi yox, həqiqi Məşrutənin müdafiəçisi, İslam şiə məktəbinin müdafiəçisi kimi edam edildi. Həmin gündən qərbpərəstlik damğasını anlımıza vurdular. Mən mərhum Şeyxin dar ağacındakı cəsədini qərbpərəstliyin 200 ildən sonra istilasının bayrağı kimi görürəm...”

Vilayet.nur-az.com


1501 بازدید
در حال ارسال اطلاعات...