Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Oktyabr 2015

İmam Xomeyninin (r) göz yaşları

Höccətülislam vəlmüslimin Məhəmməd Sadiq Vaiz tanınmış xətiblərin həbsi və şəhadətindən danışır...
Höccətülislam vəlmuslimin Məhəmməd Sadiq Vaiz ömrünün 8-ci onilini yaşayır. Ayətullah Bürucerdi, İmam Xomeyni (r), Əllamə Təbatəbai kimi böyük şəxsiyyətlərlə görüşüb, onların hüzurunda olub. Pəhləvi rejimi tərəfindən dəfələrlə həbsə alınıb. Onun isti nəfəsi Məscidi-Əzəm, Məscidi-Biləsrdə hələ də duyulmaqdadır. Alim İmam Xomeyninin (r) sadiq müridlərindən olub. İnqilabdan əvvəlki və sonrakı dövrlə bağlı dəyərli xatirələri var. Yaşı keçdiyindən artıq keçmişdəki şövqlə söhbət edə bilmir.

Sual: Özünüzü xülasə şəkildə təqdim edərdiniz.

Cavab: Mən Məhəmməd Sadiq Vaiz şəmsi 1317-ci ildə doğulmuşam. Ayətullah-Üzma Bürucerdinin dövründə Qum Elm Hövzəsinə daxil oldum. Ədəbiyyatı Möhsin Cəhangirinin hüzurunda öyrəndim. Şeyx Müstafa Etimadın hüzurunda Mütəvvəl, Ayətullah Sutude Ərakinin hüzurunda Lüməteyn oxudum. Kifayəni Ayətullah Şeyx Məhəmməd Baqir Sultani, mərhum Mücahididən öyrəndim. Mərhum Ayətullah-Üzma Bürucerdinin dövründə bu iki ustad Kifayə üzrə ən tanınmış ustadlar idi. Fiqh və üsul üzrə xaric kursu dərslərində Ayətullah Bürucerdinin şagirdi olmuşam. Ayətullah-Üzma Bürucerdinin dərslərinə getdiyim zaman həmin dərsləri yazardım. Onu ustada təqdim edərdim. O həmin yazıları oxuyandan sonra buyurdu ki, mövzuları yaxşı dərk etmisən. Sonra mənə 20 tümən hədiyyə verdi.
Mərhum Əllamə Təbatəbai Ayətullah Höccətin mədrəsəsində fəlsəfə tədris edirdi. Mən də həmin dərslərdə iştirak edirdim. Fəlsəfə üzrə tələbələri az idi. Mən Hikmət-məzuməsini onun hüzurunda oxumuşam. Əllamənin təfsir dərslərində də iştirak edirdim. Qəvaninül-üsul kitabını İmam Musa Sədrin hüzurunda oxumuşam.

Sual: Sizin təbliğ, minbər, xütbə sahəsində böyük təcrübəniz var. Tələbələrə nə tövsiyə edərdiniz?

Cavab: Minbər və təbliğ əhlinin ilk işi budur ki, gözəl ustadı olsun, ustadın göstərişləri əsasında addım atsın. Müxtəlif elmlərin müqəddimələrindən də xəbərdar olmalıdır. Növbəti mərhələdə mövzuya necə daxil olmaq, mövzunu necə başa çatdırmaq, müsibət zikri gəlir. Bu mərhələləri gözəl şəkildə icra etmək lazımdır. Hər üç mərhələdə ustadın göstərişlərinə ehtiyac var.
İnqilabdan əvvəl minbər əhli arasında mərhum Fəlsəfidən üstünü yox idi. Söhbətləri misilsiz idi. Raşid Yəzdinin də gözəl minbəri olardı. Mərhum Fəlsəfi öz söhbətlərində müxtəlif mövzular barədə təsəvvür yaradırdı. Mövzunu deyər, misal çəkər, tarixdən nümunələr göstərərdi. Elə bir şəkildə danışardı ki, dinləyici mətnə daxil olardı. Məsələn Uhud savaşından danışardısa dinləyici özünü Uhud savaşında hiss edərdi.
Əgər xətib bu üsula riayət etsə dinləyicini cəzb edə bilər. Mən gənc minbər əhlinə deyirəm ki, əgər söhbətinizin dəyərini bilmək istəyirsinizsə, görün dinləyicilərin yadında bir şey qalıb, yoxsa yox? Təəssüf ki, bəzi natiqlər danışanda sanki üzünü göyə tutub. Üzünü insanlara tutub danışmalısan, bilməlisən ki, sənin dinləyicin bu insanlardır.

Sual: İnsanlar daha çox hansı mövzulara maraq göstərir?

Cavab: Ən gözəl mövzular arasında Əhli-Beytin (ə) söz və rəftarları yer alır. Əxlaqi mövzulara da yer vermək lazımdır. Cəmiyyətin həmişə əxlaqi mövzulara ehtiyacı var. Təbliğatçı əxlaqi nöqtələri ayə və rəvayətlərdən çıxarış edib xalqa çatdırır. Söhbətində ibrətamiz hadisələrdən bəhrələnir. İslam tarixi və İslam əxlaqı ən gözəl mövzulardır. Bütün xalqın əxlaqi mövzulara ehtiyacı var. Şahidik ki, insanlar xırda söz-söhbətlərə görə bir-birindən inciyir, bir-birindən gileylənir. Kiçik bir maşın qəzası baş verəndə sürücülər bir-biri ilə sərt davranır. Bütün bunlar əxlaqdakı nöqsanlardan irəli gəlir. Ruhanilər minbərdə insanları gözəl əxlaqa dəvət etməlidir.

Sual: Keçmişdə minbər əhlinin cazibəsi nə idi?

Cavab: Onların minbərində xüsusi bir cazibə vardı. Mərhum Fəlsəfinin xüsusi nitq üslubu vardı. Mərhum Ayətullah-Üzma Bürucerdi Fəlsəfini söhbət üçün dəvət edirdi. Mərhum Fəlsəfi Qumda gün ərzində iki dəfə minbərə gedirdi. Gecələr Həzrəti Məsumənin böyük səhnəsində söhbət edər, gündüzlər Ayətullah-Üzma Brücerdinin evində danışardı.

Sual: Təqlid mərcələrinin minbər əhlindən gözləntisi nədir?

Cavab: Keçmişdə təqlid mərcələri vaizin Quran və rəvayətlər əsasında danışmasını istəyər, siyasətbazlıqdan, mövzudan kənara çıxmaqdan çəkindirərdilər. Çox istəyərdilər ki, əxlaq mövzularında söhbət edilsin.

Sual: Nə üçün bəziləri minbərdə müvəffəq deyil?

Cavab: Təəssüf ki, bəziləri dinləyicini cəzb edə bilmir. Təbii ki, cazibə süni olmamalıdır. Cazibə Allahın lütfüdür. Hamı gözəl olmaq istəyir. Amma gözəllik vermək Allahın əlindədir. Biri çirkin, biri gözəl yaranır. Gözəl nitq də insana Allahın tövfiqlərindəndir. Bəzilərinin mütaliəsi geniş olsa da söhbətləri cazibəli deyil. Burada hafizə məsələsi də rol oynayır.

Sual: Mərhum İmam Xomeyni (r) ilə rabitələrinizdən danışın. Necə oldu şah rejimi tərəfindən həbs edildiniz?

Cavab: Mərhum imamı çox sevirdim. O 2-3 dəfə bizim evimizə gəlmişdi. Çünki məni Məscidi-Əzəmdə imam haqqında çıxışıma görə tutmuşdular. Məscidi-Əzəmdə çıxışdan sonra Qozərxandan ötüb keçirdim. Pəhləvi rejiminin məmurları məni həbs etdi. Tehranda Qızılqala həbsxanasına apardılar. 17 gün təkadamlıq kamerada saxladılar. Həmin dövrdə başqa 12 xətibi də həbs etdilər. Hamısını təkadamlı kameralarda saxlayırdılar. Mərhum Əli Höccəti Kermani, şəhid Rəbbani Əmləşi, Səftəri Xürrəmabadi, Vaiz Təbəsi, mərhum şəhid Dəstğeyb bu sıradandır. 17 gündən sonra həbsə alınmış bütün xətibləri komitə deyilən yerə apardılar. Ümumi həbsxanaya köçürməzdən əvvəl hamını oraya aparırlar. Biz 12 nəfər 2 ay müddətinə komitə salonunda həbsdə saxlanıldıq. Mərhum Ayətullah seyid Əhməd Xansari Seyid Ərzullah məscidində pişnamaz idi. Bizim həbs xəbərimizi eşidəndən sonra Tehran tacirlərinə üz tutub demişdi ki, alimlərin zindan xörəyi yeməsinə necə dözürsünüz, qeyrətiniz haradadır! Həmin gündən Tehran tacirləri hər gün bizim üçün yemək gətirirdi.

Sual: Həbsxanada da nəsə fəaliyyətiniz var idi?

Cavab: Rəvayət oxuyur, mübahisə edirdik.

Sual: Qum şəhərində İmam necə himayə olunurdu?

Cavab: İmam həbs olunan gün Abdullah Əşəri adlı bir şəxs bazarın başında uca səslə fəryad çəkdi: “Yaşasın Xomeyni (r), ölüm olsun şaha!”. Polis ona dedi ki, əgər davam etdirsən atəş açacağam. O dedi vur. Dedi ki, əgər vurmasan namərdsən, mənim qanım İmam Hüseynin (ə) qanından üstün deyil. Polis atəş açdı, Abdullah Əşəri Qumda inqilabın ilk şəhidi oldu. Bununla da Qumda qiyam qalxdı. İmamın himayəsi üçün ayağa qalxan ilk şəhər Qum olub.
Həbsdən azad olunandan sonra zəng vurdular ki, İmam səni görmək istəyir. Qərara gəldik ki, cümə axşamı İmam Məscidi-Əzəmə gəlib xalqla görüşsün. 2 gün əvvəl Məscidi-Əzəmdə bunu xalqa elan etdik. Hamı cümə axşamı əlində şirniyyat Məscidi-Əzəmə gəldi. Mərhum Ayətullah Gülpayiqanini də dəvət etmişdim, o da gəlmişdi. Minbərdə şəhid Abdullah Əşərinin əhvalatını danışdım. Mən bu barədə danışanda İmam ağlayırdı. Əlindəki dəsmalla gözünün yaşını silirdi.

Sual: Təbliğ səfərlərinə gedirdinizmi?

Cavab: Mən İranın əksər məntəqələrində təbliğdə olmuşam. Ən çox Tehranda söhbət etmişəm. Tehranda seyid Musa Xəlxali və Ayətullah Tahiri Şirazinin qonağı olardım. Şimiranatda, Əbdüləzim Həsəninin hərəmində, Tehran bazarı məscidində minbərə gedirdim. Baş nazir Abbas Hüveydanın dövründə şah məscidində söhbət edirdim. O zaman cənab Münaqibi də bazar məscidində söhbət edərdi. Bazar məscidi Tehran Came məscidi ilə üzbəüz idi. Bir gün söhbət edirdim, Hüveydanın məscidə daxil olduğunu gördüm. Mən onu tanısam da özümü tanımamış kimi apardım. Məclisdəki SAVAK işçisi (kəşfiyyatçı) mənə məktub verdi ki, baş nazirin məclisə daxil olduğunu elan edim və xoş gəldin deyim. Dedim ki, baş nazirin gəlişi ilə xalqın əzadarlığa daha çox diqqət yetirəcəyindən xoşhalam, Allah-Taala bütün əzadarlara əcr versin. Baş nazir ya şah haqqında başqa heçnə demədim.
Bir dəfə ramazan ayında Tehranda minbərdə idim. Hicab mövzusunda danışırdım. Məscidinin səs gücləndiricisi bir palkovnikin evinə tərəf idi. Onun iki qızı hicabsız idi. Söhbət əsnasında dedim ki, nə qədər ki, nar soyulmayıb onun dənləri təravətlidir, elə ki, soyuldu hər sərçə ona bir dimdik vurar. Sonra xanımlara müraciətlə dedim ki, hicablı olsanız kimsə sizə göz ucu baxmaz, hicabsız olsanız minlərlə təhlükə sizin sorağınızdadır. Səsim məsciddən çöldə yayılırdı. Bir gün minbərdən enəndə palkovnik irəli gəlib salam verdi. Əlimi öpüb dedi ki, sizi maşınla istədiyiniz yerə aparım. Dedi bir xahişim də var. Yolda dedi ki, qızlarımı nə qədər nəsihət verərdimsə hicab taxmırdılar, amma sizin sözlərinizi eşidəndən sonra məni bazara apardılar, hicab aldırdılar. Səhəri gün minbərdə dedim ki, heç bir əməlim olmasa da, Əhli-Beyt (ə) rəvayətləri vasitəsi ilə iki xanımın hicab taxması əməlnaməmə yazılsa mənə bəs edər. İmam Hüseynin (ə) Hürrü adı ilə tanınan bir şəxs var idi. Mərhum Təyyib Hacı Rizayi adlı bu şəxsin Mövləvi meydanında hüseyniyyəsi vardı. Məhərrəmin 6-cı gecəsi, həzrət Qasim gecəsi həmin yerdən ötüb keçirdim. Mərhum Təyyibin aşiqlərindən olan bir neçə qoluzorlu mənim qarşımı kəsib dedilər ki, gərək burada yarım saat söhbət edib sonra gedəsən. Dedim ki, başqa bir yerdə məni gözləyirlər. Dedilər bura Təyyibin hüseyniyyəsidir gərək söhbət edəsən. Sonra Təyyib özü gəldi salamlaşandan sonra dedi ki, lütf edib minbərə qalxın. Qəbul edib yarım saat söhbət etdim. Həzrət Qasimin rövzəsinə çatanda mərhum Təyyib elə ağlayırdı çiyinləri silkələnirdi.

Sual: Minbər əhli sözünün təsirli olması üçün hansı müqəddiməyə əməl etməlidir?

Cavab: Tələbələr öncə gözəl əxlaqla zinətlənməli, sonra əmələ keçməlidir. Minbər əhlinin gözəl ustadı olmalıdır. Bütün peşələrdə ustada ehtiyac var, minbər də ustad istəyir. Sonra cazibəli üslublardan bəhrələnmək olar.
Sual: Bəzi yerlərdə məddahlar da söhbət edir. Buna necə baxırsınız?
Cavab: Bunun səbəbi odur ki, minbər əhli bu işə az vaxt sərf edir, öz vəzifəsini yerinə yetirmir.
Sual: Müvəffəqiyyətli minbərin şərti nədir?
Cavab: Tələbənin müxtəlif mövzularda mütalilələri olmalıdır. Səfinətul-Bihar kitabından xəbərsiz olmamalıdırlar. Mərhum Mirza Məhəmməd Təqi İşraqi Qummi bütün təbliğ səfərlərində Səfinətul-Bihar kitabını özü ilə aparardı. Bu kitab bir kitabxanaya bərabərdir. Nə axtarsan bu kitabda taparsan. Əxlaq, tarix, peyğəmbərin həyatı barədə, məsumların həyatı barədə kifayət qədər məlumat var.

Sual: Bildiyiniz kimi İran İslam Respublikasının radio-televiziya şirkəti məşhur xətiblərin söhbətlərini yayımlayır. Bu sahədə hansı tövsiyəniz var?

Cavab: Bu proqramlar çox gözəldir. Mənim tövsiyəm budur ki, həftədə 2-3 dəfə mərhum Fəlsəfinin söhbətlərindən versinlər. Çünki o bu peşənin ustadı olub. Xalq onun söhbətlərindən çox bəhrələnə bilər. Onun söhbətləri indi də köhnəlməyib. Xalq hər zaman əxlaqi tövsiyələrə ehtiyaclıdır. Mərhum Fəlsəfi həm aydın danışardı, həm də hamı onu qəbul edərdi.

Sual: Bu gün təbliğin vəziyyətini necə dəyərləndirirsiniz?

Cavab: Qeyd edim ki, keçmişdən müqayisədə xütbə səviyyəsi bir qədər aşağı düşüb. Tehrandan ətraflı məlumatım yoxdur. Amma Qumda 2-3 xətib istisna olmaqla güclü minbər görmürəm. Natiqlik sənətini tələbələr arasında genişləndirmək lazımdır. Qədimdə hər şəhərin bir neçə güclü xətibi olardı. İndi isə ya xətib yoxdur, ya da olanlar zəifdir. Rəşt şəhərində Həsən Höccəti adlı məşhur xətib vardı. Ona Şimalın Fəlsəfisi deyərdilər. Mərhum Hisam Rəşti də məşhur rövzəxan idi. Mən Tehrandan sonra daha çox Şimalda olardım. Mərhum Ayətullah Ziybərinin dövründə 1 ay Rəşt Came Məscidində minbərə getdim. Amol şəhərində də çox minbərdə olmuşam.
Mərhum Fəlsəfinin mənə böyük lütfü vardı. Bir dəfə dedim ki, Tənkabon şəhərində minbərə getmək istəyirəm. Mərhum Fəlsəfi Ayətullah Hairinin şagirdlərindən olan Əbülfəzl Əllamiyə teleqram vurdu ki, məni təqdim etsin. Həmin şəhərə çatanda imam camaatın mənzilində qonaq oldum. Xəbər tutdum ki, Ayətullah Nuri Həmədani, Ayətullah Cəvadi Amulinin də orada minbəri olur. İlk gün xalq mənim minbərimə tərəddüdlə yanaşdı. İkinci gündən diqqətləri artdı. Elan etdim ki, siz sual verin mən cavab verim. Bu onları bir qədər də həvəsləndirdi. Bir dəfə minbərdən düşəndə qoca bir kişi mənə yaxınlaşıb dedi: “Ağa Sadiqi sizsiniz?” Dedim ki, bəli mənəm. Dedi iki gündür sənin ardınca gəzirəm. Əgər sizi tapmasaydım Fəlsəfi məndən inciyərdi. Sonra mənim əşyalarımı imam camaatın evindən götürüb öz evinə apardı.

Vilayet.nur-az.com


1803 بازدید
در حال ارسال اطلاعات...