Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2015

TASUA GÜNÜ

“İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”
Tasua doqquzuncu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, İmam Sadiqin (ə) sözünə əsasən İmam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.
Əhli-beyt düşərgəsinin mühasirəyə düşməsi ilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.
Kufə şəhərindən, Ubeydullah ibni Ziyaddan Ömər Sədə rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra Ömər Səd rəsmən hücum fərmanı verdi. Bu zaman İmam (ə) xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.
Düşmənin hərəkətini görüb, səslərini eşidən Zeynəb qardaşının yanına gəlir: “Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.” İmam Hüseyn (ə) başını qaldırıb deyir: “İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”
Zeynəb bunu eşitcək ağlamağa başladı, İmam (ə) isə buyurdu: “Sakit ol bacı, Allah sənə rəhm etsin.”
Bu zaman İmam (ə) üzünü bayraqdarı və qəhrəman əsgəri Abbasa tərəf tutub buyurdu: “Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.”
Abbas, Züheyr və Həbib ibn Məzahir olmaqla iyirmi nəfərdən ibarət dəstəylə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra isə, qardaşının yanına qayıdıb əhvalatı danışdı.
İmam (ə) buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Quranı, dua və tövbəni çox sevirəm.
Beləliklə Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikr ilə özlərini məbud və məşuqlarının görüşlərinə hazırlayırdılar.
Bəli, Aşura gecəsi İmam və dostları üçün son fürsət idi. Tarix bu gecə haqqında gözəl və parlaq səhnələr nəql etmişdi.


1134 بازدید