Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Sentyabr 2015

İmam Sadiqin (ə) səhv düşüncəli bir şəxslə rəftarı

«Allah-Taala yaxşı işləri təkcə yaxşı işlərlə məşğul olan adamlardan qəbul edir»
İmam Sadiq (ə) Allahın insanı düz yola hidayət etməsi mövzusunda söhbət edərkən belə bir əhvalat buyurdu: Öz nəfsinin istəklərinə qulluq edən və nadan camaatın ehtiram qoduğu bir kişi kimdir? (İmam burada bir şəxsin əhvalatını danışdı).
Həmin kişinin fəzilətlərindən mənə o qədər danışdılar ki, onunla görüşmək fikrinə düşdüm. Qərara aldım ki, onu gizlində görüb işlərini yoxlayam. Onun dalınca getdim. Uzaqdan avam camaatın onun ətrafına toplaşdığını müşahidə etdim. Məni tanımasınlar deyə üzümü örtdüm. Sonra daha yaxına getdim. Diqqətlə camaatın həmin şəxslə və o şəxsin camaatla rəftarına nəzər saldım. O şəxsin camaatı öz hiylələri ilə aldatmasını anladım. Sonra o, camaatdan ayrıldı. Mən isə üzüm örtülü halda onun ardınca hərəkət etdim. Gördüm ki, o bir çörək dükanına daxil oldu. Çörək satanın başını qatıb iki ədəd çörək oğurladı. Öz-özümə dedim ki, bəlkə də çörəklərin pulunu vermişdir. Sonra o çörək dükanından çıxıb nar satılan bir dükana daxil oldu. Burada da nar satanı aldadıb iki ədəd nar oğurladı. Mən onun bu işindən təəccüb etdim. Lakin yenə onun bu narları pulla alması ehtimalını verdim. Amma öz-özümə dedim: Belədirsə, nə üçün oğurluq edir? O, nar dükanından çıxıb getdi. Mən isə onun ardınca yola düşdüm. Yarı yolda o bir xəstənin yanına döndü. Çörəklə narı ona verib getdi. Bu vaxt ona yaxınlaşım, dedim.
“Ey Allahın bəndəsi! Sənin çox yaxşı adam olduğunu eşitmişəm. Camaat səni tərifləyir. Ona görə səninlə görüşməyi qərara aldım. Bu gün sənin bütün işlərinə nəzər saldım. Amma sənin gördüyün işlər mənim ürəyimi narahat etdi. Sənə bir sualım var. Onun cavabını desən, məni rahat edərsən. O dedi: Sualın nədir?
Dedim: Sənin çörək və nar dükanından oğurluq etdiyini gördüm. (Bunun səbəbi nədir?)
O dedi: Hər şeydən əvvəl de görüm sən kimsən?
Dedim: Adəm övladıyam və İslam Peyğəmbərinin (s) ümmətindənəm.
O dedi: Hansı tayfadansan?
Dedim: Nübüvvət (Peyğəmbərin (s)) tayfasındanam.
Məndən soruşdu: Harada yaşayırsan?
Dedim: Mədinədə.
O dedi: Sən Cəfər ibn Məhəmməd Sadiq deyilsən?
Dedim: Bəli.
Mənə etiraz edərək dedi: Sənin Peyğəmbər tayfasından olmağının heç bir faydası yoxdur. Çünki sən ata-babalarından çatan elmi tərk etmisən və lazım olan elmdən xəbərsizsən.
Dedim: Hansı elmdir o?
Dedi: Allahın göndərdiyi kitab, Quran.
Dedim: Quranın hansı ayəsindən xəbərim yoxdur? Dedi: Bu ayədən (“Ənam» surəsinin 162-ci ayəsindən) xəbərin yoxdur ki, Allah-Taala buyurur: «Yaxşılıq eləyənə on qat artıq savab verilər. Pislik eləyənsə yalnız etdiyi pislik qədər cəzalandırılar».
Mən iki ədəd çörək və iki nar oğurlamışam. Bu ayəyə əsasən, mənə dörd günah yazılır. O biri tərəfdən isə mən bunları bir xəstə yoxsula verdim. Bunların hər biri üçün 10 savab yazılır. Deməli, mənə 40 savab yazıldı. Əvvəlki 4 günahı 40-dan çıxsaq, yerdə 36 savab mənim üçün qalacaq.
Mən onun bu sözlərini eşidəndə dedim: «Anan yasında otursun!» (Ərəb dilində bir növ tənqiddir.) Quran ayələrindən xəbərsiz sənsən! Bunu eşitməmisən ki, Allah-Taala buyurur:
«Allah-Taala yaxşı işləri təkcə yaxşı işlərlə məşğul olan adamlardan qəbul edir». Sən iki ədəd nar və iki ədəd çörək oğurladığına görə dörd günah qazanmısan. O biri tərəfdən bunların yiyəsinin icazəsi olmadan bağışlamısan. Bu da dörd günah. Deməli, sən heç bir savab iş görmədən 8 günah qazanmısan. Ona bu sözləri deyəndə özünü itirdi və həsrətlə mənə baxdı. Mən isə ondan ayrıldım».
İmam Sadiq (ə) söhbətinin davamında buyurur: «Bu cür çirkin fikirlərlə həm özlərini, həm də camaatı yoldan çıxarırlar».
Bu hadisədən nəticə alırıq ki, yanlış fikirlərin xətəri o qədər böyükdür ki, hətta insanı Allahın kitabı olan Qurana da əl gəzdirməyə gətirib çıxarır. Belə ki, Quran cahil şəxslərin əlində onu hər şəklə sala biləcəyi bir xəmirə bənzəyir. Ona görə İmam Sadiq (ə) belə şəxslərin Quranı məna etmələri haqqında xəbərdarlıq edir.
İmam Sadiq (ə) yanlış fikirdə olan o şəxsin işlərini ifşa etdi ki, camaat onun sözlərinə aldanmasınlar. Çünki islam dinində belə şəxslərin ifşası lazımlı iş sayılır. Həzrət söhbətinin sonunda buyurur:
«Xoş halına o kəslərin ki, islam Peyğəmbərinin (s) buyurduğu kimidirlər.
Yəni din elmini adil şəxslərdən öyrənir və bu elmin köməyi ilə özlərini və yaşadıqları cəmiyyəti nahaq şəxslərin təhrif etdiyi işlərdən, batil adamların nahaq sözlərindən və nadan şəxslərin əyri fikirlərindən uzaqlaşdırırlar.
İmam Sadiqin (ə) bu şəxsə göstərdiyi münasibətdən aydın olur ki, islam dininin həqiqətlərini dəyişdirmək istəyən şəxslər xalq arasında ifşa olunmalıdırlar. Başqa sözlə, xalq arasında tanınmış və nüfuzlu şəxsiyyətlər əyri yollara çəkilən zaman onlarla əqidə mübarizəsi aparıb iç üzlərini açmaq lazımdır. Belə olmasa onlar öz nüfuzlarından istifadə edib başqalarını da əyri yollara çəkəcəklər.
Misal üçün, şərab içib sükan arxasında oturan sürücüyə həddini göstərmək lazımdır, çünki onun bu işi cəmiyyətlə bağlıdır və o, sərxoş halda idarə etdiyi maşınla sərnişinlərin canını xətərə salır. Lakin evində gizlin şərab içən şəxsi ifşa etmək və onu xalq arasında rüsvay etmək düz deyil. Çünki o, Allahın qoyduğu yoldan təkcə özü çıxdığı üçün cəzasını da özü alacaq.