Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Sentyabr 2015

İlahi səkinə - aramlıq halı iman nişanələrindəndir...

Xibrə Məclisinin rəisi və üzvləri ilə görüşdə bəyanat
Bismillahir-Rəhmanir-Rəhim

الحمدلله ربّ العالمین والصّلاة والسّلام علی سیّدنا محمّد و آله الطّاهرین سیّما بقیّةالله فی الارضین. قالالله الحکیم فی کتابه: هُوَ الَّذی اَنزَلَ السَّکینَةَ فی قُلوبِ المُؤمِنینَ لِیَزدادوا ایمانًا مَعَ ایمانِهِم وَ للهِ جُنودُ السَّمٰوٰتِ وَ الاَرضِ وَ کانَ اللهُ عَلیمًا حَکیمًا.

Əziz qardaşlara, möhtərəm cənablara xoşgəldin deyirəm. Bizim iş yerimizi öz gəlişinizlə nurani və ətirli etdiyiniz üçün təşəkkürümü bildirirəm. Məclis və məclis üzvlərinin əhəmiyyəti o qədərdir ki, insan həqiqətən sizin istənilən bir yerdə hüzurunuzu bərəkət kimi hiss edir. Xibrə Məclisi bu ilahi aramlığın yetərli məzhəri ola bilər. Çünki ilahi səkinə dediyimiz aramlığın nazil olması iman nişanələrindəndir. Bu ilahi səkinə halı imanın və imanın güclənməsinin səbəbidir. Səkinə aramlıq mənasındadır, təlatümün ziddidir. Müxtəlif hadisələr, xəbərlər, düşmənçiliklər, gərginliklər insanların ruhunda təbii təlatüm yaradır. Çox vaxt bu aramlıq seçilmiş yolda düşüncə, möhkəmliyin davamlılığı ilə yaranır. Allah-Taala səkinə halını, aramlığı insanlara imanlarının bərəkəti olaraq verir. Allah-Taala belə insanlara “vəllahi cünudus-səmavati vəl-ərz” buyurmaqla ümid verir. Belə bir halda insan nədən qorxmalıdır?! Yer və göyün, təbiətin bütün qüvvələri Allahın ixtiyarındadır. Əgər biz mömin olsaq, Allahın bəndəsi olsaq, bu qüvvələr də möminlərin xidmətində durar. Bu insanın tapa biləcəyi aramlıqdır. Bir neçə başqa ayədə də bu barədə buyurulur. Bu ilahi izzət və qüdrət həmin ayələrin nişanəsidir. Möminlər belə bir aləm, belə bir fəzada hərəkət edirlər. Belə bir fəzada yaşayır, nəfəs alırlar. Xibrə Məclisi belə aramlığın mənbəsi ola biləcək yerlərdəndir.
Bu məclisdə iki seçki keçirilir. Bunlardan biri xalqın iştirakı ilə olur, xalq etibar etdiyi insanlara səs verir. İkinci seçki rəhbərliyin seçkisidir. Yəni Xibrə Məclisi xalqın hüzurunun olduğu səhnədir, xalqın səsi burada rol oynayır. İkinci belə bir qurumumuz yoxdur. Elə bir qurumumuz yoxdur ki, orada iki seçki olsun. Həmin seçkilərdə insanların iradə və məqsədləri müstəqil şəkildə bildirilir. İkinci seçki rəhbərliyin seçkisidir. Başqa kütləvi seçkilərdən fərqi budur ki, burada meyar fiqhdir. Yəni İslam dəyərləri meyardır. Demək, bu seçki İslam dəyərlərinin hakimiyyəti üçün, İslam hökmlərinin icrası üçün, İslama gerçəkdə həyat vermək üçün seçkidir. İlahi dinlər zehinlərdə qalmaq üçün gəlməyib. Onlar həyatda gerçəkləşməlidir. Bunun üçün vasitələrə ehtiyac var. Burada həmin vasitə xibrə məclisidir. Xibrə Məclisi vasitəsi ilə ilahi dəyərlər hakim olur, ilahi hökmlər icra edilir, Allah dininin, İslamın hakimiyyəti bərqərar olur. Beləcə, bu məclis xalqın səsinin yer aldığı, dini, İslami demokratiyanın söz sahibi olduğu məclisdir. İslam demokratiyasının tam şəkildə gerçəkləşdiyi yer məclisdir. Məclisin əhəmiyyəti bundadır. Məclis yaradılanda, öz hazırlığını, müstəqilliyini göstərəndə, bu hal səkinə halı, möminlərin qəlbində aramlıq yaranmasına səbəb olur. Həqiqətən ilahi aramlıq bu məclisdən cəmiyyətə axır. Buna görə də çox mühümdür ki, hər iki seçki mərhələsində yetərincə diqqət göstərilsin. Həm Xibrə Məclisində xalqın seçkisi, həm rəhbərin seçkisinə diqqət verilməlidir. Bizim seçkilərlə bağlı deyəcəyimiz sözlər var. Hazırda bu barədə bu mövzuya toxunmaq istəmirik, sonra bu barədə danışarıq.
Xibrə Məclisinin müstəqil fikri olmalıdır. Bu müstəqil fikir nəyə əsaslanır? Mühüm budur ki, zalım rejimlərin qəbul etdirdiyi prinsiplərə əsir olmamalıyıq. İmperialist sistem gün uzunu bütün dünyada müəyyən bir ideologiyanı yaymaqdadır. Əsas odur ki, biz əsir olmayaq. Bu tövsiyə təkcə Xibrə Məclisinə deyil, bütün dövlət məsullarınadır. Respublikanın bütün aparıcı qüvvələri, bütün söz sahibləri, bütün siyasətçilər, ictimai xadimlər, dini şəxsiyyətlərə ünvanlanan tövsiyədir. Ehtiyatlı olun. Ənam surəsinin 116-cı ayəsində buyurulur ki, əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan sapdırar. İndi bir mövzu üzərində dayanır, bir mövzunu təkrarlayırlar. Onu müxtəlif dillərdə bəyan edirlər. Biz də məcburi şəkildə cəmiyyətlə ayaqlaşıb həmin sözü təkrarlamalıyıq. Xeyir, belə deyil! Bizim öz əsaslarımız, öz fikirlərimiz var.
İmperializm bu fikirdədir ki, öz siyasətlərini bütün dünyaya qəbul etdirsin. Bütün xalqlara, xüsusi ilə ölkələrdə məsullara, təsirli şəxslərə bu prinsiplər zorla qəbul etdirilsin. Yəni dövlətlər, parlament nümayəndələri, ölkənin taleyi ilə bağlı qərar çıxaranlar, onların təbirincə, beyin mərkəzləri onların siyasətlərini qəbul etməlidir. İstəyirlər ki, hamı dünyaya onların gözü ilə baxsın. Nəzərdə tutduqları mövzulara onların baxışı ilə qiymət verməsini istəyirlər. Bu istək zorakı bir istəkdir. Bu zorakı istəklə məfhumlar uydurur, onu mənalandırırlar. İstəyirlər ki, həmin məfhumları hamı istədiyi mənada qəbul etsin. Hamı onlar kimi anlasın, danışanda onların sözlərindən istifadə etsin. Məsələn terrorizm imperializmin xüsusi bir mənada dilə gətirdiyi sözdür. İnsan haqları və demokratiya da bu sıradandır. İndi təsəvvür edin ki, 6 ay Yəmənin bombalanması, evlərin, məktəblərin, xəstəxanaların dağıdılması terrorizm deyil!! Qəzzə və qeyri yerlərdə ardıcıl şəkildə hücumlar, yüzlərlə, minlərlə uşaqların, qadınların, dinc insanların qətlə yetirilməsi terror deyilmiş!! Bəhreyn xalqı deyir ki, bizim hər birimizin öz ölkəmizdə bir səsimiz var. Bu istəyin insan haqlarına heç bir aidiyyatı yox imiş!! Bu insan haqları deyilmiş!! Amma Fələstin və Livanda müqavimət qüvvələrinin müdafiəsi terrorizm imiş!! Livanda və Fələstində müqavimət göstərənlər, işğalçılarla vuruşanlar, öz torpaqlarını, evlərini müdafiə edənlər terrorçu imiş!! Dünyanın müstəbid ölkələrində, Amerikanın, imperializmin yaxın çevrəsində baş verən hadisələr insan hüquqlarına zidd deyilmiş!! Amma günahını etiraf edən, onlarla, yüzlərlə, minlərlə insanı narkotik maddələrə sürükləyən şəxslərin cəzalandırılması insan haqlarına zidd imiş!! Onlar belədir. Yəni məfhumlara öz istədikləri mənanı verirlər. İstəyirlər ki, dünya da onların verdiyi mənanı qəbul etsin, onların sözlərini danışsın. Nüvə mütəxəssislərinin, alimlərin qətlə yetirilməsi terror deyilmiş!! Hansı ki sionistlər bu qətilləri həyata keçirdiklərini etiraf edirlər. Bəzi Avropa ölkələri etiraf edirlər ki, bu işin arxasında dayanıblar. Bütün bunlar terror sayılmır, məhkum edilməsinə ehtiyac yoxdur!! Amma Livanda və ya başqa bir yerdə kiçik bir hadisə baş verəndə Təhlükəsizlik Şurasında iclas keçirilir. Onların dünyaya baxışı belədir. Mənalar yaradırlar, müstəbidcəsinə düşüncələri dəyişirlər. Umurlar ki, bütün dünya, o cümlədən İslam Respublikası onlar kimi düşünsün, onlar kimi baxsın, onlar kimi danışsın. Bizdən bunu gözləyirlər. Bu istibdad və imperializmin açıq nişanələrindəndir. Hansı ki, İslam İnqilabının özünün bir düşüncə sistemi var.
Bu inqilabın əhəmiyyəti, onun dünyada zəlzələ yaratması bundan ibarət deyildi ki, bir hökuməti süquta uğratsın. O yeni düşüncə sistemi ortaya qoyduğu üçün zəlzələ yaratmışdı. Bu gün də həmin düşüncə sistemi inkişaf etməkdədir. Həmin düşüncə sistemini bütün imkanlardan istifadə edib gizlətməyə çalışsalar da istər İslam dünyasında, istər İslam sərhədlərinin civarında könüllər bu düşüncələrə cəzb olunmaqdadır. Bu düşüncə sistemi öz təravətini, yeniliyini saxlamaqdadır.
Bu düşüncə sisteminin mühüm cəhətlərindən biri budur ki, ümumi şəkildə zülmü, istibdadı inkar edir. O istibdadlar ki, öz ölkələrində öz xalqlarına zülm edirlər. O istibdad və diktatura ki, bütün dünyada imperializm nizamı bunu yaşadır. İslam düşüncə sisteminin bir istiqaməti budur. Millətlərin başucalığı, İslam məmləkətlərində İslam izzəti, millətlərin dünya zorlularından asılı olmaması İslam düşüncə sisteminin elementlərindəndir. Hər tərəfli istiqlal çox mühüm istiqlaldır. Düşüncədə, siyasətdə, iqtisadiyyatda istiqlal, ən mühümü bütün başqa müstəqilliklərə təsir göstərən düşüncə müstəqilliyi! Bu element İslam düşüncə sistemində mövcuddur. Bu elementlər həmin düşüncə sisteminə cazibə verir. O təravətlidir, köhnəlmir, tamamlanmır.
“İstiqlal, Azadlıq, İslam Cümhuriyyəti” məşhur şüarı bir növ xüsusidən ümumiyə doğru hərəkətdir. Yəni xüsusinin ardınca ümuminin zikr olunması. Əvvəlcə istiqlal deyirik. Sonra azadlıq deyirik. İstiqlal azadlığın bir hissəsidir. Əgər fərdi azadlığı düşünsək bu sikkənin bir üzüdür. Amma dünya imperializmindən, istibdad sistemindən azadlıq sikkənin digər üzüdür. Bu da azadlıqdır. Demək istiqlal, müstəqillik azadlıqdandır. Azadlıq istəyənlər müstəqilliyi inkar etsələr əslində azadlığa müxlifdirlər. Təəssüf ki, bəzi ziyalınümaların istiqlalla bağlı zahirdə məntiqi, həqiqətdə məntiqə zidd fikirlərinə şahid oluruq. Müstəqilliyi azadlıqdan ayırmaq olmaz. Yəni müstəqillik azadlığın bir hissəsidir. Azadlığın bir elementi ölkənin müstəqilliyidir. Bu bir millət səviyyəsində azadlıqdır. İstiqlalın mənası budur. Bütün bunlar İslam Cümhuriyyətinin prinsiplərindəndir. Yəni İslam Cümhuriyyəti nə təkcə azadlıq, nə də təkcə müstəqillikdir, onun əhatəsi genişdir. Biz bunu başqalarına şərh edəndə cazibəsini görürük. Bütün bunlar qəlbləri cəzb edir.
Bu baxışın nəticəsi budur ki, millət özünə inanır. Bu gün bizim millətdə özünəinam var. Həmd olsun Allaha, ölkəmizdə özünəinam hissi güclənməkdədir. Hansı ki, daim buna mane olurlar, daim onun qarşısında dayanırlar. Xoşbəxtlikdən, məmləkətimizdə özünəinam hissi günbəgün inkişaf edir. Özünəinam var, düşüncə azadlığı var, əməli azadlıq var. Bu Qərb və Amerika formatında fərdi azadlıq deyil. Onların dediyi azadlığa ziddir. Azadlıq həqiqi mənasında İslam həyat tərzidir, yenilikdir, milli birlik, inkişafdır. Bütün bunların sayəsində cəmiyyətdə dəyərlər gerçəkləşir, İslam dəyərləri yer alır. Bütün bunlar bir milləti inkişaf etdirir. Əgər bir millətin düşüncəsi müstəqil olsa, milli etimada malik olsa, yaradıcılığa malik olsa, təlaş göstərsə, bütün qüvvələr arasında birlik olsa, ardıcıl hərəkət edilsə millət inkişaf edər. Millətimiz xoşbəxtlikdən inkişaf edib. Təbii ki, kifayət qədər maneələr var, bu barədə danışıram.
Siz elə bir günü təsəvvür edin ki, İran bu gün dünyanın maddi baxımdan inkişaf etmiş ölkələri ilə bir sıradadır. Elm baxımından, texnologiya baxımından, maliyyə mənbələri baxımından. İnkişaf etmiş elmə, texnologiyaya, 150-200 milyonluq cəmiyyətə, mənəviyyata malik olan bir ölkə istismar sorağında deyil, zorakılıq göstərmir, sözünü kiməsə qəbul etdirmək fikrində deyil. O məzlumlara əl tutur. O dünya zorlularının qarşısında dayanıb. Belə bir ölkə təsəvvür edin. Görün bu dünya imperializmi üçün necə ağırdır! Bu gün İran İslam Cümhuriyyətinə qarşı bütün fəaliyyətlər ona görədir ki, həmin gün olmasın. İran İslam Cümhuriyyətinin belə bir gələcəyə çatmasını istəmirlər. İnkişaf etmiş, bütün baxımlardan yüksəlmiş, eyni zamanda mənəviyyata malik olan, İslam həyat tərzi yaşayan, qardaşlıq rəftarlarına malik olan, milli vəhdəti olan, başqalarına təcavüz etməyən bir ölkə! Onlar İran İslam Respublikasının bu gələcəyə çatmasını istəmirlər. Bütün fəaliyyətləri, təlaşları, fitnəkarlıqları buna görədir. Buna görə vuruşurlar ki, deyilən xüsusiyyətlərə malik İslam məmləkəti vücuda gəlsə dünya imperializminə meydan qalmır. Küfr büsatı dünya səhnəsindən yığışır. Bir ölkə belə inkişaf edə bilsə, öz maddi ehtiyaclarını ödəsə, eyni zamanda Allah-Taalaya arxalansa, ilahi hökmlər qabağında təslim olsa, bilirsinizmi bunun necə bir cazibəsi, maqnitizmi olacaq?! Bilirsinizmi xalqların qəlbi buna necə cəzb ediləcək?! Bu hadisənin baş verməməsini istəyirlər. Buna görə vuruşurlar. Əgər bizim elmi tərəqqimizə, siyasi nüfuzumuza qarşı çıxırlarsa, açıq deyirlərsə ki, İranın regionda nüfuzu var, İranın xalqlara təsiri var, ardınca iqtisadi sanksiyalar tətbiq edirlərsə, proqnozlaşdırılan vəziyyətin qarşısını almağa çalışırlar.
Dünya imperializminə qarşı biz dayanmışıq. İran xalqı, gənclərimiz, bu yaradıcı xalq, din alimləri, universitet ziyalıları! Biz bu hərəkət müqabilində düşüncə sistemindəki hərəkətimizi davam etdiməliyik. Hamı çalışmalıdır, hamı işləməlidir, hamı düşmənin nə istədiyini bilməlidir. Hamı diqqətli olmalıdır. Mən istəyirəm ki, ölkənin bütün məsullarında belə bir həssaslıq olsun. Bilsinlər ki, düşmən nə iş görür. Bilsinlər ki, düşmənin məqsədi nədir? Bir mövzuda, bir işdə, zahirən İslam Cümhuriyyətinin xeyrinə olan bir addımda onların təbəssümünə, həmkarlığına aldanmayaq. Bilək ki, düşmənin məqsədi nədir.
Bu gün aydın məsələdir ki, düşmən dünya imperializmidir. Dünya imperializmi təxəyyül deyil, bir gerçəklikdir. Onun aydın nümunələri var. Ən böyük nümunəsi Amerikadır. Amerika istibdadının ətrafında şirkətlər, inhisarlar, kartellər, dünyanı əsarət altına alan kapitalistlər - əksəriyyəti də sionistdir - yer alır. Bu təkcə Amerikaya aid deyil. Onların Avropada da güclü nüfuzu var. Başqa yerlərdə də nüfuz sahibidirlər. İmperializm budur. Bu imperializmin ömür şüşəsi bir İslami hərəkatla qırılacaq. İran İslam İnqilabının baş verməsi ilə bu hərəkat başladı. İran İslam Respublikasının simasında bu hərəkat davam edir. Gələcəkdə də belə olacaq. Bu gün gördüklərimizdən həqiqətən də ümidvar oluruq. Bəzən müxtəlif sahələrdə sərgiləri görəndə gənclərimizin möcüzə yaratdığına şahid oluruq. Həmin nailiyyətlərdən bir hissəsi deyilir, bir hissəsi deyilmir. Amma biz bunu yaxından görürük. Gənclərimiz böyük həvəs, iman, enerji ilə, ruhiyyə və Allaha təvəkküllə, salavat və namazla, zikr və Quran ayələri oxumaqla böyük işlər görürlər. İnşallah, İslam Cümhuriyyəti belə nailiyyətlərin intizarındadır.
Qeyd etdim ki, biz bu imkanlara və sərvətlərə malik olan bir ölkəyik. Bir neçə gün öncə dövlət məsulları ilə görüşdə dedim ki, mənə ölkənin mədənləri ilə bağlı hesabat verin. Bizim əsas sərvətlərimizdən biri yeraltı mədənlərdir. Onun yalnız 14 faizindən istifadə edirik. O zaman sənaye və mədən naziri dedi ki, bu düzgün hesabatdır. Bəli, biz belə bir məmləkətik. Biz bu günə qədər mədən ehtiyatlarının 14 faizindən istifadə etmişik. Coğrafi mövqe, müxtəlif mədəni imtiyazlar, İslam və Əhli-Beyt (ə) maarifi kiçik imtiyazlar deyil. Bunlar çox böyük sərvətlərdir. Bütün bunlar bizim ixtiyarımızdadır. Sözüm budur ki, Xibrə Məclisi, ölkə məsulları, nüfuzlu şəxslər, minbərdə olanlar istər cəmiyyət arasında, istər mətbuatda danışıb təsir göstərə bilərlər. Bu gələcək barədə danışmaq lazımdır. İnsanların diqqətini həmin gələcəyə yönəltmək, qəlblərdə ümid yaratmaq, aramlıq yaratmaq, möminlərin qəlbində səkinə yaratmaq lazımdır. Həmd olsun Allaha ki, biz inkişafdayıq.
Amma bir neçə aktual məsələ də var. Xülasə şəkildə deyəcəyəm. Biri nüvə müzakirələrində razılaşma məsələsidir. Düşünürəm ki, razılaşmadan sonra bir mühüm məsələ var. Biz razılaşma ilə bağlı razılaşmadan əvvəl və sonra fikirlərimizi dedik. Bu gün söhbət məclis məsələsidir. Mövzu hüquqi, qanuni baxımdan mütəxəssislər tərəfindən araşdırılmalıdır, bu mövzunun hüquqi tələblərinin nə olduğu aydınlaşdırılmalıdır. Həmin əsasla da hərəkət etməliyik. Mən bu mövzunun dərinliyinə getmirəm. Ümumi şəkildə deyirəm ki, bu məsələdə parlamenti kənarda saxlamaq məsləhətli deyil. Bunu prezidentə də demişəm. Bu elə bir hadisədir ki, iki ildir məmləkətin diqqəti ona yönəlib. İndi bir nəticəyə çatmışıq. İndi məclis sözünü deməlidir. Mənim İslam Şura Məclisinə heç bir tövsiyəm yoxdur. Demirəm necə etməlidirlər. Demirəm nə qərar çıxarmalıdırlar. Demirəm qəbul etməli və ya rədd etməlidirlər. Bu barədə heç bir tövsiyəm yoxdur. Mənim nəzərim məclis üzvlərinin nəzəridir. Məclisdə nə edəcəklərini demirəm. Əqidəm budur ki, bu mövzuda məclis kənarda qalmamalıdır, xalqın nümayəndələri qərar qəbul etməlidir.
Razılaşmadan sonrakı məsələlərə keçək. Biz ölkə məsullarına, əziz və səmimi qardaşlarımıza bu mövzuda danışmışıq. Bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Əvvəla, zahirən qarşımızda 6 dövlət dayansa da əslində onlardan biri fəaldır. Bu Amerikadır. O tam şəkildə meydandadır, tər axıdır, çalışır. Amerikalı məsullar çox pis danışır. Bu sözləri dəyərləndirmək lazımdır. Hər halda qarşı tərəfdə biz dayanmışıq. O biri tərəfdə də amerikalılardır. Bir dəfə deyirlər ki, sanksiyaların çərçivəsi qorunub saxlanacaq. Bəs biz bu vaxta qədər oturub nədən danışmışıq?! Biz danışmışıq ki, sanksiyaların çərçivəsi götürülsün, sanksiyalar aradan qaldırılsın. Onlar düşünür ki, sanksiyasların çərçivəsi saxlanılmalıdır! Mən sanksiyaların çərçivəsinin saxlanılması dedikdə nəyin nəzərdə tutulduğunu başa düşmürəm? Olsun ki, bunu də bir şəkildə yozurlar. Amma başa düşülən məna müzakirələrdəki nəticələrə tam ziddir. Əks təqdirdə biz nə üçün müzakirə edirdik! Biz öz işimizi görürdük. Bizim 19 min sentrafuqamız vardı. Qısa bir müddətdə onların sayını 50 minə çatdıra bilərdik. 50 min və ya 60 minə çatdıra bilərdik. Bu işi görmək üçün çətinliyimiz yox idi. 20 faizlik yanacaq istehsal edirdik. Bunu davam etdirə bilərdik. Elə həmin şəkildə saxlaya da bilərdik. Başqa şeylər də bu qəbildəndir. Biz müzakirə apardıq, bəzi güzəştlərə getdik ki, sanksiyalar aradan qaldırılsın. Əgər sanksiyalar aradan qaldırılmayacaqsa, demək arada razılaşma yoxdur. Məsullar mövqelərini bildirməlidir. Deməsinlər ki, məsələn, amerikalı rəsmi öz ölkədaxili rəqiblərini susdurmaq üçün bu sözləri danışır. Bəli, Amerikada belə bir qarşıdurma var. Düşünmürəm ki, bu formal, həqiqətdən uzaq bir qarşıdurmadır. Həqiqətən də ixtilaf var, ixtilaflarının səbəbi də bizə aydındı. Amma rəsmi şəkildə deyilən sözlərə cavab verilməlidir. Əgər cavab verilməsə deyilən söz təsdiqini tapar. Bu bir mühüm nöqtədir.
İkinci nöqtə budur ki, onlar aradan qaldıracaqları sanksiyalar haqqında da “dayandırılacaq” sözünü işlədirlər. Biz belə danışmamışdıq. İqtisadi sanksiyalar tam aradan qaldırılmalıdır. Biz demişdik ki, bu iş dərhal görülməlidir. İndi dərhal sözünü mənalandırırlar. Biz dinmədik, eybi yoxdur. Bizim buradakı dostlarımız dərhal sözünü bir şəkildə mənalandırdılar, biz də buna etiraz etmədik. Amma hər halda sanksiyalar aradan qaldırılmalıdır. Biz sanksiyaların dayandırılması yox, aradan qaldırılmasını razılaşmışıq. Əgər onlar dayandırırlarsa biz də eyni işi görməliyik. Buna görə də sanksiyalar tam şəkildə aradan götürülməlidir. Deyirlər ki, bunların bir qismi Amerika dövlətinin ixtiyarında deyil. Amma Amerika dövlətinin əlində olan və ya Avropa dövlətlərinin əlində olan səlahiyyətlə sanksiyalar tam aradan qaldırılmalıdır.
Başqa bir mövzu budur ki, onlar öz bəyanatlarında nüvə razılaşmasına aidiyyatı olmayan sözlər danışırlar. Bu sözlərin nüvə razılaşmalarına heç bir aidiyyatı yoxdur. Amerikalı cənablar və xanımlar 19-cu əsrdəki ingilislər kimi söhbət edirlər. Dünyadan, tarixdən həqiqətən iki əsr geri qalıblar. Onlar Britaniyanın 19-cu əsrin əvvəllərindəki xarici işlər naziri Lord Corc Kerzon (George Curzon) kimi danışırlar. O bir zaman Fars Körfəzində İran və məntəqə ilə bağlı sözlər danışıb. Amma dünya dəyişib. Bu gün dünya güclərinin əvvəlki iqtidarı yoxdur. Əvvəlki gücə malik deyillər. Dedikləri sözü həyata keçirə bilməzlər. Digər tərəfdə də İslam Cümhuriyyəti dayanıb. Sizin qarşınızdakı geri qalmış bir materikin geri qalmış ölkəsi deyil! Belə deyil ki, istədiyinizi danışasınız. Xeyr, bu İslam Cümhuriyyətidir, onun sizin də etiraf etdiyiniz gücü var. Bəzi imkanlarından da mümkündür ki, xəbərsizsiniz, meydanda görə bilərsiniz. Belə olmaz ki, oturub hədə-qorxu ilə danışasınız.
Sözlərindən biri budur ki, İran İslam Respublikasının məsulları fərqli bir iş görəcək. Necə fərqli? Nədən fərqli? İslam Respublikasının keçmişdəki rəftarlarından fərqli? Xeyr! Belə bir şey olmayacaq. Fərqli deyəndə İslam dəyərlərdən fərqli? Belə bir şey olmayacaq. Onların fərqli dediyi İslam hökmlərinə bağlı olmamaqdır. Onların fikri budur. Amma bu iş baş verməyəcək. Nə dövlət, nə məclis, nə məsullar buna yol verməz. Kim bu işi görmək istəsə xalq qəbul etməyəcək. İslam Respublikası qəbul etməyəcək. Belə bir istəyin mənası yoxdur. Onlar fərqli deyəndə nəzərdə tuturlar ki, İran Amerikanın məntəqədəki siyasətləri istiqamətində hərəkət edəcək. Amerikanın regionda öz siyasəti, nəzarəti var. Nəzərlərindən biri budur ki, müqavimət qüvvələri məntəqədə tam məhv edilməlidir. Bir istəkləri budur. Amerika İraq, Suriya və başqa ölkələri tam nəzarətə götürməlidir. İstədiyini etməlidir. Umurlar ki, bizim məsullar, bizim dövlət, bizim siyasətçilər bu siyasətlər istiqamətində hərəkət edəcək. Belə bir hadisə baş verməyəcək.
Onların bəzi sözləri bizi qıcıqlandırır. Deyirlər ki, razılaşma İranın daxilində və xaricdə, regionda Amerika üçün imkanlar yaradıb. Bunu amerikalılar deyir. Bu onların sözüdür. Mənim dövlət məsulları və digər məsullara sözüm budur ki, Amerikaya ölkə daxilində mütləq şəkildə heç bir fürsət verilməməlidir. Çalışın, xaricdə də Amerikaya fürsət verməyin. Onlar məqsədlərinə yaxınlaşdıqca millətlərin zəlaləti, geriliyi, əsarəti başlayacaq. Onlara ölkə daxilində fürsətlərdən istifadə imkanı verilməməlidir. Biz demişik və deyirik ki, amerikalılarla yeganə müzakirə mövzusu nüvə məsələsidir. Xarici siyasət korpusuna da, başqalarına da bu barədə sözümüzü çatdırmışıq. Çünki Amerikanın mövqeyi 180 dərəcə bizim mövqeyimizə ziddir. Bu mühüm məsələdir.
Başqa bir mövzu iqtisadiyyat məsələsidir. Siyasi məsələ söhbətimizin bir mövzusudur. İqtisadi məsələ ikinci bir mövzudur. Biz dövlətdəki qardaşlarımızdan xahiş edirik ki, Müqavimət İqtisadiyyatı siyasətlərinin həyata keçirilməsi üçün əməli proqramlar hazırlasınlar. Biz bunu dövlətlə görüşdə də, prezidentə də demişik. Ümid edirik ki, bu proqram hazırlanacaq. Müqavimət İqtisadiyyatı parçalanası bir layihə deyil. Deyə bilmərik ki, onun bir hissəsinə əməl edək, bir hissəsinə yox. Bu kamil bir məcmuədir, tam şəkildə ona əməl olunmalıdır. Vahid əməliyyat proqramına ehtiyac var. Əlbəttə ki, dövlətdəki qardaşlarımızın da belə bir fikri var, inşallah, bu sahədə çalışacaqlar. Bu məqsəd həyata keçəcək. Əgər bu istək həyata keçsə, bizim üçün fərqi yoxdur ki, İrana qaytarılan pul 100 milyard dollardır, yoxsa 5 milyard dollar. Yəni bu ikinci dərəcəli bir məsələ olacaq. Əlbəttə ki, bizim dünyadan alacaqlarımız var, bu günə qədər zalımlıqla bunun qarşısını kəsiblər. Bizim bu sahədə çalışmağımız, həmin mənbələrdən istifadə etməyimiz lazımdır, bu barədə söhbət ola bilməz. Amma müqavimət istisadiyyatının gerçəkləşməsinin xaricdən gələcək pullardan heç bir asılılığı yoxdur. Bizim fikrimiz budur ki, müqavimət iqtisadiyyatını bir əməliyyat proqramına çevirək, sözdə yox əməldə onu həyata keçirək. Bu iş irəli gedəcək və xalq da kömək edəcək. Qeyd etdik ki, inşallah dövlət də bir əməli sənəd hazırlayacaq. Hər bir dövlət qurumunun təklifləri nəzərə alınsın, kimin hansı işə görə məsulliyyət daşıdığı bilinsin. Vaxt bölgüsü aparılsın, bilinsin ki, hansı müddətdə hansı qurum hansı işi yerinə yetirəcək.
Sözümun sonunda deyəcəyim budur ki, ölkədəki hərəkətlərin inqilabi məqsədlər istiqamətində getdiyini mömin qüvvələr bilsin. Buna heç bir şübhə yoxdur. Hamı özünü buna hazırlasın. Ölkədə əksəriyyəti təşkil edən bu mömin qüvvələr işə hazır olsunlar. Hazır olmaq müharibəyə hazır olmaq demək deyil. İqtisadi fəaliyyətlərə hazır olsunlar. İdeoloji işlərə hazır olsunlar, siyasi işə hazır olsunlar. Müxtəlif meydanlarda, səhnələrdə fəaliyyətə hazır olsunlar. Biz hamımız hazır olmalıyıq. Düşmənimiz gecə-gündüz bilmir, çalışır. Biz də gecə-gündüz bilmədən hazırlaşmalıyıq. Allahın vədi də doğrudur. Allahın vədinə münasibətdə sui-zənimiz yoxdur. Bir dəfə demişəm ki, Allaha pənah aparmalı, Allahın vədinə ümidsiz olmamalıyıq. Allah Ona qarşı sui-zənni olanı lənətləyib. Allaha qarşı hüsni-zənn, xoş güman budur ki, Allahın möminlərə yardımına inanasan. Bu Allaha münasibətdə xoş gümanlılıqdır. Allah buyurur ki, Allah Ona yardım edənlərə yardımçıdır. Buna inanaq. Əgər məqsədimiz Allahın dininə yardımdırsa, bilək ki, Allah da yardım edəcək. Buna şübhəmiz olmasın. Bu ruhiyyə ilə hərəkət etdiyimiz zaman qəlbimizdə həmin səkinə hal, aramlıq yaranacaq.
Pərvərdigara! Məhəmməd (s) və Ali-Məhəmmədə (ə) xatir, dediyimizi, eşitdiyimizi, gördüyümüz işləri öz yolunda qərar ver. Bunu öz kərəminlə bizdən qəbul et. Vəliyyi-Əsrin (əc) müqəddəs qəlbini bizdən razı sal.
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Vilayet.nur-az.com


919 بازدید