Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Yanvar 2014

Ötən həftə dünyada nələr baş verdi? (4-9 yanvar)

Dünyada...

4 yanvar
-İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyədə rəsmi səfərdə olub. Cavad Zərif türkiyəli həmkarı Əhməd Davudoğlunun dəvəti əsasında İstanbula gedib. Görüşlərdə əsasən Suriya və İraqda baş verən son hadisələr, Suriya probleminin siyasi yolla həlli məsələsi, İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri ətrafında fikir mübadiləsi aparılıb.
-İran iş adamı Babək Zəncaninin həbs olunmasının səbəblərini açıqlayıb. İran parlamentinin 90-cı maddə komissiyasının sözçüsü Mustafa Əfzəli Fərd bildirib ki, B. Zəncani İran Neft Nazirliyinə olan borcu və sosial sığorta məsələsi ilə bağlı açılmış cinayət işi ilə əlaqədar tutulub.
- Mərkəzi Afrika Respublikasında davam edən münaqişə nəticəsində 935 min nəfər öz evlərini tərk etmək məcburiyyətində qalıb. 2012-ci ilin noyabr ayından bəri Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır. “Seleka” adlı qruplaşma prezident Fransua Bozizeni devirməyə çalışır.

5 yanvar
-Türkiyənin Gəbzə şəhərində 4 Gürcüstan vətəndaşı ölüb. Gürcüstan vətəndaşları kustar üsulla hazırlanmış spirtli içki qəbul etdikdən sonra ölüblər. Ağır zəhərlənmə ilə daha 3 gürcü xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.

6 yanvar
-İndoneziyada spirtli içkidən zəhərlənmə nəticəsində 16 nəfər ölüb, 8 nəfər xəstəxanaya yerləşdirilib. Hadisə Şərqi Yava əyalətinin Mocokerto şəhərində Yeni il şənlikləri zamanı baş verib.
-İran “Əl-Qaidə” qruplaşmasına qarşı mübarizədə İraqa yardım etməyə hazırdır. Belə bir bəyanatla İran Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Məhəmməd Hicazi çıxıs edib. O bildirib ki, Tehran Bağdada hərbi məsləhət və maddi-texniki sahədə yardım edə bilər.

07 yanvar
-Suriyanın kimyəvi silah arsenalının məhv edilməsi prosesinə nəzarət edən kimyəvi silah üzrə ekspertlər silahın ilk partiyasının Suriyadan çıxarıldığını bildiriblər. Kimyəvi Silahların Qadağan olunması Təşkilatının müfəttişləri göyərtəsində zəhərli kimyəvi maddələrlə dolu konteynerlərin olduğu Danimarkaya məxsus gəminin Latakiya limanından yola düşdüyünü bildiriblər.
-ABŞ Ticarət Nazirliyi Türkiyə şirkətinin İrana “Boeing” təyyarəsinə aid iki mühərrik satmasına mane olmaq üçün təcili qərar çıxarıb. İran tərəfindən həmin mühərriklərin “Pouya” Hava Yolları Şirkəti tərəfindən alındığı, Türkiyə şirkətinin isə “3K Aviasiya və Lojistika” şirkəti olduğu bildirilir. Türkiyə şirkətinin icraçı direktoru Engin Borluca deyib ki, ABŞ-ın qadağalarının bu ölkənin xaricində həyata keçirilən ticarət mübadilələrini də əhatə etdiyini bilmir: “Hazırda məsələni həll etməyə çalışırıq. Biz həmin mühərrikləri göndərən şirkətə qaytarmaq üçün səy göstəririk. Çünki bizim şirkətimiz logistika və müxtəlif malların gömrükdən çıxarılması sahəsində fəaliyyət göstərir. Mühərriklərin satışı ilə əlaqəmiz yoxdur. ABŞ Ticarət Nazirliyinin qərarı işimizə ağır zərbə vuracaq”.
-İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası yaradılacaq.Bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib. “Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan yanvarın sonunda İrana rəsmi səfər edəcək. İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması bağlı məsələləri də bu səfərədək həll etməyi planlaşdırırıq. Çünki Türkiyənin baş nazirinin səfərinin ardından İran prezidenti Həsən Ruhani fevral ayında ölkəmizə rəsmi səfərə gələcək. Məhz həmin səfər zamanı İran-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısını keçirməyi planlaşdırırıq”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi həftəlik mətbuat konfransında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yanvarın 27-28-də Tehrana səfər edəcəyini bildirib.
- Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JAYKA) Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmasına hazır olduğunu açıqlayıb. Bunu JAYKA-nın rəsmisi Hideaki Yuki Hair Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejadla birgə keçirdiyi mətbuat konfransında bildirib.
JAYKA mütəxəssisləri Qərbi Azərbaycan vilayətində olaraq Urmiya gölünə baxış keçiriblər. Bu il yanvarın 30-da JAYKA mütəxəssisləri Urmiya gölündəki böhranın aradan qaldırılması üçün yenidən İrana səfər edəcəklər. Səfər fevralın 7-dək davam edəcək. Yaponiya nümayəndə heyətinə su mənbələri və kənd təsərrüfatı sahəsində mütəxəssis olan 5 nəfər daxil olacaq. Sahəsi təxminən 6 min kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Hazırda dünyanın ikinci duzlu gölü olan Urmiya gölünün yalnız 15%-i qalıb.

08 yanvar
- İraqda 13 min ailə vəhabilərin ələ keçirdiyi Əl-Fəluca şəhərini tərk etmək məcburiyyətində qalıb. Son 3 gündə humanitar yardım üçün 8 min nəfər müraciət edib. Əl-Fəlucadan qaçan insanlar yaxınlıqdakı yaşayış məntəqələrində yerləşib. Əl-Fəluca şəhəri “İraq və Levanta islam dövləti” adlı radikal dini qruplaşma tərəfindən ələ keçirilib

09 yanvar
-Ayətullah Seyid Əli Xamneyi on minlərlə qumlu müsəlman qarşısında çıxışı zamanı bildirib: “Qəsbkar İsrail rejiminin bölgədəki zülmünü və şər addımlarını qızışdıran da ABŞ-dır. İran ABŞ və bir sıra Qərb dövlətlərinin insan hüquqlarını pozduğunu iddia edir və onların beynəlxalq məhkəmədə cavab verməsinin tərəfdarıdır... Düşmənin gülüşünü ciddi qəbul etmək və ona aldanmaq olmaz. Çünki inqilab düşmənləri bu gün də bütün gücündən istifadə etməklə öz düşmənçiliklərindən əl çəkməyiblər. Əlbəttə, hər bir düşmən çarəsiz qaldığı zaman geri çəkilir. Düşmənlər İran xalqını heç vaxt tanımayıblar. Onlar düşünürlər ki, İran xalqını sanksiyalar yolu və iqtisadi blokadada saxlamaqla təslim olmağa məcbur edəcəklər. Ancaq çox səhv edirlər. Çünki bu xalq təslim olaraq əllərini yuxarı qaldıracaq xalq deyil. Biz əvvəllər də bəyan etmişik ki, bəzi məsələlərdə bu şeytanın (ABŞ nəzərdə tutulur) şərini aradan qaldırmaq üçün müzakirə apara bilərik. Son müzakirələrin nəticələrindən biri də ABŞ-ın İran, iranlılar, İslam və müsəlmanlarla düşmənçiliyini ortaya çıxarması idi”.
-Rusiya və İran prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı iki dövlətin lideri İranın nüvə proqramına dair anlaşmaları, habelə Suriyadakı münaqişənin həlli ilə bağlı “Cenevrə - 2” beynəlxalq konfransa hazırlıq işlərini müzakirə edib. Qeyd edək ki, Suriya ilə bağlı beynəlxalq konfransın yanvarın 22-də İsveçrənin Montre şəhərində keçirilməsi nəzərdə tutulur. Həmin konfransda İranın iştirak edib-etməyəcəyi ilə bağlı qərar hələlik qəbul olunmayıb.
- İran müsəlman dünyasında elmin inkişafına dəstək məqsədilə mükafat təsis edib.
Mükafat Nobel mükafatına alternativ sayılır və İran Nobeli kimi qələmə verilib. Mükafata İslam peyğəmbərinin adlarından biri olan “Mustafa” ismi verilib. Bu mükafatın müsəlman dünyasında ən yaxşı ixtiraları gerçəkləşdirən alimlərə verilməsi nəzərdə tutulub. Mükafatın verilməsi prosesinə bir şura nəzarət edəcək. Həmin qurum müsəlman alimləri elmin inkişafına, yeni ixtiralara və elmi əməkdaşlıqlara həvəsləndirmək üçün müəyyən hədəf və məqsədlər müəyyənləşdirib. İran ilk “Mustafa” mükafatını gələn il “İslami birlik həftəsi”ndə 4 nominasiya üzrə təqdim edəcək. Nominantlara nağd pul mükafatı ilə yanaşı, üzərində fars, ərəb və ingilis dillərində yazılar həkk olunmuş dəyərli medal da veriləcək. İlk dövr üçün nəzərdə tutulan nağd pul mükafatı isə 500 min ABŞ dollarıdır.

Azərbaycanda...

03 yanvar - Qəbələdə “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışı oldu. 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. Son iki ildə inşası sürətlə davam edən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi Azərbaycanda turizmin yeni istiqamətinin meydana çıxması baxımından xüsusi əhəmiyyətə malikdir. Prezident İlham Əliyev “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsinin açılışını bildirən lenti kəsdi.
Qəbələ şəhərinin Bakı ilə arasında məsafə 225 km, rayon əhalisi 86300 nəfərdir. Qəbələ şəhəri uzun müddət Qafqaz Albaniyasının paytaxtı olmuşdur.
Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Qəbələdə çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələdə bir neçə müasir hotel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib.

04 yanvar - Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu intihar edib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, Göygöl rayonundan həqiqi hərbi xidmətə çağırılan 18 yaşlı Rahim Nail oğlu İsmayılov özünü asaraq intihar edib.

05 yanvar -Bakıda "Koroğlu" metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan şəxs özünü körpüdən atacağını bildirib. Kimliyi məlum olmayan şəxs özünü körpüdən atıb. Təxminən 20 yaşlarındakı gənc təcili yardım vasitəsi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb.

6 yanvar - Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistana göstərdiyi hərbi yardıma etiraz olaraq Çin Xalq Respublikasının sədri Si Tszinpiyə məktub göndərib.
Çin müdafiə naziri Çan Vantsuyan işğalçı Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Pekin şəhərində görüşüb, hərbi əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb. İşğalçı Ermənistana ildə 5 mln. yuan həcmində hərbi yardım göstərilməsi ilə bağlı saziş imzalanıb».

7 yanvar
-Azərbaycanın ən böyük tibb müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzi istifadəyə verilmişdir. İlham Əliyev Bakı Sağlamlıq Mərkəzinin açılışında iştirak etmişdir.
Bakı Sağlamlıq Mərkəzi Prezident İlham Əliyevin 2010-cu il 6 avqust tarixli Sərəncamı əsasında inşa olunmuşdur.
50 min kvadratmetr sahəsi olan bu tibb müəssisəsi 550 çarpayılıqdır. Mərkəz ən müasir avadanlıqla təchiz edilmişdir. Burada tibbin ən son elmi-texniki yenilikləri tətbiq olunmuşdur. Mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait yaradılmışdır. Bütün şöbələr dünyanın ən müasir tibbi texnika və avadanlığı ilə təchiz olunmuşdur. Bu texnikanın bir çoxu ölkəmizin tibb sistemində ilk dəfə tətbiq edilir. Bunların arasında müasir maqnit-rezonans aparatı, LED sistemli cərrahi işıqlandırıcılar, mərkəzləşdirilmiş sterilləşdirmə sistemi mühüm yer tutur. Bundan əlavə, Bakı Sağlamlıq Mərkəzində istifadəyə verilən kompyuter tomoqrafiyası, rəqəmsal rentgen, ultrasəs aparatları və digər müasir tibbi cihazlar xəstələrin müalicəsində əhəmiyyətli rol oynayacaqdır. Cərrahi asma panellər, masalar, kameralar və rentgen aparatları, həmçinin barokamera, mərkəzi oksigen sistemi, yeni doğulmuşlar üçün küvezlər və reanimasiya otaqları mərkəzin əhəmiyyətini daha da artırır.
-Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin siyahısına 4 min nəfərin adı daxil edilib. Bunu İrəvanda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) nümayəndə heyətinin rəhbəri Sara Eprext bəyan edib.
-ABŞ dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib. Məktubda deyilir: “Azərbaycan dünya enerji resurslarının etibarlı yeni mənbəyinə çevrilir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yardım edir. Uzun illərin gərgin əməyi nəticəsində “Cənub” Qaz Dəhlizinin reallaşması konsorsiumun çoxsaylı tərəfdaşları və qonşuları üçün faydalı olmaqla yanaşı, həm də Azərbaycanın müstəqilliyini gücləndirəcək. Azərbaycanın gələcəyə baxışı reallığa çevrildikcə Amerika Birləşmiş Ştatları adından Sizə davamlı dəstəyimizi vəd edirəm”.
-Yasamal rayon sakini, 1957-ci il təvəllüdlü Zaur Əliyarov yaşadığı evdə özünü asıb.

8 yanvar
-İslama qarşı yazan Rafiq Tağının qətlə yetirilməsi ilə bağlı başlanmış cinayət işinin icraatı dayandırılıb.
- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək. Nazirlər Elmar Məmmədyarov və Edvard Nalbandyan yanvarın ikinci yarısında Parisdə görüşərək Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi üzrə danışıqları davam etdirəcəklər. Ermənistan XİN-dən bildirilib ki, nazirlərin görüşündə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edəcək.
-Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm üzrə müşaviri Seyid Əhməd Arslan Təbriz şəhərinə səfər edib. Yanvarın 4-də baş tutan səfər zamanı müşavir və onu müşayiət edən səfirliyin digər diplomatları Təbrizin Şairlər məqbərəsində dəfn olunmuş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhəmməd Hüseyn Şəhriyarın məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar. Müşavir eyni zamanda bildirib ki, bu ilin martın sonu - aprelin əvvəlində Türkiyənin Yalova şəhərində “Türk şairlər odası” adlı muzeyin açılışı gözlənilir. Onun sözlərinə görə, muzeydə türkdilli dövlətlərin görkəmli şairlərinin, sənətkarlarının əsərləri nümayiş olunacaq. Muzeydə görkəmli Azərbaycan şairləri Hüseyn Cavid, Əhməd Cavad, Bəxtiyar Vahabzadə və Məhəmməd Hüseyn Şəhriyarın guşələri yaradılacaq, onların əsərləri ziyarətçilər üçün nümayiş etdiriləcək.
-Bakıda intihar hadisəsi baş verib. Hadisə Əmircan qəsəbəsində, Tofiq Əmirov küçəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Heybət Əziz oğlu Bağırov özünü yataq otağında asaraq intihar edib.

9 yanvar
-Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosunun «İşdən sonra» proqramında Müsavat Partiyasının qurumdan çıxmasından və Milli Şuranın fəaliyyətinə davam edib-etməyəcəyindən danışıb: "Müsavat Partiyası Milli Şuraya öz qərarıyla daxil olmuşdu, öz qərarıyla da çıxdı. Milli Şura demokratik qurumdur və heç bir partiyanı, heç bir şəxsi öz sıralarında məcburi saxlamır. Seçkidən sonra Müsavatı bir çox məsələ narahat edirdi. Biz bu məsələlərin əksəriyyətini həll etdik. Partiya Rüstəm İbrahimbəyovun həmsədrliyini istəmirdi. Onun da özü istefa etdi... Milli Şuranın hədəflərinin bilinməməsi iradını qəbul etmirik. Şura yaranarkən qəbul edilən memorandumda da, siyasi bəyannamədə də hədəflər göstərilib. Bu sənədlər də səsverməylə qəbul edilib. Effektiv idarəçiliyə gəlincə, bunu hər birimiz istəyirik. Seçkidən sonra sədr postunda dəyişiklik edildi. Mən əvvəlcə sıravi üzv olduğumdan səlahiyyətim də az idi. Sədr seçildikdən sonra təşkilati məsələlərlə məşğul oldum. Strukturu elə qurmaq lazım idi ki, bütün partiyalar eyni dərəcədə təmsil olunsunlar. Biz sədr aparatını müəyyənləşdirdik, amma struktur hələ tamamlanmamışdı. Sonrakı mərhələdə təkmilləşdirilməli və genişlənməli idi... Milli Şuranın fəaliyyətinin davam edib-etməyəcəyinə gəlincə, bu istiqamətdə müzakirələr davam edir və dəqiq bir qərara gələcəyik. Təbii ki, Milli Şuranın davam etməyinin tərəfdarları çoxdur. Milli Şuranın saxlanmasında, gücləndirilməsində, Azərbaycan cəmiyyətindəki proseslərə təkan verən bir quruma çevrilməsində israr edənlər var…"

Nur-az.com


1599 بازدید
در حال ارسال اطلاعات...