Şrift ölçüsü:
A+
A
A-
Kr
08 Noyabr 2015

“Biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik”

Hüseyn ibn Əli (ə) bugünkü dünyada ötən əsrlərə nisbətən daha artıq tanınmışdır
Məsum İmamların həyatında onların İslam quruluşu qurmaq istəyinə və fəaliyyətinə dair çoxlu nümunələr vardır. İmamlar bu mühüm iş üçün müxtəlif nümunələr təqdim etmişlər. Şəhidlər ağasının qiyamı və hərəkəti bunların ən mühümüdür.
İmam Hüseyn (ə) bir vacib əməli yerinə yetirmək üçün qiyam etdi. Bu vacib əməl tarix boyu müsəlmanların hər birinə aiddir. İslam cəmiyyəti quruluşunun köklü bir fəsada düçar olduğunu və İslam hökmlərinin bütünlüklə dəyişmək ehtimalının olduğunu gördükdə hər bir müsəlman qiyam etməlidir; sözsüz ki, münasib şəraitdə, yəni bu qiyamın təsir bağışlayacağı bilindiyi zaman. Sağ qalmaq, öldürülməmək və əziyyət görməmək şərt deyil. Bunlar şərtlərdən sayılmır. Odur ki, İmam Hüseyn (ə) qiyam etdi və bu vacib əməli əməli surətdə yerinə yetirdi ki, hamıya dərs olsun.
İmam Hüseynin (ə) qiyamından öncə heç kəs bu önəmli işdən xəbərdar deyildi. Çünki Peyğəmbərin (s) dövründə belə bir hərəkətə səbəb yox idi, Əmirəlmömininin (ə) və İmam Həsənin (ə) dövründə də qarşıya çıxmamışdı. İmam Hüseyn (ə) yaranmış şəraitdə bu dərsi əməli surətdə bütün nəsillərə göstərdi.
Əgər İmam Hüseyndən (ə) bir kəlmə də söz nəql olunmasaydı, biz vəzifəmizin nə olduğunu anlamalıydıq. Əsir olan, zəncirlənən, başçılarının fəsadına düçar olan, din düşmənlərinin hakim olduğu, həyatına və taleyinə qənim kəsildiyi bir xalq hər zaman vəzifəsinin nə olduğunu anlamalıdır. Peyğəmbərin (s) məsum və imam oğlu belə bir şəraitdə nə etməli olduğumuzu göstərmişdir.
Dillə olmurdu. Əgər bunu yüz formada deyib özü əməl etməsəydi, bu sözün tarixdən keçib bu günə çatması imkansız olardı. Təkcə nəsihət etməklə və dillə deməklə tarixdən keçmir; min cür izah edir və yozurlar. Odur ki, əməl olmalıdır; özü də belə böyük bir əməl, çətin bir əməl, İmam Hüseynin (ə) belə möhtəşəm və qəmli fədakarlığı.
Müasir dünyanın hətta müsəlman olmayan böyük rəhbərlərinin belə dedikləri söylənilmişdir: “Biz mübarizə yolunu Hüseyn ibn Əlidən (ə) öyrəndik”.
Hüseyn ibn Əli (ə) bugünkü dünyada ötən əsrlərə nisbətən daha artıq tanınmışdır. Hazırkı dövrün vəziyyəti elədir ki, onun qərəzsiz mütəfəkkirləri və ziyalıları İslam tarixinə baxıb Şəhidlər ağasını görür və ona təzim göstərirlər. Hətta İslamı tanımayanlar da azadlıq, ədalət, izzət, ucalıq və uca insani dəyərlər prizmasından baxır və İmam Hüseyni (ə) özünün azadlıq istəyində, ədalət istəyində, pisliklərə, çirkinliklərə qarşı mübarizəsində, insan cəhaləti və zəbunluğu ilə vuruşmasında öz imam və rəhbərləri görürlər.


1055 بازدید
در حال ارسال اطلاعات...