Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Sentyabr 2015

Həcc şəhidinin özünü görmək istəyən qızı

İran radio-televiziya şirkətinin ilk gözdən əlil diktoru ilə söhbət
1987-ci ildə Məkkə küçələri iranlı zəvvarların qanına bulaşdı. 1981-ci ildən həccdə İsrail və ABŞ-ın cinayətlərinə etiraz olaraq “Bəraət” aksiyası keçirən İran zəvvarları Səudiyyə Ərəbistanının polis və hərbi qüvvələri tərəfindən atəşə tutuldu. Qırğında 202 nəfəri qadın olmaqla 325 iranlı zəvvar şəhadətə çatdı. Onlardan biri də cənab Əlayi idi...

***

Məsih Əlayi İran radio-televiziya şirkətinin ilk əlil diktorudur. Görmə qabiliyyətini itirmiş xanım Əlayi bir televiziya verilişinin aparıcısı olmaq məsuliyyətini öz üzərinə götürüb. Veriliş əlillərə aiddir və onun aparıcılığı həmin zümrədən olan xanıma tapşırılıb.
Mehr jurnalının müxbiri Ətiyyə Himməti yazır: Çəkiliş zamanı kameranın harada olduğunu görə bilməyən, rejissor və operatorun işarələrini izləmək imkanı olmayan bir insanın televiziya verilişi aparması ilk baxışdan qəribə görünür. Amma “Qabarıq nöqtələr” verilişinin rejiosoru Peyam İbrahimpur və Üfüq şəbəkəsinin sabiq rəhbərlərindən olan Səid Əşnab bu məsuliyyəti öz üzərinə götürüb. Bəli, İran televiziyasında ilk dəfədir ki, gözdən əlil insan aparıcılıq edir. Əlillərə həsr olunmuş bu verilişdə söhbətin səmimiliyi həm də bu faktorla şərtlənib.
“Qabarıq nöqtələr” verilişi barədə xəbər hazırlamaq bəhanəsi ilə xanım diktorla görüş baş tutdu. Xanım Əlayi söhbət zamanı işindən, şəxsi həyatından danışdı. Müsahibə xanım diktorun evində həyata keçdi. Söhbət gedişində xanım Əlayi bir neçə dəfə ayağa qalxıb qonaqlara şərbət və çay gətirdi. Bu verilişdə hər şey real idi.
Məsih Əlayi şəmsi 1357-ci il (43 il öncə), mehr ayının 22-də Tehranda dünyaya gəlib. Atası ordu yaradıcılarından olub. Onun işi ilə əlaqədar ailə Məsih 2-ci sinifdə oxuyanda Dezfula köçüb. 2-ci, 3-cü sinifləri həmin şəhərdə məktəbə gedib. 3-cü sinifdə oxuyanda atası Məkkədə qanlı cümə günü şəhadətə çatıb. Xanım Əlayi ilə müsahibə də həmin günə təsadüf etdi. Sonra genetik xəstəlik səbəbindən görmə qabiliyyətini itirib. O zaman xanım Məsih Əlayinin cəmi 10 yaşı olub. 4-cü sinifdən artıq əlillər məktəbində oxumağa məcbur olub. Əlillərin istifadə etdiyi brayl xəttini öyrənməyə məcbur olub. Özü deyir ki, görmə qabiliyyətini itirməsi çox sürətlə baş verib. Gözdən əlillər məktəbinə getmək xəbəri onun üçün dəhşətli olub. Deyir ki, həmin günlər hər gecə mələfəni başıma çəkib ağlayardım. O günləri yada salanda üzüldüyünü bildirir. Xanım Əlayi deyir: “Anam sinifdə yanımda oturardı ki, mən yeni mühitə alışım. Hər sinifində 30 şagird olan məktəbdən hər sinifində 8 nəfər şagird olan məktəbə keçirildim. Xoşbəxtlikdən gözəl müəllimlərimiz vardı. Bizimlə gözəl rəftar edirdilər. Anam da mənim görmə qabiliyyətimi itirməyimə faciə kimi baxmırdı. Mənə görən uşaqlar üçün adi sayılan işlərə icazə verirdi. Yaşıdlarımla evdən bayıra çıxır, gəzirdim. Amma o biri dostlarıma evdə belə icazə vermirdilər. Anamın bu münasibəti mənim müstəqil inkişafıma kömək etdi.”
Diktor xanım 1375-ci ildə (19 il əvvəl) Əllamə Təbatəbai Universitetində hüquqşünas ixtisasına yiyələnib. Əlaçı tələbələrdən olub. Universiteti başa çatdırandan sonra əlillik səbəbindən təhsilini davam etdirə bilməyib. Beləcə işləməyə başlayıb. Xanım Əlayi deyir: “Bizim şəraitimizdə təhsil almaq çox çətindir. Bütün kitablar oxunmalı, lentə yazılmalıdır. Gedib-gəlmək də bir problemə çevirilir. Beləcə işləmək qərarına gəldim. Elə o zamandan radio-televiziya şəbəkəsində çalışıram. Şirkətdə gözdən əlillər üçün xüsusi qurğular var. Kompyuterdən istifadədə heç bir problemim yoxdur, hamı kimi işləyirəm.” Xanım Əlayi 85-ci ildə, təqribən 10 il bundan öncə yenidən oxumaq qərarına gəlib. Təhsilini davam etdirmək məqsədi ilə Quran və hədis universitetinə qəbul olub. Təhsili ən yüksək qiymətlə başa vurub.
Xanım Əlayinin şair zövqü, yazıçılıq istedadları səbəb olub ki, radio-televiziya şirkətində çoxlu təkliflər alsın. O deyir: “Ədəbiyyat ixtisasına yiyələndiyimdən, həm də ədəbiyyatı sevdiyimdən bu sahədə çoxlu təkliflər gəlirdi. Hətta bir neçə dəfə səhnəyə çıxdım. Amma aparıcılıq məsuliyyətini qəbul etmək istəmirdim. “Qabarıq nöqtələr” verlişinin rejisorunun uzun-uzadı israrlarından sonra aparıcılıq məsuliyyətini qəbul etməli oldum. Əvvəlcə cənab Peyam İbrahimpurun təklifini rədd etdim. Sonradan bu işi bacaracağım barədə düşünüb məsuliyyət hiss etdim. Beləcə təklifə müsbət cavab verdim.”
Xanım Əlayi əlillərin səhnədəki durumundan, onlara münasibətdən razı deyil. O düşünür ki, informasiya şəbəkələri, o cümlədən radio-televiziya verilişləri əlillər düzgün yanaşmır. Onlara bir növ çarəsiz insan kimi baxırlar. Bu isə əlillərin özünə olan inamını qırır. Xanım Əlayi deyir: “Adətən televiziya verilişlərinə fərqli istedada malik əlillər dəvət olunur. Məsələn əli ilə rəngləri seçə bilən bir koru dəvət edirlər. Gözdən əlil insanın bir insanı yerişindən tanıması onun verilişə dəvət olunmasına səbəb olur. Amma əksər əlillərin xüsusi istedadları yoxdur. Amma onlar cəmiyyətimizin bir hissəsidir. Əlili elə göstərməyə çalışırlar ki, bu vəziyyətə düşməsinə ya özü, ya da ailəsi müqəssirdir. 80 faiz əlil qonaqlarda dediyim xüsusiyyətləri müşahidə edə bilərsiniz. Bu verilişdə isə biz formatı dəyişməyə çalışdıq. Əlili adi insan kimi göstərməyə cəhd etdik. O şəxsi işlərini görə bilir, özündən və Allahından razıdır. Çox vaxt insanlar elə düşünür ki, əlil ehtiyac duyduğu əksər işləri görə bilmir. Hətta dostlarım qonaqlıqda mənim meyvə yuyub, süfrəyə gətirməyimə təəccüb edirlər. Hansı ki, bu mənim üçün çox adi işdir. Amma bizim bu işlərimizə möcüzə kimi baxırlar. Biz bu verilişdə həmin steriotipi aradan qaldırmağa çalışdıq. Adi insanlar kimi ehtiyac duyduğu işləri görə bilən əlilləri dəvət etdik. Xalq bilməlidir ki, əlil insan da adi insan kimi 5 hiss üzvündən faydalanır. O da sağlam insan kimi işini görür, sadəcə başqa bir üsulla. Əlillik onun hiss üzvünü əlindən ala bilməz. Həyat pilləsi ilə hamı yüksələ bilər. Amma kimsə əlinə əsa alır, kimsə əsasız hərəkət edir.”
Xanım Əlayi əlillər üçün əsas problemlərdən biri kimi onların ailə qurmaq imkanlarını göstərir. O vurğulayır ki, əlillərin bu sahədə çətinliyinin əsas səbəbi onların əlil olması yox, onlar haqqında yanlış təsəvvürdür. Xanım Əlayi deyir: “Bir əlil xanımın ailə qurmasından söz düşəndə bunu təəccüblə qarşılayırlar. O necə xorək hazırlayacaq, necə ev işləri görəcək? Gözdən əlil tanışlarımdan birinə elçi gəlmişdi. Onunla ailə qurmaq istəyən şəxs demişdi ki, evdə iplər çəkərəm, bu iplərdən tutub rahat hərəkət edərsən. Görün əlil haqqında nə düşünürlər! Bəzən məndən soruşurlar ki, ev işlərini həyat yoldaşın görür? Deyəndə də ki, bu işləri özüm görürəm, təəccüb edirlər. Bəli, bizim köməyə ehtiyacımız olur. Ola bilər ki, mən evi tozsorana verəndə döşəmənin üzərində nəsə qalsın. Bu zaman həyat yoldaşım mənə kömək edir. Bunun eybi yoxdur.”
Ailə həyatından söz düşür. Xanım Əlayi deyir: “Həyat yoldaşım məni ilk dəfə iş yerində görmüşdü. Özü deyir ki, elə o zaman onda mənə qarşı bir münasibət yaranıb. Əvvəl qorxdum. Heç vaxt inanmırdım ki, kimsə mənimlə ailə qurmaq istəyə. Təbii ki, sağlam insanı nəzərdə tuturam. Doğrudan da cəmiyyətimizdə sağlam adamın əlillə ailə qurmasına bir mənalı yanaşılmır. Elə düşünürlər ki, əlil insan hökmən əlil insanla ailə qurmalıdır. Ya da ümumiyyətlə ailə qurmamasını münasib sayırlar. Mənim həyatda, təhsildə böyük uğurlar qazanmış gözdən əlil rəfiqələrim var ki, ailə həyatı qurmaqda çətinlik çəkirlər. Mən də qorxurdum. Qorxurdum ki, münasibət tez dəyişə, ailəsi məni bəyənməyə, mənimlə yaxşı rəftar olunmaya. Həyat yoldaşımın çox hörmətli bir ailəsi var. 9 illik müştərək həyatımızda öz ailəmdəkindən də üstün bir münasibətlə rastlaşmışam.”
Məsih Əlayi İran televiziyasının ilk gözdən əlil aparıcısıdır. Olsun ki, onun bu seçimi başqa əlillər üçün də yol açdı. Əlillər verilişlərdə təkcə qonaq olmadılar. Xanım Əlayi deyir ki, əvvəllər diktorluğu rahat bir iş sayırdım. İndi isə bunun bir sənət olduğunu düşünür. O deyir: “İlk addımda mənə elə gəlirdi ki, əla diktorluq edirəm. Zaman ötdükcə, öz verilişlərimi izlədikcə başa düşdüm ki, bu bir böyük sənətdir. Hətta sonralar bu işdən uzaqlaşmaq istədim. Düşünürdüm ki, diktorluq üçün cəsarətim bəs etmir. Çünki məndə utancaqlıq hissi güclüdür. Özüm həssas olduğumdan verilişdə qarşı tərəfin də tez inciyəcəyindən ehtiyatlanıram. Rejisorun qərarı əsasında veriliş orijinal olur, qonaqla hansısa məqamlar əvvəlcədən razılaşdırılmır. Veriliş gedişində gözlənilməyən hadisələr baş verir. İki əlilin söhbəti doğrudan da bir hadisədir. Əksər dostluq münasibətlərində ilk addım atan qarşı tərəf olub. Amma verilişdə bu missiyanı dəyişməli olmuşam. Mən diktoram, ev sahibiyəm və qonaqla arada olan buzu əridib münasibət qurmalıyam. Buna görə bəzən nigarançılıq keçirirəm. Amma əminəm ki, bir əlillə isti münasibət qurmaq əlil üçün daha asandır.”
Xanım Əlayi deyir ki, onların verilişində hər şey təbiidir, çəkiliş zamanı məqamlar əvvəlcədən müəyyənləşdirilmir. O deyir: “Əgər verilişdə meyvə əlimdən düşərsə və ya adi çay əvəzinə nanəli çay təklif edirəmsə bütün bunlar təbiidir, öncədən razılaşdırılmayıb. İlk verilişlərdən birində istəkanı siniyə qoymaq istəyəndə meyvə şirəsini süfrəyə dağıtdım. İlk verilişlərdə belə bir hadisə baş verməsi mənim üçün xoş deyildi. İndi isə hansısa əşyalara bilmədən toxunmaq və onu sonradan yerinə qaytarmaq adi hal alıb. Çəkilişdən istisna hallarda hansısa hissə çıxarılır. Bir verilişdə meyvə əlimdən düşdü, onu qonaq yerdən qaldırıb mənə verdi. Rejisor bu hissəni kəsmədi. Bu bizim həyatımızdır. Bu həyatı olduğu kimi göstərmək maraqlıdır. Gözdən əlil şəxs sizə meyvə təklif edəndə sizi o görmür deyə düz dayanmayın, qarşıdakı insan sizi görürmüş kimi ehtiram əlaməti olaraq bir qədər qəddinizi əyin.”
Risk edib xanım Əlayiyə qeyri-adi bir sual veririk. O kimin çöhəsini görmək istəyir, kimin simasından sarı darıxır? Maraqlı cavab verir: “Ata-anamın çöhrələrindən sarı darıxmışam. Amma bir gün gözlərim açılsaydı dərhal güzgünün qarşısına qaçıb öz çöhrəmə baxardım. Özümü görmək üçün darıxmışam. Həyat yoldaşımın çöhrəsini görmək istəyərdim. Bu ona görə deyil ki, onun görkəmi mənim üçün maraqlıdır. O dünyanın ən çirkin insanı olsa da mənim üçün əzizdir. Amma çöhrəsini görmək maraqlı olardı. Təbii ki, zehnimdə onun çöhrəsini təsəvvür edirəm. Əminəm ki, çox mehriban gözləri var.”
Gözdən əlilliyin məhdudiyyətlərindən söz düşəndə dərhal kitabdan danışır. Deyir: “Çox istəyirəm ki, kitab oxuyum. Amma bacarmıram. Axı mən şeir və ədəbiyyat aşiqiyəm. Ötən gün bir şeir mərasimində iştirak edirdim. Mərhum Qeysər Əminpurun kitabını hədiyyə verdilər. Kitabı əlimə alanda çox sıxıldım. Çox istəyirdim ki, kitabı açıb oxuya bilim. Şeir oxumaq özü də bir sənətdir. Mən kitab oxuya bilməsəm də yaxşı şeir oxuyuram. Saleh Əla, Sədrəddin Şəcərə, Əbdülcəbbar Kakainin şeir oxumasını çox sevirəm.”
Bəli, biz işgüzar bir xanımla söhbətləşirik. O hər gün müəyyən saatda iş başında olmalıdır. Onun işə necə gedib-gəlməsi də bizim üçün sual idi. Dedi: “Mən işə gedib-gəlmək üçün şirkətin nəqliyyat vasitələrindən istifadə edirəm. Başqa yerə gedəndə taksi çağırıram. Bir neçə dəfə yıxılıb əzilmişəm. Etiraf edim ki, ara bir deyinməyim də olub. Əlbəttə ki, özümü danlayıram ki, nə üçün ehtiyatsızlıq edirsən! Allahı çox sevirəm, Onunla çox danışıram. Belə də olur ki, korluq səbəbindən bir işi bacarmayanda Allaha gileylənim. İnsanın qəlbinə toxunan hallar olur. Yaxın hesab etdiyim bir şəxsdən xahiş etdim ki, yol xərcini ödəyərəm, mənimlə səfərə çıxsın. Dedi yol xərcini versən də, vaxtımın əvəzini verə bilməzsən, vaxtım yoxdur. Belə münasibətlər insanın qəlbini qırır. Belə vaxtlarda Allaha gileylənirəm.
Diqqətimizdən yayınmayan nöqtələrdən biri də xanım Əlayinin səhnə geyimi oldu. O xüsusi bir zövqlə geyinir. Rənglərin seçimi barədə soruşduq. Dedi: “Mən rəngləri çox sevirəm. Alış-verişə gedəndə məni müşayiət edən adama hansı rəngdə libas istədiyimi deyirəm. Yəni rəngi özüm seçirəm. Geyimə uyğun baş örtüyü götürürəm. Səhnə paltarlarımı rənginə görə ayırmışam. Birinci sırada ağ rəng geyim və örtüklər gəlir. İkinci sırada mavi və bənövşəyi rəngdir. Üçüncü sırada sarı və narıncı kimi isti rənglər dayanır. Beləcə rənglərə görə qruplaşdırma aparıram. Libasların üzərində brayl xətti ilə qeydlər qoymuşam.”

Vilayet.nur-az.com


1603 بازدید
در حال ارسال اطلاعات...