Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Yanvar 2014

Vəsvəsə və şəkk

Yəqinlik, əminliyin ziddi şəkk və vəsvəsədir. Vəsvəsəyə yoluxmuş adama vəsvas deyirlər. Vəsvəsə pis sifətdir. Bu sifət cəhalətə aid sifətlərdəndir. Vəsəvəsə, şəkk inasanın dünya və axirətini puça çaxarır, insanı bədbəxt edir. Bir çox ailələrin dağılma səbəbi vəsəvəsədir. Bu pis sifət insanı cəmiyyətdən uzaqlaşdırır, onu guşəneşin edir. Bu adamın adını vasvası yox, dəli qoysaq, səhv etmərik. Vasvasılıq elə dəlilikdir.

Mərhum Kuleyni Kafidə əql və cəhl fəslində belə deyir: Bir şəxs İmam Sadiqin (ə) görüşünə gəlib başqa birinin ağlını tərif etdi. Söz arası dedi: "Həmin şəxs dəstəmaz və namazda vasvasıdır." Həzrət (ə) buyurdu: "Bu necə ağıllıdır ki, şeytana itaət edir?! Əgər onun özündən soruşulsa ki, gördüyü işlər ağıl və şeytanın hökmü ilədir, deyər ki, şeytani işlərdir."

Vasvasılıq mövzusunda üç nöqtəni qeyd etmək lazım gəlir. Biri vasvasılığın mənası və qismləridir. Digəri vasvasılığın nədən qaynaqlanmasıdır. Üçüncü nöqtə bu pis sifətdən qurtulmağın yollarıdır.

İnsan zehnində iki növ xatirə, təsəvvür olur. Onlardan biri Allaha aiddir. Zehndən ötən bu fikirlər rəhmani ilham, vəhy adlanır. Allahla rabitəsi möhkəm insanlarda belə fikirlər, olur. Onlar mələkləri görmədiyi halda mələklər onların zehnində, qəlbində həqiqətlə bağlı təsəvvür yaradır. Ayə və rəvayətlərdən aydın olur ki, mömində ilham olur. Mələklər həqiqi möminə doğru yolu göstərir. Allahla əlaqə möhkəmləndikcə möminin zehnində yaranan fikirlər, təsəvvürlər, xatirələr, ilhamlar onu doğru yola yönəldir. Belə ilhama Quranda hidayət deyilir. Hidayət Allahın xüsusi lütfüdür. Bəqərə surəsinin 185-ci ayəsində oxuyuruq: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz." Dəhr surəsinin 3-cü ayəsində buyurulur: "Biz ona haqq yolu göstərdik. İstər (nemətlərimizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir)."

Peyğəmbər (s) insanların hidayəti üçün gəldi. Amma Quranın əvvəlində, Bəqərə surəsindəki hidayət ilham mənasındadır. Yəni Allah öz bəndələrinə xüsusi lüft edər. Maidə, 15, 16: " Ey kitab əhli! Sizə kitabda (Tövratda və İncildə) gizlətdiyiniz şeylərin bir çoxunu bildirən, bir çoxunu da sizə bağışlayıb üstünü vurmayan (və ya sizdən bir çoxunu bağışlayan) Peyğəmbərimiz gəldi. Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi; Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər!"

Allah Quran vasitəsilə bəndələrinə qurtuluş yollarını göstərdi. Əlbəttə ki, hər insana yox, razı qaldığı insanlara. Allah onları zülmətdən nura çıxartdı. Onların qəlbində Allahın nuru yarandı. Həmin nur insanlara behişt yolunu göstərdi. Oxuduğumuz ayələrə bənzər ayələr çoxdur. Bu ayələr göstərir ki, möminə ilham olunur. Möminin zehnindən bəzi fikirlər ötür ki, bu fikirlər ona haqqı batildən seçməyə kömək edir.

Adətən belə insanlar çıxılmaz vəziyyətə düşmür. Allahla rabitələri artdıqca ilhamları da artır. İmam Səccad (ə) xanım Zeynəbə (s) buyurur: "Zeynəbcan, sən müəllim görməmiş bir alimsən. Sən bir mütəfəkkirsən ki, kimsə sənə bir şey öyrətməyib." Bəli, bu məqama Allahın nuru sayəsində çatırlar. Qeyb aləmi ilə bağlı xatirələr, zehndən ötənlər insana doğru yolu göstərir.

Amma insanın Allahla rabitəsi güclü olmasa, günah yolda olsa, küfrə batsa, zehnindən əmmarə nəfs və şeytanın təlqinləri tez-tez ötər. Bu xatirələr, təsəvvürlər ona pis yoldaş olar. Ənam surəsinin 121-ci ayəsində oxuyuruq: " Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız." Günahkar insanlara şeytan ilham verər. Nas surəsində bu nöqtələrə toxunulub: "(Ya Peyğəmbər!) De: “Pənah aparıram insanların Rəbbinə; İnsanların ixtiyar sahibinə; İnsanların tanrısına; Vəsvəsə verən, (Allahın adı çəkiləndə isə qorxusundan) qaçıb gizlənən Şeytanın şərindən- O Şeytan ki, insanların ürəklərinə vəsvəsə salır, (O Şeytan ki) cinlərdən də olur, insanlardan da! [Və ya: (o Şeytan) istər cinlərdən olsun, istər insanlardan!]”"

Şeytan pis xatirələr, təsəvvürlər, təlqinlərlə insanın zehninə daxil olub onda vəsvəsə yaradır. Onun məqsədi axirət səadətini unutdurmaqdır. Pis dost insanın başını qatdığı kimi şeytan da onu düşünməyə qoymur. Demək, insanın zehninə və qəlbinə gələn fikir Allah tərəfindəndirsə ilhamdır, şeytan tərəfindəndirsə vəsvəsədir. Zuxruf surəsinin 36-cı ayəsində buyurulur: " Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona Şeytanı ürcah edərik və onun (Şeytanın) yaxın dostu olar."

Quran nəzərincə, hər vasvası adam üçün bir şeytan var. O şeytanı görməsə də yatdığı zaman, ibadət zamanı, hər yerdə şeytan onunladır. Şeytan daim bu insanla danışır. Dəstəmaz alanda deyir ki, olmadı, yenidən al. Qüsl verəndə deyir ki, düz olmadı, yenidən qüsl ver. İnsan şeytana yaxınlaşdıqca onun əməlləri, ibadətləri vəsvəsələr nəticəsində uzanır.

Qəlbdən ötən vəsvəsələr iki qismdir. Şeytan bəzən bir başa günahı gözəl göstərir və əmr edir ki, naməhrəmə bax, qeybət et, böhtan danış. Bəzən isə xənnas ortaya gəlir. Xənnasın mənası maskalanmış vəsvəsələrlə meydana daxil olmaqdır. Vasvası adamlar deməzlər ki, onların gördüyü işlər haramdır, ibadətləri batildir. Onların nəzərincə bu ibadətləri ən düzgün şəkildə yerinə yetirən onlar özləridir. Onlar ətrafdakıları murdar sayır, özünü pak bilir. Hansı ki ən pis durumda olan elə özləridir. Demək, vəsvəsə iki qismdir və onun ikinci qismi başqa libasda səhnəyə gəldiyi üçün daha təhlükəlidir. İkinci növ vəsvəsədə şeytan hər əmri üçün dəlil-sübut göstərir. Sadə, avam insanları öz uydurma dəlilləri ilə əsarət altına alır. Beləcə insanın dinini puça çıxarır. Vasvası adamın problemi günahkarın problemindən çox ağırdır. Günahkar bir tövbə ilə doğru yola qayıda bilər. Vasvasınınsa tutduğu yoldan qayıdışı olluqca çətindir. Zaman keçdikcə onun qəlbi qaralır və tutduğu yanlış mövqedə möhkəmlənir. İmam Sadiq (ə) buyurur: "Vasvası insan şeytana itaət edən divanədir." Bir divanə zəncirlənib namaz qılmır, oruc tutmur və qəzası da yoxdur. İkincisi isə başqadır. Birincidən soruşanda ki, nə üçün namaz qılmırsan, rahat cavab verir ki, Allah ağlımı əlimdən alıb. Vasvası insanın isə vəzifəsi var, vasvası insan vəzifəli divanədir. Bu divanə bütün ibadətləri yerinə yetirməyə vəzifəlikən şeytanın əsarəti altına düşüb. Kimdir insanı bu günə qoyan xənnas? Rəvayətə görə xənnas çox böyük və alim bir şeytandır.

Alimlər bu fikirdədirlər ki, hər kəsin öz halına uyğun şeytanı var. Ruhanilərin də şeytanı var. Amma bu şeytan şeytanların alimidir. İmam Sadiq (ə) buyurur: "Həzrət İbrahim, həzrət İsa dünyaya gələndə şeytan yoldaşlarını başına yığıb peyğəmbərin gəlişi ilə bağlı təhlükədən danışdı. Həmin vaxt xənnas dedi ki, mən din, vəsvəsə yolu ilə onları cəhənnəmə apararam."

Vəsvəsə bəzən əməl yox, qəlbə aid olur. Buna düşüncə vəsvəsəsi deyirlər. Zəif iradəli insanlar bundan əziyyət çəkir. Əgər insanın əsəbləri zəifsə, çətinliklə rastlaşanda vəsvəsələrə düçar olur. Düşüncə vəsvəsəsinin mərtəbələri var. Bəzən bu mərhələ yalnız şəkk-şübhədən ibarətdir. Bəzən insan o qədər büdrəyir ki, Allaha irad tutur. Düşünür ki, Allahın işlərində ədalət yoxdur. Quran şəkk-şübhəyə hədəf olur, insan tədricən Allah, Peyğəmbər, Məsumları təhqir edir. Başqa mərtəbələr də var. Bəzən vəsvəsə insanlara münasibətdə xülasələşir. İnsan hamıya şübhə ilə yanaşır. Belə vəsvəsəni müalicə etmək mümkündür.

Şəkkin müalicə yollarından biri və əsası ona əhəmiyyət verməməkdir. Fikrində şəkk yaranan insan dərhal bir işlə başını qatır, məsələn ətrafındakı insanlarla söhbətə başlayır. Belə etdikdə şəkk uzaqlaşır. İmam Sadiq (ə) buyurur ki, xəbis xənnas şeytana etinasız olun, ona adət etməyin. İnsan etinasızlıq göstərəndə şeytan uzaqlaşır. Nəhl surəsində buyurulur: " Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərin üzərində Şeytanın heç bir hökmü yoxdur; Şeytanın hökmü yalnız ona itaət edib Allaha şərik qoşanlar üzərindədir! (İnsanların Allaha şərik qoşmalarının əsas səbəbi onların Şeytana itaət etmələri, Şeytanı özlərinə dost, havadar seçmələridir!)" (ayə, 99, 100). Elm əhli bu fikirdədir ki, şeytanın insan üzərində hakimiyyəti yoxdur. Amma hansı insan? Allaha sığınan insan! O insan ki, Allahla rabitəsi möhkəmdir. Şeytan insana o zaman qalib gəlir ki, insan özü şeytanın bayrağı altına girsin. Yəni insan şeytana yaxınlaşanda şeytan insana yaxınlaşır. Şeytan insanı rədd etsə şeytan ondan uzaqlaşar. Allah bayrağı altına girənlər üçün şeytan qorxulu deyil. Rədd surəsinin 11-ci ayəsində oxuyuruq: " (İnsan üçün) onu öndən və arxadan təqib edənlər (mələklər) vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz." Allahın böyük lütflərindən biri budur ki, insanı qoruyan mələklər ayırıb. Allahla əlaqəmiz möhkəmlənsə şeytan bizə yaxın gəlməz. Etinasızlıq göstərsək, şeytan təlqinləri, şəkk-şübhə təsirdən düşər.

Bir şəxs Peyğəmbərin (s) görüşünə gəlib dedi: "Ya Rəsuləllah, dadıma çat, məhv oldum." Həzrət (s) buyurdu: "Şeytan sənə yaxınlaşıb "səni kim yaratdı" soruşanda, deyirsən ki, Allah. Soruşsa ki, Allahı kim yaradıb çaşıb qalırsan. Belə şəkkə düşəndə "la ilahə illəllah" de və həmin fikirləri özündən uzaqlaşdır."

Şeytan vəsvəsələrindən xilas olmaq üçün "la ilahə illəllah", "la həvlə vəla quvvətə illah billah" demək, Quran oxumaq, oruc tutmaq, namazı ilk vaxtında qılmaq təsirlidir. Əlbttə ki, bu işlər şeytanın ilkin yaxınlaşması zamanı təsirlidir. İnsan şeytanı dinlədikcə şeytanın sözləri onun qəlbində kök atır. Elə bir vəziyyətə düşür ki, Allaha qarşı çıxır. Bunun müalicəsi etinasızlıqdır. Qəlbinə nə qədər pis fikir gəlsə də diqqətini başqa məsələlərə yönəltmək həmin şəkkləri zəiflədir. Şəkk Peyğəmbər və Məsumlara aiddirsə salavat demək lazımdır. Rəvayətlərdə bu yol tövsiyə edilir. Namazı ilk vaxtda qılmaqla Allahla rabitələri möhkəmləndirin. Vacib ibadətlərə diqqətli olun. Xanımların hicaba diqqəti çox təsirlidir. Gecə namazı, Quran oxumaq, Allahla raz-niyaz, insanlara xidmət, arvadın ərə, ərin arvada qayğısı, müsəlmanlara yardım, ən əsası günahdan çəkinmək insanı vəsvəsələrdən uzaqlaşdırır. Əlbəttə bu proses uzun çəkir və insan dözümlü olmalıdır. Bir neçə ay ərzində vəsvəsə problemindən qurtulmaq olar. Bəzi psixoloqlar bu fikirdədir ki, düşüncə vəsvəsəsinin müalicəsi yoxdur. Bu səhv fikirdir. Düşüncə vəsvəsəsindən insanların xilas olduğunu çox görmüşük. Düşüncə vəsvəsəsində xilas olmaq üçün fiziki sağlamlıq da mühümdür. Normal yuxu, sakit əsəblər bu sahədə faydalıdır.

Vəsvəsənin bir növü də əməldə vəsvəsədir. Bəziləri geyimi ilə bağlı şəkk-şübhə içindədir. Evdən çıxanda nə qədər paltarı varsa geyib-çıxarır və heç birini bəyənmir. Bu əməli vəsvəsədir. Qadınların çoxunda bu hal müşahidə olunur. Bəziləri təmizliyə münasibətdə vəsvəsədən əziyyət çəkir. Birinin pəncərələrinin şüşəsi çirkdən dumanlanıb, amma vecinə deyil. Başqa birinin şüşələri bərq vurur, amma dəsmalı əlindən yerə qoymur, işi-gücü şüşələri silməkdir. Şübhəsiz ki, hər iki hal pisdir. Təmizliyə vasvası insan gecə-gündüz təmizliklə məşğuldur. Amma yenə də düşünür ki, ətrafı çirklidir. Yeni nəsil arasında, xüsusilə təhsilli insanlar mikroba qarşı həssas olub. Onlar əllərini öz paltarlarına vuran kimi odekalonla yuyurlar. Həkim var ki, hər nüsxə yazandan sonra əllərini yuyur. Əksinə bir qrup insanlar çirkab içində yaşayır, murdar-təmiz bilmir, əllərini yumağa cürəti yoxdur. Bəzi abidlərsə vəsvəsələr nəticəsində kiçik bir ibadəti başa vura bilmir. Belə abidlərdən biri deyir ki, sübh azanından gün doğana qədər sübh namazını başa vura bilmirəm. Bu xasiyyətlər, adətlər insanın dünya həyatını zülmətə qərq edir. Belə insan bilməlidir ki, İmam Sadiqin (ə) buyurduğu kimi, divanədir. İkincisi, tutduğu yol günahdır. Üçüncüsü şeytanın əsarəti altındadır, onun əmrlərini yerinə yetirir.

Düşüncə və əməldə vəsvəsənin əlacı nədir? Əgər şəkkə etina etsə vəziyyət daha da ağırlaşar. İnsan şeytanın yox, din alimlərinin sözünü əsas götürməlidir. Əgər əl murdarlananda onu şəriət qaydasınca yuyursansa artıq şübhəyə yer qalmır. Dəstəmaz alanda üzə bir ovuc, sağ ələ bir ovuc, sol ələ bir ovuc su bəs edir. Dəstəmazı problemə çevirmək, ibadət ləzzətindən məhrum olmaq doğrudan da divanəlikdir. Belə insanın kənarında dayanan şeytan daim ona "alınmadı" pıçıldayır.

Mərhum Ayətullah-üzma Mərəşi Nəcəfinin bir xüsusiyyəti vardı ki, dəstəmaz ləvazimatını yanında saxlayar, vaxtı çatan kimi dərhal dəstəmaz alardı. Qum Elm Hövzəsinin təsisçisi mərhum Hairi Feyziyyə mədrəsəsində dəstəmaz alarkən hovuzun başına gələr, bir ovuz su ilə üzünü, bir ovuc su ilə sağ qolunu, bir ovuc su ilə sol qolunu yuyub baş və ayaqlarına məs çəkərdi. İmam (r) bu qaydada dəstəmaz alardı.

Qüslü də beləcə iki-üç dəqiqəyə başa vurmaq olar. Mərhum Ayətullah-üzma Bürucerdinin təbirincə, vəsvəsəyə düçar olan şəxs namaz qılanda desin ki, batil, puç iş görürəm. Bir neçə gün namazda belə deyəndən sonra düşünəcək ki, necə də axmaq iş görür. Belə "batil" addımlar insanı düşündürər və şükr edib düzgün ibadət yolu tutar. İstənilən bir halda paklıq məsələlərində xənnasa etinasız olmaq lazımdır. Ona etinasızlığın özü savabdır. Vasvası adamın vəzifəsi budur. Deyilənlərə əməl etsə qısa bir vaxtda bu problemdən xilas olar. Vəsvəsəyə düçar olan insanlara tövsiyə edilir ki, şeytanın yox, Allahın sözünü eşitsinlər, şəkk-şübhə zamanı xənnasın ağzından vursunlar.

Nur-az.com/andiseqom


1447 بازدید
در حال ارسال اطلاعات...