Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Noyabr 2015

Hövzə ilə universitet arasında körpü insanlar

Doktor Həddad Adil öz ustadı Riza Ruzbeh haqqında yazdı
Doktor Qulaməli Həddad Adil öz ustadı Riza Ruzbehin vəfat ildönümü (21 aban) münasibəti ilə məqalə yazıb. Məqalədə İranda yeni İslam təlim-tərbiyə üsulunun banisindən, Ələvi məktəbinin ilk müdirindən söz açılır. Mehr informasiya agentliyi xəbər verir ki, Həddad Adilin bu məqaləsi İslam dünyası ensiklopediyasının 20-ci cildində yerləşdiriləcək. 
Riza Ruzbeh fizika müəllimi olub, İranda yeni təlim-tərbiyə üsulunun bünövrəsini qoyub. Ustad eyni zamanda Ələvi mədrəsəsinin müdiri vəzifəsində çalışıb. Riza Ruzbeh şəmsi 1303-cü il, ordibehişt ayında Zəncanda dünyaya gəlib. Atası kərbəlayi Məhmud abid bir insan olub. O dərzilik edirmiş. Ata babası Ağa Şeyx Əhməd Zəncan əhalisinin sevimli ruhanilərindən olub, anası Seyyidə Rübabə Zəncanın tanınmış ictimaiyyətçilərindən olan Seyid Təqi Meracinin qızıdır. Ruzbehin Ağa Mirza Məhəmməd və Şeyx Cavad adlı iki əmisi olub. Ağa Mirza Məhəmməd fransız dilini bilib, riyazi biliklərə malik olub. Ruzbeh yeniyetməlik dövründə fransız dili və riyaziyyatı əmisindən öyrənib. O biri əmisi şeyx Cavad Zəncani Zəncanda dini elmlərin müqəddiməsinə yiyələndikdən sonra İraqa yola düşüb. Hövzə elmlərini Nəcəfdə öyrənib. Bir müddət sürgündə olub, qalan ömrünü sona qədər Bağdadda yaşayıb. Şeyx Cavadın dini, elmi və ictimai şəxsiyyəti ata ailəsində özünü daha bariz göstərir. Ruzbehlə əmisi Şeyx Cavadın həyat yollarındakı oxşarlıqdan anlamaq olur ki, Şeyx Cavad qardaşı oğlu üçün bir növ nümunə olub. Şeyx Ağa Bozorg Tehrani Şeyx Cavadı istedadlı ədib, fəzilət sahibi, tanınmış din alimi kimi təqdim edir. O ömrünün sonlarına qədər Bağdadın Cəfəri məktəbində tədrislə məşğul olur. Bu məktəb Bağdaddakı iranlılar üçün təsis edilib. Şeyx Cavad uşaqların təhsili üçün bir neçə kitab yazıb. Təxminən şəmsi 1310-cu ildə Kazimeyndə dünyasını dəyişib. Şeyx Cavadın ictimai həyatında iki yön özünü göstərir. O öncə təlim-tərbiyə sahəsində çalışıb, daha sonra istibdadla mübarizə aparıb. Şəmsi 1284-cü ildə hacı Əkbər Əhrabinin təşəbbüsü ilə Kazimeyndə Uxuvvət adlı mədrəsə yaradılıb. Şeyx Cavad həmin məktəbdə tədris üçün dərsliklər yazıb. Ərəb dilinin qrammatikasına aid Əl-Təmhid kitabı da həmin kitablar sırasındadır. Şeyx Cavad ingilislərin İraqdakı istismarına qarşı çıxıb, Şeyx Məhəmməd Təqi Şirazi və digər Nəcəf alimlərinin rəhbərliyi ilə hərəkatda iştirak edib. Əli Vərdi yazır ki, ingilislər İraqı əsarət altına alandan sonra iranlılara məxsus Uxuvvət mədrəsəsinin müdiriyyətini, şəhərin digər tanınmış simalarını həbs edib sürgünə yolladılar. Çünki onlar Məşrutəni təbliğ edir, cihad hərəkatına dəstək verirdilər. Əkbər Əhrabi, Seyid İsa Məşşat, Əbdür-Rəuf Kazimi, Şeyx Cavad Zəncani, Mirza Əhməd Yəzdi əvvəlcə Bəsrəyə, sonra Hindistana sürgün ediliblər. 
Abidi yazır ki, Ruzbeh kiçik yaşlarında atası ilə birlikdə İraqa ziyarət üçün gedib. Şeyx Cavad qardaşı oğlunun istedadını görüb onun İraqda qalıb təhsil almasını təklif edib. Riza Ruzbeh ibtidai təhsilini hacı Əli Əkbər Tövfiqinin şəmsi 1299-cu ildə təsis etdiyi mədrəsədə başa vurur. Ruzbehin müəllimlərindən biri də Abdullah Mirza Daranın nəvəsi Əbdülməcid Mirza olub. Əbdülməcid Mirzanı Ayətullah Seyid İzzəddin Zəncani böyük alim, ilahi şəxsiyyət, dəyərli filosof adlandırır. O, Ruzbeh haqqında deyir ki, Allah-Taala Kərbəlayi Mahmuda fəzilət və düşüncədə nümunə sayılacaq övlad əta edib. Ruzbeh gənclik dövründə Tövfiq məktəbində müəllimlik edib. O eyni zamanda dini elmləri öyrənib. Müqəddimə və səth oxuyub, məktəbdən kənarda Zəncan alimlərinin elmindən bəhrələnib. Kifayəni Zəncan alimlərindən olan Ağa Şeyx Hüseyn Din Məhəmmədinin hüzurunda oxuyub. Sədrül-Mütəəllihinin Əl-Məbdə və Məad kitabını Seyid İzzəddin Zəncanidən öyrənib. Söhrəvərdinin Hikmətül-İşraq, Qəzalinin Meyarül-Elm, Ayətullah Seyid Məhəmməd Kazim Təbatəbai Yəzdinin Ürvətül-Vüsqa əsərini Zəncanın imam-cüməsi Ayətullah Seyid Məhmud Hüseyni Zəncaninin hüzurunda oxuyub. Bu elmlərin kənarında Əsədullah Mübəşşiridən fizika öyrənib. Əsədullah Mübəşşiri o zaman Zəncan prokurorluğunda çalışırmış. 
Şəmsi 1320-ci il, şəhrivər ayında müttəfiqlər İrana hücum edib. Ölkədə siyasi böhran yaranıb. Demokratların müstəqillik tələbləri Azərbaycanda, o cümlədən Zəncanda vəziyyəti ağırlaşdırıb. Həmin dövrdə Ruzbeh gənc müəllim, alim kimi tanınıb. Həm pəhləvinin, həm də demokratların dinə zidd təbliğatı qarşısında dayanıb, dini maarifin yayılması istiqamətində təlaş göstərib. Firqəçilər şəmsi 1324-cü ildə mədrəsə təsisçisi Əli Əkbər Tövfiqini həbs edib və gecəyarı güllələyib. Ruzbehin də onunla birlikdə həbs edildiyi söylənilir. Amma Ruzbeh sonradan azad edilib və mədrəsəyə müdiriyyəti öhdəsinə götürüb. Ruzbeh şəmsi 1330-cu ildə fizika ixtisasına yiyələnmək üçün Tehrana yola düşüb. Tehran universitetində tələbəlik dövründə o biri tələbələrdən 10 yaş böyük Ruzbeh kifayət qədər təcrübəli olub. Onun təcrübə və biliyi diqqəti cəlb edib. 1314-cü ildən 1325-ci ilə qədər müəllimlik edib, təhsil sahəsində çalışıb. 1330-cu ilə qədər Zəncan məktəbində işləyib, mərkəzi məktəbdə müəllimlik edib. Tehrana gələndən sonra Behcətabad məktəbində və Təxti-Cəmşid məktəbində tədrislə məşğul olub. 
Şövqlü ruhani və böyük alim Əli Əsğər Kərbasçiyanla tanışlığı onun həyat yolunu dəyişib. Bu şəxs əllamə kimi tanınıb. Ruzbeh bu alimlə şəmsi 1328-ci ildə, alim Zəncana gəldiyi zaman tanış olub. 1329-cu ilin yanında alim növbəti dəfə Zəncana gəlib. Sonra 1334-cü ildə Tehranda təsadüfən rastlaşıblar. Həmkarlıq üçün zəmin yaranıb.



Kərbasçiyan özünə bir vəzifə bilərək Tehranda İslam mədrəsəsi açmaq üçün Qumdan gəlmişdi. O mədrəsə açmaq məqsədini Ruzbehə bildirir. Ruzbeh dərhal bu işdə kömək üçün hazırlığını elan edir. Bir qrup ruhani və tacirin köməyi ilə Ələvi məktəbi təsis olunur. Bu məktəbin açılışını İslam Təlim-Tərbiyəsində dönüş nöqtəsi saymaq olar. Şəmsi 1335-ci il, mehr ayında İran (Eynüddövlə) prospektində qədim bir tikilidə məktəb fəaliyyətə başlayır, məktəbə Ruzbeh rəhbərlik edir. Əli Əsğər Kərbasçiyan onunla çiyin-çiyinə çalışır, məktəbin müəllim və maliyyə təminatına yaxından kömək göstərir. 
Tehranda Ələvi mədrəsəsi Ruzbeh üçün geniş fəaliyyət meydanı açır. 52 illik ömrünün son 17 ilini gənc nəslin imanlı tərbiyəsinə sərf edir. O nəzərdə tutduğu məqsədə çatmaq üçün hətta Avropa və Amerikada təhsil imkanlarından imtina edir. Ruzbeh elə bir elm və istedada malik olub ki, onun xaricdə doktorluq dərəcəsi alması üçün yollar açıq olub. Amma mücahid alim tutduğu yoldan ayrılmayıb. Fizika üzrə ali-təhsilə yiyələndikdən sonra Tehran universitetində doktor Kəmaləddin Cənabın rəhbərliyi altında ixtisasını artırıb. Tehran universitetinin fizika üzrə ilk doktorlarından biri Kəmaləddin Cənabdır. Ruzbeh 1338-ci il, aban ayında elmi işini başa çatdıraraq təhsilin bu mərhələsini müvəffəqiyyətlə tamamlayır. Ruzbeh fizika üzrə İranda elmlər namizədi dərəcəsi almış ilk alimdir. 
Ruzbeh müxtəlif ustadlardan, o cümlədən Məhəmməd Baqir Hüşyar kimi bir alimdən aldığı bilikləri, müəllimlik təcrübəsini, fizika və kimiya, ekalogiya, riyaziyyat, İslam maarifi, fars ədəbiyyatı, ərəb ədəbiyyatı sahəsində biliklərini Ələvi mədrəsəsinə müdiriyyətdə və yüzlərlə gəncin tərbiyəsində istifadə edir. Həmin illərdə Tehranda ailə qurur. Bu izdivacdan bir oğul, bir qız övlad dünyaya gəlir. Tehranda olduğu dövrdə Əllamə Seyid Məhəmməd Hüseyn Təbatəbai və onun əsərləri ilə tanış olmaq imkanı qazanıb. Onun Əllaməni tanımasında cənab Kərbasçiyanın rolu olub. Kərbasçiyan Əllamə Təbatəbainin yaxınlarından sayılır. Kərbasçiyan Qumda Əllamənin dərslərində iştirak edib. Əllamə Nəcəfdə təhsil zamanı seyid Mahmud Hüseyni Zəncani ilə dost olub, bir yerdə təhsil alıblar. Ruzbeh Əllamə Təbatəbainin Tehranda həftəlik dərslərində gedib. Əl-Mizanı böyük sevgi ilə mütaliə edib. Ələvi mədrəsəsindəki təfsir dərslərini Əl-Mizan üzərində qurub. Əllamə Təbatəbai şəmsi 1344-cü ildə, həyat yoldaşını itirir. O, Ruzbehin bacısı ilə ailə qurur. 
Şəmsi 1347-ci ilin qışında Ruzbeh xərçəng xəstəliyi tutur. Onun bu xəstəliyə tutulması bütün tanışları və dostları üçün ağır olur. Alimlərin təkidləri, Ayətullah Milaninin göstərişi ilə müalicə üçün İngiltərəyə gedir. Müalicə aldıqdan sonra İrana qayıdır. Xərçəng xəstəliyi Ruzbehin fəaliyyətlərini dayandırmır, əksinə bu xəstəliyə yoluxduqdan sonra Ruzbeh vaxtı qənimət sayaraq daha ciddi fəaliyyət göstərir. Xəstəliyə yoluxduğu 5 ildə nəinki fəaliyyətlərini dayandırmır, hətta daha artıq fəaliyyət göstərir. 1352-ci ildə, yəni ilk səfərindən 5 il keçəndən sonra həkimlərin göstərişi ilə yenidən İngiltərəyə gedir. Artıq bu səfərdə ona ölüm xəbərini verirlər. Qısa bir vəsiyyətnamə yazır. Tehrana qayıdan kimi tədrisi davam etdirməyə başlayır. Amma bu fəaliyyət iki həftədən çox çəkmir, Ruzbeh şəmsi 1352-ci il, 21 abanda dünyasını dəyişir. O, Qumda dəfn edilir. 
Ruzbehin şəxsiyyətində xarakter xüsusiyyətlərdən biri onun Allaha etiqadı, peyğəmbərə imanı, məsumlara sevgisi, təqva və bəndəliyidir. Bu etiqadı onun həyatının əsas sütunu saymaq olar. Bütün şagirdləri və həmkarları bu fikirdədir ki, Ruzbeh ənam surəsinin 162-ci ayəsinin dəqiq nümunəsidir. Ayədə buyurulur: “De ki, mənim namazım, ibadətim, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür.” O baxış, danışıq və əməl baxımından həqiqi bir müsəlman idi. Ruzbeh dini maarifi təbiət elmləri, riyaziyyat kimi biliklərinin kənarında saxlamırdı. Tövhid dünya görüşünə əsasən şəriət və yaranış həqiqətlərini bir yerdə ilahi ayələrdən sayırdı. O Allahın hikmət və qüdrət cilvələrini ətrafında görür, Allahın qəyyumluq əhatəsinə inanırdı. O riyaziyyatı təbiətin dili sayırdı. Bu dildə təbiətin danışığına qulaq asır, təbiətlə söhbətləşirdi. Onun nəzərincə riyazi dusturlar təbiət aləmindəki gerçək tarazlığın göstəriciləri idi. O öz düşüncəsində tövhidi və elmi bilikləri birləşdirmişdi. Ruzbeh öz həyatı ilə sübuta yetirdi ki, müasir dünyada etiqadlı olub yaşamaq mümkündür. Marksizm və pozitivizmin dinə baxışları Ruzbeh üçün məqbul deyildi. O, namaza dayananda özünü Allahın hüzurunda görürdü. Fiqhdə dərin bilik sahibi olsa da şəri hökmlərdə Ayətullah Seyid Hadi Milaniyə təqlid edirdi. Xalqın haqqına, beytülmala münasibətdə çox məsuliyyətli idi. 
Ruzbeh siyasi fəal kimi pəhləvi hakimiyyəti ilə mübarizədə bacardığını edirdi. Ələvi məktəbində fəaliyyətlərini bir an dayandırmasa da, müəyyən qədər ehtiyatlı olsa da, bütün şagirdlər onun rejimə müxalif olduğunu bilirdi. Ruzbehin təbiət elmlərinin tədrisində, fizika və kimiyanın tədrisində üsulu təcrübə üsulu idi. O tələbələrin qarşısında təcrübələr vasitəsi ilə təbiət qanunlarını nümayiş etdirməyə çalışırdı. Şagirdlərə kömək edirdi ki, böyük kəşflərə imza atmış alimlər kimi təcrübələrə baxmaqla qanunları kəşf etsinlər. O öz tədris üsulunda sahib olduğu elm tarixindən bəhrələnirdi. O bütün dərslərə əhəmiyyət verir, hansısa dərsi o biri dərslərdən üstün saymırdı. Ruzbeh əxlaq baxımından təqva mücəssəməsi idi. Çox ciddi, bəzən sərt olsa da təbiətcə mehriban və mülayim idi. Sadəlikdə, pərhizkarlıqda misilsiz idi. Təmiz və sadə geyinərdi. Onda, onun evində, onun həyatında, onun süfrəsində heç bir dəbdəbəçilik tapa bilməzdin. Adətən sadə xörəklərdən, həm də az qidalanardı. Yediyi çox vaxt çörək və qatıq idi. Mədrəsə müdiri olduğu dövrdə də həyat tərzi dəyişmədi. Səy göstərərdi ki, tabeçiliyində olan işçilərdən üstün tərzdə yaşamasın. Aldığı maaşın da bir hissəsini ehtiyacı olanlara xərcləyərdi. Heç vaxt özü haqqında tərif dilinə gəlmədi. O təlaşlı, nizamlı bir müdir idi. Əməldə də düşüncədə olduğu kimi nizamlı idi. Ruhani və qeyri-ruhani tanışlarına eyni şəkildə hörmət göstərərdi. Ustadı Doktor Kəmaləddin Cənabı hörmətlə yada salardı. Doktor Cənab da öz şagirdini çox sevirdi. Onun dəvəti ilə Ələvi məktəbində fizika tədris edirdi. Oğlunu da bu məktəbə qoymuşdu. 
Ruzbeh təbiət elmləri, riyaziyyat, dini elmlərə dərin yiyələnməklə yanaşı təlim-tərbiyə sahəsində də zəruri biliklərə sahib olmuşdu. Bu ona öz müəllimlik peşəsini yerinə yetirmək üçün lazım idi. Zəncan və Tehranda müəllimlik və müdirlik tərcübələri Ələvi məktəbinin təsisində onun köməyinə gəldi. O kamil bir məktəb yaratmaq üçün hazır idi. O tədris üsuluna xüsusi diqqət yetirirdi. Ələvi mədrəsəsinə müdir olduğu illərdə bir müəllim dərsə gələ bilməyəndə onun əvəzində sinifə gedər, dərsin dayanmasına yol verməzdi. Yalnız ingilis dili dərsi istina idi. Ruzbeh fransız dili və ərəb dilini bildiyi qədər ingilis dilini bilmirdi. Aydın danışar, düşüncəsini məntiqi şəkildə ortaya qoyardı. Ələvi məktəbini 17 il iqtidar və məsuliyyətlə idarə etdi. Məktəb təsis etmək fikrində olanlar üçün gözəl bir təcrübə ortaya qoydu. Ruzbehin tədris üsulunun bəhrəsini Ələvi məktəbini bitirənlərin sonrakı nailiyyətlərində müşahidə etmək olar. 
Ruzbeh Tehrandakı fəaliyyətləri Ələvi mədrəsəsinin müdiriyyəti ilə başa çatmırdı. Qeyri-rəsmi təlim deyilən biliklərə sahib olmağa vaxt sərf edirdi. Qum Elm Hövzəsinin tələbələrinə müasir elmlər barədə məlumat verməyi özünə vəzifə sayırdı. Ayətullah Brücerdinin vaxtında bu işi görmüşdü. Əllamə Kərbasçiyanın təşəbbüsü ilə şəmsi 1337, 1338-ci ilin yayında Qum Elm Hövzəsinin bir qrup tələbəsi Tehrana dəvət edildi. 3 aylıq bir kursda sübh saat 6-dan axşam saat 6-a qədər (arada 1 saat istirahət nəzərdə tutulurdu) ruhani tələbələrə təbiət elmləri, fizika, fiziologiya, iqtisadiyyat, ingilis dili, fəlsəfə barədə məlumat verilirdi. Bu kurslara Yədullah Səhabi, Mürtəza Mütəhhəri kimi şəxslər müəllimlik edirdi. Ruzbeh bu kurslarda əsas müəllimlərdən idi. O məktəbin laboratoriyasından istifadə etməklə tələbələri əyani olaraq fizika və kimiya sahəsində biliklərlə tanış edirdi. Ərəb dili, fiqh, üsul, fəlsəfə, məntiqlə kifayət qədər tanış idi. Bu elmləri qarşı tərəfə qənaətbəxş səviyyədə çatdıra bilirdi. Bu kurslarda iştirak edənləri Əllamə Kərbasçiyan, Ayətullah Mürtəza Tehrani seçirdi. Məhəmməd Təqi Şəriətmədari, Seyid Əli Şahçeraği, Hüseyn Nuri Həmədani, Məhəmməd Müfəttih, Seyid Möhsin Xərrazi, Məhəmmərriza Məhdəvikəni, Məhəmməd Baqir Baqiri Kəni, Əkbər Haşimi Rəfsəncani, Məhəmməd İmami Kaşani, Cəvad İlahi Kəni, Möhsin Daniş Aştiyani, Əli Behcəti, Məhəmməd Hüseyn Behcəti (Şəfəq) bu kurslarda iştirak etmiş tanınmış simalardır. Bu insanlar İran İslam İnqilabının qələbəsindən sonra mühüm məsuliyyətlər daşıyıb. Ruzbeh öz dövründə mühüm bir gerçəkliyin nümunəsi idi. Bu hövzə və universitet arasında vəhdət zərurəti idi. İslam İnqilabının qələbəsindən sonra da Ruzbehin təcrübələri faydalı oldu. Hövzə tələbələri ilə universitet tələbələri arasında dostluq və birliyin yaranması həm də Ruzbehin xidmətidir. 
Ruzbeh ömrünün sonlarında gördüyü əhəmiyyətli işlərdən biri də universitet təhsilli xanımların dini biliklərlə tanış edilməsi idi. Xüsusi ilə şəmsi 1342-ci ildən sonra etiqadlı xanımların yeni təlim-tərbiyə üsulu ilə tanışlığı istiqamətində işlər görüldü. Ruzbeh və bir qrup alim belə düşünürdü ki, yalnız agah ana və həyat yoldaşlarının köməyi ilə layiqli nəsil tərbiyə etmək olar. Seyid Əli Şahçeraği dəyərli bir ruhani idi. O, hövzədə tədrislə yanaşı gənclərin dini tərbiyəsi üçün dərslər keçirdi. İrşad hüseyniyyəsinin təsisində əsas fəallardan olmuşdu. Şəmsi 1347-ci ilin yayında gənc xanımların dini biliklərə yiyələnməsi üçün dərslər təşkil etdi. Bu xanımların əksəriyyəti universitet təhsili almışdı. Alim şəmsi 1349-cu il, ordibehişt ayında xəstəlik səbəbindən 40 yaşında dünyasını dəyişdi. Onun şagirdləri dərslərin davamı üçün Ruzbehə müraciət etdilər. Ruzbeh bir neçə fəal ruhani ilə yanaşı bu məsuliyyəti qəbul etdi. Ayətullah Seyid Mürtəza Şəbüstəri, Əllamə Məhəmməd Təqi Cəfəri, Ayətullah Davudi, Doktor Əhməd Təvana, şəhid seyid Kazim Musəvi bu işdə Ruzebhlə həmkarlıq edirdilər. Şəhid seyid Kazim Musəvi Ələvi mədrəsəsində də Ruzbehə kömək edir, tədrislə məşğul olurdu. Bu dərslərdə əvvəlcə 30 nəfər iştirak edirdi. Şəmsi 1357-ci ildə dərsə qatılanların sayı 600 nəfərə çatmışdı. Qızlar üçün İslam mədrəsəsinin təsisi fikri həmin vaxt güclənmişdi. Ruzbeh şagirdlərini bu işi görməyə həvəsləndirirdi. Bütün təcrübə və biliyini onlarla bölüşürdü. Beləcə 1350-ci ildə qızlar üçün ibtidai mədrəsə təsis olundu. Seyid Kazim Musəvinin təklifi ilə ilk tərbiyəçi alimin şərəfinə məktəb Şahçırağ Mədəniyyət mərkəzi adlandırıldı. Ruzbeh dünyasını dəyişəndən sonra bu işi şəhid Seyid Kazim Musəvi davam etdirirdi. Xanımların rəsmi və qeyri-rəsmi təlim-tərbiyəsində böyük müvəffəqiyyət əldə olunmuşdu. 
Ruzbeh dini təlim-tərbiyənin güclənməsi üçün cəmiyyətin bütün imkanlarından faydalanırdı. Ələvi məktəbinin məzunlarından olan Əsğər Nəhavəndiyan deyir ki, Ruzbeh Ələvi məktəbinin şagirdlərini xeyriyyəçiliyə də həvəsləndirir, xeyriyyəçilərin həftəlik iclaslarında iştirak edir, çıxış edirdi. O həm də Tehranda yaşayan zəncanlılarla görüşür, onların hüseyniyyəsində namaz qılır, Quran təfsirindən danışır, şəriət hökmlərini açıqlayırdı. Ruzbehin təşviqi ilə zəncanlılar Tehranda heyətlər yaradır, dini mərkəzlər təsis edirdilər. Zəncanlıların Ələvi Xeyriyyə poliklinikası belə mərkəzlərdəndir. Bu iş Ruzbehin təklifi ilə həyata keçib. 
Ruzbeh yazmağı bacarsa da bu işlə çox məşğul olmayıb. Nisbətən qısa ömründə daha çox gənclərin təlim-tərbiyəsi üçün çalışıb. Bununla belə ondan dəyərli əsərlər qalıb. Namizədlik dissertasiyası, Kəmaləddin Cənabın nəzarəti altında fizika sahəsində yazılmış məqalələr, ərəb qramatikasının 2 cildlik asan tədrisi nümunə göstərilə bilər. Ələvi mədrəsəsində ərəb dilinin tədrisi üçün hazırlanan dərslikdə seyid Kazim Musəvinin də həmkarlığı olub. Olsun ki, bu işə Ruzbehi həvəsləndirən əmisi Şeyx Cavad Zəncaninin İraqdakı fəaliyyətləri olub. O, əmisindən belə dərsliklərin hazırlanmasını, tərtibini öyrənib. Ruzbehin başqa bir kitabı ibtidai məktəblərdə ərəb dilinin tədrisidir. Ruzbeh həm də Quran təlimi üçün kitab yazıb. Kitabın adı Quran təlimində asan üsuldur. Kitab 1351-ci ildə Tehranda nəşr edilib. Ömrünün sonlarında Allahşünaslıq kitabını yazıb. Təlim-tərbiyə sahəsində dəyərli məqalələri var. Ruzbeh heç vaxt çap olunmaq üçün yazmayıb. Onun ustad Mürtəza Mütəhhəri ilə müzakirələri də çox dəyərlidir. 
Ruzbehin şagirdləri və onu sevənlər bu dəyərli müəllim və təqvalı insan haqqında kitablar və məqalələr yazıb. Bəli, Ruzbeh İranda yeni İslam təlim-tərbiyə üsulunun banisidir. Bu iş şəmsi 1335-ci ildə Ruzbeh və Əllamə Əli Əsğər Kərbasçiyan tərəfindən başlanıb. Sonradan bütün İran ərazisində bir cərəyan kimi yayılıb. Ölkədə ictimai-siyasi dəyişikliklərə də öz təsirini göstərib. 

Vilayet.nur-az.com


1400 بازدید
در حال ارسال اطلاعات...