Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Yanvar 2014

Qəddarlıq, zor, güc tətbiqi

İslama qarşı qərəzli ittihamlardan biri də dini hökmlərin sərt, qəddar olmasıdır. Hazırda dünyanın anti-islam informasiya mərkəzləri işlərini bu mövzu üzərində qurur, İslam və müsəlmanları qəddarlıqda ittiham edirlər.

Qəddarlıq ("xüşunət") sözü sərtlik, amansızlıq mənasını bildirir. Qəddarlıq insanın təbii meyllərinə uyuşmaz görünən bir haldır. Danışıqda, rəftarlarda, əməldə qəddarlıq müşahidə oluna bilər. Bəzən iqtidardan, gücdən sui-istifadə qəddarlıq sayılır. Bəziləri ümumiyyətlə gücdən istifadəni qəddarlıq hesab edirlər. Əslində isə hər güc tətbiqini qəddarlıq saymaq düzgün deyil. Bəzən zordan ədalətin bərpası üçün istifadə oluna bilər. Bu zaman həmin halı qəddarlıq adlandırmaq düzgün olmazdı. Belə məqamda sərtlik sözü daha çox yerinə düşür.

Zordan istifadənin müxtəlif qismləri var. Bəzi qismlər bəyənilmir, bəziləri qanuni sayılır. Əgər zoru, sərtliyi qismlərə böləsi olsaq qanuni və qeyri-qanuni olmaqla bölmək daha düzgündür. Qeyri-qanuni zor dedikdə İslam dünyagörüşünə zidd şəkildə zordan istifadə nəzərdə tutulur. Qanuni zor dedikdə isə qanunun bərpası, ədalətin icrası üçün zor tətbiq etmək başa düşülür. Belə sərtlik əslində ilahi qanunların icrası üçün zəruridir.

Zor, sərtlik cəmiyyyət tərəfindən qəbul edilmir. Hansı ki bəzən bütün cəmiyyət müharibə üçün ayağa qalxır və müharibə gedişində qəddarlıq, zor, güc tətbiqi adi haldır.

Zoru yalnız ədalət və haqqa zidd işlərə qarşı tətbiq etmək məqbuldur. Əgər bir insanın canına və malına zərrəcə təcvüz olunarsa bunun qarşısını almaq üçün zor tətbiq etmək vacib işdir. Demək sərtlik, qəddarlıq öz-özlüyündə pis və ya yaxşı deyil. Onu pis və ya yaxşı edən hansı sahədə tətbiq olunmasıdır.

Müqəddəs İslam dinində hadisələr haqq və batil olmaqla iki qismə bölünür. Demək meyar haqq olmaqdır. Bəzi İslam hökmləri zahirən qəddar görünə bilər. Amma onun nəticəsi fərd və cəmiyyətin xoşbəxtliyi üçündür. Çox mehriban həkim elə mehriban olduğu üçün əlinə bıçaq alıb cərrahi əməliyyat yerinə yetirir. İnsan orqanizmində kök atmış bir şişi çıxarmaq üçün bıçaqdan istifadə etmək zəruridir. Bu iş zahirən onu icra edəndən qəddarlıq, daş ürək istəyir. İşin nəticəsi isə xəstənin xeyrinədir.

Qurani-Kərim adi halda qəddarlıq və zoru pisləyir. İnsanlar mehribanlığa, mərhəmətə dəvət olunur. Ali-İmran surəsinin 159-cu ayəsində buyurulur: "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!" Tövbə surəsinin 72-ci ayəsində oxuyuruq: "Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd buyurmuşdur. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!" Ayələrdən aydın olan budur ki, mərhəmətli rəftarın ünvanı sərt rəftarın ünvanından fərqlidir. Quran möminləri və saleh insanları belə vəsf edir: " Muhəmməd (əleyhissəlam) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" (Fəth, 29). Qanunsuzluğa, küfrə qarşı sərt rəftar sərtliklə müşayət olunsa da qanun və ədalətə əsaslanır. Ədalət və İslamın düşmənləri ilə sərt rəftar edilir. Günahı olmayan, zülmə yol verməyən insanlar İslamın himayəsindədir.

İslamın cihad və cəza hökmləri zülm və təcavüzün qarşısını almaq üçündür. Aydın məsələdir ki, əlinə silah almış zalım təcavüzkarla xoş dillə danışmaq ağılsızlıqdır.

Bəziləri qəddarlıq və sərtliyin üçüncü qismi haqqında danışır. Buna siyasi sərtlik deyillər. Bu ifadə mənfi mənadadır. Siyasətdə qeyri-məntiqi, qeyri-qanuni rəftarlar bu qismə daxil edilir. Belə bir sərtliyi ağıllı və mədəniyyətli insan qəbul etmir. Müqəddəs İslam şəriətində siyasi imtiyaz qazanmaq üçün qanunu pozmaq haram və zülm sayılır. Əksər zülmlər və təcavüzlər xalqın mənafeyinə qarşı olduğundan İslam bunu rədd edir.

Bundan əlavə, dünyada mövcud olan dəyər və hüquq sistemləri fərqlidir. İslamın dəyər və hüquq sistemi liberalizmin dəyər və hüquq sistemindən fərqlənir. Dəyərlərin fəlsəfəsi fərqləndikdə ona münasibət də dəyişir. Əgər ayrı-ayrı məktəblər insana fərqli tərif verirsə insan haqlarına da ayrı-ayrı prizmalardan yanaşılır.

Əxlaq fərdi, xüsusi iş sayıldıqda artıq İslamın əmr be məruf nəhy əz münkər kimi (yaxşıya dəvət və pisdən çəkindirmək) göstərişləri ikinci plana keçir. Dəyər sisteminin dəyişməsi doğru yola çağırış, vilayət kimi məsələlər üzərinə kölgə salır. Məktəblər haqq və batilə, hidayət və azğınlığa fərqli tərif verirsə bu fərqlər qanunlara da sirayət edir. Əslində isə əxlaq və dəyərlər sabitdir və bütün məktəblərin həqiqətə eyni tərif

verməsi zəruridir. Hər fərd həqiqətə öz istədiyi kimi tərif versə haqqı batildən seçmək mümkünsüz olar. Bu halda insan nəyi müdafiə etməlidir?! Əgər halal və haramı tanımaq insanın öz ixtiyarına verilsə, o öz nəfs istəklərinin hökmü altında qərar çıxaracaq. Bu halda fərd İslam şəriətinin ziddinə olaraq şərabı halal saya bilər. Onun iddiası budur ki, şərab içəndə həddi aşmır, özünü aparmağı bacarır. Bu isə hər fərd üçün dünyada bir qanun sistemi tətbiq etməkdir. Belə yanaşma kökündən yanlışdır. Bu ona bənzəyir ki, avtomobil yollarında hərəkət istiqamətini hərə özü təyin edir. Liberalizm avtomobil yollarında ümumi qanunları qəbul edirsə də mənəviyyat aləmində yolları fərdlərin ixtiyarına verir. Elə bu səbəbdən dünyada mənəviyyatsızlıq və əxlaqsızlıq baş alıb gedir.

Araşdırılan ayə və rəvayətlərdən aydın olur ki, cəza sistemi ictimai zərurətdir. Cəza sistemi olmasa cinayətkarlıqla mübarizə səmərə verməz. Bir an təsəvvür edək ki, bütün dünya ölkələrində cəza sistemi müvəqqəti dondurulub. Necə bir xaos yaranacağını təsəvvür etmək çətin deyil. İslam cəza sistemi cəmiyyət və fərddə baş qaldıran təcavüzlərə qarşıdır. İslam insanların hüquqlarını müdafiə etmək üçün cəzaya meydan verir.

İslamda cəzaların qanuni qüvvəyə minməsindən onun icrasınadək bütün proses boyu təkamül, tərəqqi, təhlükəsizlik prinsiplərinin hifzinə nəzarət olunur. İslamda cəza ictimai həyatı yaşatmaq üçündür. İmam Sadiq (ə) buyurur: "Əgər yer üzündə Allahın təyin etdiyi bir cəza yerinə yetirilsə bu iş qırx gün ardıcıl yağan yağışdan daha pakedici və faydalıdır." (Üsuli-Kafi).

Cəza yerində tətbiq olunarsa ictimai zərurət olaraq fayda verər. Cəza o zaman pislənilir ki, haqqa qarşı yönəlsin, ədalətə ünvanlansın.

Bəziləri düşünür ki, İslamın qisas, şallaq, daşqalaq kimi qanunları qəddar qanunlardır. Bu münasibətin arxasında fərqli dünyagörüşü dayanır. Qanuna ayrıca baxmaq düzgün deyil. Onun ünvanı, icrası baxış bucağına daxil edilməlidir. Daşqalaq pisdir demək kafi deyil. Kimin, nə üçün daşqalaq olunması nəzərdə tutulmalıdır.

Bəziləri qərb cəmiyyətində spritli içkilərin, cinsi azadlığın yer aldığını əsas götürüb bu işləri cinayət saymırlar. Amma şərab və cinsi azadlığın törətdiyi cinayətləri statistikası ortaya gəlsə, neçə ailə dağıldığı, dünyaya neçə qanunsuz uşaq gəldiyi nəzərə alınsa həqiqət üzə çıxar. Uşaq evlərində yerləşdirilmiş anadan əlil doğulan uşaqların taleyinə nəzər salaq. Nədir bu uşaqların günahı, nə üçün onlar əlildir, nə üçün onlar atılıb? Bu sullara cavab tapan insan spritli içkilər və cinsi azadlığa qarşı çıxır. Ədalətli qərar elə budur.

İslam insanların fitri hisslərinə hörmətlə yanaşır. Tövsiyə edir ki, ətrafımızdakı insanları bağışlamağı bacaraq. Amma bu fərdi sahədədir. İctimai sahəyə gəldikdə cəmiyyətdə fəsad törədən insanı bağışlamaq bizim ixtiyarımızda deyil. Çünki həmin şəxs bir nəfərin yox, bir cəmiyyətin hüququnu pozmuşdur. Belə bir insanın qarşısı alınmasa onun törətdiyi cinayətlərin sayı artar. İslam bu məqsədlə cinayətkarların cəzalandırılmasını ciddi sayır. Tapşırır ki, zinakar qadın və zinakar kişiyə yüz qamçı vurun və ürək yandırmayın. Bəli, Allah və qiyamət gününə iman gətirənlər bunu qəbul edir. Bəzən cəza ağır görünə bilər. Amma İslam cinayətin sübutu üçün elə çətin şərtlər qoyur ki, çox az insan cəzalandırılır. Bir cinayətə dörd ədalətli şahid istənilməsi həmin cinayətin sübutunu çətinləşdirən şərtdir. Yəni İslam insanları cəzalandırmaqda maraqlı deyil. Məqsəd sərt qanunlarla cinayət baş verməzdən öncə insanları qəflət yuxusundan oyatmaqdır.

Qərbdə zahirən işgəncələr qadağan edilsə də faktiki ən ağır işgəncələr elə bu ölkələrdə baş verir. İnsan haqlarından danışan Amerika gizli həbsxanalar yaradır, insanları ən alçaq şəkildə cəzalandırır.

Bəli, İslamda qisas hökmü var. Bir insan başqa birini bilərəkdən qətlə yetirsə ölüm hökmü ilə cəzalandırılır. Fiqhdə qətl üç qismə bölünür: Bilərəkdən qətl, şübhəli qətl, bilməyərəkdən qətl. Hər bir qətl iki hissəyə bölünür və bu təsnifatda hər qətlin öz cəzası var. Yalnız bilərəkdən qətlin cəzası qisas və edamdır. Əgər qan sahibi, öldürülən şəxsin ata-anası qatili bağışlasa edam hökmü ləğv olunur. Demək, qisas hökmünün özü də şərtidir.

Qisas və edam hökmü təkcə İslam ölkələrinə aid deyil. Bunun tarixi keçmişi var. Bilərəkdən qətl cinayətinə qarşı tarix boyu, əksər ölkələrdə qisas cəzası nəzərdə tutulub. Qədim Romada, Babildə, Misirdə qətl hökmü icra olunub. Tövratda və bir çox başqa ilahi kitablarda qətl cəzası nəzərdə tutulur. Bir neçə il öncəyə qədər qərbdə də edam hökmü vardı. İndi də bəzi ölkələrdə, o cümlədən ABŞ ştatlarında edam hökmü qüvvədədir. Demək, edam hökmü təkcə İslamda nəzərdə tutulmayıb. Edam təkcə bilərəkdən qətlə aid deyil. Dövlət və millətə xəyanət kimi cinayətlər də edamla cəzalandırılır.

İslamda istənilən cəza hökmünün arxasında ictimai ədaləti təmin etmət dayanıb. Qanun ya təcavüzkarı cəzalandırır, ya da təcavüzə meyilli insanları qorxutmaqla bu işdən çəkindirir. Qətlə yetirilmiş şəxsin yaxınları qatili bağışlayıb diyə (qan bahası) alsalar cəza hökmü ləğv olunur. Qatil bir növ öz cəzasının bahasını verir. Qətl bir növ şəxsi işdir. Şəxsi zəmində baş verən hadisələrdə yüngülləşdirmə halları nəzərdə tutulur. Cinayət cəmiyyətə qarşı olduqda qanunlar sərtləşir. Maidə surəsinin 45-ci ayəsində oxuyuruq: " Biz (Tövratda İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffarədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdi də qisası da bağışlasa, bu, cani üçün bir kəffarədir. Haqq

sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalımdırlar!" Bəqərə surəsinin 179-cu ayəsində buyurulur: " Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz."

Mövzunu bir az da sadələşdirsək, sürüyə soxulmuş yırtıcını və ya sürüdəki xəstə heyvanı zərərsizləşdirmək zəruridir. Bədənin çürümüş, bəd xassəli şişə yoluxmuş əzasını amputasiya etmək vacibdir, əkin sahəsindəki alaqları çıxarmaq mühümdür. Bütün bu addımlar xeyirxahlıq məqsədi ilə atılır. Cəmiyyətin, orqanizmin, təbiətin sağlam hissəsini qorumasaq xəstəlik baş alıb gedər. Həzrət Əli (ə) buyurur: "Allah qisası qanların qorunması üçün vacib etmişdir." (Nəhcül-bəlağə). Qisasın mühüm faydalarından biri öncə qeyd etdiyimiz kimi profilaktikadır. Cinayətə maraqlı insan ağır cəza qanunlarını görüb çox vaxt cinayətdən çəkinir.

Deyilənlərdən aydın olur ki, İslam təcavüz və zülmə qarşı ən düzgün yolu tutmuşdur. Qanunun zalımı narazı salması mühüm deyil. Zərər çəkən şəxsin haqqının ödənməsi zəruridir. Bununla belə İslamda əfv, bağışlamaq çox tövsiyə olunur. İnsanlar mərhəmətə çağırılır, hətta qisas haqqını bağışlamaq bəyənilir.

Bəziləri deyə bilər ki, insanı cəzalandırmaq üçün ölüm hökmü zəruri deyil, onu əbədi həbsə məhkum etmək bəs edər. Cavab budur ki, əbədi həbs nəinki qətl cinayətinin qarşısını almır, hətta qətl qərarına gəlmiş insana ümid verir. Edam hökmünün ləğv oluduğu ölkələrdə qətlin statistikası buna bir nümunədir. Hansı ölkədə edam hökmü əbədi həbs hökmü ilə əvəz olunubsa, həmin ölkədə qətllərin sayı artıb. Fransız Jan Praol "Düşüncə tarixi" adlı kitabında yazır ki, Fransada ölüm hökmünün həbs hökmü ilə əvəz olunması göstərdi ki, bu addım səmərəsizdir. Zindan zindandır, onun tərbiyəedici əhəmiyyətindən danışmağa dəyməz."

Allahın insana verdiyi nemətlər arasında ən böyük nemətlərdən biri azadlıqdır. Bir insanı qətlə yetirmək insanın azadlıq haqqı ilə uyğun gəlirmi?! Əgər bir insan öz azadlığından başqalarının haqqına təcavüz, qətl üçün istifadə edirsə, onu cilovlamaq lazım deyilmi?! Əgər bəşəriyyətə məhdudiyyətsiz azadlıq verilsə bundan daha çox qatillər və təcavüzkarlar faydalanar. Azadlıqdan təcavüz yolunda istifadə edən insan elə bir şəkildə cəzalandırılmalıdır ki, başqalarına ibrət olsun.



Nur-az.com/andisheqom


1484 بازدید
در حال ارسال اطلاعات...