Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Avqust 2015

Ev və ailədə təlim-tərbiyə

Vəhşi heyvana təlim vermək olursa, nə üçün ümidimizi itirək?!
Ata-ana işə övladın zahirindən başlamalıdır

Övlad öncə zahiri baxımdan tələblərə cavab verməlidir. Təbii ki, ata-ana özü belə olmasa övlad da belə olmaz. Nəfs qüvvələri cilovunu qırdığı zaman insan heyvandan da pis olur. İlahi tərbiyəni qəbul edən, ilahi ədəblərlə zinətlənən insan doğru yola da çatar. İnsan öz mənəvi aləmini zənginləşdirmək istəsə, qəlbini işıqlandırmaq qərarına gəlsə zahirdən başlayıb batinə getməlidir. Peyğəmbər məktəblərində təlim-tərbiyənin ardıcıllığı belədir. Həzrət Peyğəmbər (s) buyurur ki, həqiqətən, qeyrət iman nişanələrindəndir. (İnnəl-ğəyrətə minəl-iman) İnsanın formalaşdığı mühitin necəliyi mühümdür. İnsan üçün ilk təsirli mühit ailə mühitidir. İstənilən bir mühitdə tərbiyə tədricən həyata keçir. İnsan tədrici şəkildə müəyyən xüsusiyyətlərə yiyələnir. Əgər insanın tərbiyələnməsi prosesini onun yoldan çıxarılması prosesi ilə müqayisə etsək ikinci daha tez həyata keçir. Çünki insan dünyaya gəldiyi gündən şəhvət, qəzəb kimi qüvvələrin fəaliyyət göstərdiyi bir canlı kimi özünü göstərir. İnsani və ilahi dəyərlər onda gizli şəkildədir. İnsan tərbiyə olunduqda bu istedadlar çiçəklənib özünü göstərir. Buna görə də tərbiyə prosesi azğınlaşma prosesindən ağır gedən prosesdir.

İnsandakı heyvani güclər cilovunu qırmış güclərdir!

Qeyd etdik ki, tərbiyə vermək üsul öyrətməkdir. Belə ki, insandakı heyvani meyillər nəzarət altına götürülür, nizamlanır. Heyvani qüvvələr cilovlandıqdan sonra onların təhlükəsi azalır. İnsan dünyaya gələndə ondakı şəhvət, qəzəb, vəhm qüvvələri yatmış formada mövcuddur. Həmin qüvvələrə nəzarət olunurmu? Bilməliyik ki, şəhvət, qəzəb və vəhmin tavanı yoxdur. Bu qüvvələr sərhəd tanımır. İlk mərhələdə tərbiyə budur ki, həmin heyvani qüvvələrin qarşısında dayanaq. İslami təbiyədə şəhvət və qəzəbi öldürmək nəzərdə tutulmur. Bu tərbiyə məktəbində məqsəd onlar üçün sərhəd təyin etmək, onlardan düzgün faydalanmaqdır.

Nəfs istəkləri dedikdə sərhəd tanımayan heyvani istəklər nəzərdə tutulur

Mərhum ustadlardan biri maraqlı bir söz buyurmuşdu: “Şəhvət və qəzəb insanda azaddır.” Mənası budur ki, yəni sərhəd tanımır. Rəvayətlərdə çox işlənmiş “həvayi-nəfs” ifadəsi də var. Sərhəd tanımayan heyvani istəklər həvayi-nəfs adlandırılır. İnsanın tərbiyəsi üçün bu qüvvələrə nəzarət olunmalıdır, həmin qüvvələr üçün sərhəd qoyulmalıdır. Deyilənlər insanın qədəm qoyduğu bütün mühitlərə aiddir. Ailə mühitindən başlamış, məktəb mühiti, iş mühiti bu mühitlər arasındadır. Cəmiyyətə hakim fəza üçün rəhbərlər məsuliyyət daşıyır. Bu fəzada da xətlər təyin olunmalıdır.

Ağıl nəfsi azğınlıqdan saxlayır!

İki rəvayətə nəzər salaq. Həzrət Əli (ə) buyurur ki, nəfs öz başınadır, onu azğınlıqdan saxlayan ağıldır. Hədisdə “nüfus” deyilir. Həmin heyvani qüvvələr nəzərdə tutulur. Nəfs şəhvət, qəzəb və vəhmdən ibarət olan heyvani ruhdur. “Təliqə” heyvani azadlıqdır. Buyurulur ki, nəfs heyvani azadlıq istəyir. Onun azğınlığının qarşısında dayanan ağılın əlləridir. Əvvəlcə əməli əql nəzərdə tutulur, sonradan etiqadların əsasını təşkil edən nəzəri əql səhnəyə çıxır.

Arxın qarşısını bellə alırlar!

Əgər insan nəfs qüvvələrini başına buraxsa dayanacaq hədd yoxdur, bu qüvvələr öz istəyinin ardıncadır. İnsanın tərbiyə olunduğu mühitlər fərqlənir. Uşaq vaxtı heyvani qüvvələrin cilovlanması asandır. İnsan ailə mühitindən kənara qədəm qoyduqda bu iş çətinləşir. Öncə də qeyd etdik ki, övlad tərbiyəsi asandır. Çünki uşaq tez və dərindən təsirlənir. Bəs bu tərbiyə haradan başlamalıdır? Uşaq böyüdükcə onun tərbiyəsi çətinləşir. O yaxşını pisdən seçəndə, şəri yox, təbii baxımdan büluğ həddinə çatanda iş daha da çətinləşir. O tərbiyələnməmiş olsa mühitə daxil olanda heyvani qüvvələrin cilovlanması çətin olur. Deyirlər arxın qarşısı bellə alınır. Amma uşaq vaxtı insan tərbiyələnməsə təbii büluğ həddinə çatanda onun qarşısını bellə da almaq olmur!

Uşaqlıq dövründən sonra tərbiyə çox çətindir!

Uşaqlıq mühiti ailədə keçir. Ailə mühitində tərbiyə asan olur. Ailə mühitində tərbiyə olmayan uşaqda həvayi-nəfs, azğın nəfs qüvvələri güclənir, onun tərbiyəsi çətinləşir. Həzrət İsa (ə) buyurur ki, azğın nəfsə qalib gəlmək istəyən adamın işi bir şəhəri təkbaşına fəth etmək istəyən insanın işindən çətindir.
İş bir yerə çatır ki, bir heyvani istəyi cilovlamaq bir şəhəri fəth etməkdən çətin olur. Biz çalışmalıyıq ki, tərbiyə prosesinin ailə mühitinə aid olan hissəsini ən üstün şəkildə yerinə yetirək. Ailə mühitində olan uşağa hələ ki, nəfs qüvvələri qalib gəlməyib, onları tənzimləmək mümkündür.

Nəfs ağıl və şəriət cilovu ilə dayandırılır!

Mərifət əhlinin də işlətdiyi bir təbir var. Deyirlər ki, heyvani qüvvələr ağıl və şəriət cilovu ilə saxlanılmalıdır. Bütün mərhələlərdə insanın bu cilova ehtiyacı var. Biz nə üçün danışanda heyvan sözünü işlədirik? Çünki insan dünyaya nəfsani meyillərə malik heyvan kimi gəlir. Əgər o nəfs istəklərinin hökmü altındadırsa eynən heyvan kimi cilovlanmalıdır.

Nə üçün ağıl və şəriət cilovu?

Əgər din və şəriət gəlməsəydi, yenə də cəmiyyətin müəyyən qanunlar tənzimləməyə ehtiyacı vardı. Hamı bilir ki, zülm, qətl, qəsb, təcavüz pisdir. Bütün bunların pis olduğunu anlamaq üçün vəhyə ehtiyac yoxdur, normal ağla malik insan başa düşür ki, bu işlər pis işdir. Bu arada pisliyi təyin edən əməli əqldir. Amma bir qədər zərif məsələlər var ki, onların dərki ağıl üçün çətindir. Buna görə də həmin məsələlərə şəriət münasibət bildirir. Ağıl və şəriət cilovu deyəndə həmin əvvəlki əməli ağılla vəhydən qaynaqlanan ilahi göstərişlər nəzərdə tutulur.

Şəriət nəfsin cilovlanması üsullarını öyrədir

Ağlın dərk etməsi çətin olan zərif nöqtələrdə şəriət göstərişlər verir. Peyğəmbərlər göndərilib ki, bizə danışıq, rəftar qaydalarını öyrətsinlər. Onların köməyi ilə biz qəzəb və şəhvət meyillərini əməli əqlin göstərdiyi həddə cilovlayırıq. İnsan iki yönə malikdir. Buna görə Allah onun mənəvi yönünə aid tərbiyəvi göstərişlər verir.

İnsanın üç yönü var: İlahi, insani və heyvani

Adətən insanın mənəvi və maddi yönə malik olduğu deyilir. Amma başqa bir baxışdan insan üç yönə malikdir: İlahi yön, insani yön və heyvani yön. Heyvani yön ilahi və insani yönün qarşısını almaq istəyir. Heyvani yön insanın istedadlarının çiçəklənməsinə mane olur. Əgər onun qarşısı alınmasa insan inkişaf etməz.

İnsan vücudunda azğın nəfs istəkləri

Bağ-bağçada, kol-kos, tikanlıq görmüşük. Bağda alaq deyilən belə kol-kos vurulmalı, bağ təmizlənməlidir. Əgər bu iş görülməsə faydalı bitkilər inkişaf edə bilməz. Ağzın nəfs istəklərinin də qarşısı alınmasa insan vücudundakı ilahi istedadlar çiçəklənməz. Bu birinci addımdır.

Əvvəlcə azğın nəfsin cilovlanmalıdır!

Həzrət Əli (ə) buyurur ki, azğın nəfsin cilovlanması fəzilətli ədəblərdəndir. Şəhvətin, qəzəbin qarşısının alınması tərbiyədə mühümdür. Tərbiyə prosesində bu ilk addımdır. Nəfs ağıldan uzaq və qeyri-şəri işə meyl etdikdə onun qarşısı alınmalıdır. Nəfs yaxşı işdən üz çevirir, pis işə meyil göstərir. Onda həm rəğbət, həm ikrah var.
Mərhum ustadlar buyurur ki, şəhvət və qəzəbin azadlığının məhdudlaşdırılması elə onları cilovlamaqdır. Bu azğın qüvvələrə cilov vurulmalıdır ki, insanı uçuruma aparmasın.
İstəklərə hədd qoyulması peyğəmbərlərin işidir
İmam Rahil buyurur: “Peyğəmbərlərin məqsədi nəfsin tərbiyəsi, istəklərə hədd qoyulmasıdır.” Bəli, bütün peyğəmbərlər nəfsin tərbiyəsi üçün gəlib. Əsas məsələ sərhədlərin təyin olunmasıdır.
Vəhşi heyvana təlim vermək olursa, nə üçün ümidimizi itirək?!
Heyvana təlim vermək olurmu? Bəli, bu gün şahidik ki, vəhşi heyvanlara da təlim verirlər. Əgər vəhşi heyvan təlim götürürsə nə üçün biz özümüzdən ümidimizi üzək?! Məgər biz vəhşi şirdən, yırtıcı canavardan pisik?! Bu heyvanlara təlim verirlər. Heyvanı tərbiyə etmək mümkünsə, insanın tərbiyəsindən ümidsiz olmamalıyıq. Peyğəmbərlər buyurur ki, biz sənin rəftar və danışıqlarının islahı üçün gəlmişik.
Şəhvət, qəzəb və vəhmin islahı peyğəmbərlərin məqsədidir
Bəli, insanın insani və ilahi yöndən əlavə heyvani yönü var və bu yön ona mane olur. Əgər azğın nəfs öz cilovunu qırsa insan heyvandan da pis olur. Böyüklər deyirlər ki, peyğəmbərlərin məqsədi nəfsin tərbiyəsidir. Onlar şəhvət, qəzəb və vəhm qüvvələrini istiqamətləndirirlər. Həzrət Peyğəmbər (s) buyurur ki, Allah sizin üçün sərhədlər təyin edib, bu sərhədləri pozmayın. İnsan Allahın göndərdiyi ədəb qaydalarına riayət etməli, öz ilahi yönünü inkişaf etdirməklə mələk məqamına qalxmalıdır. Yalnız ilahi ədəblə zinətlənənlər həqiqi qurtuluşa çatır.

Şəriət qaydalarının qəbulu əbədi qurtuluş səbəbidir

Həzrət Əli (ə) buyurur ki, ilahi ədəblə tərbiyələnənlər bu vasitə ilə əbədi qurtuluşa çatar. Onlar həm yaxşı insan olar, həm də mənəvi məqamda mələk rütbəsinə qalxar. Bəs tərbiyə prosesini haradan başlamalıyıq? Bu ayrıca bir mövzudur.
Başlanğıc nöqtə zahiri görkəmdir.
Mərifət əhli insan tərbiyəsində zahiri görkəmin islahını başlanğıc nöqtə sayır. Buyururlar ki, batinin islahı zahirin islahından başlayır. Məqsəd aydındır, biz insan olmaq istəyirik. Fitrətimizdəki ilahi istedadları çiçəkləndirmək məqsədindəyik. Əgər mənəviyyat əhliyiksə qəlbimizi işıqlandırmağa çalışırıq. Hətta qeyb aləmindən xəbər tutmaq istəyirik. Bütün bunların bircə yolu var. Sən zahirinin islahından başlamalısan.
Batinə qədəm qoymaq üçün zahirdən keçməlisən
Zahirdən batinə keçid nə deməkdir? Biz daxildəki istedadları çiçəkləndirmək istəyirik. İnsan olmaq istəyirik. Bunun üçün zahirimizi qaydaya salmalıyıq. Qəlbin islahı zahirin islahından başlayır. Peyğəmbər məktəbində yol budur.

İnsaniyyət şəriət qaydaları ilə şərtlənib

Biz ümumi şəkildə yolu açıqladıq. İmam Rahil buyurur ki, mənim nəyim varsa ustadıma borcluyam. İmam ustadından nəql edir ki, ilahi maarifdə zahiri şəriətə əməl etmədən irəli getmək mümkün deyil. Şəriət qaydalarına əməl etməyincə həqiqətə çatmaq mümkünsüzdür.
Şəriət insan tərbiyə edən zahiri qaydalardır
İmam Rahil zahiri qaydalar deyəndə nəyi nəzərdə tutur? Onun nəzərdə tutduğu şəriət hökmləridir. Şəriət hökmləri insanı tərbiyə edir. Məsələnin mənəvi tərəfinə varmırıq. Bu hökmlərə əməl etmək özü insan tərbiyə edir. İnsanın zahiri, görkəmi, libası, danışıq tərzi, rəftarları şəriət çərçivəsində olmalıdır. Yalnız bu zaman onun mənəvi istedadları çiçəklənir.

Övladların zahiri baxımdan tərbiyəsi

Övlad tərbiyəsinin kifayət qədər qaydaları var. Övlad bir qədər böyüdüyü zaman ona oruc tutmağı, namazı öyrətmək lazımdır. Övlada dəstəmaz almağı öyrətməliyik. Həzrət Əli (ə) buyurur ki, ailədəki kiçikləri dilinlə namaz və dəstəmaza çağır.
İmam Sadiq (ə) buyurur ki, övlada dəstəmaz almağı öyrətmək lazımdır. Bunun üçün yaş da göstərilir. 15-16 yaş arası şəriətin zahiri göstərişlərinə əməl edilməlidir. Övladın görkəmi, geyimi, danışıq üsulu, ətrafdakılarla rabitələri şəriət çərçivəsində olmalıdır. Zahirdə bu qaydalara əməl etmədən batini islah etmək mümkün deyil.
Aydınlıq yaransın deyə bəzi nöqtələrə işarə edək. Bizim bir zahirimiz və bir batinimiz var. Mərifət əhli bizi zahirimizin islahına çağırırsa nəzərdə tutulan zahiri görkəmin, geyimin, rəftarların islama uyğun olmasıdır. Bu o demək deyil ki, bir insan zahirdə namaz qılsın, pərdə arxasında günaha getsin. İnsan zahirini başqalarını aldatmaq yox, tərbiyələnmək məqsədi ilə islah etməlidir. İnsanları aldatmaq məqsədi ilə zahiri islah etməyin heç bir faydası yoxdur. Bir insan yalan danışanda ətrafdakılar onun yalan danışdığını hiss etməyə də bilər. Amma o özü bunu bilir. Belə bir vəziyyətlə batinin islahına keçmək olmaz.

Riyakarlıqla zahirin islahı səmərəsizdir

İnsanları aldatmaq məqsədi ilə, riyakarcasına zahiri islah etməyin batinin islahına heç bir faydası yoxdur. Mərifət əhli batini islah etmək məqsədi ilə zahirin islahını nəzərdə tutur. Biz bu iki halı qarışdırmayaq. Riyakarlıq olan yerdə heç bir irəliləyiş yoxdur. İnsan səmimi qəlblə, ixlasla zahirini islah edirsə bu onun batininə təsirlidir. İnsan yaxşı əməlləri təkrarlamaqla, rəftarlarına diqqət yetirməklə bunları özündə xasiyyətə çevirə bilər. İbadətdə, ünsiyyətdə, alış-verişdə şəriət qaydalarına əməl etməyə çalışsa bir müddət sonra bu düzgünlük adətə çevrilər.

Təkcə zahiri islah etmək nifaqdır

Mən cəmiyyət qarşısında dua edir, ibadət edir, cəmiyyətin gözündən kənarda şəriəti ayaq altına alıram. Belə bir vəziyyətdə zahirdə gördüyüm işlərin heç bir faydası olmayacaq. Zahiri belə islah etməyin heç bir faydası yoxdur. Bu əslində münafiqlikdir. İnsan zahiri başqalarının razılığı yox, Allahın razılığı üçün islah etməlidir. Nifaq dində ən çirkin sifətdir. Deyirlər nifaq küfrdən də pisdir. Ayələrdə də bu məna təsdiqlənir.
Dinin bir hissəsi yox, bütün hökmlərinə tabe olmalıyıq
İkinci göstəriş budur ki, şəriətə kompleks şəkildə əməl etmək lazımdır. Təkcə namaz qılıb oruc tutmaq bəs etmir. İbadət edib xalqın malına xəyanət etməklə insan tərbiyələnə bilməz. Əgər insanın öz batinini islah etmək məqsədi yoxsa onun zahiri ibadətləri də faydasızdır. Belə zahiri ibadətlər daxili istedadları çiçəkləndirə bilməz. Tərbiyələnmə prosesində bütün şəriət göstərişlərinə əməl etmək şərtdir.

Qeyrətli valideyn evdə şəriətə əməl edir

Biz ailədə övlad tərbiyəsindən danışdıq və bu sırada ata-ananın vəzifələrini yada saldıq. Uşaq bir müddət sonra yaxşını pisdən seçir və bu çox həssas məqamdır. Əgər o valideynlərini şəriət hökmlərinə sədaqətli görürsə bu təsirsiz ötüşmür. Qeyrətli ata-ana övladlarını Allah istəyən kimi tərbiyə etmək qərarındasa, şəriət qaydalarına əməl etməlidir.

Vilayet.nur-az.com


1483 بازدید