Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Avqust 2015

Həcc məsulları ilə görüş

Xalqımız müsəlman ölkəsinə qarşı şüar səsləndirmir... Çünki bilirik həqiqi düşmən kimdir!
Bismillahir-Rəhmanir-Rəhim

Əziz qardaşlar və bacılar, həcc məsulları, çox xoş gəlmisiniz. Ən gözəl və əzəmətli bir məsuliyyət siz qardaş və bacıların üzərinə düşür. O bundan ibarətdir ki, İslamın misilsiz vacib bir əməli olan həcc səfərinə müsəlman və mömin xalq üçün hazırlıq görürsünüz. Eləcə də məsul qardaşlar və bacılara zəhmətlərinə görə təşəkkür edirəm. Cənab Qazi Əsgər, eləcə də təşkilatın hörmətli rəisinin bəyan etdiyi kimi, həcc səfərinin möminlərə daha yaxşı keçməsi üçün işlər görülüb. Doğrudan da belədir. Uca həcc məqsədləri istiqamətində işlər günbəgün yaxşılaşmalı və asanlaşmalıdır. İş görülməlidir. Məsuliyyəti olan, rolu olan qardaşlar və bacılar çalışsınlar ki, öz işlərini daha gözəl şəkildə, həvəslə, vaxt sərf etməklə, canıyananlıqla yerinə yetirsinlər. Bu təlaşların sonunda şirin bir məhsul var: bu xalqın arzulanan bir həcc ziyarətini yerinə yetirməsidir.
Tövsiyə olaraq deyəcəyim budur ki, həcc təkcə biz iranlılara aid deyil, İslama, İslam ümmətinə aiddir, İslamın davamının zəmanətidir. Həcc aylarının hörməti var, Allah-Taala bu aylar üçün xüsusi ehtiram nəzərdə tutur. Hətta zamanın hörməti var. Məkanın hörməti var. Aydın olur ki, bu əməllər necə əzəmətlidir, təsirlidir. Bütün bunlardan aydın olur ki, bu vacib əməlin İslam ümməti üçün xüsusiyyətləri var, heç bir başqa əməldə həmin xüsusiyyətlər yoxdur. Buna diqqət yetirmək lazımdır.
Həccin bir-birini tamamlayan iki cəhəti var. Bir cəhəti fərdi, digəri ictimaidir. Hər iki cəhətinə əməl olunmalı və diqqət yetirilməlidir. Həccin fərdi tərəfi hər bir ziyarətçiyə aiddir. Hər bir ziyarətçi bu zaman fasiləsində, həcc və ümrə günlərində özünü Allah-Taalaya aid etməli, istiğfar deməli, şəxsi azuqəsini hazırlamalıdır. Bəqərə surəsinin 197-ci ayəsində buyurulur: “Allah gördüyünüz bütün yaxşı işləri bilir, tədarük görün, ən yaxşı tədarük təqvadır...” Təqva tövsiyə olunur. Möhtərəm ziyarətçilərdən kimə bu böyük nemət nəsib olsa, öz azuqə çantasını doldurmalıdır. Hud surəsinin 3-cü ayəsində buyurulur: “Rəbbinizdən bağışlanma diləyəsiniz...” İstiğfar etsinlər, raz-niyaz etsinlər, dua etsinlər, Allahdan istəsinlər, Allah-Taala qarşısında öz gələcəkləri, həyatları, fəaliyyətləri üçün öhdəçilik götürsünlər. Bu fərdi istiqamətdir.
Həccin fərdi yönündə hər bir ziyarətçi bu hərəkət, bu səfərlə özünü Allaha daha da yaxınlaşdırmalı, öz batinini paklamalı, qalan ömrü üçün azuqə əldə etməlidir. Fərd üçün bərəkət və mənəviyyat çeşməsi bu səfərdədir, bu əməllərdədir, bu günlərdədir. Bunun qədrini bilsinlər. Bəzi məqsədlərə yalnız bu səfərdə çatmaq olar. Kəbəni seyr etmək ibadətdir. Kəbə ətrafında təvaf ibadətdir. Məscidül-Həramda namaz qılmaq ibadətdir. Girami Peyğəmbərin (s) qəbrinin ziyarəti ibadətdir. Ərəfat Allahla minacat səhnəsidir. Məşər Allaha diqqət yeridir. Mina da belədir. Ziyarətçi bu məqamlardan bir-bir istifadə etməli, öz batinini paklamaq, yüksək dərəcəyə çatmaq, bütün ömrü üçün azuqə əldə etmək üçün çalışmalıdır. Bu həccin fərdi yönüdür.
Həccin digər yönü ictimaidir. Həcc İslam vəhdətinin məzhəridir. Müxtəlif rənglər, müxtəlif dərilər, müxtəlif millətlər, müxtəlif kimliklər, müxtəlif məzhəblər, müxtəlif zövq-səliqələr yanaşı olur. Hamı birlikdə təvaf edir, səy əməlini yerinə yetirir, birlikdə Ərəfat və Məşərdə dayanırlar. Bu vəhdət çox mühümdür. İslam həmfikirliyi, qəlb və sözdə birlik gerçəkdə həcdə özünü göstərir. Təkcə İran xalqı yox, bütün dünya müsəlmanları üçün, İslam ümməti üçün belədir. Allahın lənəti olsun o şəxslərə ki, İslam ümmətinin mahiyyətini, İslam ümmətinin əhəmiyyətini zehinlərdən uzaqlaşdırmağa çalışırlar. Müsəlmanları müxtəlif sinflərə, müxtəlif məqsədlər ardınca bölürlər. Millətləri İslam ümmətinin əzəmətinə qarşı qoyurlar. Milləti parçalayırlar. Hansı ki İslam ümməti olmaq mühümdür. Əzəmət İslam ümməti olmaqdadır. Allah-Taala rəhmətini İslam ümmətinə nazil edib. Həcc İslam ümmətinin formalaşmasının məzhəridir. Həcc surəsinin 27-ci ayəsində buyurulur: “Onlar bütün uzaq yollarla gələrlər...” Bu böyük toplumdan bir nümunədir. Hər yerdən, müxtəlif yollarla müsəlmanlar bir yerə toplanarlar. Bu söhbətləşmək, dərdləşmək üçün böyük fürsətdir. Bir-birilərinin dərdini eşitsinlər. Bir-birilərinə dərdlərini danışsınlar. Belə bir şərait həcdən başqa harada var?! Həccin ictimai yönlərindən biri birlik məsələsidir.
Digər ictimai xüsusiyyət İslam ümmətinin əzəmətini göstərməkdir. Müəyyən bir mərasimə neçə milyon insan toplanır, bu İslam ümmətinin bir olmasının nişanəsidir. 70-80 milyonluq bir ölkədən 50 min nəfər, 60 min nəfər, 70 min nəfər bu mərasimdə iştirak edir. Bu İslamın əzəmətini göstərir.
Başqa bir xüsusiyyət təcrübə mübadiləsidir. Bir çox müsəlman ölkərin təcrübələri var. Məsələn, İran xalqının düşmənlə mübarizədə, düşməni tanımaqda, düşmənə inanmamaqda, dostu düşməndən seçməkdə təcrübələri var. Bizim təcrübəmiz var, biz dostu düşməndən seçməkdə səhvə yol verməmişik. İnqilabdan bu günə qədər həqiqi, inadkar düşməni tanımışıq. O dünya imperializmi, beynəlxalq sionizmdir. Bunu anlamışıq. Bəzən bu əsas və həqiqi düşmən öz sözünü başqalarının dili ilə deyir. Biz bu zaman səhvə yol verməməli, düşünməməliyik ki, düşmən həmin sözü deyəndir. Xeyr, qeyd etdik ki, düşmən imperializmdir.
Siz 22 Bəhməndə İran xalqının şüarlarına diqqət yetirin, Qüds günündə şüarlara baxın. Böyük bir cəmiyyət imperializm, Amerika, sionizm, işğalçı rejim əleyhinə şüarlar deyir. Şüarlar onlara qarşıdır. Hansı ki onlar bəzən öz sözlərini başqa bir ölkənin dili deyir, öz işini başqa ölkənin əli ilə həyata keçirirlər. Biz həmin ölkələrə qarşı şüar demirik. Bizim xalqımız həmin müsəlman ölkəsinə qarşı şüar səsləndirmir. Nə üçün? Çünki bilirik həqiqi düşmən kimdir, müsəlman ölkəsi aldadılıb, əldə alət olub. Bu düşmənşünaslıqdır. Bizim təcrübəmizdir. Bəzi qruplar, həm də islami olan hərəkatlar bəzi ölkələdə müəyyən fürsətlər əldə etdilər. Amma təcrübələri yox idi, səhvə yol verdilər. Həqiqi düşmənlə əl-ələ verib, dosta qarşı çıxdılar, zərbə aldılar. Allah onlara nemət vermişdi, həmin nemətin qədrini bilmədilər.
İran xalqının təcrübələrindən biri ittifaq, birlikdir. Məgər bizim ölkəmizdə baxışlarda müxtəliflik azdır?! Siyasi, ideoloji məsələlərdə fikir müxtəlifliyi çoxdur. Amma bütün bu müxtəlifliklərə baxmayaraq xalqımız öz birliyini qoruyub saxlayır. Ölkəmizin bəzi hissələrində xalqalr, tayfalar kompakt halda yaşayır. Həmin xalqlar da 22 Bəhməndə, Qüds günündə, müxtəlif mərasimlərdə bütün millət kimi iştirak edirlər. Kürd, bəluc, ərəb, türk soylu məntəqələrimiz var. Bəzən bu xalqların inqilaba, İslam cümhuriyyətinə xidməti və faydası başqalarından daha çox olur. Bunu da görmüşük. Bu həmin İslam vəhdətidir, İran xalqı bunu təcrübədən keçirib.
35 ildir bu təcrübələrə malikik. Millətin ittifaqı, birliyi olmalıdır. Bu ittifaq və birlik sayəsində böyük müvəffəqiyyətlər əldə etmişik. Bəzi ölkələr bundan xəbərsiz olub, hələ də xəbərsizdir. Kiçik bir ixtilafa, dini ya milli ixtilafa, bəzən partiya ixtilaflarına görə ölkə daxilində insanlar bir-birinin üstünə düşür, düşmən kimi rəftar edir. Bu halda Allah-Taala öz nemətini geri alır. İbrahim surəsinin 28, 29-cu ayələrində oxuyuruq: “Məgər Allahın nemətini küfrə dəyişənləri, ümmətini ölümə sövq edənləri görmürsən?! Onlar cəhənnəmə daxil olacaqlar, ora necə də pis yerdir...” Allah öz nemətini verəndə bəzən onu tanımadıq, nankorluq etdik. Bu halda Allah-Taala da həmin millətə münasibətini dəyişəcək. Ənfal surəsinin 53-cü ayəsində buyurulur ki, bir tayfa ona bəxş edilən neməti dəyişməyincə Allah da ona əta etdiyi neməti dəyişməz; həqiqətən Allah eşidən, biləndir... Nə qədər ki, mən və siz doğru yolda hərəkət edirik, yolumuz düzdür, mümkün həddə özümüzü Allahın iradəsinə tabe edirik Allah da bizə olan nemətlərini qoruyub saxlayır. Əlbəttə ki, Allahın iradəsinə tam şəkildə tabe olmağa zəifik. Özümüz özümüzü korlamasaq, özümüz ixtilaf yaratmasaq, özümüz özümüzə qarşı fitnə ortaya qoymasaq, bir-birimizlə yaxalaşmasaq Allah-Taala nemətini geri almaz. Allahın kiminləsə qohumluq əlaqəsi yoxdur. Nə qədər ki, özümüz işi korlamamışıq Allah verdiyi neməti geri almaz. Nemət üçün zəminəni korlayanda bu nemət aradan gedir.
Bu İran xalqının təcrübəsidir. Onlar ilahi neməti hifz edə biliblər. Bu təcrübəni bölüşmək lazımdır.
Bu gün İslam ölkələri fitnəkarlıqla üzbəüzdür. Bunu anlayırıqmı? Bu gün şiəliyə, İrana, hansısa məzhəbə qarşı yox, İslama qarşı fitnə var. Quran İslamındır. Nisa surəsinin 141-ci ayəsində fəryad çəklir: “Qiyamət günü Allah özü sizin aranızda hökm verəcək. Allah heç vaxt möminlərin əleyhinə kafirlərə yol göstərməz.” Hədəf şiəlik yox, Quran, İslamdır. Bu ayələrlə fəryad çəkən Quran və İslama müxalifdirlər. Xalqları, milləti oyadan istənilən bir ünvan, mərkəz, səslə müxalifdirlər. İmperializmə qarşı uzanan əllə müxalifdirlər. Bu əl İslamın əlidir, bu səs İslamın səsidir. Onlar İslama müxalifdirlər.
İslama müxalifət, İslamla düşmənçilik növləri fərqlidir. Bunun müxtəlif yolları var. Otururlar, düşünürlər, nüfuz üçün yol tapırlar, zərbə vurmaq üçün məqam tapırlar. İnqilabın qələbəsindən sonrakı ilk illərdə məlumat əldə etdik ki, sionist rejim xüsusi bir toplum müəyyənləşdirib, onları maliyyələşdirib, həmin toplum otursun, İslam barədə, şiəlik barədə araşdırma aparsın. Bu araşdırmalar nə üçündür? Bu araşdırmalar ona görədir ki, həmin əzəmətli amili, bu oyanışı aradan götürsünlər. Oyanmış müsəlman millətləri necə oturtmaq olar? Bu bir nümunədir. Onlarla belə mərkəz Avropada, Amerikda, sionist rejimdə, onlara bağlı ölkələrdə bu məqsədlə yol axtarır. Biz onların bəzilərini müəyyənləşdirmişik, ehtimallarımız var. Bu zaman ixtilafın yaranmasına, qəddarlığa, İslamın gözdən salınmasına şahid oluruq. İslam ölkələri parçalanır, müsəlman xalqlar bir-birinin üstünə salınır. Xalqları parçalamağı özlərinə bir iş sayırlar. Vasitələri bir gün Amerikanın Blackwateri, bir gün İraq və Suriya DAİŞ-idir. İxtilaf yaratmaq üçün vasitə axtarılır.
Bütün bunlar bizim təcrübələrimizdir. İran xalqı bütün bunları yaxşı dərk edib. Biz məzhəblər arasında, şiə və sünnü arasında, müsəlman millətlər arasında bu qədər vəhdət üzərində dayanmışıqsa, bu sadəcə söz deyil. Dərdi tanımışıq, dərmanını tanımışıq, İslam ümməti üçün ürəyimiz yanır. Buna görə hərəkət edirik. Bu məsələlər bir çox millətlərə aydın olmasa da İran xalqına aydındır. Həcc bir fürsətdir ki, belə məsələlərdən danışılsın, bu təcrübələr paylaşılsın. Bunun da müxalifləri var. Mövcud ixtilafları səhnədə saxlamaq istəyənlər belə təcrübələrin bölüşülməsinə, rabitələrə, dostluqlara razı deyillər. Amma yol tapmaq lazımdır.
Həcdə mühüm işlərdən biri fərdi yöndür. İctimai yönlər fərdi yön üzərinə kölgə salmasın, fərdi yönlərdən qəflətdə qalmayaq. Dua, raz-niyaz, xüzu-xüşu üçün münasib fürsətdir. Heç yer Məscidül-Həram kimi olmaz. Bu fürsət sizin əlinizdədir, ziyarətçilərin ixtiyarındadır. İnsan çox bəxtsiz olmalıdır ki, bütün bu fürsətləri boşlayıb bazar-dükan sorağına getsin. İndi qeyd etdilər ki, bunun qarşısı alınıb. Amma mənə çatan məlumatlara görə, çox təəssüf, bəzi ziyarətçilər yenə bu problemdən qurtula bilməyib. O bazar-bu bazar, kişisi bir cür, qadını bir cür, dəyərsiz bir malı iki qat qiymətinə al, əyləş təyyarəyə, gətir Tehran və ya başqa şəhərə!! Bu səhv işdir, çox səhvdir. Xalqımız buna diqqətli olmalıdır. Alış-verişlə hər yerdə məşğul olmaq olar. Bazar hər yerdə tapılır. Hər yerdən mal almaq olar. Hər yerdə pul xərcləmək mümkündür. Amma belə xərcləmək pulu çölə atmaqdır. Sən o işlərin sorağına get ki, başqa yerlərdə mümkün deyil. Bu Kəbəyə baxmaqdır. Bu Məscidül-Həramda namaz qılmaqdır, bu Peyğəmbərin (s) ayaq qoyduğu yeri öpməkdir. Peyğəmbər (s) bu şəhərdə gəzib, söhbət edib. Bu şəhərin fəzası Peyğəmbərin (s) səsi ilə doludur. Bu şəhərdə nəfəs almamaq heyif deyil?! Bu dünyanın başqa hansı yerində ələ gələr? Həccə gedənlərimiz bunu bilsinlər. Bazara getmək, gəzib-dolanmaq dünyanın hər yerində mümkündür