Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Yanvar 2014

Ərdəbilin cümə namazı – 3 yanvar (13 dey)

Birinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Təqvasızlıq insana əbədi həyatda peşmançılıq yaşadır. Allah-Taala Qurani-Kərimin bir sıra ayələrində öz həyat tərzindən peşman olmuş insanlardan söz açır. Allah onların dilindən tez-tez "ləytə" sözünü işlədir. Bu söz "ey kaş" mənasını bildirir. Allahın bu sözü təkrarlaması bizə lütfdür. Ona şükr etməliyik ki, cəhənnəm əhlinin peşmançılığını bu dünyada yadımıza salır. İbrət götürsək əbədiyyətdə bu söz dilimizə gəlməz. Quranın bu ayələrini oxuyanda sanki həmin insanlarla söhbət edirsən.
İlk "ləytə" sözü ilə belə bir ayədə rastlaşırıq:

فَقَالُوا یَا لَیْتَنَا نُرَدُّ وَلَا نُکَذِّب بِآیَاتِ رَبّنَا


"Ey kaş, dünyaya qayıdaydıq." (Ənam, 27).
Deyirlər ki, dünyaya qayıtsaydıq, Allahın ayələrini təkzib etməzdik. İkinci halda arzulayırlar ki, ey kaş, torpaq olaydıq. (Nəbə, 40).

یَقُولُ الْکَافِرُ یَا لَیْتَنِی کُنتُ تُرَابًا


Bu dünyadan gedəndən sonra insan öz həqiqi qiymətini görüb torpaqdan qiymətsiz olduğunu anlayır və arzu edir ki, ey kaş, torpaq olaydım. Amma bu arzular həyata keçəsi deyil.
Üçüncü məqamda arzu edir ki, ey kaş, əməllərimdən qaçmaq üçün bir yol olaydı. (Zuxruf, 38).

قَالَ یَا لَیْتَ بَیْنِی وَبَیْنَکَ بُعْدَ الْمَشْرِقَیْنِ فَبِئْسَ الْقَرِینُ


Dördüncü "ləytə" deyiləndə arzu olunur ki, ey kaş, dünyada ibadət əhli olaydım. (Əhzab, 66).

یَا لَیْتَنَا أَطَعْنَا اللَّهَ وَأَطَعْنَا الرَّسُولَ


Deyər ki, ey kaş, namaz qılaydım, xeyir iş görəydim. Allah və Onun rəsuluna itaət edəydim.
Beşinci məqamda arzu edir ki, ey kaş, şirkə bulaşmayaydım. (Kəhf, 42).

یا لَیتَنِی لَم أَشرِک بِربِّی أَحَداً


Deyər ki, ey kaş, hər şeyin Allahın qüdrət əlində olduğuna inanaydım, Allahdan qeyrisinə ümid bağlamayaydım, inadkarlıq göstərmədən "hər şey Sənin əlindədir" deyəydim.
Altıncı məqamda deyir ki, ey kaş, Peyğəmbərə bənzəyəydim. (Fürqan, 27).

یالَیتَنِی اِتَّخَذتُ مَعَ الرَسُولِ سَبِیلاً


Deyər ki, ey kaş, məni Peyğəmbər məqsədinə çatdıracaq yol seçəydim. Peyğəmbərə bənzəməməyimiz böyük müsibətdir. Peyğəmbərin həyat tərzi, rəftarlarından uzaq olmaq bədbəxtçilikdir.
Yeddinci məqamda "ey kaş, filan kəsi dost seçməyəydim" deyər. (Fürqan, 28).

یاوَیلَتی لَیتَنِی لَم أَتَّخِذُ فُلاناً خَلِیلاً


Görün pis dostlar insanı necə bədbəxt edir! Pis dost insanı azğınlığa sürükləyir, günaha aparır, həyatına od vurur, ömrünü puça çıxarır.
Səkkizinci məqamda insan "ey kaş" deməklə ölüm arzulayır. (Haqqə, 25).

یالَیتَها کَانَتِ القَاضِیَه


Deyər ki, ey kaş, canım çıxandan sonra hər şey başa çataydı.
Doqquzuncu arzu əməl naməsi ilə bağlıdır. Arzu edər ki, ey kaş, əməl naməmi əlimə verməyəydilər. (Haqqə, 25)

و أَما مَن أُوتِیَ کُتُبِهِ بِشِمالِه فَیَقُولُ یالَیتَنی لَم أُوت کِتابِیهِ وَ لَم أَدرِ ما حِسابِیهِ


Əməl naməsini sol əlinə alan şəxs arzu edər ki, ey kaş, naməni əlimə verməyəydilər, hesab-kitabın nə olduğunu bilməyəydim.
Bəli, bu dünyada hesab-kitabsız yaşayan insan axirətdə belə arzular dilə gətirir. Çünki varlıq aləminin hesabı var. " Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!" (Yunus, 61).

وما یغرب عن ربک من مثقال ذرة فی الأرض ولا فی السماء


Onuncu məqamda arzu edir ki, ey kaş, dünya həyatından axirət üçün azuqə götürəydim. (Fəcr, 24)

یا لَیتَنی قَدّمتُ لِحَیاتی


Ayəyə diqqət yetirsək görərik ki, əsl həyat dünya həyatı yox, axirət həyatı sayılır. İnsan arzu edir ki, ey kaş, əbədiyyət üçün bir iş görəydi.
Əzizlər! Bu "ya ləytəni" kəlmələrini yazın və həmin sözlərlə nəfsinizə öyüd-nəsihət verin.
İnsan üçün ən böyük peşmançılıq budur ki, böyük var-dövləti olsun, övladları üçün geyim, maşın, bir sözlə, hər şey alsın, amma axirəti üçün bir iş görməsin. Axirətdə bundan böyük peşmançılıq yoxdur ki, bütün var-dövlətini vərəsələri üçün dünyada qoyub boş əllə gəlsin. Bu sərvət üçün zəhmət çəkilib, tər axıdılıb. Əziyyəti ölənə qalıb, ləzzəti vərəsələrə. İnsana deyilər ki, nə üçün var-dövlətinə xəzinədar oldun?! Yəni ondan istifadə etmədin. İnsan üçün ağır dərddir.
Vəqf həftəsində yaşayırıq. Vəqf odur ki, insan dünyadan gedəndən sonra da öz malına nəzarət edir. Dünya həyatı ilə əlaqə kəsiləndən sonra insan vəqf etdiyi malın səmərəsini görür. Allah vəqf olunmuş malın savabını insana çatdırır. Əgər ehtiyacınızdan artıq malınız varsa onu xəstəxana, məktəb kimi cəmiyyətə faydalı yerlərə vəqf edin. Bu işi görməyən insan necə rahat yata bilər?! Sən tox qarına yatdığın zaman kimlərsə aclıqdan əziyyət çəkir. Peyğəmbər (s) buyurur ki, qonşusu ac ikən tox qarına yatan insan mənə iman gətirməyib. Həzrət (s) buyurur ki, bir məntəqədə ac insanlar varkən toxlar rahat yatırsa Allah qiyamət günü onlara mərhəmət gözü ilə baxmaz. Bəli, ehtiyaclıları bizə tapşırıblar. İmam Sadiq (ə) buyurur ki, varlı şiələrimiz ehtiyaclılara münasibətdə bizim əmanətçilərimizdir. (Üsuli-Kafi). Həzrət buyurur: "Onları (ehtiyaclıları) qorumaq bizi qorumaqdır. Bizi onların arasında hifz edin." Sonra həzrət həmin insanlar üçün dua edir. Onları "əmin" adlandırır. Əgər bir şəxs əmanətə xəyanət edərsə ondan əmanəti geri alarlar. Geri almağın da növləri var. Həzrət Əli (ə) buyurur ki, Allah insanlara yardım üçün bəzi bəndələrinə sərvət verib. Nə qədər ki, əlləri açıqdır sərvətləri yerindədir. Elə ki əllərini sıxdılar, sərvətləri geri alınar. Necə də gözəl sözdür: Kim vəqf etsə Allah bu adamın dünyada sədəqə verdiyini yazar. Həzrət Əli (ə) buyurur: "Hər kəs vəsiyyət etsə, (vəsiyyətdə) zülmə yol verməsə, (varislərə) zərər vurmasa, öz həyatında sədəqə vermiş kimidir." (Üsuli-Kafi). İmkan tapanda rəvayət kitablarına nəzər salın. Görün Peyğəmbər və İmamlar öz sərvətlərini necə vəqf ediblər. Peyğəmbər və İmamların vəqf qapısı adlı bir qapı açıblar.
İmam Səccad (ə) üç dəfə xəstələnir və hər dəfə xəstələnəndə vəsiyyət edir ki, filan malımı filan yerə xərcləyin. Xəstəlikdən şəfa tapır və vəsiyyətləri yerinə yetirilir.
Həzrət Peyğəmbər (s) bir yəhudinin ona verdiyi 7 bağı vəqf edir. Əmisi Abbasa irs çatmır. Həzrət Əli (ə) Mədinədəki evini ehtiyaclı xalalarına vəqf edir və yazır ki, onlar həyatdan gedəndən sonra müsəlman hacıların istifadəsinə verilsin. (Təhzibul-əhkam).

لا تباع ولا توهب حتى یرثها الله الذی یرث السماوات والأرض


Vəqf satılmır, hədiyyə verilmir. Yer və göy Allahındır və Ona çatasıdır. İmam Sadiq (ə) öz evini yoxsul yaxınlarına vəqf edir. Vəqfnamədə yazır ki, bu insanlar həyatdan köçəndən sonra başqa ehtiyaclılara sərf olunsun. Həzrət Peyğəmbərin (s) dövründəki müharibələrdən birində həzrət Əliyə (ə) də bir qədər torpaq çatdı. Həzrət (ə) külüng götürüb bu torpaqda o qədər çalışdı ki, su fəvvarə vurdu. (Vəsailuş-şiə).

فخرج منها ماء ینبع فی السماء


Həzrət həmin quyunun adını "yənbə" qoyur. Bu ad dəvənin qalxan boynuna işarədir. Adamlar oraya toplaşıb öz aralarında danışırlar ki, bundan sonra Əlinin vərəsələri möhtac olmayacaq. Görün bu torpaqdan necə sərvət çıxmışdı. Həzrət kağız-qələm istədi və yazdı ki, quyunun suyu bütünlüklə sədəqədir. Kimin üçün? O insanlar üçün ki, həcc yolunda burada dayanıblar, ehtiyaclıdırlar. Həzrət vəqfnamənin sonunda bu vəqfi pozan adamlara lənət də yazdı.
Əzizlər! İxtiyarınızda olan ehtiyacdan artıq malla cəmiyyətin bir çox problemlərini həll etmək olar. Nə qədər ki, məkan və zaman divarları aradan qalxmayıb bu əməlin faydasını dərk etməyəcəyik. Görün məsihilər necə vəqf edir! İsveçdə bir şəxs bütün sərvətini elmin inkişafı yolunda vəqf edib. Böyük bir universitet yaradıb. Bu universitetdə saysız tələbələr təhsil alır.
Əndəlus dediyimiz İspaniyada bir zaman müsəlmanlar məğlubiyyətə uğrayıb. Keşişlər məsihilərə göstəriş verdi ki, üzüm bağlarını vəqf etsinlər. Vəqfdə yazdılar ki, üzümdən şərab çəkilsin, müsəlmanlara çatdırılsın. Kilsə əmr etdi ki, həzrət Məsihin adı ilə ən gözəl qızlarınızı müsəlman gənclərin ixtiyarına verin. Nəticədə müsəlman gənclər günah bataqlığında qərq oldu. Onlar məst halda küçələri dolaşırdılar. Onları qətliam etdilər. Həmin dövrün ən böyük qətliamı bu oldu.
İnşaallah, şahid olarıq ki, vəqf cəmiyyətin iqtisadi və ideoloji problemlərini həll etməyə qadirdir. Məntəqədə bu sahədə böyük bir addım atılar və ustanımız nümunə göstərilər. Mən vəqf edən möhətərm şəxslərə təşəkkürümü bildirirəm, Allah-Taaladan onlar üçün lütf diləyirəm.


اعوذ بالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم


İkinci xütbə

-İlahi təqvaya dəvət
-İlahi vədlərin həyata keçməsi həqiqəti
-17 deydə Rza xan Pəhləvi tərəfindən hicabın ləğvi hökmünün ildönümü
-Hicabsızlıqdan böyük fitnə yoxdur
-Hicabın düşüncəli müdafiəsində böyük vəzifəmiz
-Bəzi qərb filmlərinin analizi

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm.
Əzizlərim, Allahın vədləri haqdır. Öz vədində Ondan sədaqətlisini tapmaq olarmı?! Nisa surəsinin 122-ci ayəsində oxuyuruq:

وَمَن أَصدَقُ مِنَ اللَّهِ قیلًا


"Allahdan daha doğru danışan kimdir?!"
Allah Quranda buyurur ki, məbada Mənim vədlərimə səhlənkarlıqla yanaşasınız. Loğman surəsinin 33-cü ayəsində buyurulur:

یَا أَیُّهَا النَّاسُ اتَّقُوا رَبَّکُمْ وَاخْشَوْا یَوْمًا لَّا یَجْزِی وَالِدٌ عَن وَلَدِهِ وَلَا مَوْلُودٌ هُوَ جَازٍ عَن وَالِدِهِ شَیْئًا


"Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. (Qiyamət günü mütləq gələcəkdir). Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın." Allah-Taala bütün bəşəriyyətə müraciət edir. İnsana xəbərdarlıq olunur ki, qarşıda kimsənin yardım edə bilməyəcəyi bir gün var. Sonra Allah Öz vədinin haqq olduğunu vurğulayır. Məbada, bu dünya sizi məst etsin!
Fatir surəsinin 5-ci ayəsində oxuyuruq:

یَا أَیُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ فَلَا تَغُرَّنَّکُمُ الْحَیَاةُ الدُّنْیَا وَلَا یَغُرَّنَّکُم بِاللَّهِ الْغَرُورُ


"Ey insanlar! Şübhəsiz ki, Allahın (qiyamət barəsindəki) vədi haqdır. Dünya həyatı sizi aldatmasın. O tovlayan (Şeytan) da sizi tovlayıb yoldan çıxartmasın!"
Allah-Taala iki məqamda öz vədlərinin haqq olduğunu vurğulayır. İnsana xəbərdarlıq olur ki, dünya həyatının şirinliyi, şeytanın hiylələri onu aldatmasın, Allahın hüzuruna boş əllə gəlməsin.
Əzilər! 17 dey ərəfəsindəyik. Bu gün biz iranlılar üçün hüzn günüdür. Həmin gün savadı olmayan, yazıb-oxumağı bacarmayan, "ədl" sözünü "həmzə" ilə yazan, şər əlində vasitə olan bir şəxsi İran xalqının boynuna mindirdilər. Bu şəxs Rzaxan idi. Rzaxan hicabın ləğvini göstəriş verdi.
Rzaxan Avropa və Türkiyəyə səfər etdi, hicabsız xanımları görüb yeni mədəniyyət yaratmaq fikrinə düşdü. Bir şəhəri o zaman gözəl görürdülər ki, qadınlar hicabsız, çılpaq olsun. Əgər bir ölkənin başında duran şəxs bu düşüncədədirsə xalqa fatihə oxumaq lazımdır.
Rzaxan şəmsi 1313-cü ildə Türkiyə səfərindən sonra çadranın ləğvi üçün göstəriş verdi. Hicabın mədəniyyətə düşmən olduğunu söylədi. Ölkədə dərzi və papaqçı dükanları qıfıllandı. Papaqların formasını dəyişmək göstərişi verildi. Qadınlara yeni geyim növü, kişilərə şapka təklif olundu. Avropalılar hörmət əlaməti olaraq şapkalarını çıxarırdılar. İranda da qərar bu oldu ki, milli papaq gerilik əlamətidir, şapkaya keçmək lazımdır. Bu plan həyata keçsə millət mədəniyyət sahibi olacaq! Sözünün davamı bu oldu ki, həbsxana barmaqlıqlarını qırdım, zindandan çıxanların oraya dönməməsi lazımdır. Bütün bu addımlar millətə xəyanət idi.
Rzaxan elan etdi ki, hicabsızlıq mədəniyyət göstəricisidir. Dedi ki, özümüzü dəyişməliyik, yenilik karvanından geri qalmışıq, nə üçün ölkəmiz Avropadan arxada olmalıdır!
Kim etiraz edə bilərdi?! Kim deyə bilərdi ki, Avropanın elm və texnologiyasına sahib olaq. Bir adamı taxta çıxardılar ki, danışmağı da bacarmırdı. Deyirdi ki, oğru bir əsgərin sümüyünü ölkənin maarifindən üstün sayıram. Bu cümlə Rzaxanın məşhur cümləsidir. Dövlət şurası toplayıb tapşırıq verdi ki, qərbə bənzəməliyik. Bir növ etiraf edirdi ki, heç nəyimiz yoxdur. Bütün sözləri millətin məhvinə yönəlmişdi. Dediyi sözləri millət heç zaman unutmayacaq. Sözü bu idi ki, hörmət əlaməti olaraq şapkanızı çıxarın, sonra qadınların hicabını götürün. Deyirdi ki, xalqın hicabdan asanlıqla əl çəkməyəcəyini bilirəm, amma nazirlər və nazir müavinləri İran klubu yaratmalı, orada toplanmalıdırlar. Hikmət adlı təhsil nazirinə göstəriş verdi ki, mədrəsələrdə müəllimələr və qız şagirdlər hicabını açsın.
Etiraz üçün əvvəlcə Təbrizin türk cəmiyyəti ayağa qalxdı. Sonra şirazlılar etiraz etdilər. Ən güclü etiraz Məşhəddə oldu. Məşhəddə İmam Rizanın (ə) hərəmində alimlər və sadə insanlardan ibarət böyük izdiham toplandı. Dedilər ki, şah hicab qadağasını ləğv etməsə, hərəmdən çıxmayacağıq. Məşhəddə ordunun korpus komandirinə hərəmə hücum göstərişi verildi. Ordu komandiri təklif etdi ki, məsələ siyasi yolla həll edilsin, xalqın hissiyyatına toxunulmasın. Komandirin bu sözlərindən əsəbləşdilər, Əlborz adlı xəbis bir hərbiçi oraya ezam olundu. Silahla, tanklarla hərəm ərazisinə daxil oldular. Hərəmdə qətliam baş verdi. Allaha pənah aparıram. Cənazələri yük maşınlarına yığıb hərəmdən çıxarırdılar. Şahidlərin dediyinə görə 56 maşın ölü və yaralı daşındı. Çox alimlər həbs edildi.
Həzrət Peyğəmbər (s) buyurur ki, məndən sonra hicabsızlıqdan böyük fitnə olmayacaq. Bəli, həzrət (s) hicabsızlığı ümmət üçün ən böyük fitnə sayır.

مَا تَرَکْتُ بَعْدِی فِتْنَةً أَضَرَّ عَلَى الرِّجَالِ مِنَ النِّسَاءِ


Hicaba əl uzadanlar iffət və həya oğrularıdır. Rzaxan hicabı çirkin quyruğa bənzədirdi. Deyirdi ki, bu quyruğu kəsəcəyəm. Bu xəbis şəxslər həya oğrularıdır. Cəmiyyətdə həya olmasa hər şey əldən çıxar.
Həya yoxsa düşüncə də yoxdur. Həya yoxsa, din də olmayacaq. Tarixi diqqətlə izləsək nə qədər qadının hicab qadağası səbəbindən böyük sarsıntı keçirib həyatını dəyişdiyini görərik. Əksər qadınlar evdən bayıra çıxmazdı. Öz yaxınlarım arasında bu dərddən dünyasını dəyişən bir xanım tanıyıram.
Artıq dünya dəyişib. Artıq zorla hicabı başdan götürmək olmur. Öz çirkin niyyətlərini dolayı yolla internetlə, filmlərlə həyata keçirməyə çalışırlar. Bir növ zora ehtiyac qalmayıb. Qız və qadınlar hicabsızlığı mədəniyyət hesab edir. Mavi ekranda xalqın gözü qabağında soyunub özlərini nümayiş etdirirlər. Vəzifəmiz məhvimizə plan cızanlar qarşısında ağıllı müdafiə istehkamı qurmaqdır. Düşmənin dolaşıq hiylələri var. Məqsədlərini planla həyata keçirirlər. Rzaxan dövründə proqramla addım atdıqları kimi bu gün də proqramla işləyirlər. Biz bu planları ifşa etməliyik. Evimizə daxil olan televiziya kanallarının işi bəzilərinin düşündüyü kimi sadəcə əyləncə deyil. Əzizlərim, insan xarakteri bir növ oğrudur. İnsan özündən xəbərsiz filmlərdə gördüyünü oğrulayır. Mütəxəssislər bu filmlərin mahiyyətini araşdırmalı, ailələrə açıqlamalıdır. Hər filmin bir mesajı var. Bir peyk kanalının aylıq xərci bir milyard tüməni aşır. Bir filmə neçə milyard pul xərclənir. Düşünməyək ki, bizi sevdiklərindən bu pulu xərcləyirlər. Məqsədləri bizi əyləndirmək deyil. Xərclədikləri pullardan aydın olur ki, böyük məqsədləri var.
Nəzərdə tutduğum filmlərdən bir neçə məqamı yada salmaq istəyirəm. Ey kaş evində peyk anteni olanlar sözlərimi eşidəydilər. Filmə baxırlar və deyirlər ki, vaxt keçiririk. Amma bu filmlərin əksərinin əsas sözü budur ki, ikinci eşq ləzzətli olur. İkinci gün başqa bir filmə baxırsan. Onun da mesajı dünənki filmin mesajıdır. Cəmiyyəti viran qoyurlar. Deyirlər ki, çeynədiyin saqqızın şirinliyi gedəndən sonra onu kənara at. Bu atom bombasıdır!
Üçüncü gecə filmə bir az da həvəslə baxırlar. Mütəxəssislər işin mahiyyətini yaxşı başa düşür. Bu filmlər başdan-ayağa bir mesaj ötürür: Qeyrət cinsi paxıllıqdır, qeyrət namuspərəstlikdir. Bütün bunlar atom bombasıdır.
Dördüncü gecə baxılan filmdə hisslərin demokratiyasından danışılır. Bu nə deməkdir? Mənası budur ki, xanımlar iffətli-iffətsiz olmaqla iki qrupa bölünmür. Əslində iffət adlı bir şey mövcud deyil.
İndi özünüz deyin: Keçmişdə təzyiq çox idi, yoxsa indi? Əgər bu gün bir qız hicaba riayət edirsə qəhrəmanlıq göstərir. Onun məqamı çox yüksəkdir. Çılpaqlıq hünər deyil. İnsan dəyər sorağında olmalıdır. Dinimizdə azad qadınlara ciddi örtünmək əmr olunub. Qədimdə bazarda alış-veriş etmək xanım üçün əskiklik sayılardı, bazara xidmətçini göndərərdilər.
Beşinci gün filmə baxanda bizə təlqin olunur ki, boşanma azadlıqdır. Boşanan şəxs şadlanmalıdır, şirni paylamalıdır! Ayətullah Məkarim Şirazi Tehranın şimalında baş vermiş buna bənzər hadisəyə etirazını bildirdi. Təəssüf ki, bu hadisəni işıqlandırmadılar.
Altıncı gün filmdə gördüyümüz bu olur ki, qadınla kişi arasında istənilən bir məhdudiyyət azadlığa ziddir.
Yeddinci gün gördüklərimiz daha dəhşətli olur. İddia edilir ki, ailədə kişinin yeganə haqqı övladın ona mənsub olmasıdır. Bu da tibbi qurğularla təyin edilir. Onlar üçün artıq xəyanət adlı bir şey yoxdur.
Pərvərdigara! Dünya haraya üz tutub?! Peyğəmbər (s) buyurur ki, qarşıdan yaxşının pis, pisin yaxşı sayılacağı gün gəlir.
Səkkizinci gün baxdığımız filmdə analıq bir dəyər olaraq inkar edilir. Guya qadının qiyməti ondadır ki, ona daha çox göz zillənsin.
Dünyada ana məqamından uca məqam yoxdur. Bu məqamı Allah-Taala xanımlara verib. Qadın yaşa dolanda yaşanmış ömrünə baxıb qiymət verir. Görür ki, həyatında yaxşı yemək, yaxşı geyinmək, daha çox ləzzət almaqdan başqa məqsəd olmayıb. Bəzi qadınlarda dönüb yaşanmış həyatına baxanda məmləkətin borclu olduğu övladlar tərbiyə etdiyini görür. Budur qadının dəyəri.
Doqquzuncu gecə baxdığımız filmdə şahın bir sözü təkrarlanır: Hicab, çadra qadın gözəlliyini örtən qara kəfəndir. Ölkə başçısının bu sözünü eşidəndə xəcalət çəkməmək olmur. Bu sözlərin şərhə ehtiyacı yoxdur. Xalqımız bu cinayət və xəyanətləri heç zaman unutmayacaq.
Onuncu gecəki filmdə valideynlərin övlad qarşısında vəzifəsindən danışılır. Valideynlərə təlqin olunur ki, uşaqların tərbiyəsində əsas məsələ onların cinsi həssaslığını aradan qaldırmaqdır. Elə sözlər danışırlar ki, göy parçalanıb yerə ensə yeri var.
Növbəti filmdə kişilərə qadın sayağı zinətlənmək təklif olunur. Kişiyə qaş-gözünə əl gəzdirmək öyrədilir.
Sonrakı gecə nümayiş olunan filmin bir mesajı olur: Qısa tuman yalnız dərziyə zərərlidir!
Allah-Taaladan istəyimiz budur ki, öz lütfü ilə bu şəri məmləkətimiz üzərindən uzaqlaşdırsın, ailələrimizi ali tərbiyə üsullarının icrasında müvəffəq etsin.

Nur-az.com


1666 بازدید