Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Noyabr 2015

Məhərrəm və səfər aylarında qara geyim

Əzadarlıq aylarında qara geyim dini mətnlərdə təsdiqini tapıbmı?
Məhərrəm və səfər aylarında qara geyinmək məsələsi daim gündəmdə olub, bəzən bu məsələyə tənqidi yanaşılıb.
Birinci baxışa əsasən, məhərrəm ayında Əhli-Beytə (ə) aşiq insanlar əzadarlıq başa çatana qədər böyük eşqlə qara libas geyir, qara bayraq götürürlər. Onların nəzərincə, qara rəng hüzn, peyğəmbər ailəsi ilə həmdərdlik nişanəsidir. İkinci baxışa əsasən, qara geyinməyin elə bir əhəmiyyəti yoxdur və bunun dini əsasları mövcud deyil. Bu mövqedən çıxış edənlər özlərini ziyalı kimi göstərir, öz zövqlərincə dəlillər ortaya qoyaraq qara rəngə üz tutanlara hücum edirlər. Onları dünya mədəniyyətindən geri qalmış kimi göstərməyə çalışırlar. Bir qrup məsələnin mahiyyətindən xəbərsiz olduğu üçün tərəddüdə qalıb, mövqe tuta bilmir.
Əvvəla, fiqhi baxımdan namazda və namazdan başqa vaxtlarda qara geyinmək yalnız məkruhdur, kərahət həddini keçməyib. Amma fəqihlərdən bir qrupu bu fikirdədir ki, İmam Hüseyn (ə) əzadarlıqlarında qara geyinmək istisnadır və əzadarlıqda qara libas geymək məkruh deyil. Onlar qara geyimi əzadarlıq dövründə Əhli-Beytə (ə) məhəbbət nişanasi olduğunu nəzərə alırlar. Doğrudan da şiələr, Əhli-Beyt (ə) aşiqləri qara geyinməklə Əhli-Beytə (ə) öz sevgilərini göstərirlər. Necə ki məsumlar “şiələr bizim qəmimizdə qəmlidir” buyurublar.
Digər tərəfdən qara geyimin Əhli-Beyt (ə) dəyərlərini dirçəltmək kimi qurucu təsiri var. Məsumlar buyurur ki, bizim təlimlərimizi dirçəldənlər Allahın rəhmətinə çatar. Şübhəsiz ki, qoca və cavan, orta yaşlılar və uşaqlar əzadarlıq dövründə qara geyinməklə hüznlü olduqlarını göstərirlər. Doğrudan da, həqiqi İslamın həyatı məhərrəm və səfər ayları ilə çox şərtlənib.
İkincisi, tarixi baxımdan Aşura hadisəsindən sonra peyğəmbər ailəsindən olan qadınlar 1 il qara geyindilər. Onlar o qədər əzadar idilər ki, hətta yeməklərini İmam Səccad (ə) hazırlayırdı. Sonrakı dövrdə əzadarlıq dövründə qara libas geyinmək bir ənənəyə çevirildi, Əhli-Beyt (ə) aşiqləri, şiələr bu ənənəyə əməl etdilər. Hətta böyük fəqihlərin bir qismi İmam Hüseyn (ə) əzadarlığında qara geyinib, bu məsələyə ciddi yanaşıblar. Vəsiyyət ediblər ki, dünyalarını dəyişəndə təbərrük olaraq həmin libaslarda dəfn edilsinlər. Bütün bunları nəzərə aldıqda aydın olur ki, məhərrəm və səfər aylarında qara geyinmək nəinki məkruh deyil, hətta Əhli-Beytin (ə) hüzününə əzadarlıq baxımından fəzilətə malikdir.
Quran və rəvayətlər Peyğəmbər (s) ailəsinə sevgini müsəlmanlara vacib buyurub. Dostluğun şərtləri var. Həqiqi dost o şəxsdir ki, dostluq şərtlərinə riayət etsin. Mühüm dostluq şərtlərindən biri dostun qəminə və sevincinə şərik olmaqdır. Buna görə də Əhli-Beytin (ə) şad günlərində şənlənmək, hüzünlu günlərində qəmlənmək tövsiyə olunub.
Həzrət Əli (ə) buyurur: “Bizim şiələrimiz, ardıcıllarımız şadlıq günlərimizdə və hüzünlü olduğumuz zaman bizimlədirlər.” İmam Sadiq (ə) buyurur: “Bizim şiələrimiz bizim tənparəmizdirlər, bizdən qalan torpaqdan yaranmışlar. Məni sevindirən və qəmləndirən hadisələr onları da sevindirir və qəmləndirir.”
Bu əqli və şəri məsuliyyət zəruri edir ki, Əhli-Beytə (ə) əzadarlıq günlərində öz rəftar və danışıqlarımızda hüzünlü olaq, hətta bu hüzn libasımızda da özünü göstərsin.
Sual yaranır ki, nə üçün qara geyim? Qara rəngin müxtəlif baxımlardan özünəməxsus təsirləri var. Onun hər bir xüsusiyyətinin öz yeri vardır. Qara rəng bir tərəfdən geyim rəngidir. Bəzi insanlar bədənlərini örtmək üçün qara rəngli parçalardan istifadə edir. Digər tərəfdən bu rəngdə heybət və təşəxxüs var. Buna görə də qara rəng (eləcə də sürmeyi rəng) insana rəsmi şəxsiyyət verir. Tarixi mənbələrdə, eləcə də günümüzdə hakimiyyət rəsmilərinin daha çox öz geyimlərində bu rəngə üstünlük verdiyini görürük.
Qara rəngin başqa bir xüsusiyyəti onun təbii olaraq hüzn aşılamasıdır. Dünyanın bir çox xalqları öz qəmini göstərmək üçün qara geyinir. Təbii ki, Əhli-Beyt (ə) əzadarlıqlarında bunun məntiqi və emosional səbəbləri də var. Matəm günlərində qara geyinən, ətrafda qara parçalardan istifadə edən insan bununla demək istəyir ki, öz əzizini itirib, ona həyat həvəsi verən bir şəxs əlindən çıxıb. O bu qara rənglərlə demək istəyir ki, sevdiyi insanı itirməklə dünyası qara rəngə boyanıb. Bunun müxtəlif dəlilləri var. Həzrət Peyğəmbərin (s) rihlətindən sonrakı 8 gündə xanım Zəhra (ə) əziz atasının qəbri üzərində oldu, və dedi: “Ey ata, sən getdin və gedişinlə mənim işıqlı dünyamı məndən aldın. Dünya sənin hüsn və cəmalınla işıqlanmışdı. Amma indi sən getmisən və dünya zülmətə bürünüb. Sənin gedişin zülmət gecələrindən danışır. Bu gediş bizim üçün qəm-qüssə olub...”
Ədəbiyyatda da qara rəngin hüzn rəngi kimi qəbul olunması əsrlərdir özünü göstərir. Böyük Firdovsi öz divanında Siyaməkin qətlinə işarə ilə yazır ki, oğlunu itirmiş şah üçün dünya qaraldı. Demək, qara rəngdə təbii olaraq əzadarlıq ruhiyyəsi var. Qara rəng insana hüzn təlqin edir. Buna görə də dünyanın müxtəlif xalqları hüzn günlərində qara geyimə, qara rənglərə üstünlük verirlər.
Tarixi mənbələrdə qara rənglə bağlı kifayət qədər məlumat var. Qara rəng matəm rəngi, qəm-qüssə rəngi kimi tanıtdırılır. Firdovsinin Şahnamə əsəri qədim İran mədəniyyətindən bəhrələnib. Bu əsərdə qara rəng əzadarlıq rəngi kimi göstərilir. Rüstəm qardaşı Şəğğadın əli ilə namərdcəsinə öldürüləndə əsərdə deyilir: Bir il Sistanda əza oldu, hamı qara geyindi; Sasanilər dövründə Bəhram dünyasını dəyişəndə onun canişini Yezdəgil qara geyindi; o 40 gün atasına əza saxladı, qara geyimi əynindən çıxarmadı; Firiydun dünyasını dəyişəndə onun ətrafındakılar və ordusu qara geyindilər; Mənuçehr bir həftə ağrı içində oldu, bütün qoşunu qara geyindi; bu qara geyim hazırda da ənənə olaraq yaşayır...
Qədim yunan əsatirlərində də eyni münasibətlə rastlaşırıq. Müxtəlif əsatirlərdə qətllərdən təsirlənən insanlar, öz yaxınlarını itirənlər qara geyimə üz tutub. Aydın olur ki, qədim Yunanıstanda da qara geyim əzadarlıq zamanı ənənə olub. Bu Homerin dövrünə qayıdır. İbrilərin dövründə də insanlar yaxınlarının əzasında qara geyinərdilər.
Bistani öz ensiklopediyasında Avropa mədəniyyətində də qara rəngin əza rəngi olduğunu qeyd edir. O yazır: “Qərbdə yaxınını itirmiş insanlar bir həftədən bir ilə qədər əza saxlayar, bu müddətdə qara geyinərdilər. Həmin dövrdə bəzənməzdilər.”
Tarixi kitablarda məlumat verilir ki, ərəblər də onlara müsibət üz verəndə qara geyinərdilər. Peyğəmbər (s) dövründə Bədr savaşı başa çatandan sonra aydın oldu ki, müşriklər və Qüreyş bu döyüşdə 70 nəfər itirib. Həmin dövrdə Məkkə qadınları əzaya oturub, qara libas geyindilər. Tarixi və ədəbi nümunələrdən aydın olur ki, qədim dövrdən müxtəlif millətlər, qövmlər arasında qara rəng əzadarlıq rəngi kimi qəbul olunub. Bu təkcə İslama aid deyil. Ərəblər İslamdan qabaq əza vaxtı qara libas geyiniblər. Yunanlılar və iranlılar da istisna deyil.
Müctəhidlər əzadarlıq zamanı qara geyimə necə münasibət göstərir? Doğrudanmı Əhli-Beyt (ə) əzadarlığında qara libas geyinmək məkruhdur?
Ayətullah Behcət (r) buyurur: “Əzadarlıqda qara köynək geyinməyin eybi yoxdur, hətta bəyəniləndir.”
Ayətullah Fazil Lənkərani (r) əzadarlıq günlərində qara libasda namaz qılmağı da məkruh saymır və buyurur: “Qara geyim Seyyidüş-şühədaya əzadarlıq nişanəsi olduğundan yaxşı olar ki, həmin dövrdə əzadarlıq ruhiyyəsi qorunsun. Bu dövrdə qara libasda namaz qılmaq məkruh deyil.”
Ayətullah Nuri Həmədani deyir: “Məsumların əzadarlığı zamanı qara libas geyinmək yaxşı işdir.”
Ayətullah Xamenei buyurur: “Seyyiduş-şühədanın və Əhli-Beytin (ə) əzadarlıq mərasimlərində qara köynək geyinmək hüzn mənasında bəyəniləndir.”
Ayətullah Məkarim Şirazi buyurur: “İslam dininin mərasimlərini, əzadarlıqları yaşatmaq baxımından qara geyinməyin eybi yoxdur.”
Mərhum Bəhrani yazır: “İmam Hüseynin (ə) əzadarlıq mərasimində qara geyinməyin istisnası ola bilər. Bu barədə rəvayət var, dini mərasimləri yaşatmaq baxımından istisnalar nəzərdə tutulur. Əllamə Məclisinin “Məhasin” kitabında Ömər ibn Zeynəlabidindən bu barədə rəvayət nəql olunmuşdur.
Mərhum Əllamə Nuri İmam Hüseyn (ə) əzadarlığında qara geyimin məqbul olması ilə bağlı yazır: “Rəvayətlər var ki, İmam Hüseynin (ə) əzadarlığında qara geyinmək məkruh deyil.”

Vilayet.nur-az.com


1238 بازدید