Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2015

Amerikanın ilk 35 ilini İranın ilk 35 ili ilə müqayisə etsək...

“Sabahın aparıcıları” milli konfransının 9-cu iclasının iştirakçıları ilə görüşdə bəyanat
Bismillahir-Rəhmanir-Rəhim

Əlhəmdulillahi rəbbil aləmin, vəssəlatu vəssəlamu əla səyyidəna muhəmmədin və alihit-tahirin

Əziz gənclər çox xoş gəlmisiniz! Sizinlə görüş mənim kimilər üçün həqiqətən də enerji yaradan, ümidverici hadisədir. İnsan gənc, işəhazır, qətiyyətli, istedadlı çöhrələri görəndə, Allah-Taalanın qəlblərdə qərar verdiyi ümid, günbəgün güclənən ümid bəhrə verir. Ümid edirəm ki, inşallah, sizlər, məmləkətin bütün gəncləri ilahi hidayət və lütfdən bəhrələnəcəksiniz. Bunun sayəsində ölkəmizin gələcəyi, növbəti mərhələdə bəşəriyyətin gələcəyi üçün faydalı olacaqsınız. İnşallah.
Bizim təkrarladığımız bir söz var, indi bu barədə danışmaq istəmirəm. Bu əzəmətli insan potensialı sərvətdir. Bir məmləkətin həqiqi sərvəti onun insan resurslarıdır. Xüsusi ilə bu insanlar gənc və düşüncəli olsalar! Mən ötən illərdəki söhbətlərimdə iranlıların yüksək təfəkkürü barədə söhbət etmişəm. Bəziləri belə güman edib ki, mənim münasibətim milliyyətçi hislərdən qaynaqlanır. Əslində belə deyil. Məndə bu sahə ilə bağlı rəqəmlər var. Xoşbəxtlikdən ötən 2-3 ildə dünyanın tanınmış adamlarından, hətta İran xalqına düşmən insanlardan, siyasətçilərdən İran xalqının yüksək düşüncəsi haqqında etiraflar eşidirik. Dünya üzrə orta təfəkkür səviyyəsi ilə müqayisədə məmləkətimizin orta təfəkkür səviyyəsi üstündür. Həmd olsun Allaha gənclərimizdə çoxdur. Bu böyük sərvətdir. Bu dəyərli sərvətdir və ölkəmiz üçün bir fürsətdir.
Dünyanın bütün ölkələrində, bütün hökumətlər gənclərin varlığını fürsət kimi dəyərləndirmir. Məsələn, İranda sabiq pəhləvi rejimi gənclərin varlığını, onların potensial imkanlarını fürsət saymırdı. Əksinə, rejim bunu özü üçün təhlükə kimi dəyərləndirirdi. Bu sözlərin də sübutuna statistikalar var. İndi bu söhbətin yeri deyil. Hər halda onlar gəncləri istəmirdilər. Onların elm, siyasət, cəmiyyətdə hüzurunu arzulamırdılar. Əksinə bunu zəiflətməyə çalışırdılar. Sözün həqiqi mənasında gəncləri bir təhlükə kimi dəyərləndirirdilər. Bacardıqları qədər aparıcı qüvvəyə malik, istedadlı gəncləri xaricə göndərirdilər. Düşünürdülər ki, təfəkkürlü insanlar getsələr yaxşıdır. İslam Respublikasında isə belə deyil. İslam Respublikası özünə güvənir, daxili qüvvələrinə ümid edir, iqtidarı öz daxilində, mənəviyyatında, varlığında görür. Buna görə də İslam Respublikasının ən böyük sərvəti insan potensialıdır. Bu düşüncəli, məsuliyyətli, şövqlü, elmə maraqlı, gələcəyə ümidverən gənclər! Bu bizim üçün birmənalı qəbul olunan məsələdir.
Bu gün məmləkətimizin bir qrup gözəl gəncləri ilə görüşmək imkanı qazanmışıq. Sizə bir neçə tövsiyəm var. Ata tövsiyələri. Siz gənclər mənə övladlarım kimisiniz. Bəziləriniz övladım, bəziləriniz nəvəm yerindəsiniz. Sizə bir neçə ata tövsiyəsi varımdı. Bəzi işçi tövsiyələrim də var. Siz gənclərlə bağlı idarəetmə mövzusunda tövsiyələrim var. Bir xəbərdarlığım, qorxum da var, inşallah fürsət olsa bu barədə də danışacağam.
Ata tövsiyələrindən biri budur ki, siz öz varlığınızı, yəni aparıcılığınızı Allahdan bilin. Bu Allahın nemətidir. Bu neməti Allah sizə verib, Ona şükür edin, Allahla rabitələrinizi gücləndirin, Allaha təşəkkür edin, Allahla öz aranızda bu təşəkkürü dilə gətirin. Bu sizin tövfiqinizi, uğurlarınızı artırar. Allahın sizə verdiyi nemətlər artar. Bütün bunların Allah tərəfindən olduğunu qəbul edin. Bu nemətləri inqilabdan sayın. Bu da məmləkətimizin elm yolunda əzəmətli bir qüvvəsi haqqında bir baxışdır. Bu inqilabın bərəkətlərindəndir. İnqilab olmasaydı, bu nemətlər də olmazdı. Cənab Səttari (Elit Milli Mərkəzinin Rəisi) mənim dilimdən bir xatirə danışdı. Davamı budur ki, bizə 30-31 günə məğlub olacağımızı, hərəkətdən dayanacağımızı deyən təyyarələr bu gün də hərəkətdədir. Həmin gündən 30 ildən artıq bir vaxt keçib. Aviyasiya qüvvələrindəki gənclərimiz, mütəxəssislərimiz çalışdılar, meydana daxil oldular. Bu sahənin atası da onların özündən idi. (Şəhid Mənsur Səttari) Möcüzə yaradan əllərini işə saldılar, düşüncələrini ortaya qoydular. Bizə süqut vəd edənlər müharibənin sonuna qədər çalışdılar, bu günə qədər çalışmaqdadırlar. Həmin 330-lar, F-14 lər, F-4-lər, F-5-lər bu gün də var və fəaliyyətdədirlər. Əllərin möcüzəsini inqilab ərsəyə gətirdi. İşin tamamlandığını mənə xəbər verənlər gözəl insanlar idi, bəziləri şəhadətə çatdı. Amma onlar inqilabi təfəkkürə malik deyildilər. İnqilabdan əvvəlki düşüncəyə malik insanlar idilər. Məsələlərə keçmişin prizmasından baxırdılar. Təyyarələrin hissələrini təmir etmək istəyəndə məsələn 40, 50 elementdən ibarət olan böyük bir hissəni açmaq səlahiyyətinə malik deyildilər. Bu hissə bütöv vəziyyətdə Amerikaya göndərilir, orada təmir edilib geri qaytarılırdı. Yəni iranlı mütəxəssisin, zabitin haqqı yox idi ki, həmin hissəyə əl vursun, onun daxilində nə olduğunu bilsin. İnqilabdan əvvəlki təfəkkür belə idi. İnqilab gəldi, tarixin vərəqini çevirdi. İranlı insana şəxsiyyət verildi, cəsarət verildi, o təşviq edildi, öz daxili qüvvələrini işə salmağa həvəsləndirildi. Nəticə bu oldu ki, biz dünyanın bu sayda ölkələri arasında elmdə 15-ci yerə qalxdıq. Bu çox böyük bir işdir. İran inqilabdan sonra müharibə çətinliyi, sanksiyalar şəraitində özünü dünyanın 200 ölkəsi arasında, 200-300 il sənayeyə malik olmuş ölkələr arasında bu mərtəbəyə çatdırdı. İnqilabdan qabaq isə heç bir yerimiz yox idi. Bunu bizə inqilab verdi.
Bu imkanları, “hər işi bacararsınız” düşüncəsini inqilabdan aldıq, ölkədə təhlükəsizliyi təmin edən də inqilabdır. Bir neçə gün öncə general Həmədani şəhadətə çatdı. Siz onun cənazəsi Həmədana aparılanda gördünüz. Bütün şəhər onun dəfninə gəlmişdi bu qədirbilənlikdir. Onların bir adı da yoxdur. Bəziləri tanınır, əksəriyyəti isə tanınmır. Onlar mənim və sizin təhlükəsizliyimizi təmin edirlər. Əgər təhlükəsizlik olmasa universitet yoxdur, araşdırma yoxdur, tədqiqat yoxdur, aparıcı insanların tərbiyəsi yoxdur. O yerdə ki, təhlükəsizlik yoxdur, əslində heç nə yoxdur. İnsanların həyatı da daim təhlükə altındadır. Bu hazırlıqları, bu təlimləri, bu fürsətləri təhlükəsizliyi təmin edən insanların zəhməti sayın. İlk tövsiyəm budur. Bunu yaşlı atadan tövsiyə olaraq qəbul edin, yadınızda saxlayın.
İkinci tövsiyə: Cihad ruhiyyəsini güşənişinlik ruhiyyəsindən üstün tutun. Bəziləri üçün mühüm təhlükələrdən biri budur ki, özlərini başqalarından bir mərtəbə üstün sayırlar. Bu böyük təhlükədir. Bu şəxsiyyət problemidir. Bir xəstəlikdir. Belə xəstəliklərin vücudunuzda inkişafına yol verməyin. Qurtuluş yolu da cihad ruhiyyəsi ilə işdir. Bu ruhiyyəni özünüzdə gücləndirin. Cihad ruhiyyəsi budur ki, işiniz Allah üçün olsun. İşi özünüzə vəzifə bilin. Bütün imkanları doğru yolda istifadə edin. Cihad ruhiyyəsi bundan ibarətdir. Bu ruhiyyəni gücləndirmək üçün cihad səfərlərində, düşərgələrində iştirakınız yaxşı olardı. Deməyin ki, vaxtımız gedir, vaxtdan ən gözəl istifadə elə budur. Dərsinizi oxuyun, araşdırmanızı aparın, işinizi görün və ildə bir neçə həftədən ibarət olan cihad ordularında iştirak edin. Bu sizi xalqın ruhiyyəsi ilə tanış edər. Cəmiyyətin problemləri ilə tanış olarsınız. Məsulların nəzərindən qaçan problemləri görərsiniz. Bəzi məsulların cəmiyyətdəki problemlərdən xəbəri yoxdur, öz ətraflarında kiçik bir çevrəni görürlər. Kəndlərdə, uzaq şəhərlərdə, yoxsul ailələrdə vəziyyətdən xəbərsizdirlər. Mən bunu ötən 23 illik təcrübəmdə dəfələrlə görmüşəm. Mən sizə gördüklərimi danışıram. Bəzilərinin ətrafda baş verənlərdən xəbəri yoxdur. Siz indi gəncsiniz, enerjilisiniz, dözümlüsünüz, vaxtınız var, problemləriniz azdır. Bu imkanlardan istifadə edin. İmkanlardan istifadə üçün bir yol da cihad düşərgələrində iştirak etməyinizdir. Bu düşərgələr təəssüf ki, hələ də səhnədə olan adi düşərgələrdən dəfələrlə faydalıdır. Güya mən tapşırmışam ki, bəziləri heyətlər düzəldib Avropaya göndərsinlər. Tələbə heyətləri Avropaya!! Ən yanlış işlərdən biri budur. Cihad orduları, heyətləri bundan çox üstün və şərəflidir. Cihad düşərgələri, heyətləri xalqla bir başa təmasda olur, özündə məsuliyyət hiss edir. İnsan birbaşa xidmət göstərəndə bu iş onun üçün əziz olur. O zəif nöqtələri tapır.
Başqa bir tövsiyəm də var. Bizim aparıcı insanlar üçün qarşıya çıxan məsələlərdən biri mühacirətdir. Qeyd olunduğu kimi, bizim istedadlı gəncləri dünyanın müxtəlif ölkələrində yolunu gözləyən çoxdur. Bunun müxtəlif səbəbləri var. Səbəblərdən biri budur ki, həmin cəmiyyətlərdə gənclər azdır, istedadlı gənclər azlıq təşkil edir, bu məqsədlə gəncləri cəzb edirlər. Dəbdəbəli həyat bağlı puç təsəvvürlərlə beyinlərini doldururlar. Əlbəttə ki, bu təsəvvürlər həqiqət də ola bilər. Bir rifah, dəbdəbəli həyat insanın sorağına gələ bilər. İnsan buna üstünlük verər. Özünüzü rəhimsiz, amansız biganə cəmiyyətlərin mədəsində əridincə, öz məmləkətinizdə qurucu olun, cəmiyyətinin düşüncəsini, əsəblərini, skiletini tənzimləyin. Bu böyük iftixardır. Böyük şərəfdir. Öz ölkəniz üçün çalışın. Siz ölkənizi qura bilərsiniz, onun zəif cəhətlərini aradan qaldıra bilərsiniz. Bizim zəifliklərimiz çoxdur. Mən ölkədəki durumla bağlı xoş sözlər deyirəm. Amma olsun ki, onun zəiflikləri barədə mənim qədər məlumatı olan yoxdur. Zəifliyimizin çox olduğunu bilirik. Bu zəifliklər aradan qaldırılmalıdır. Bu zəiflikləri siz aradan qaldırmalısınız. Məmləkətin düzgün həndəsəsini siz qura bilərsiniz. Onu irəli apara bilərsiniz. Olsun ki, bir yerə getsəniz əlinizə pul gələr, imkanlarınız genişlənər. Amma siz orada biganələrin mədəsində həzm olacaqsınız. Amma burada böyük təsiriniz ola bilər.
Söhbəti çox uzatmaq istəmirəm. Son tövsiyəm budur ki, Qərbə heyran olmayın. Bəli, bu gün qərblilər elm və texnologiya baxımından bizdən çox öndədirlər. Amma siz bu üstünlüyə heyran olmayın. Nə üçün? Çünki siz onlardan üstünsünüz. Sizin bu gün Qərbdə gördüyünüz inkişaf, sənaye, ixtiralar 200 illik tarixə malikdir, 200 ildir bu iş görülür. Siz isə 35 ildir bu işə başlamısınız. İnqilabın 35 yaşı var. Siz 35 il ərzində bütün bu yolu keçməyi bacarmısınız. Bu sürəti öz uğurlarınızda, inkişafınızda görə bilərsiniz. Onlar ilk 35 ildə çox geridə idilər. Məsələn, Amerika. Öz müstəqilliyindən 35 il sonra, İngiltərə hakimiyyətinin əsarəsindən qurtardıqları zaman heç bir uğurları yox idi. Amerikanın ilk 35 ilini İranın ilk 35 ili ilə müqayisə etsək yerdən-göyə qədər fərq var. Siz dəfələrlə onlardan qabaqdasınız. Onların maddi inkişafının ömrü sizinkindən dəfələrlə az olacaq. Siz həmin maddi inkişaf səviyyəsinə çatmaq istəyirsiniz, mənəviyyatı bir kənara qoyaq. Amma onlara məftun olmayın. Amerikanın İngiltərə ordusu üzərində qələbəsindən, müstəqiliyyə çatdığı gündən 100 il sonra bu günkü məşhur azadlıq heykəli qoyuldu. Bu heykəli amerikalılar ucaltmayıb. Əgər yaddaşım xətaya yol vermirsə həmin heykəli bir fransalı yaradıb. Yəni Amerikanın müstəqilliyindən 100 il sonra onların bir heykəl yaratmağa bilikləri, texnologiyaları olmayıb. Fransadan mühəndis gəlib, layihə verib və bu işi görüb. Siz isə çox irəlidəsiniz. Heyrətdə qalmayın. Sizin imkanlarınız potensial şəkildə onlardan qat-qat yüksəkdir. İrəliyə hərəkət edin. Bizim dövrümüzün gənclərin, yəni siz, bu iftixarı öz adınıza yaza bilərsiniz. Ölkəni böyük elmi inkişafa çatdıran sizsiniz. Bu böyük iftixardır. Bugünkü gənc nəsil müti şəkildə başqalarının ardınca getmək əvəzinə bu iftixara sahib ola bilər. Siz şərəflə elmi müstəqillik və inkişafın bünövrəsini möhkəmləndirə bilərsiniz. Bu dövrümüzdəki və inqilabın əvvəlindəki gənclik üçün iftixar ola bilər. Bu mənim siz əzizlərə, qardaşlara, bacılara, övladlara, gənclərə tövsiyələrim idi. Müdiriyyət və işlə bağlı da bir neçə tövsiyəm var. Elit mərkəzində məsuliyyət daşıyanlar, elmi şöbələr, siz özünüz bu tövsiyələrin ünvanısınız, bu tövsiyələr sizə ünvanlanıb. Birinci budur ki, elit mərkəzinə ciddi yanaşmaq lazımdır. Elit mərkəzi milli bir mərkəzdir bu strateji bir mərkəzdir. Buna çox ciddi yanaşmaq lazımdır. Eşitmişəm ki, elit mərkəzinin bəzi işlərini universitetlərə həvalə edirlər. Bu məsləhətli iş deyil. Əgər universitetlər elit mərkəzinin görəcəyi işləri bacarsaydılar bu mərkəzi yaratmazdıq. Bəzi universitetlərimiz doğrudan da tərifə layiqdir, aparıcı, elit gənclərin mərkəzidir. Amma onlar elit mərkəzinin işini görə bilməzlər. Universitetin işi ayrıdır, mərkəzin işi ayrıdır. Elit mərkəzinin işinə ciddi yanaşın. Həm mərkəzin, həm məmləkətin məsulları aidiyyatı nazirliklər və orqanlar, elmi şuralar və bu qəbildən olan qurumlar, o cümlədən siz gənclər bu məsələyə ciddi yanaşın, bu mərkəz olduqca mühümdür.
İkinci tövsiyəm budur ki, elit mərkəzlərin proqramlarına baxan gənclər öz varlıqlarını faydalı bilməlidirlər. Bu işdə siz gənclərin də rolu var. Bu sahədə rol oynaya bilərsiniz. İstedadlı, aparıcı, elit gənclər üçün meydan açılmalıdır. Onlar özlərini faydalı saymalıdırlar. Bu durum onu işin davamına həvəsləndirər. O cümlədən öz evində, ölkəsində qalıb işləməyə həvəslənər. İş meydanı açılar. İş meydanı necə açılsın? Burada bir məsələ təhsilin təkmilləşdirilməsidir. Gənclər öz təhsillərinin təkmilləşməsinə nail olmalıdırlar. Öz təhsil səviyyələrini yüksəltməlidirlər. Bu yolda müəyyən məhduyyətlər maneə yarada bilər. Belə məhdudiyyətləri aradan götürmək lazımdır.
Məsələlərdən biri innovasiya şirkətlərinin yaradılmasıdır. Bu barədə sonra da danışacağam. İnnovasiya şirkətləri çox yaxşıdır. Məndə məlumat var ki, ölkədə minlərlə belə şirkət var. Amma onların sayını 10 qat artırmaq olar. 10 qat! Elmi məhsulu olan gənclər belə şirkətlər üçün çox faydalıdır.
Dəyərli ustadların rəhbərliyi ilə universitetlərdə elmi mərkəzlər yaradılmalıdır. İşlərdən biri budur. Həmin mərkəz universitetlə rabitədə bu işi görə bilər. Müxtəlif universitetlərdə belə elmi mərkəzlər yaradılsın. Bu mərkəzlərdə bir neçə dəyərli ustad çalışsın. Əlbəttə ki, müəllimlər canıyanan, məsuliyyətli olmalı, İranı sevməlidir. Uzaqdan tanıdığım bəzi universitet müəllimləri var ki, İranı sevmirlər. İranın abadlığı, gələcəyi onlar üçün mühüm deyil. Belə müəllimlər faydalı deyil. Belələrinə ümid bağlamaq olmaz. Ölkəsini sevməyən, məmləkətində birliyə marağı olmayan, dərsdə mövzuya aid olmayan, milli münasibətləri pozan sözlər danışan, tələbəni yolundan azdıran müəllim arzulanan müəllim deyil. Bəzi ustadlar tələbədə dini məsuliyyət hiss edəndə ona mənfi münasibət göstərir. Belə müəllim yaxşı müəllim deyil. Məsuliyyətli, canıyanan, ölkəsini sevən, inqilabı sevən, elmi səviyyəsi olan ustadlar nəzərdə tutduğum elmi mərkəzlərdə çalışa bilər. Onlar tələbəni hərəkətə gətirər, tələbə hiss edər ki, o dəyərlidir və irəliyə hərəkətdədir.
İstənilən bir halda istedadlı gənc özünü göstərmək üçün imkan qazanmalıdır. Hiss etməlidir ki, onun vücudu dəyərlidir, ona qiymət verilir, ondan iş tələb olunur. Bunu işdə hiss etməlidir. Digər tərəfdən, elit mərkəzi və universitetlər araşdırma aparmalıdırlar, iş yerləri barədə düşünməlidirlər. İşə çıxışda eyb olmamalıdır. Əgər eyb varsa bu eybi müəyyənləşdirmək, aradan qaldırmaq lazımdır. Mühüm tövsiyələrindən biri bu idi.
Başqa bir tövsiyə müqavimət iqtisadiyyatına aiddir. Əlhəmdulillah müqavimət iqtisadiyyatından xəbərdarsınız. Bu iqtisadiyyatın siyasətləri elan olunub. Mütəxəssislər, iqtisadçılar və siyasətçilər onu müsbət qarşılayır. Bu ad çox təkrarlanır. Hazırda bu iqtisadiyyatın nə dərəcə uğur qazandığı söhbətimizin mövzusu deyil. Əlbəttə ki, ölkədə bu sahədə fəaliyyətlərdən o qədər də razı deyiləm. Müqavimət iqtisadiyyatının sütunlarından biri innovasiya iqtisadiyyatıdır. Çünki müqavimət iqtisadiyyatı daxildən çoşan bir iqtisadiyyatdır. Onun sütunları ölkə daxilindədir. Dünyadakı böhranlar, titrəyişlər onu yerindən oynatmır. Müqavimət iqtisadiyyatı müqavimətli, davamlı iqtisadiyyatdır. Onun əsas sütunlarından biri də elmin istehsala tətbiq mərkəzləridir. Elmə əsaslanan iqtisadiyyat dəyərlidir. Düşünürəm ki, gənc mütəxəssislər bu sahədə mühüm rol oynaya bilər. Necə rol oynasın? Bunun üçün layihə hazırlanmalıdır. Müqavimət iqtisadiyyatında gənclər necə iştirak edə bilər? Mən bu sualın cavabını sizdən istəyirəm. Təkliflər verin. Gözləməyin ki, başqaları layihə verəcək. Siz gənc istedadlar qarşınızda bu mövzunu əsas mövzulardan biri kimi qərar verin. Gənc istedadlar müqavimət iqtisadiyyatı, innovasiya iqtisadiyyatında necə iştirak edə bilər? Qruplar yaradılsın, çalışsınlar, mütaliə etsinlər, düşünsünlər, bu yığıncaqlarda əlidolu iştirak etsinlər. Yol göstərsinlər və elit mərkəzi öz daxilindən gələn layihələri himayə etsin. Düşünürəm ki, bu zaman bir hərəkat yaranar. Həm düşüncə, həm iş sahəsində bir dəyişiklik ortaya çıxar.
Son nöqtə budur ki, təhsil sistemində istedadlar tanınsın və tərbiyə olunsun. Şəhab adlanan bu layihə yaxşı bir layihədir. Mən eşitmişəm ki, bu layihəyə biganəlik göstərilir. Buna imkan verməyin. Təhsil sistemində istedadların tanınması, ibtidai və orta təhsil dövründə onların üzə çıxarılması çox mühümdür. Bu həqiqi istedadı bizə göstərəcək. Dahilər bütün cəmiyyətlərdə azdır. Bəzi dahilər tanınmadığına görə təhsilsiz qalır, məhv olub gedir. Çünki onun dəyərini bilən yoxdur. Bəzən kənddə bir şəxs elə bir söz danışır ki, bu sözdən onun dahiliyi görünür. Əgər bu insan üzərində iş aparılsa, onun istedadından istifadə olunar. Təəssüf ki, bəzən belə insanlar tanınmamış qalır. Ölkəyə belə bir zərbə vurulmasına yol verməyək. Təhsil dövründə bu işin görülməsi çox mühümdür. Bu layihəni həyata keçirmək lazımdır. Möhtərəm nazir bu məsələni araşdırsın, şəhab layihəsinin vəziyyətindən xəbər tutsun, vəzifələrin yetirib-yetirilmədiyini müəyyənləşdirsin.
Amma mənim nəzərimcə bir təhlükə var. Ölkə daxilində həvəsdən salan bir amil var, ehtiyatlı olmaq lazımdır. Məsullar ehtiyatlı olsunlar. Necə həvəsdən salırlar? Mövcud olan bir şeyi inkar edirlər.
Bu gün dünyada elmi inkişaf meyarlarını müəyyənləşdirən elmi mərkəzləri hamı tanıyır. Bu mərkəzlər İran İslam Respublikasının nailiyyətləri ilə bağlı məlumatları təsdiqləyir. Bəziləri ölkə daxilində, qəzet və jurnallarda, rəsmi və qeyri-rəsmi tribunalarda naliyyətləri inkar edir, utopiya adlandırır. Bu təxəyyül deyil, həqiqətdir. Kök hüceyrələri nailiyyətdir, nano texnologiyada inkişaflar həqiqətdir, nüvə sənayesinin inkişafı həqiqətdir. Bunu bütün dünya bilir. Amma bəziləri inkar edir. Əgər bunları 15-16 il əvvəl kimsə inkar etsəydi işin başlanğıcı idi, bu adamları məlumatsız saymaq olardı. Amma bu gün dünya, dünyanın məşhur mərkəzləri İrandakı böyük inkişafdan danışır və texnoloji, elmi inkişaf nailiyyətlərini təsdiqləyir. Dünya bunu bilir. Belə bir zamanda bəziləri gənclərimizin qəlbinə şübhə toxumu səpir. Onları həvəsdən salırlar. Deyirlər axı nə faydası var, kimə lazımdır, nəyə lazımdır? Bütün bunlar xəyanətdir, insanları həvəsdən salır. Kim bu işi görürsə, xəyanət edir. Rəis, ustad, yazıçı, jurnalist belə danışırsa, xəyanət edir, məmləkətə, milli namusa xəyanət edirlər.
Başqa bir təhlükə istedadları xarici qüvvələrə tanıtdırmaqdır. Bu da var. Bu məni nigaran edir. Məndə bəzi məlumatlar var. Araşdırma aparırlar, istedadları müəyyənləşdirirlər. Məqsədləri onları təşviq etmək deyil. Onları xarici qüvvələrə tanıtdırırlar. Vasitəçilik edir, bu istedadları mühacirətə sövq edirlər. Bir növ beyin axını yaradırlar. Bu da xəyanətdir. Bəziləri bunu həmin istedada can yandırması ilə əlaqələndirir. Əgər biz bir tələbəyə sən kimə lazımsan, kimdir sənə baxan deyib həvəsdən salırıqsa bu xəyanətdir. Məmləkətin inkişafına, milli mənafelərə, ölkənin gələcəyinə xəyanətdir.
Nazirlərin diqqət yetirəcəyi mühüm məsələlərdən biri budur ki, universitetlərdə etiqadlı və inqilabçı fərdlərə mənfi münasibət göstərənlər var. İnqilaba bağlı, sadiq, dininə etiqadlı və məsuliyyətli insanlarımız bəziləri tərəfindən mənfi münasibətlə qarşılaşır. Təbii ki, baxışlarda fərq ola bilər. Tələbələr arasında baxış fərqləri qeyri-adi deyil. Mömin insanlar, fərdlər təşviq olunmalıdır. İndi belə bir problem var.
Sözümü belə yekunlaşdırıram ki, gələcəyə dəlillər əsasında nikbinəm. Bu şüar deyil, həqiqətdir. Məmləkətin gələcəyi Allahın tövfiqi, fəzli ilə gözəldir. Məmləkətin gənc nəsli arasında intellektlər, istedadlar çoxdur. Hazırda əksər istedadlar universitetdədir. Amma bəziləri universitetdə olmamasına baxmayaraq dahidir. Onlar ictimai həyatda mühüm rol oynaya bilər. Belə istedadlar məsuliyyət hiss edirlər. Həmd olsun Allaha ki, inqilabın məqsədləri, şüarları gündəmdədir. Düşmən bu şüarları gündəmdən çıxara bilməyib. Bəziləri qəlbdə bu şüarlarla razı olmasa da dildə ictimai fikrə tabe olaraq razılığını bildirir. Həmd olsun Allaha ki, şüarlar aktualdır. İnqilabi hərəkat cərəyandadır. Bu tarixin istisnalarındandır. Dünyada elə bir inqilab olmayıb ki, 35-40 il bir bu qədər müxalifət və düşmənçiliklər qarşısında tutduğu yolu davam etdirsin və yaşasın. Hətta dünyada tanıdığımız böyük inqilabçılar öz yollarını davam etdirə bilməyiblər, məqsədlər dəyişib. Qiyam həcmində, çeviriliş həcmində olan bəzi hadisələri də inqilab adlandırıblar. Bununla işimiz yox. İnqilabımızın davamlı olması düşməni özündən çıxarır. Əgər bu gün xarici xəbərləri izləsəniz tez-tez eşidərsiniz ki, deyirlər nə qədər İranda inqilab davam edir, bu ölkə ilə problemlərimiz həll olmayacaq. Düz deyirlər. Mən əlavə edirəm, nə qədər ki, inqilabi təfəkkür və hərəkat var, Allahın yardımı ilə İranın inkişafı, günbəgün artan nüfuzu, regionda və regiondan kənarda mənəvi və ruhani nüfuzu yüksələcək. Təşəkkür edirəm.
Allah-Taala inşaallah sizi hifz etsin. Hamınız inqilabın gələcəyi üçün bərəkətli olasınız. 30 il, 40-il, 50 il bundan sonra ölkənin taleyi sizin əlinizdə olacaq, bu ölkə sizindir. Bu günləri iftixarla xatırlayın ki, sizi əsas xətdə qərar verib, sabit saxlayıb, inşallah daha üstün gələcəyə çatmaqda yardım edər.

Vəssəlamu əleykum və rəhmətullah.

Vilayet.nur-az.com


1189 بازدید
در حال ارسال اطلاعات...