Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2015

KƏRBƏLA HADİSƏSİ PEYĞƏMBƏRİN DİLİNDƏN

Peyğəmbərdən (s) soruşurlar ki, bu körpənin nə üçün boğazından və sinəsindən öpürsən? Həzrət (s) buyurur: “Mən qılınc yerlərini öpürəm.”
Siddiqeyi-Kubra (həzrət Fatimə (s)) imam Hüseynə (ə) hamilə olduğu vaxt imamın şəhadəti və Kərbəla hadisəsi bilinirdi. Milad gecəsi imam Hüseynin (ə) pak vücudu həzrət Peyğəmbərə (s) veriləndə o həzrət ilk öncə bu uşağın Kərbəlada şəhadətindən və aşura hadisəsindən danışdı. Peyğəmbər (s) öz həyatı gedişində Kərbəla hadisəsini tez-tez xatırlamışdır. Bu rəvayətlər bəzən Ümmü-Sələmədən, bəzən Ayişə də daxil olmaqla Peyğəmbərin (s) digər zövcələrindən nəql olunmuşdur.
Nəql edirlər ki, həzrət Peyğəmbər (s) Hüseyni (ə) öpən vaxt buyurdu: “İndi Cəbrail mənim yanımdadır və deyir ki, bu övladın şəhadətə çatar; belə bir qətl bəşər tarixində görünməmişdir və onun köməkçiləri də şəhid olar. Cəbrail hətta Hüseynin (ə) şəhid olacağı yerin torpağını mənə göstərdi.” Rəvayətlərdə nəql olunur ki, həzrət Peyğəmbər (s) zövcəsi Ümmü-Sələməyə bu torpaqdan bir ovuc verib buyurdu: “Nə vaxt bu torpaq qana dönsə, bil ki, Hüseyn şəhid olmuşdur.”
Peyğəmbərdən (s) soruşurlar ki, bu körpənin nə üçün boğazından və sinəsindən öpürsən? Həzrət (s) buyurur: “Mən qılınc yerlərini öpürəm.” (“Bihar”, c. 44, s. 261) Bu nöqtələr sünnə əhli tərəfindən də nəql olunmuşdur.
Bu sözlərin arxasında hansı sirr dayanır? Peyğəmbəri (s) bu xəbərin təkrarına vadar edən onun sevgisi idimi? Əgər Peyğəmbəri (s) bu təkrarlara sövq edən yalnız daxili hisslər idisə, nə üçün daha fəzilətli Əmirəlmömininin (ə) mehrabda şəhadəti haqqında danışılmırdı? Nə üçün Peyğəmbər (s) tez-tez Əlinin (ə) şəhadətini yada salmırdı?!
Əmirəlmömininin (ə) şəhadət xəbəri həzrət Peyğəmbərdən (s) iki dəfə nəql olunmuşdur. (“Əmaliyi-Səduq”, s. 93: “Əl-məclisul-Əşrun”) Bu xəbərlərdən biri şəban ayının sonundakı cümə xütbəsinə təsadüf edir. Bu xütbədə ramazan ayı vəsf olunur. Həmin məclisdə həzrət Əli (ə) ayağa qalxıb Peyğəmbərdən (s) soruşur: “Bu ayda hansı əməl daha fəzilətlidir?” Həzrət Peyğəmbər (s) buyurur: “Günahdan pəhriz.” Sonra Peyğəmbər (s) sözünə belə davam edir: “Sanki bu ayda səcdə halında ikən başının qanının saqqalını boyayacağını görürəm.”
Amma Peyğəmbər (s) imam Hüseynin (ə) şəhadəti haqqında hətta ömrünün son saatlarında da danışır. O buyurur: “Uşaqları gətirin, onlarla vidalaşım.” İmam Hüseyni (ə) Peyğəmbərin (s) sinəsi üstünə qoyurlar. Həzrət Peyğəmbər (s) buyurur: “Ya Əba Əbdillah, Əzizun-Ələyy.” Sonra isə ağlayır (“Bihar”, c. 44, s. 251). İbn Abbasdan nəql olunan digər bir rəvayətdə deyilir. Həmin vaxt Peyğəmbər (s) buyurdu: “Allah Yəzidə lənət etsin.” Sonra Peyğəmbər (s) huşunu itirir. Özünə gəldikdə gözü yaşlı halda Hüseyni öpüb buyurur: “Ey Əba-Əbdillah, mənim üçün çətindir! Bizim Bəni-üməyyə, Yezid ibn Müaviyə ilə nə işimiz var?!” (“Bihar”, c. 44, s. 266)
Bəzi rəvayətlərdə imam Hüseynin Peyğəmbərin (s) çiynində, bəzi rəvayətlərdə isə dizi üstündə oturduğu bildirilir. (“Bihar”, c. 44, s. 229) Digər bir rəvayətdə nəql olunur ki, Hüseyn (ə) Peyğəmbərin (s) başı üstündən keçirdi və Peyğəmbər (s) onu öpürdü. (“Bihar”, c. 44, s. 234) Peyğəmbər (s) buyurur: “Cəbrail mənə xəbər verdi ki, mənim bu övladım şəhid olar. O dedi ki, əgər istəsəm, Hüseynin (ə) şəhid olacağı yeri mənə göstərər.” Ümmü-Sələmə deyir: “Sonra Peyğəmbər (s) mənə bir ovuc qırmızı torpaq verib buyurdu: “Bu Kərbəla torpağıdır. Onu saxla. Bu torpağın qana çevriləcəyi gün bil ki, övladım şəhid olmuşdur.”
Bu sayaq həqiqətlər Qurani-Kərimdə də zikr olunmuşdur. Yusif öz qardaşlarına deyir: “Bu köynəyi aparın və atamın üzünə sürtün... Onun gözləri açılar.” (“Yusuf”, 93)
Bu xəbər təbabət qanunları ilə uyğun gəlirmi? Amma bunu inkar edən kafirdir. Çünki bu həqiqəti Quran bəyan etmişdir. Biz hər sözü təcrübi elmlər prizmasından dəyərləndirə bilmərik. Bir çox məsələlər qeyb və batin aləminə aiddir. Bu həqiqətlər maddi meyarlarla təsdiqlənməsə də, bir həqiqətdir.
Həzrət Zəhra haqqında qeyd etdim ki, məsələ ata və övlad hisslərindən qaynaqlanır. Burada da məsələ Siddiqeyi-Kübrada olduğu kimi, səmavi bir məsələdir. İslam cəmiyyətinə bildirilməlidir ki, qarşıda Hüseynin başına gələcək hadisə mühüm bir hadisədir və müsəlmanlar ona biganə qalmamalıdır.


1550 بازدید