Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Yanvar 2014

Nə barədə soruşmaq olar?

Quranın bizə tapşırıqlarından biri budur ki, suallarımıza diqqətli olaq. Bəzən zehnimizə gələn suallar yerində olmur və bu mövzuda düşünmək diqqətimizi əsas mövzulardan yayındırır.

Həzrət Peyğəmbər (s) və onun Əhli-beyti xalqın suallarına diqqətlə yanaşıb, bu sualları cavablandırıblar. Quranda da insanların bir çox suallarına cavab verilib. Amma Quran sualla bağlı iki nöqtəni qabardır. Biri budur ki, əhəmiyyətsiz şeylər barədə soruşmayaq, ikincisi budur ki, sual verəndə halımıza diqqətli olaq. Elə olmasın ki, əxlaq və rəftarımızdakı nöqsanlardan yaranan sual dilimizə gəlsin. İlahi sifətlərdən biri "hadi" sifətidir. İnsanları hidayət etmək o deməkdir ki, onların maddi və mənəvi inkişafına kömək olacaq suallar cavablandırılsın. Quranın bir çox ayələrində Allah-Taala insanların suallarına cavab verir. Quran adətən Peyğəmbər vasitəsilə danışır. Məsələn, buyurulur ki, səndən soruşulanda, belə cavab ver.

Məsələn, Maidə surəsinin dördüncü ayəsində oxuyuruq: "(Ya Rəsulum!) Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur..." Çox məqamlarda Peyğəmbərə verilən sualları Quran cavablandırır. (bax: Bəqərə, 189, 215, 217, 219).

Quran xəbərdarlıq edir ki, bəzi suallar ehtiyacdan yox, insanın düzgün yolda olmamasından yaranır. Quran bizi suallarımızda diqqətli olmağa çağırır. Yersiz suallar düşüncəmizdə yer tutur, diqqətimizi həyati məsələlərdən yayındırır. Ayələrdə tövsiyə olunur ki, əvvəlcə mühüm məsələlər barədə soruşaq. Bəqərə surəsinin 215-ci ayəsində oxuyuruq: "(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) Verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir." Ayədə Allah sual verməyi öyrədir. İnsanlar nə verməli olduqlarını soruşurlar. Allah isə onların diqqətini kimə verməli olduqlarına yönəldir. Demək, nə infaq etmək yox, kimə infaq etmək daha mühümdür. Əvvəlcə ata-anaya, sonra yaxınlara, daha sonra yetimlərə, sonda yoxsullar və yolda qalanlara infaq olunur.

İki qrup sualı nəzərdən keçirdik. Birinci qrupa yerində suallar, ikinci qrupa yersiz və qeyri-mühüm suallar aiddir. Quran xəbərdarlıq edir ki, bəzi suallar insanın həqiqi ehtiyaclarından yaranmır. Bu suallardan biri qiyamətin nə vaxt baş verəcəyidir. Zariyat surəsində oxuyuruq: " O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!; Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar." (ayə, 11, 12).

Nəql olunur ki, Peyğəmbərin müşrik qonşularından biri həzrətdən qiyamətin nə vaxt baş verəcəyi haqda soruşdu. Dedi ki, həmin günü gözümlə görsəm də sənə iman gətirmərəm. Şübhə edirdi ki, Allah çürümüş sümükləri yenidən necə dirildə bilər. Göründüyü kimi, bu şəxsin sual verməkdə məqsədi həqiqətə çatmaq deyil. Quran qiyamət barədə sualı cavablandırmazdan qabaq sual verənin niyyətinə işarə edir. Qiyamət surəsində oxuyuruq: "Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər; Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar." (ayə, 5, 6).

Quranın tövsiyələrindən biri sual verərkən ehtiyatlı olmaqdır. Bəziləri bir növ Allahla müharibə məqsədi ilə qiyamətin vaxtı barədə soruşurlar. Onların Allahın qüdrətinə şəkk edirlər. Amma məqsədləri həqiqəti tapmaq yox, onu inkar etməkdir. Məad və qiyamət gününə iman istənilən bir günahın qarşısında dayanacaq böyük səddir.

Sual verənin əsas problemi elmi şübhələr deyil. Onların problemi əxlaq və rəftarlarındakı nöqsanlardır. Quran belə sualları məhkum etsə də, onları cavablandırır. Əslində belə sual verənlər öz niyyətlərindən xəbərdardırlar. Onlar sadəcə bəhanə gətirirlər. Qiyamət surəsinin 14, 15-ci ayələrində buyurulur: " Doğrusu, insan özü-özünə şahiddir!; O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!"

Son olaraq bunu deyə bilərik ki, sual verməzdən öncə iki nöqtəyə diqqətli olmalıyıq:

1. Soruşacağımız şey həqiqətən mühümdür, yoxsa bundan da mühüm mövzular var?

2. Sual daxilindən gəlir, yoxsa öz iddiamı sübut etmək istəyirəm?

Ruhullah Rastgar

Nur-az.com


1489 بازدید
در حال ارسال اطلاعات...