Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2015

“Bir kitab oxuyanda ondan əvvəl oxuduğunuzu tədris edin!”

Şifahi imtahan üzrə ustad höccətülislam Mehdi Begdili ilə söhbət
Şifahi imtahanlar üzrə ustada suallar verməyin böyük marağı var. Həmişə tələbələrə sual vermiş bir şəxsə indi suallar ünvanlamaq, həmin tələbələrin suallarına cavab almaq cazibəlidir. Ustad Begdili şifahi imtahanlar üzrə tanınmış şəxslərdəndir. Tələbələrin bu ustadla görüşü həyəcansız ötüşmür. Onun sualları olduqca dəqiqdir. Müəyyən səbəblərdən lazımınca mütaliə etməmiş tələbə onun suallarını cavablandıra bilmir. Tebyan saytı höccətülislam Mehdi Begdili ilə müsahibəni təqdim edir. Ustad müxbirin suallarını səbrlə dinləmiş, onları hövsələ ilə cavablandırmışdır.

Sual: Necə oldu elm hövzəsinə gəldiniz?
Cavab: Atamın mərhum şəhid doktor Behişti ilə dostluğu vardı. Din və Düşüncə Məktəbi fəaliyyət göstərən zaman məni doktorun yanına apardı. Məni 7-ci sinifə qəbul etdilər. Şəhid Behiştinin atamla xüsusi münasibəti vardı. Atamın işi ruhani libası tikmək idi. Doktor Behiştinin də libaslarını atam tikərdi. Amma doktor Behişti atamın sadəcə müştərisi yox, yaxın dostu idi. Əvvəlcə mənə bir nəzər saldı. Sonra atama dedi ki, bir təklifim var. Dedi icazə verin qoy tələbə olsun. Məndən soruşdu ki, tələbəliyə hazırsan? Atam dedi ki, əgər özü istəyirsə mən etiraz etmirəm. O zaman 10 yaşım vardı. Oradan çıxandan sonra atam yaxın münasibətdə olduğu mərhum Ayətullah Fazil Lənkəraninin görüşünə getdi. Məni də özü ilə apardı. Ayətullah Fazilə dedi ki, şəhid Behişti mənim tələbə olmağımı təklif edir. Ayətullah Fazil o zaman Məkasib tədris edirdi. Atam mənim üçün bir ustad təyin olunmasını istədi. Ayətullah Fazil fikirləşmək üçün vaxt istədi. Sonra mərhum Ayətullah Hacı Şeyx Əbdülhüseyn Vəkili Qummini təklif etdi. Mərhum Ayətullah tanınmış ədiblərdən idi, fiqhi mənzuməsi vardı. Çox bilikli adam idi. İmanı və elmi ilə seçilirdi. Sadə bir həyat tərzi yaşayırdı. Alimlər onu çox sevirdi. Onun oğlu atamın yanında xəyyatlıq öyrənirdi. Qəbul etdi ki, mənə dərs desin. Ədəbiyyatı mərhum alimdən öyrəndim. Ədəbiyyat məsələlərində çox dəqiq idi. Dediyi hər sözə misal çəkərdi. Tez-tez mənə sual verər, cavab istəyərdi. Onun hüzurunda ədəbiyyatı başa çatdırdım. Şərhi-Lümə, Müğna, Mütəvvəli ondan öyrəndim. Mütəvvəli həm də Ayətullah Şəbzendedarın hüzurunda oxudum. Müğnanı mərhum Şeyx Fəzlullah Nuri, Ayətullah Mömin Qummidən öyrəndim. Şərhi-Lüməni mərhum Ayətullah Sütude və Ayətullah Səlavati tədris edirdi. Rəsail oxumaq üçün yenidən mərhum Ayətullah Şəbzendedarın hüzuruna gəldim. Məkasibi isə Ayətullah Fazildən öyrəndim. Başqa alimlərin də elmindən istifadə etmişəm.
Kifayəni mərhum Ayətullah Sültaninin sinifində oxudum. Çox gözəl bəyanı vardı. Ən çətin mövzuları sadə dillə çatdırırdı. Mərhum Ayətullah Sültaninin kifayə dərslərindən çox ləzzət aldım. Daha sonra İmam Xomeyninin (r) xaric kursu dərslərində iştirak etdim. Sonra müəyyən gərginliklər yaşandı, İmam həbs edildi. Onu azad edəndən sonra çox çəkmədi ki, sürgünə göndərdilər. İmamın dərslərindən sona qədər bəhrələnə bilmədim.

Sual: Siz nə zaman hövzəyə daxil olmusunuz?
Cavab: Şəmsi 1336-cı ildə. Mən 1322-ci ildə dünyaya gəlmişəm. Qısa bir müddətdən sonra imamın dərslərində iştirak etdim. 1-2 ilə yaxın Ayətullah-üzma Gülpayiqaninin elmindən bəhrələndim. Sonra isə Qum Elm Hövzəsinin təsisçisi Ayətullah Hacı Ağa Mürtəza Hairinin dərslərindən faydalandım. Bu dərslərdə 11 il iştirak etdim. Dediyinə əməl edən, dəqiq bir şəxs idi. Onun dərsləri şagirdlərə çox təsir edirdi. Ondan çox bəhrələnmişəm. Dərsdə çox diqqətli idi, çox zəruri nöqtələri bəyan edirdi. Ayətullah Hairinin dərslərindən sonra artıq tədrislə məşğul oldum. Mərhum Ayətullah Fazil tapşırdmışdı ki, bir kitab oxuduğunuz zaman ondan əvvəl oxuduğunuz kitabı tədris edin. Onun bu sözləri bizi tədrisə maraqlandırmışdı. Süyuti oxuduğumuz zaman səmədiyyənin tədrisini tövsiyə edirdi. Şərhi-Lümə oxuyanda Mütəvvəlin tədrisini tapşırırdı. Bir sözlə, bizdə tədrisə maraq oyadan mərhum Ayətullah Lənkərani idi. Onun dediyi qaydaya əməl edərək Cameul-Müqəddəmatdan Kifayəyə qədər kitabları oxuduğumuz zaman həm də başa çatdırdığımız kitabın tədrisi ilə məşğul olmuşuq. Kifayəni 4 dəfə tədris etmişəm. Onun bizim üzərimizdə haqqı böyükdür. Allah-Taaladan istəyirəm ki, dərəcəsini ali etsin.

Sual: Təhsil zamanı mübahisə yoldaşınız hansı tələbə olub?
Cavab: Süyuti kimi dərslərdə mübahisə yoldaşım hörmətli vaiz höccətülislam vəl-mülsimin hacı Xəlil Şərii idi. O Ayətullah Şəriinin qardaşı idi. Höccətülislam vəl-müslimin hacı Əbülqasim Əşəri ilə də mübahisə yoldaşı olmuşam. Hazırda Şühəda hüseyniyyəsində imam-camaat olan höccətülislam Məsudi Kaşani də tələbə yoldaşım olub. Əslən Ürmiyyədən olan höccətülislam vəlmüslimin Məcd ilə də, cənab Cəvahiri Qummi ilə də təhsil gedişində dərsləri təkrarlamışıq. Mən adını çəkdiyim adamlarla adətən Ayətullah Hairinin dərslərini təkrarlayar, bu mövzuda mübahisə edərdim.

Sual: Sizin dövrünüzdə ustadlarla tələbələrin münasibəti necə idi? Deyirsiniz ki, Ayətullah Fazil ilə gözəl münasibətiniz olub.
Cavab: Ustadların tələbələrlə çox gözəl münasibəti vardı. Əlbəttə ki, istisnaları da vardı. Amma Ayətullah Fazil tələbələrlə olduqca yaxın idi. Bir tələbə xəstələnsəydi onun evinə gedərdi. Tələbələrin şadlıq mərasimlərinə qatılardı. Əza məclisimiz olsaydı Ayətullah Fazil hökmən iştirak edərdi. Ayətullah Sültaninin də qapısı şagirdlərin üzünə açıq idi. Amma onun səhhəti imkan vermirdi ki, tələblərlə çox ünsiyyətdə olsun. Bizim əksər ustadlarımızın tələbələrlə yaxın münasibəti vardı, çox xoş davranırdılar.

Sual: O dövrdə əxlaq dərsi vardı, yoxsa ustadla münasibətdə əxlaq öyrənilirdi?
Cavab: Bir müddət Ayətullah Mişkini əxlaq dərsi tədris etdi. Bir müddət də Məscidi-Əzəmdə Ayətullah Məzahirinin əxlaq dərsləri oldu. Mərhum Ayətullah Bəhauddinin də əxlaq dərsləri olub. Amma düşünürəm ki, tələbələrə əxlaq baxımından daha çox təsir edən ustadların rəftarı olub. Əgər bir tələbə bir ustadı qəbul edirdisə, həmin ustadın bu tələbənin əxlaqına təsiri böyük olurdu. Əxlaq dərsləri də öz yerində təsirli idi. Amma ustad dünya əhli deyildisə, təqvalı idisə bu tələbə üçün daha çox təsirli idi. Əxlaq dərsinin təsirinə söz ola bilməz. İstənilən bir halda əməldə nümunə göstərməyin təsiri böyükdür. Biri var necə olmağı sözlə deyəsən, biri də var onu əməldə göstərəsən.

Sual: Siz daha çox fiqh və üsul oxumusunuz. Tələbə üçün fiqh və üsulu daha əhəmiyyətli edən nədir?
Cavab: Fiqh, üsul, kifayə bir neçə il xaric kursu dərsi təqribən təhsildə bir dövrə sayılır. Bir şəxs mütəxəssis həkim olmaq istəyirsə, əvvəlcə ümumi tibbi öyrənməlidir. Bütün mütəxəssis həkimlər əvvəlcə ümumi tibb öyrənir. Tələbə təbliğatçı, imam-camaat, müdərris və ya başqa bir iş adrınca ola bilər. Bütün bu məsuliyyətləri öz üzərinə almaq üçün müqəddimə oxumalısan. Sonradan ixtisas seçilir. Zəruri deyil ki, ixtisasda ictihad dərəcəsinə çatasan. Demək, hamı bir dövrə ümumi təhsil almalıdır. Ədəbiyyat, fiqh, üsul, hətta müəyyən həddə fəlsəfə, təfsir oxumaq çox mühümdür. Bu bütün tələbələrə lazımdır. Sonra kimsə fəlsəfə, kimsə təfsir ardınca gedir. Bəziləri vaizliyə maraq göstərir. Amma bütün bunlar ümumi təhsildən, müqəddimə dərslərindən sonrakı işdir.

Sual: Siz Ayətullah-Üzma Şübeyri Zəncaninin yeznəsisiniz. Necə oldu cənab Zəncani ilə qohum oldunuz?
Cavab: Ailə qurmaq yaşım çatmışdı, 25 yaşım olardı. Ayətullah Şübeyri Zəncani elm və təqvada seçilirdi, bəyənilən bir şəxs idi. Mən bu qohumluq fikrini atama bildirdim. Atam dedi ki, bu barədə Ayətullah Fazilə demək lazımdır. O Ayətullah Fazillə söhbət etdi. Ayətullah Fazil də bu barədə Ayətullah Zəncani ilə danışacağını söz verdi. Ayətullah Zəncaninin əvvəlki yeznəsi xətib cənab hacı Xəlil Şərii idi. O mərhum Ayətullah Şərinin oğludur. Atası Qumun tanınmış alimlərindən olub. Ayətullah Fazil onunla da danışacaq idi. Sonra atam mərhum Ayətullah Fazillə birlikdə cənab Şübeyri Zəncaninin atası Ayətullah Hacı Seyid Əhməd Zəncaninin görüşünə getdilər. O demişdi ki, bu barədə istixarə edər. Bir müddət sonra bildirdilər ki, cavab müsbətdir.

Sual: Ayətullah Şübeyri izdivacla bağlı hansısa şərtlər irəli sürmədimi?
Cavab: Onun fikri bu idi ki, qızı tələbə ilə ailə qursun. Amma tələbənin maddi durumu onun üçün mühüm deyildi. Yeganə şərt tələbə ilə izdivac idi. Bunu da dilə gətirmişdilər ki, dünya malı dalınca qaçan tələbə olmasın. Mənim maddi vəziyyətimə demək olar ki, əhəmiyyət verən olmadı.

Sual: Toy mərasimi keçirildi?
Cavab: Bəli, keçirildi. Bəzi cənablar dəvət edilmişdi, xanımların da məclisi ayrıca idi.

Sual: Hazırda Ayətullah Şübeyri Zəncani ilə münasibətiniz necədir? Yeznələr qaynata ilə yola gedirmi? Oturub dərdləşirsinizmi?
Cavab: Münasibətlər çox yaxşıdır. Yeznələr cənab Zəncaninin görüşünə gəlir, xüsusi ilə mən onunla görüşəndə suallarım çox olur. Biz Ayətullah Hairi və Ayətullah Şübeyriyə çox borcluyuq. Onların elmindən çox bəhrələnmişik.

Sual: Alim ailələri bir yerə toplananda söhbətlərinin mövzusu nə olur?
Cavab: Cənab Zəncani adətən elmi söhbətlər edir. Elə ki, bir yerdə əyələşdik Ürvəni gətirir. Məkasibdən danışır. Seyid nə demək istəyib, şeyx məkasibdə nə demək istəyib, bu mövzuda söhbət gedir. Onu yalnız elmi mövzular maraqlandırır.

Sual: Qohumlar arasında ayrıca bir məhəbbət olur. Ayətullah Zəncanidə də belə məhəbbət varmı?
Cavab: Biz ondan sevgidən başqa bir şey görməmişik.

Sual: Qayıdaq söhbətimizin əsas mövzusuna. Şifahi imtahanlar. Tələbələrin əksəri sizi şifahi imtahanların ustadı kimi tanıyır. Necə oldu ki, bu sahə ilə məşğul oldunuz?
Cavab: İnqilabın qələbəsindən sonra İmam Xomeyni (r) göstəriş verdi ki, hövzəyə müdiriyyət şurası yaradılsın. İmamın nümayəndələrindən biri mərhum Ayətullah Fazil idi. Ayətullah Fazil təhsilimdən xəbərdar olduğu üçün mənə tapşırdı ki, imamın sözlərini dinləyim, sonra mənimlə söhbəti olacaq. Mən imamın nəzərdə tutulan görüşünü televizorda izlədim. Həmin mərasimdə Ayətullah Fazil də hövzədə müdiriyyət şurasının üzvü kimi təqdim olunurdu. Elə bu söhbətdə mənə tapşırıldı ki, şifahi imtahanlar sahəsində bacardığım köməyi edim.
Hövzəyə getdim, orada xüsusi bir otaq ayırmışdılar. Həmin vaxt mən şərhi-lümə, üsuli-fiqhdən imtahan götürürdüm. Sonralar rəsail, məkasib, kifayə də buna əlavə olundu. Xaric kurs dərsləri də bu sıraya qatıldı. İndi 9-cu və 10-cu dövrələrin də imtahanını götürürəm. Xaric kursunda müsahibələrdə də iştirak edirəm. Şifahi imtahanlarda fəaliyyətimin 35-ci ilidir.
Sual: Şifahi imtahanların fəlsəfəsi nədən ibarətdir? Buna nə ehtiyac var?
Cavab: Qədimdə mərhum Ayətullah-üzma Brücerdi, Ayətullah-üzma Gülpayiqani imtahan götürərdi. Hətta imam Ayətullah Gülpayiqaninin imtahanları əsasında şəhriyyə verirdi. Şifahi imtahanların fəlsəfəsi bundan ibarətdir ki, tələbə deyilən sözləri dərk edirmi? Ola bilər ki, bir tələbənin yaddaşı güclü olsun, bütün dərsləri əzbərləsin. Amma ehtiyac yarananda kitabdan həmin mövzuları çıxara bilməsin. Şifahi imtahanda bütün bu nöqtələr aydınlaşır. Tələbədə mətndən lazım olan nöqtələri çıxarmaq bacarığı olmalıdır. İmtahan yalnız yazılı olsa bu nöqtələr diqqətdən yayına bilər. Amma sual-cavab zamanı tələbənin istedadı tam üzə çıxır. Elə olub ki, yazılı imtahanda 18 alan tələbə şifahi imtahanda 8 qiymət alıb. Nə üçün belə olur? Çünki onun gözəl hafizəsi var, mövzuları əzbərləməyi bacarır. Amma söhbət zamanı həmin mətnlərdən nöqtələri çıxara bilmir. Onun mütaliəsi dərin deyil. Mübahisə yoldaşı güclü deyil. Nöqtələr üzərində düşünməyib. Bu sahədə şifahi imtahanların böyük rolu var. Bizim elmlər riyaziyyat kimidir. Böyük diqqət və istedada ehtiyac var.

Sual: Sizin nəzərinizcə, tələbə necə oxumalıdır ki, bu imtahanladan keçə bilsin?
Cavab: Ümumiyyətlə tələbə qəbulunda diqqətli olmaq lazımdır. Riyaziyyat dəqiqlik tələb etdiyi kimi bizim elmlər də dəqiqlik tələb edir. Diqqət və istedada böyük ehtiyac var. Qəbul zamanı bu baxımdan güclü gənclər qəbul olunmalıdır. Dərin təfəkkürə malik gənclər təhsildə daha müvəffəqdir. Tələbələrin riyaziyyatdan aldığı qiymətə baxanda çox şeylər aydınlaşır. Tələbə olmazdan qabaq məktəbdə riyaziyyatdan qiyməti neçə olub? Bu onun istedadını göstərir.
Bundan əlavə, tələbənin əvvəlcədən mütaliəsi olmalıdır. O dərsdən qabaq mövzu ilə tanış olmalıdır. Güclü mütaliə sualları aradan qaldırır.
Başqa bir nöqtə budur ki, tələbənin güclü mübahisə, təkrar yoldaşı olmalıdır. Təəssüf ki, bu gün hövzədə mübahisə yoldaşı mövzusu o qədər də əhəmiyyətli sayılmır. Bizim dövrümüzdə feyziyyə mədrəsəsində tələbələr dəstə-dəstə əyləşər, keçdikləri dərsi müzakirə edərdilər. Bu müzakirələr, bu mübahisələr mövzuları dərindən dərk etməyə kömək olardı.
Başqa bir mühüm nöqtə gözəl ustaddır. Tələbə müxtəlif siniflərdə iştirak edib ustad seçməlidir. Ustadın dərsində tələbənin çox olması meyar deyil. Yaxşı ustadın sinifində seyrəklik də ola bilər. Ustadın diqqətinə, mövzunu çatdırma qabiliyyətinə diqqət yetirmək lazımdır.
Mühüm bir nöqtə budur ki, dərs zamanı tələbənin diqqəti tam şəkildə dərsdə olmalıdır. Hətta dərs keçilən zaman qeydlər aparmaq da diqqəti yayındırır. Mən dərs zamanı tələbələrə deyirəm ki, kitabın kənarına haşiyə yazmayın. Bu sizin yaddaşınızı tədricən korlayır. Əsas məsələ ustada diqqətlə qulaq asmaqdır. Ustadın gözünə baxmaq, mövzuları onun düşüncəsindən almaq lazımdır. Sonra ustadın dediklərini qeyd etmək olar.

Sual: Dərsdən sonra qeydiyyat aparmaq mümkündürmü?
Cavab: Bəli, dərsdən sonra, xüsusi ilə gecələr qeydiyyat aparmaq münasibdir. Dərs gedişində bu iş münasib deyil. Dərs gedişində qeydiyyat aparmaq ustadın sözləri barədə düşünmək imkanını tələbədən alır. Onun işi yalnız ustadın dediklərini qeyd etməkdir. Amma ustadın nə dediyi barədə düşünmür. Keçmişdə tələbəlik xüsusiyyətləridən biri bu idi ki, diqqət tam dərsdə olardı. Səlmasi məscidində İmam Xomeyninin (r) dərsində indi ictihada çatmış şəxslər irad bildirərdilər. O zaman kimsə dərsi qeydə almazdı. Ayətullah Brücerdinin dərslərində də qeydiyyat aparan yox idi. Hamı diqqətlə qulaq asır, sual da verən olurdu. Gecələr Ayətullah Bürücerdi və ya İmam Xomeyninin (r) dərsində eşitdiklərini qeydə alardılar. Bəzi tələbələr deyir ki, ustad özü haşiyə yazmağı tapşırıb. Mən ustadların bu işdə nəyə əsaslandığını başa düşmürəm. Ustad tələbədən diqqət istəməlidir. Tələbə ustada qulaq asmalıdır. Əgər belə olsa, tələbə dərsdə daha çox şey öyrənər, yaddaşı da korlanmaz. Amma indi tələbəyə sual verəndə dəftərini çıxarır ki, yaddaşına nəzər salsın.

Sual: Bəzi tələbələr deyirlər ki, şifahi imtahanlarda ustadlar məzmundan daha çox ədəbiyyata fikir verir. Yəni ədəbiyyatı güclü olan daha rahat qəbul olur. Nə düşünürsünüz?
Cavab: Belə düşünən tələbələr tələsik qərar çıxarır. İmtahan vərəqində qeyd olunub ki, ümumi qiymətləndirmədə ədəbiyyatın payı cəmi 3 nömrədir. Əgər tələbə cümlənin mübtədasını, xəbərini yerində işlətsə onun ədəbiyyat qiyməti 3 nömrə olur. Ədəbiyyatla bağlı suallar da verilir. Amma bütün bu suallar qənaətbəxş cavablandırılsa ümumi qiymətdə onun payı məlumdur. Əgər tələbənin təkcə ədəbiyyat biliyi ilə kifayətləniriksə, bunun səbəbi odur ki, ədəbiyyat müstəvisində onun düşüncəsi də üzə çıxır.
İfadələrin tətbiqinin qiyməti var, mövzunun şərhinin qiyməti var, hər bölməyə uyğun qiymət var. Bəzi tələbələr sual verir ki, nə üçün ondan bir hissə soruşulur, o biri hissə yox? Mənim tələbələrin hazırlığı barədə deyəcəyim söz budur ki, bəzi tələbələr doğrudan da məişət çətinlikləri səbəbindən dərsə yaxşı hazırlaşa bilmir. Onlar tələbəliklə yanaşı dolanışıq xatirinə başqa işlə də məşğul olurlar. Bu da bir problemdir. Həmd olsun Allaha ki, son dövrlərdə Cənab Rəhbərin diqqəti sayəsində tələbələrə daha çox diqqət ayırılır. Şifahi imtahanlarla bağlı etirazlar haqqında bunu deyə bilərəm ki, hazırda bu imtahanlar lentə alınır və etiraz olsa yenidən araşdırmaq imkanı var.

Sual: Bəzi tələbələr deyir ki, əgər tələbənin libası şəxsi libas olsa, sakkalı az olsa və ya rəngli libas geyinsə imtahandan keçməməsi mümkündür. Tələbənin zahirinin imtahana təsiri varmı? Onun zahirinə baxıb təyin etmək olarmı ki, məqsədi elm öyrənmək yox, vəsiqə almaqdır?
Cavab: Bəli, biz imtahanlarda tələbələrə zahiri görkəm baxımından müəyyən tövsiyələr veririk. Tələbənin zahiri tələbəyə münasib olmalıdır. Tələbəyə deyirik ki, bu rəngli libaslar tələbəliyə uyğundur? Bu saç düzümü tələbəliyə uyğundur? Amma bütün bunlar tövsiyə xarakter daşıyır və imtahanın nəticəsinə təsirli deyil.

Sual: Yəni tələbə hansı görkəmdə olsa bunun imtahana təsiri yoxdur?
Cavab: Xeyr. Tələbənin zahiri görkəmi ilə bağlı iradların imtahanın nəticəsinə heç bir təsiri yoxdur. Sadəcə biz bir vəzifə olaraq tələbələrə tövsiyə veririk.

Sual: Ölkə boyu mədrəsələrin səviyyəsi arasında fərq var. Məsələn Məsumiyyə və ya Şəhideyn mədrəsəsində oxuyan tələbələrlə ölkənin ucqar nöqtələrində təhsil alan tələbələrin elmə sahiblənmək şəraiti fərqlidir. Bütün bunlar şifahi imtahanda nəzərə alınırmı?
Cavab: Bizim hövzə tərəfindən məsuliyyətimiz tələbənin elmini qiymətləndirməkdir. Tələbənin təhsil şəraitinin bu məsələyə aidiyyatı yoxdur. Tələbə bir kitabı oxumayıbsa, lazım olan mətnləri dərk etməyibsə, onu necə qəbul etmək olar?! Bu tələbənin özünə zülm deyil?! Sadəcə başqa bir mövzu var ki, tələbə bu qüsurlara görə təkcə özü müqəssir deyil, təhsil şəraitinin təsiri var. Biz təklif edirik ki, belə tələbələr bir neçə aylıq Quma gəlib hazırlaşsınlar. İmtahanı verdikdən sonra öz məntəqələrinə qayıtsınlar. Amma təhsil mühitinin qənaətbəxş olmaması bizə əsas vermir ki, bunu qiymətdə nəzərə alaq. Qiymət tələbənin biliyini göstərir. Bu sahədə tələbəyə kömək edə bilmərik. Təhsil şəraitindəki nöqsanları nəzərə alıb onu qəbul etmək ixtiyarımız yoxdur. Şəriət baxımından da belə bir addım atmaq olmaz.

Sual: Son dövrlərdə xülasə broşürlərin, kitabçaların bazarı genişlənib. Bunun şifahi imtahanlara təsiri varmı?
Cavab: Əgər tələbənin güclü yaddaşı varsa yazılı imtahanlarda şübhəsiz qəbul olunacaq. Çünki yazılı imtahanlarda mövuzlarla bağlı ümumi suallar yer alır və xülasələrdə bu suallar cavablandırılır. Amma şifahi imtahanda onun qarşısına kitab qoyub müəyyən bir hissənin necə mənalandırılmasını soruşa bilərik. Mən kitabları, böyük mətnləri xülasələşdirib bir neçə səhifədə çap edənlərə demək istəyirəm ki, bu tələbəyə xidmət deyil. Tələbəyə xidmət budur ki, onun düşüncə imkanlarını gücləndirək. Tələbə həmin broşürları əzbərləməklə mövzunu dərk etmədən cavab verir. Amma şifahi imtahanda tələbənin əsl biliyi üzə çıxır. Bir neçə sualla aydın olur ki, onun mövzudan xəbəri var, yoxsa xülasəni əzbərləyib. Ümumiyyətlə, elm hövzəsi təfəkkür üzərində qurulub. Mərhum imam buyururdu: “Fiqhi cəvahiri, fiqhi sünnəti elə dərin təfəkkür deməkdir. Tələbə dərin təfəkkür sayəsində dəyərli müctehid ola bilər. Amma təkcə xülasələr oxunsa, broşürların mütaliəsi ilə kifayətlənsək təfəkkürə yer qalmır. Elmi məsələlərdə tələbə problemlə üzləşir, ictihaddan söhbət belə gedə bilməz. Xülasə yazanlardan xahiş edərdik ki, bu işi görməsinlər. Mən 35 ildir bu sahədə çalışıram və ən mühüm sualları 200 səhifəlik kitab həcmində toplaya bilərəm. Bunu mənə çox təklif ediblər. Amma mən görürəm ki, belə bir kitabın alıcısı çox olsa da onu yazmaq hövzəyə xidmət deyil. Bu işlər hövzəni tədricən zəiflədir. Buna görə də təklifləri rədd edirəm.

Sual: Bəzi ustadlar, xüsusi ilə qədim ustadlar bugünki tələbələrin səviyyəsini tənqid edirlər. Siz şifahi imtahan götürən bir şəxs kimi bu məsələyə necə baxırsınız? Dərsini gözəl oxuyan tələbələrlə rastlaşırsınızmı?
Cavab: Bəli. Ötən gün bir tələbə 18 qiymət aldı. Bəziləri bir qədər rəngləri tündləşdirir, deyirlər ki, şifahidən 18 almaq çox yaxşıdır. Amma 20 alanlar da olur. Bu ən yüksək qiymətdir. Bu mərkəz özü yüksək qiymət alanlara hədiyyə verir. Bunu demək yaxşı deyil. Amma bir tələbənin maddi durumunun zəif olduğunu gördükdə, dərsini yaxşı oxuduğuna şahid oluruqsa kömək etməyə çalışırıq. Bunu cibimizdən vermirik, təbii ki, müəyyən büdcələrdən istifadə olunur. Təbii ki, belə hallar az olur. Hər halda olur. Mən belə tələbələrin həvəsləndirilməsinin tərəfdarıyam.

Sual: Bəzi tələbələr deyirlər ki, hansı tələbə şifahi imtahan üçün sizin otağınıza gəlsə, qəbul olmur. Bu doğrudurmu?
Cavab: Bu sözdə həqiqət yoxdur. Allah-Taala bilir ki, biz belə deyilik. Bəzi zəif tələbələr qiymət ala bilməyəndə filan otaq belədir deyirlər. Deyirlər ki, bu otaqda qiymət alan az olur. Həqiqət isə tamam başqadır. Əgər siz keçmişdəki qiymət cədvəllərini nəzərdən keçirsəniz həqiqəti görərsiniz. Hətta elə olub ki, tələbə qəbul olması ilə bağlı sms aldıqda təəccüblənib. Adətən tələbəyə qiyməti smslə bildirilir. Tələbə təəccüb edib ki, imtahan zamanı ona qarşı münasibətdən nəticə çıxarıb ki, qəbul olmayıb. Tələbələr başa düşməlidir ki, bizim bütün təlaşlarımız onların layiqli təhsilə sahib olması üçündür. Tələbənin düşüncəsi güclü olmalı, elm təhsilinə istedadı çatmalıdır. Biz tələbəni qiymətləndirərkən Allah qarşısında özümüzü məsul sayırıq. Mən dəfələrlə Allahla raz-niyaz edirəm ki, Pərvərdigara, Sən şahidsən ki, biz kiminsə haqqının ayaq altda qalmamasına çalışırıq.

Vilayet.nur-az.com


1263 بازدید