Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Oktyabr 2015

Rəqiblər İrana qarşı bir cəbhədə

İxvan-sələfi rəqabəti maraqların kölgəsində
Misirin hazırda həbsdə olan sabiq prezidenti Məhəmməd Mürsinin süqutundan sonra Müsəlman Qardaşları (İxvanul-muslimin) təşkilatı siyasi səhnədən çıxarıldı. Qədim dövrdən ixvanla sələfilər arasında bir rəqabət yaşanmışdı. Səudiyyə Ərəbistanı regiondakı proseslərə təsir üçün keçmiş rəqiblər arasında taktiki koalisiya yaratmaq imkanı qazandı. Farhangnews beynəlxalq informasiya agentliyi ixvan və sələfilərin təsis tarixçəsini nəzərdən keçirir. Osmanlı imperatorluğu süquta uğradıqdan sonra parçalanmış İslam dünyasında müxtəlif ideologiyalar, siyasi düşüncələr səhnəyə çıxdı. Osmanlı imperiyası dağılana qədər İstanbulda oturan xəlifə həm siyasət, həm də dinə rəhbərlik edirdi. Xüsusi ilə imperiya ərazisində əksəriyyət təşkil edən sünnə-əhli xəlifəyə qeyd-şərtsiz iqtida edirdi.
Osmanlı imperiyası dağılandan sonra imperialist qüvvələr İslam dünyasında müxtəlif layihələr həyata keçirdi. Güclü təsir altında sıxıntı yaşayan əhali dini təsisatlar yaratmaqla gündəlik həyatını yaşayırdı. Bu təsisatların yaradılmasında əsas məqsəd ümumi xeyriyyəçilik, İslam həyat tərzinin qorunması idi. Bununla belə həmin təsisatlar hər vaxt ali məqsəd olaraq İslam hökumətinin yaradılmasını əsas prinsip kimi nəzərdə tutub və bu istiqamətdə imkan həddində cəhd göstərir.
Miladi 20-ci əsrin 20-30-cu illərində İslam dünyasında iki düşüncə özünü daha çox göstərib. Bu iki təfəkkür İslam prinsiplərinə nə qədər uyğun olmasından asılı olmayaraq son 90 ildə, yəni elə hazırkı dövrə qədər sünnə-əhli camiəsində fəal olub.
1928-ci ildə Misirdə, İskəndəriyyədə İxvanul-muslimin adlı dini hərəkat yaranıb. Hərəkata Həsən Əl-Bənna başçılıq edib. Bu hərəkat qısa bir zamanda İslam dünyasının müxtəlif nöqtələrində şöbələr təsis etməklə böyük nüfuz qazanıb. Hərəkat Seyid Qütb, Məhəmməd Qəzali, Seyid Cəmaləddin Əsədabadi, Məhəmməd Əbduh kimi insanların düşüncəsindən bəhrələnib. Hərəkat daha çox Misirdə möhkəmlənib. Müsəlman Qardaşları qarşıya qoyduğu məqsədlərə çatmaq üçün ideoloji, siyasi, hərbi mübarizəyə başlayıb. Bir neçə dəfə Məlik Faruqun hökuməti tərəfindən faəliyyətləri qadağan edilib. Çoxsaylı üzvləri həbsə alınıb, edam edilib. İxvanül-musliminin dövrün hakimiyyəti ilə mübarizəsi bu günümüzə qədər davam edib. Əlbəttə ki, bu mübarizə yolu eniş-yoxuşlu olub.
İslam dünyasına hakim olan digər cərəyan sələfi cərəyanıdır. Bu cərəyanın başlanğıc tarixini 1932-ci ildə Səudiyyə Ərəbistanı hökumətinin təsisindən hesablamaq olar. Hökumətə Məlik Əbdüləziz İbn Səud başçılıq edib. Əbdüləziz babası Məhəmməd İbn Səud kimi, radikal Məhəmməd İbn Əbdül-Vəhabın ardıcılları olan vəhabilərlə rəqabət aparıb. Bu rəqabətdə Hicaz torpaqlarının böyük bir hissəsini təsir altına ala bilib. Elmi əsasları hənbəli fiqhindən götürülən bu hökumət vəhabi alimlərinə də geniş yer verib.
Müasir tarixə nəzər saldıqda üçüncü bir düşüncə ilə qarşılaşırıq. Bu hazırda İslam dünyasında böyük nüfuza malik olan İmam Xomeyni (r) düşüncəsidir. Bu düşüncə 1979-cu ildə İranda İslam İnqilabından təsirlənib. Müsəlmanlar üçün yeni bir düşüncə tərzi təqdim olunub. Biz üçüncü düşüncə tərzi barədə danışmaq fikrində deyilik.
Sələfilər və İxvan tarix boyu bir-birilərinə rəqib kimi baxıb, müxtəlif dövrlərdə biri o birinin üzərində nüfuz sahibi olmağa çalışıb. Sələfilərin radikallığı və mühafizəkarlığı səbəb olub ki, müsəlmanlar daha çox ixvana meyl etsin. Hənəfilər, şafeilər daha çox ixvana üz tutub. İxvan daha müasir, zamanla daha çox ayaxlaşan bir yol tutub. İxvanın zalım hökumətə qarşı çıxması da ona marağı artırıb. Nəticədə İslam dünyasında yayılan ixvan hərəkatı güclənib, prinsipial tərəfdar toplayıb.
İslam dünyasının ötən 100 illik tarixinə baxdıqda görürük ki, ixvanla sələfilər arasında ardıcıl rəqabət gedib. Hər iki hərəkat İslam dünyasına rəhbərlik səlahiyyətini öz üzərinə götürməyə çalışıb. Gizli və ya aşkar şəkildə bir-birilərini zəiflədəcək addımlar atıblar. Müasir dövrdə baş verən hadisələrə baxdıqda deyilənlər daha çox aydınlaşır. Sələfi-vəhabi ittifaqı xüsusi ilə son 10 illikdə Səudiyyə Ərəbistanının neftdən əldə etdiyi pullar sayəsində ixvanı çox üstələyib. 2002-ci ildə Səudiyyə Ərəbistanının vəliəhdi Naif Küveytin Əl-Siyasət qəzetində Müsəlman Qardaşlarını açıq qılınclayıb. O deyib: “Ərəb dünyasının problemlərinin əsas səbəbkarı İxvanul-muslimindir. Ərəbistanın özündə də bu təşkilat böyük xəsarətlərə səbəb olub. Biz adətən bu hərəkatı himayə edirdik. Onlar bunun müqabilində ərəb dünyasını məhvə apardılar.” Vəliəhd bu sözləri deyərkən nəyi nəzərdə tutur? 1990-1991-ci illərdə Fars körfəzi böhranında İxvanül-muslimin Səddam Hüseyinlə müharibədə Ərəbistanı dəstəkləmədi. Amma şahzadə öz müsahibəsində ixvana qarşı qəzəbinin əsas səbəbini açıqlamır. Məntəqədəki digər hakimlər də ixvana münasibətdə Ərəbistanla həmfikir olublar. Fars körfəzi ətrafı ölkələrdə nüfuz sahibi olan ixvan Küveyt savaşında Səudiyyə Ərəbsitanını tənha qoydu, onun bu münasibəti Ali-Səudun yaddaşına həkk olundu.
Amma bəzən yaranmış şərait bu iki rəqibi yaxınlaşmağa məcbur edib. Ekspertlər hesab edir ki, hazırda regionda yaranan vəziyyət də sələfilər və ixvanı taktiki ittifaqa məcbur edir. Bu nöqtələrə aydınlıq gətirmək üçün İslam Oyanışı hərəkatının başlanğıcını xatırlamaq lazım gəlir. İslam oyanışı bu iki cərəyana necə təsir etdi?
İslam oyanışı start götürdüyü gündən İslam dünyasında müxtəlif reaksiyalarla üzləşdi. Hamıdan daha çox Fars körfəzinin mühafizəkar şeyxləri İslam oyanışına qarşı çıxdı. Onlar hətta Amerikanın sabiq müttəfiqlərini himayə etmədiyi üçün qınadılar.
Fars körfəzi şeyxləri daim monarxiya quruluşunun himayətçisi olub, kralları müdafiə ediblər. Onlar siyasi səhnədə hansısa bir islahatla razılaşmayıblar. Təbii ki, həm də inqilab qığılcımının cəmiyyətə sirayət edəcəyindən çəkiniblər. Daim buna qarşı önləyici tədbirlər görüblər. İnqilabların nüfuzunu əngəlləmək, onların süqutuna nail olması üçün böyük pullar xərcləyiblər. Təbii ki, bu işdə Səudiyyə Ərəbistanı öndə gedib. Bəhreyində etirazların yatırılması, Ərəb Əmirliyində inqilabçıların sıxışdırılması, Ərəbistanın Şərqində etirazçılarla amansız rəftar Riyazın hansı siyasəti izlədiyini açıq göstərir.
Fars körfəzi şeyxləri ardıcıl inqilablar böhranı ilə üzləşdiyi bir zamanda Müsəlman Qardaşları həmin inqilablarda öz nüfuzlarını artırmağa səy göstərdilər. Amerika ilk addımda Müsəlman Qardaşlarına yaşıl işıq yandırdı, Ərdoğanın vasitəsi ilə Müsəlman Qardaşları himayə edildi. Eyni zamanda Sudan rəhbəri Ömər Bəşir ixvana dəstək verdi. Müsəlman Qardaşları Türkiyə, Misir, Sudan, Qəzzə zolağında, eləcədə də Tunis və Liviyada öz nüfuzlarını artıra bildilər.
İslam Oyanışında Müsəlman Qardaşlarının nüfuz qazanması hərəkatın müxalifi olan Fars körfəzinin sələfi şeyxlərini onlara qarşı qoydu. İxvanın artan nüfuzu Səudiyyə Ərəbistanını da narahat etməyə başladı. Belə ki, Məhəmməd Mürsiyə qarşı hərbi çevirilişin ən böyük hamisi Ali-Səud oldu.
Səudiyyə Ərəbistanı hakimləri və Fars körfəzinin digər şeyxlərini Misirdəki hərbi rejimin ən böyük himayətçisi saymaq olar. Ərəbistan və Birləşmiş Əmirliklər hərbi çevirilişlə Misirdə hakimiyyətə gələn Əbdülfəttah Sisinin hökumətinə milyardlarla dollar pul xərclədi. Sisinin ixvanı terrorçu adlandırıb səhnədən çıxarmasına böyük dəstək göstərildi. 2014-cü ilin fevral ayında Ərəbistan mətbuatında Ali-Səud hakimlərinin bəyanatı dərc edildi. Bəyanatda deyilirdi ki, istənilən bir dini və demokratik hərəkatla əlaqə, qruplar yaradılması terrorçu addım kimi dəyərləndiriləcək və bunun qarşısı alınacaq. Bu işi görənlər üçün 23 il həbs cəzası təyin olundu. Onların ilk hədəfi ixvan idi.
Riyaz hər vasitə ilə Qahirə hökumətini zəiflətmək yolunu seçdi. Hazırda Misir demək olar ki, məntəqədə nüfuzunu itirib, ərəb dünyasına Ərəbistan başçılıq edir.
Məntəqədə baş verən hadisələr əslində hər iki cərəyan üçün dağıdıcı olub. Sələfilər və ixvan elə təhlükələrlə üzləşiblər ki, hazırda məcburi bir ittifaqa getmək zorunda qalıblar. Məhəmməd Mürsinin süqutundan 18 ay sonra Riyazla İxvan arasında hansısa bir rabitə qalmamışdı. Amma indi Səudiyyə Ərəbistanı Fələstinin Həmas, Tunisin Ən-Nehzə, Yəmənin Əl-İslah cərəyanlarını himayə edir. Bu üç cərəyan ixvana bağlı cərəyanlardır. Son dövrdə Ərəbistan mətbuatının ixvanla bağlı münasibətlərində bir siyasət diqqəti çəkir. Ali-Səudun mövqeyinin dəyişməsinin sələfilərin baxışlarına heç bir aidiyyəti yoxdur. İxvana dəyişən münasibət sırf geosiyasi vəziyyətdən irəli gəlir. Ali-Səud regionda yaranmış vəziyyətin diktəsi ilə ixvana yaxınlaşıb. 1950-60-cı illərdə Səudiyyə kralı Misir, Suriya, İraqda təqib olunan ixvançılara sığınacaq verdi. 1979-cu ildə Amerika Əfqanistanda Sovetlər Birliyinin nüfuzuna qarşı addım atanda ixvanla yaxınlaşma daha da gücləndi. Amma Fars körfəzi böhranı, Səddamın İrana hücumu iki cərəyan arasında yaxınlaşmaya son qoydu. Hazırda bu iki cərəyan arasında yaxınlaşmanın səbəbləri maraqlıdır.
a) İxvanın son həddə zəifləməsi və Riyazın Tehranla baş-başa gəlməsi
Son iki ildə baş verən hadisələrdən aydın olur ki, İxvan ciddi bir süqut yaşamaqdadır. Onun regionda və beynəlxalq səhnədə nüfuzu itməkdədir. Misir ordusunun bu ölkədə ixvançılara qarşı təzyiqləri hərəkatın mərkəzi sayılan ölkədə onların vəziyyətini dözülməz həddə çatdırıb. Demək olar ki, bütün qapılar üzünə bağlanmış İxvan təcrid olunub. İxvanın ən nüfuzlu başçıları uzun müddət azadlıqdan məhrum edilərək həbsə alınıb. İxvançıların terrorçu adlandırılması da onların ictimai nüfuzuna böyük zərbə vurub. Yaxın Şərqdə də ixvanın mövqeləri zəifləməkdədir. Son seçkilərdə Tunisdə Ən-Nehzə hərəkatı məğlub oldu. Liviyada ixvan səhnədən sıxışdırıldı, Əl-Qaidə işi əlinə aldı. İxvançılar İordaniyada da təzyiq altındadır. Suriya hadisələrində ixvan artıq söz sahibi deyil. Ərdoğan hökumətinin ölkədə və məntəqədə zəifləməsi, Həmasın nüfuzdan düşməsi ixvanın süqutunun davamı sayıla bilər. Əksinə, Səudiyyə Ərəbistanının hətta Misirə nəzarəti güclənməkdədir. Hazırda Ali-Səudun çıxılmaz vəziyyətə düşməsi, Yəmənlə müharibə, Mina hadisələri ixvan üçün də bir yol açır. Səudiyyə Ərəbistanı son 10 illiklərdə Amerikanın bir saylı müttəfiqi olub. Amma İslam Oyanışından sonra Misirin önə çıxması Ali-Səudun nüfuzuna zərbə olub. Amerika bir növ keçmiş müttəfiqlərini yeni müttəfiqlərinə qurban verib. Suriya hadisələri, İranın nüvə proqramı Ərəbistanla Qərb arasında münasibətlərə ciddi zərbə olub. Səddam Hüseynin süqutu, Bəhreyn və Ərəbistanın Şərqində qeyri-sabitlik İranın, Yəməndə hüsilərin nüfuzunu artırıb. Ərəbistanla Qətər arasında müəyyən ixtilaflar yaranıb, Ərəbistanın dəstəklədiyi koalisiya Suriyada məqsədə çata bilməyib. Buna görə də Riyaz qərara gəlib ki, Amerikanın himayəsi olmadan İranın qarşısında dayanmaq üçün ixvanla ittifaqa getsin.
Riyazın ixvanla dialoqu dedikdə ixvanın məntəqədəki bütün müttəfiqləri nəzərdə tutulur. Türkiyə ixvanın himayəçisi olaraq Ərəbistanla problem yaşayır. Amma bu gün Riyaz İranın nüfuzunun artmasını daha təhlükəli sayır və başqa maraqlarını bu yolda qurban vermək qərarına gəlib. Son dövrdə Həmasla aparılan danışıqlar, ixvanın Yəmən və Tunisdəki qanadları ilə dialoqlar, Sudanda Əl-Bəşir dövləti ilə anlaşmalar, Türkiyədə ixvanın bir qolu sayılan Ədalət və İnkişaf partiyası ilə əlaqələr Riyazın yeni siyasəti kimi dəyərləndirilə bilər.
Səudiyyə Ərəbistanının ixvana yaxın qüvvələrlə yaxınlaşması Şimali Afrikada da ixvana qarşı təzyiqlərin azalacağını vəd edir. İxvana yol açmaqda məqsəd bu hərəkatı da Tehrana qarşı qoymaqdır. İxvanla sələfilər arasında yaranmış ittifaq şübhəsiz ki, İranı məntəqədə şiələrin himayəsində ittiham edəcək.
Yaxın Şərqdə geosiyasi vəziyyətin dəyişməsi ixvançıların radikallaşmasını vəd edir. Müəyyən şəraitlərdə radikallıq baxımından ixvançıları Əl-Qaidədən fərqləndirmək çətin olur. Bu məcburi ittifaqın əl atacağı fitnəkarlıqlardan biri sünni-şiə qarşıdurmasıdır. Sələfilər ixvanla ittifaqa girib xüsusi ilə Suriya və İraqda İranı şiələrin himayəsində təsqirləndirəcək. Ərəbistanın Yəmənə havadan və yerlə təcavüzü göstərdi ki, yeni kralın məntəqə siyasəti nədən ibarətdir. Onlar sünnü cəbhəsi yaratmağa səy göstərir. Yəmən hadisələrinə münasibətdə sələfilərin ixvanla yaxınlaşması özünü göstərdi. Ərəbistanın rəhbərliyi altında müxtəlif ölkələrdən toplanan ixvançılar Yəməndə müharibəyə cəlb olundu. İxvanın Yəməndəki Əl-İslah qruplaşması keçmişdə hüsiçilərlə müharibə aparıb. Hazırda bu qruplaşma Ərəbistanın himayəsi ilə inqilabçılara qarşı çıxır. Bu istiqamətdə general Əli Möhsin Əl-Əhvərin rolu daha çox diqqəti çəkir. Koalisiya qüvvələri tərəfindən Ədən ələ keçiriləndən sonra Mənsur Hadi hökuməti Əl-İslah üzvü Naif Əl-Bukranı Ədən şəhərinə qubernator təyin etdi. Amma bu təyinat Ərəb Əmirliyinin etirazı ilə qarşılandı. O zaman bəzi ixvançılar Riyazda sığınacaq tapdı. Riyaz hökuməti yaranmış gənginliyin aradan götürülməsi üçün Əl-Qaidəyə də yaşıl işıq yandırdı.
Səudiyyə Ərəbistanının uzun tərəddüdlərdən sonra hakimiyyət dəyişikliyinə qərar verdiyi ölkə Suriya oldu. Amerika və Fransa Əsədin hakimiyyətdə qalmasını mümkün saysa da Ərəbistan Türkiyə ilə birlikdə buna qarşı çıxdı. Türkiyə və Qətərin yardımı ilə yaradılmış Ceyşül-Fəth adlı qruplaşma İxvan və Ən-Nüsrə cəbhəsindən ibarətdir. Ən-Nüsrə Əl-Qaidənin Suriya qanadıdır. Bu cəbhə eyni zamanda Ərəbistan, Qətər, Türkiyə və bütün ixvançıların himayəsini qazanıb. İdlibdə hərbi əməliyyatlarda müəyyən uğurlar da əldə edib.
İxvanla təkfirçilərin ittifaqa girməsinin bir səbəbi də Mürsidən sonra Misirdə ixvanın represiyalara məruz qalması oldu. Belə ki, hazırda ixvanla sələfilərin yaxınlaşmasının əsas səbəbkarları Misir prezidenti Əl-Sisi və Suriya prezidenti Bəşər sayıla bilər. Son aylarda ixvançıların bir çoxu İŞİD-ə yaxın qüvvələrə qoşulub.
Tehranla ixvanın Fələstin qanadı arasında yaranan fikir ayrılığı da ixvan-sələfi ittifaqının səbəblərindəndir. Uzun illər İranın müttəfiqi olmuş Həmasın hazırda Riyaza yaxınlaşması da Sələfi-İxvan ittifaqı ideyasının ciddiliyini göstərir. Həmas rəhbərliyi 2012-ci ildə Dəməşqi tərk edib bir növ siyasətini Ərəbistana doğru çevirdi. İran Həmasa böyük hərbi yardımlar edib. Həmasın siyasi şöbə rəisi Xalid Məşəl 2015-ci ilin iyun ayında Səudiyyə Ərəbistanında səfərdə oldu. O kral, vəli-əhdlə görüşdü. Ərəbistandakı həmasçılar həbsdən azad edildi. Təbii ki, Həmasın bu gedişləri bəyənilən deyildi.
Səudiyyə Ərəbistanının ixvan, o cümlədən Həmasla yaxınlaşma cəhdinin arxasında təbii ki, İranın nüfuzdan salınması kimi bir məqsəd dayanır. Tehranın Qəzzə ilə əlaqələrinin kəsilməsi Səudiyyə Ərəbistanının regional siyasətlərindəndir.
İranın Yəmən hadisələrinə görə nigarançılığı, İraqda nüfuzunun əhəmiyyətli şəkildə güclənməsi, ixvançıların əksər ərəb ölkələrində sıxıntı altında olması Riyaza ixvanla ittifaq zərurəti yaradıb. Təbii ki, belə bir ittifaq Ərəb Əmirlikləri və Misir tərəfindən etirazla qarşılanacaq. Xüsusi ilə Misir hökumətinin bu ittifaqa reaksiyaları ciddi olacaq. Hazırda Misir Qəzzəyə qarşı sanksiyaları davam etdirir. Sərhəd boyu 3000-ə yaxın tikilinin dağıdılması, Qəzzənin nəfəsyolu olan tunellərin su ilə bağlanması Qahirənin etirazı kimi dəyərləndirilə bilər. Misir hökuməti ixvanla İŞİD arasında fərq qoymur. Misir hökumətinin qarşıya qoyduğu əsas məqsəd ölkəni ixvançılardan xilas etməkdir. Misir hökuməti Ərəbistanla arada olan narazılığa etiraf etməsə də onların regionla bağlı yürütdüyü siyasətlərdə ixtilaflar aydın görünür. Misir mətbuatı Misir dövlətinin nigarançılıqlarını yaxşı nümayiş etdirir. Dövlət həftəliyi olan nəşriyyə Məşəlin Ərəbistana səfəri zamanı “Ərəbistan Misiri satdı” başlığını manşetə çıxarmışdı. Ərəbistanın bu addımları həm də Misiri İranla yaxınlaşmaya sövq edir.
Misir Yəmənə müdaxiləni himayə etsə də əsgəri qüvvə göndərməkdən imtina etdi. Suriyada Əsəd hökumətinin devirilməsi məsələsində də Qahirə iki fikirlidir. Misir mətbuatında Yaxın Şərqin Amerika layihəsi əsasında bölünməsini tənqid edən məqalələr gedir. Mətbuatda Suriya ordusu da müdafiə olunur. Tanınmış jurnalist Məhəmməd Əhməd yazır ki, Suriya qaçqınları Bəşər Əsəd yox, İŞİD-ın əlindən qaçır. Jurnalist Suriya müxalifəti adlandırılan qrupun ixvançılardan təşkil olunduğu bildirir. O yazır ki, Əsədin cinayətləri terrorçuların cinayətləri ilə müqayisədə heçnədir.
Bununla belə Səudiyyə Ərəbistanı ilə Misirin dostluğu tarixi keçmişə malikdir. Ən azı ixvançılara münasibətdə müştərək maraqlar onları ittifaqa sövq edir. Şübhəsiz ki, ixvanın sələfilərlə ittifaqı davamlı olmayacaq. Səudiyyə Ərəbistanı müəyyən həddə öz məqsədlərinə çatdıqdan sonra ixvanla əlaqələri qıracaq.

Vilayet.nur-az.com


1583 بازدید
در حال ارسال اطلاعات...