Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2015

Universiteti İranla bağlı planlarına körpü ediblər

Ayətullah Xameneinin universitet... rəhbərləri ilə görüşdə bəyanatı
Bismillahir-Rəhmanir-Rəhim
Əlhəmdulillahi rəbbil-aləmin və səlləllahu əla muhəmmədin və alihit-tahirin

Əziz qardaşlar və bacılar çox xoş gəlmisiz! Məclis elm, alim, universitet əhlinin məclisidir. Mənim üçün bu məclis ən üstün və ən şirin məclislərdəndir. İki nazirin çıxışına diqqətlə qulaq asdım, bu çıxışlardan bəhrələndim. Ümid edirəm ki, Allah-Taala belə məclislərdən, görüşlərdən, söhbətlərdən, çıxışlardan məmləkət üçün faydalanmaqda bizə yardım göstərəcək, məclisimiz sadəcə əyləşmək, danışmaq və dinləməkdən ibarət olmayacaq.
Elm, universitetlərin əhəmiyyəti barədə çox danışmışıq. Həm biz danışmışıq, həm də başqaları. Xoşbəxtlikdən neçə illərdir ki, elm və bu müstəvidə universitetin əhəmiyyətindən danışılır. Doktor Haşiminin işarə etdiyi kimi, arzumuz bu idi ki, elmin əhəmiyyəti, ölkədə elmi fəaliyyətlərin zərurəti bir mədəniyyətə çevirilsin. Hazırda təqribən belə olub. Buna görə Allaha şükür etməliyik.
Elm inkişaf və milli iqtidar üçün çox mühüm vasitədir. Bunu dərk etmək lazımdır. Doğrudan da belədir. Elm bir millət üçün şəxsiyyət, inkişaf, iqtidar vasitəsidir. Universitet də məmləkətin gələcəyi üçün rəhbərlər tərbiyə edən mərkəzdir. Bundan mühümü nədir? Siz məmləkət üçün müdirlər tərbiyə edirsiniz. Əgər yaxşı tərbiyə etsəniz - inşallah ki, bu işi görürsünüz - məmləkətin gələcəyi gözəl şəkildə idarə olunacaq. Əgər yaxşı idarə edə bilməsək, səhlənkarlıq göstərsək, şübhəsiz məmləkətin gələcəyi bu səhlənkarlıqlardan təsirlənəcək. Universitetin əhəmiyyəti budur. Əlbəttə ki, universitet bugünkü formasında qərbdən gələn hadisədir. Bunu hamımız bilirik. Amma istedadlar, aparıcı insanlar tərbiyə etmək mənasında universiteti qərbin malı saymaq olmaz. Bunun məmləkətimizdə min illər tarixi var. Bugünkü förması isə Qərbə aiddir. Amma bu ölkədə İbn-sinalar, Farabilər, Məhəmməd ibn Zəkəriyya Razilər, Xarəzmilər tərbiyə etmiş mədrəsələr olub. Elə bu məmləkətdə. Qeyd etdiyimiz adlar məşhurdur. Minlərlə belə tanınmış adlar var. Bu ölkədə dəyərli həkimlər, mühəndislər, ixtiraçılar, ədiblər, filosoflar, ariflər tərbiyə olunub.
Corc Sartondan bir sitat gətirim. Başqaları deyəndə daha asan qəbul edirlər, nəinki biz deyəndə. Buna görə sitat gətirirəm. Yoxsa xaricilərin, qərblilərin sözlərini misal çəkmək adətim yoxdur. Elm tarixini yazmış Corc Sarton tanınmış adamdır. Elm tarixi kitabı məşhurdur, tərcümə və çap olunub. Yəqin ki, əksəriniz görmüsünüz. O deyir: İranlı alimlərin bu mədəniyyətdə böyük payı və rolu var. Əgər iranlıların əsərlərini bu məcmuədən çıxarsaq onun ən gözəl hissəsini kənara qoymuş olarıq... O elm tarixçisidir. Yadımda qalan bir sözü də nəql edirəm. Çox qədimdə gördüyümdən sözlərini dəqiq yadımda saxlaya bilməmişəm. Pyer Russo da elmlər tarixi adlı əsər yazıb. Bu kitab da uzun illərdir farsçaya tərcümə olunub, əldə etmək mümkündür. Keçmişdə bu kitabı görmüşəm. Qeyd etdim ki, yenidən kitaba baxmaq istədim, düzü vaxt olmadı. Amma bu sözü harada dediyini qeyd etmişdim. Elmlər tarixi kitabındadır. O avropalı - itialiyalı ya fransalı tacirin söhbətini nəql edir. Tacir həmin dövrün tanınmış elmi siması ilə söhbət edir. Orta əsrlərə aiddir. O məsləhət alır, deyir ki, istəyirəm övladım dərs oxusun, alim olsun. Övladımı hansı ölkəyə göndərim, hansı universitetə qoyum? Həmin şəxs cavab verir ki, əgər 4 əsas riyazi əməlı – vurma, bölmə, toplama, çıxmanı öyrənməsini istəyirsənsə Avropanın istənilən bir məktəbində oxuya bilər. Bunun fərqi yoxdur. Bundan artıq bilik qazanmasını istəyirsənsə Əndəlusə göndərməlisən. Əndəlus o zaman müsəlmanların əlində idi. Bu İslamda elm tarixindəndir. Öncə İrana, İslama aid edilir. Bizim belə bir tariximiz var. Belə bir mirasa sahibik. İstər İslam, istər İran mühitində belə mirasımız var. Bunu da qeyd edim ki, müsəlman ölkələri arasında düşüncə və elm istehsalı qülləsi İrandır. Bunu milli təəssüb kimi qəbul etməyin. Dünyanın heç yerində bu qədər böyük şəxsiyyətlər tərbiyə olunmayıb. Məsələn Kindi kimi bir filosofu nəzərdə tutun. Bu qəbildən İranda alimlər çox olub. Əgər İslam elm tarixindən danışsaq yenə bu elmin zirvəsi İrandır. Belə mirasımız var, bu bizim keçmişimizdir. Bu bizim tariximizdir.
Qacar və pəhləvilər dövrünün də aydın tarixi var. Mən təəssüf edirəm ki, savadlı insanlarımız, mütaliəli şəxslərimiz müasir tariximizi, qacar və pəhləvi tarixini az oxuyurlar. Məlumatları çox məhduddur. Bu sahədə incə nöqtələrdən xəbərsizdirlər. Qacar dövrünün ortalarından pəhləvi dövrünə qədər elmi mirasdan istifadə olunmamasının, dünyada elm çiçəkləndiyi zaman bəhrəsiz qalmağımızın xüsusi səbəbləri var.
Bilirsiniz ki, bizim dövrümüz, yəni son əsr, son yüz il dünyada elmi çiçəklənmə, elmin inkişaf dövrüdür. Hansı ölkə inkişaf edibsə bu 100-120 ildə inkişaf edib. Bizim universitetin 80-dən çox yaşı var. Biz də həmin dövrdə, Avropa universitetini ölkəyə gətirəndə öz milli elmi mirasımızdan istifadə edə bilərdik ki, ölkəmizdəki istedadlardan, mövcud potensialdan faydalanaq. İran universitetini yarada bilərdik. Universiteti milliləşdirə bilərdik. Bu işi görə bilərdik, amma görmədik. Bunun əsas səbəbkarları pəhləvilər, qacarlardır. Qərb universiteti ölkəmizə daxil olan zaman elm sərvətindən istifadə olunmayıb. Bu gün məmləkətimizdə, universitet mühitində, elmi mühitimizdə yaradıcılıq ruhiyyəsi, özünəinam, elmi mübahisələr, istehsalın istinad edəcəyi məqalələr kifayət qədərdir. Dünyada belə məqalələrə istinad olunur. Əvvəllər bu olmayıb. Həmin dövrdə nə elmi, nə də mənəvi mirasımızdan istifadə edə bilmişik. Bu uzun söhbətdir. Mən həmin mövzularda təfərrüata varmıram. Əvvəllər elmi mühitimizdə elmi əxlaq olub. Qərb üslubu məmləkətimizə gələndən artıq həmin elmi əxlaq yoxdur. Həmin dövrdə şagird müəllim qarşısında iki dizi üstə əyləşib. Müəlliminə hörmətsizlik göstərməyib. Hansı ki həmin elmi mühit azad mühit olub. Bu gün də elm hövzələrində belədir. Dərsdə oturan tələbələrimizin müəllimə irad bildirmək haqqı olub. Bu gün də bu davam edir, tələbə öz sözünü deyir. Bunun eybi yoxdur. Bunu kimsə eyib saymır. Ustad və müəllim tələbənin suallarına ədəblə cavab verməlidir. Bununla yanaşı şagird müəllim qarşısında ədəbli, təvazökar olub. Bu bizim keçmişdəki elmi əxlaqımızdır. Qədimdə universitet əxlaqı belə olub. Amma sonralar istər orta məktəblərdə, istər universitetlərdə müəllimlər və ustadlar şagird və tələbələrin hörmətsizliyi, hətta zorakılığı ilə qarşılaşıb. Öldürülən müəllim və ustadlar da olub. Bu elmi əxlaqın dəyişdiyini göstərir. Nə elmi mirasımız, nə elmi potensial, nə elmi əxlaq və universitet əxlaqı ünvanına çatdırılmayıb. Universitet belə yaranıb.
Qərblilər bizim universitetlər üçün proqram hazırlayıb. Mənim sözlərim dəqiq məlumat və hesabatlar əsasındadır. Minbərdə, sadəcə çıxışda deyilən sözlər deyil. Bu mövzu araşdırılıb. Sosialogiya, xarici siyasət sahəsində çalışanlar mövzunu yetərincə araşdırıblar. Qərblilər üçüncü dünya adlandırdıqları ölkələr üçün proqramlar hazırlayıblar. Öz əxlaqlarında insanlar tərbiyə etmək istəyiblər. Öz üslublarını, həyat tərzlərini ötürüblər. Nəzərdə tutublar ki, sonradan bu ölkələri həmin insanlar idarə etsin. Bu onların proqramı olub. Bizim universitetlər üçün də belə proqramlar hazırlayıblar. Yəni universitetlərimizi İranla bağlı arzularına körpü ediblər. Bu onların istəyi idi, amma olmadı. Bizim universitetlərimiz Qərbin məqsədlərinə xidmət göstərmədi. Bu çox mühüm məmləkətimiz üçün ciddi nöqtədir. Onlar yerli universitetlərə Qərb təfəkkürünü, Qərb həyat tərzini ötürmək istəyirdilər. Əlbəttə ki, müəyyən səviyyədə müvəffəq olublar. Buna şübhə yoxdur. Xüsusi ilə həmin dövrdə, Rzaxan vaxtında universitetlər təsis olunanda bu universitetlərə başçılıq edənlər təpədən-dırnağa qədər Qərb mədəniyyətinə bağlı olublar. Onların sözlərini eşitmisiniz. Amma sonda müvəffəq olmadılar. İranlı şəxsiyyəti öz işini gördü. İranlı kimlik qəribə bir hadisədir. Kim İrana hücum edibsə bir müddətdən sonra İranda əriyib həll olub. Dili, ənənəsi, mədəniyyəti bu ölkədə əriyib. İstisna olan təkcə İslamdır. İslam İranda qərq olmadı, yaşadı və İran İslamı əsaslı sürətdə qəbul etdi. Amma ərəblər haraya hücum etdilərsə o yerdə dil də dəyişdi. Misirdə, Fələstində, Şamatda dil dəyişdi ərəb dili oldu. İranda dil dəyişmədi. Bu maraqlı hadisədir. Ölkəmizin səciyyəvi xüsusiyyətidir. Burada da iranlı kimlik öz işini gördü.
Əvvəla universitet daxilində zahirən dini hifz edənlər vardı. Hansı ki qarşı tərəf buna sərt müqavimət göstərirdi. Rzaxan dini görkəmi tamamilə rədd edirdi. Mən İranda universitet yaradanların adlarını çəkmək istəmirəm. Onlar da Rzaxan kimi idilər. Əslində Rzaxanın ağlına bu fikirləri yeridən onlar idi. Əqidələri bu idi ki, universitetdə olanlar namaz qıla bilməz, universitetdə Allahın adını çəkmək olmaz. Amma bu iş baş verdi. İslami cəmiyyətlər yaradıldı, universitetdə müsəlmanlar ustad məqamına yetişdi, dini təbliğ etdi. Qeyri-dini təfəkkür qarşısında bu işi gördülər. Hər şey həmin nöqtədən başladı. Zaman ötdükcə universitetdə dini ruhiyyə gücləndi və şəmsi 1341-ci ildə İslam hərəkatı ilə nəticələndi. O zaman universitetin diniləşməsi sahəsində addımlar atıldı. O zaman kommunistlər də var idi. Kommunistlər və marksistlər universitet daxilində çox fəal idilər. Mən Məşhəddə bu prosesləri yaxından izləmişəm. Tehranda da, səfərə getdiyim başqa yerlərdə də tələbələrlə əlaqəm olub. Universitetdə marksist təfəkkürünü görmüşəm. Maraqlıdır ki, universitetdəki marksistlər İslam düşüncəsinə qarşı hakimiyyətlə həmkarlıq edirdi. Kitablar çap olunurdu, azad satılırdı. Hansı ki müsəlman inqilabçılar və gənclər az sayda kitab çap edə bilmirdi. Pəhləvi rejimi İslam hərəkatı dövründə bütün diqqətini bu hərəkata yönəltmişdi, onunla mübarizə aparırdı. Hansı ki solçularla, marksistlərlə yola gedirdilər, keçinirdilər. Onlar da hakimiyyətin bu münasibətinə müsbət cavab verir, çoxları Fərəh pəhləvinin dəftərində üzvlüyə yazılırdı. Çoxları tele-radio şirkətində üzv oldu, həmkarlıq etdi. 30-cu illərin sərt solçuları, 40-cı illərdə rejimlə həmkarlıq edirdi. Amma universitet hər gün İslam təfəkkürünə doğru addım atırdı, bu sahədə güclənirdi.
Nəhayət inqilab yetişdi. Bu hərəkat əlbəttə ki, İslam Müqavimət hərəkatı idi. Onun kökləri, təfəkkür əsasları var idi. Mərhum Mütəhhərinin düşüncələri bir nümunədir. Bu təfəkkür universitetdə tələbələr arasında yayılırdı. İnqilab 1357-ci ildə qalib gəldi, dünyanı silkələdi. Burada şişirtmə yoxdur, dediyim kimi olub. Dorğudan da İslam inqilabının qələbəsi, İslam əsasında hökumət yaradılması Qərb və Şərqi, dünyanı silkələdi. Təbii ki, universitetə də öz təsirini göstərdi. Universitetlərimizdə bir çox müəllimlər və tələbələr inqilabın sadiq əsgərləri oldular. Bu universitetimizin tarixidir. Həmin dövrü heç vaxt unutmaq olmaz. Bu keçmişə aiddir. Həmin gündən 37 il ötüb. Eniş-yoxuşlar çox olub. Universitet inkişaf edib. Müxtəlif dövrlərdə universitetə fərqli cərəyanlar hakim olub. Universitetin də yüksəliş və tənəzzül dövrü olub. Bu da təbiidir. Gözlənilməyən bir hadisə deyil. İslam hökuməti qurulandan, islami düşünənlər universitet daxilində bir dalğa yaratdı. Əlbəttə ki, ideoloji müxaliflər də fəallaşdı. Hətta marksistlərin fəallaşdığını gördük. Mən əlimə düşən kitabı mütaliə edirəm. Bəzi kitablar görmüşəm ki, universitet daxilindən marksizmin dirçəlişinə çağırır. Özü də hansı zamanda? Sovetlər Birliyi dağılandan, marksizm, marksist hökumətlər dünyada səhnədən çıxandan sonra! Universitet bunu qəbul etmədi. Hər halda ötən 37 ildə universitet müxtəlif mərhələlərdən keçib. Bu gün bizik, universitetlə üzbəüz dayanmışıq.
Belə bir keçmişə, belə bir tarixə, belə bir irsə, belə bir təcrübəyə malik olan universitetdən yeni İslam mədəniyyətinin yaranması istiqamətində necə bəhrələnə bilərik? Universitet inqilab dövründə sınaqdan çıxdı, çətinliklərdən keçdi. Məqsədimiz cəmiyyəti İslam ideallarına doğru apara bilən bir hakimiyyət qurmaqdır. Biz bunun ardıncayıq. İstəyirik ki, ölkəmiz ilk növbədə İslamın nəzərdə tutduğu məqsədlərə çatsın. Hələ başqa ölkələrlə, beynəlxalq aləmlə münasibətləri nəzərdə tutmuram. İslam ideallarına çatmaq arzulanan və mütəfəkkir insan üçün çox şirin bir hadisədir. Kim əyləşib mütaliə etsə, cəmiyyətin bu ideallarından ləzzət alar. Bir ölkədə elm, inkişaf, başıucalıq, ədalət, dünyanın mənfi qüvvələrinə müqavimət gücü, sərvət varsa bu çox yaxşıdır. Biz buna yeni İslam mədəniyyəti deyirik, ölkəmizi həmin məqsədlərə çatdırmaq istəyirik. Universitet bu istiqamətdə nə iş görə bilər? Universitetin bu sahədə rol oynaması lazımdır. Başqa bir sual budur ki, nə iş görülməlidir? Nə edə bilərik ki, bu məqsədə çataq? Bu günümüzün sualı deyil, məclisdə araşdırılası mövzu deyil. Bu sahədə geniş təhqiqata ehtiyac var. Mən sadəcə xatırladıram ki, universitetimiz bu barədə düşünsün. Siz universitet rəhbərləri, təhsil sahəsində məsullar olaraq bu barədə düşünün. Universitetin məsuliyyətini bu əsas üzərində qurun. Bu əsasda proqram hazırlayın. Belə dərin tarixi köklərə malik olduğu halda universitet yeni İslam mədəniyyətinin yaranması üçün nə iş görə bilər? Cəmiyyət üçün, İran üçün nə iş görmək mümkündür? Bu barədə düşünmək lazımdır. Bütün işlər bu əsas üzərində qurulmalıdır.
Mən yalnız bir neçə nöqtə xatırladıram. Verilən məlumatlar, xüsusi ilə doktor Fərhadinin məruzəsi belə bir təsəvvür yaradır ki, bizim bütün arzularımız universitetdə reallaşıb. Bu çox yaxşıdır. Bu göstərir ki, ciddi təlaş göstərilib. Amma nəticələrə baxmaq lazımdır. Mən tədricən hesabatlar sahəsində təcrübəli olmuşam. Hesabat, məruzə, məlumat sırf məlumat şəklində mənə və ya bir sahənin müdirinə təqdim olunan hesabat deyil. Haşiyələr var. Bu haşiyələr bəzən məlumatın məzmununu dəyişir. Biz həqiqəti bilmək istəsək meydana çıxmalı, iş sahəsinə baxmalıyıq. Doktor Fərhadi elm barədə, araşdırmalar barədə, texnoparklar barədə, dini məsələlər barədə danışdı. Bunu gedib yerində görmək lazımdır. Görmək lazımdır ki, bu arzuların, hesabatda dilə gətirilənlərin bir hissəsi yerdə qalıb. Bu mühümdür. Bəzən elə məlumatlar əldə olunur ki, arzuların həyata keçməsi ilə bağlı şübhələr yaranır. Mən daha çox bu nöqtəni nəzərdə tuturam. Doktor Fərhadi və doktor Haşiminin dedikləri həyata keçməlidir. Amma sadəcə bunu istəmək, göstəriş vermək, lazımi distansiyalara çatdırmaq bəs etmir. Əgər belə məruzələrlə kifayətlənsək bir də gözümüzü açarıq ki, həqiqətlə arzularımız arasında böyük məsafə yaranıb. Mənim xəbərdarlıqlarım bu məsələ ilə bağlıdır.
Mən iki hissədə öz xəbərdarlıqlarımı nəzərinizə çatdırıram. Biri elmə aiddir. Digəri dəyərlər və əxlaq məsələsidir. İnsan tərbiyəsi, insan resurslarının tərbiyə olunması. İnsan resursları çox mühümdür. Bu gün bu məclisdə iştirak edən dostlardan biri mənə dedi ki, biz insan resursları baxımından dünyanın ilk 4-5 ölkəsindən biriyik. Yəni əhalisi bizdən 2-3 dəfə artıq olan ölkələrlə müqayisədə təhsilli insanlarımız daha çoxdur. O 30 milyon dedi. Bu rəqəm biraz az, bir çox ola bilər. Amma mühüm məsələdir. Biz bu insan resurslarını necə istiqamətləndirmək istəyirik? Əgər elm olsa, istiqamət olmasa dünyada baş verənlər burda da baş verəcək. Müstəmləkəçilik, istismar böyük bəladır. Asiya, Afrika, Latın Amerikası ölkələri bundan çox əziyyət çəkir. Müstəmləkəçilik heyrətamiz bir hadisədir. Müstəmləkəçiliyi, istismarı yaradan nədir? Elm! Avropa gücləri başqalarından bir qədər öncə məsələn avtomat odlu silah yaratdılar. Bu səbəb oldu ki, ucqar bir nöqtədə yerləşən İngiltərə Hindistan kimi əzəmətli bir ölkəyə hakim olsun. Gedin dünya tarixini oxuyun. Nehrunun öz yazdığıdır. Görün Hindistanın başına nələr gəlib. Əlbəttə, təkcə bu kitab yox, bir çox ktiablarda bu barədə yazılıb. Bu gün adı Miyanmar olan ölkə bir xəzinə idi. Bir ingilis əlində odlu silah onlarla insanı əsir götürdü, bu insanlar ona işlədilər. Nəfəslərini çəkməyə cürətləri yox idi. Bu ölkənin sərvətlərini qarət etdilər. Bütün bunlar tarixə yazılıb. Təəssüf ki, mütaliə əhlimiz müasir tarixlə çox maraqlanmır. Oxuyun görün istismar Hindistanda nələr edib. Görün Myanmarda nələr baş verib. Görün Afrikanın başına nə oyunlar açıblar. Latın Amerikası ölkələrinə, Əl-Cəzairə, Tunisə baxın. Görün bu ölkələrin başına özünü sülh tərəfdarı göstərən Fransa nə oyunlar açıb. Bu istismarı nə yaradıb? Elm! Elmin istiqaməti olmayanda milyonlarla insana bəla olur. İstiqamətsiz, mənəviyyatsız elm belə olur. Biz öz sistemimizi idarə etməliyik. Özümüzü idarə etməliyik. Ehtiyatlı olmalıyıq ki, elm bizi hədəflərdən yayındırmasın. Elm yolunu azanda olur atom bombası. Bu gün yer üzündə olan atom bombaları bütün yer kürəsini on dəfə dağıtmağa bəs edər. Quranın qiyamətlə bağlı təsvir etdiyi səhnələr Amerika, Rusiya və başqa ölkələrin ixtiyarında olan atom bombaları ilə yaradıla bilər. Bu böyük təhlükədir. Bəşəriyyət üçün, mədəniyyət üçün, insan üçün, maddə və məna üçün təhlükədir. Bu imkanı elm yaradıb. Elm bəzən belə olur. Biz öz elmi sistemimizə nəzarət etməliyik. Elm üçün yeni bir yol açmaqlıyıq. Elm kənarında əxlaq və mənəviyyat quruculuğu olmalıdır. Beləcə bizim xəbərdarlıqlarımızın bir hissəsi elmə, bir hissəsi əxlaqa aiddir.

Elm məsələsi barədə bir neçə nöqtə qeyd etmişəm. Bu barədə əvvəllər də danışmışam. Cənabların bəyanatında da bu barədə fikir bildirildi. Mən bu mövzulara ehtiyac olunduğundan bir daha vurğulayıram. Biri faydalı elm mövzusudur. Elə elm arxasınca gedək ki, məmləkət üçün faydalı olsun. Bu gün yox, 10 il, 20 il bundan sonra üçün fayda versin. Olsun ki, 20 ildən sonra bir şeyə ehtiyacımız olacaq. Bu barədə bu gün araşdırma aparmaq lazımdır. Əgər bu gün bir iş görməsək, özümüzü hazırlamasaq ehtiyac yaranan zaman əlimiz boş qalacaq. Ehtiyaclar dəyərləndirilməlidir. Bu günün də ehtiyacları nəzərə alınmalıdır.
Tələbə, şagird elm təhsilində bu məsələyə diqqətli olmalıdır. Mənə məlumat verildi ki, bir çox məqalələrin məmləkət üçün faydası yoxdur. Məqalələr çoxdur. Müəyyən mövzuların araşdırıldığı məqalələr çox olsa da ölkə üçün dəyərlisi azdır. Ya da onun faydası xarici bir şirkət üçündür. Kimsə bu məqaləni sifariş verib. Bəlkə məqalə yazan özü də bilmir ki, onu sifariş verən kimdir. Belə məqalələrin faydası yoxdur. Doktorluq işi də belədir. Mənə belə məlumat verilib ki, doktorluq işlərinin cəmi 10 faizi məmləkətin problemlərinin həllində faydalıdır. Mən təkid etmirəm ki, bu məlumatlar düzgündür. Amma doktorluq işi bir ehtiyatdır, bir xəzinədir. Tələbələrin elmi işi məmləkət üçün bir xəzinəyə bərabərdir. Bu elmi işlərin mövzusu məmləkət üçün faydalı olmalıdır. Bu birinci məsələdir. Rəvayətlərimizdə də faydalı elmə diqqət yetirilib. Ramazan ayında adətən universitet müəllimləri ilə görüşümüz olur. Son görüşdə də xatırlayıram ki, bəzi araşdırma işlərinin məmləkət üçün faydasız olduğu deyildi. Mən də dəfələrlə bu barədə danışmışam. Demək, elm həm bu günün ehtiyacını təmin etməlidir, həm də gələcəyin. Gələcəyin ehtiyaclarını proqnozlaşdırın, görün nələrə ehtiyac olacaq.
Nüvə enerjisi məsələsi ilə bağlı bir neçə il öncə söhbət olmuşdu. Bəziləri deyirdilər ki, bizim kifayət qədər neftimiz var. Bəli, amerikalılar da bunu deyir. Amerikalılar da deyir, İranın bu qədər nefti var, nüvə enerjisi nəyinə lazımdır. Deyirəm ki, bu gün nüvə enerjisi sahəsində bir iş görməyək, bəs sabah neft tükənəndə nə etməliyik? Nevə enerjisini dilənməliyik? Belə görünür. Əgər onların əlində olacaqsa, bizdə olmayacaqsa, ehtiyac yarananda bizə əzab verəcəklər. Gördünüz ki, 20 faiz zənginləşdirilən uran məsələsi ilə bağlı nə etdilər. Bizim 20 faiz zənginləşdirilmiş urana ehtiyacımız var. Bunun üçün Tehran reaktoru, nüvə dərmanları istehsal edən kiçik reaktor bizə lazım idi. Amma onlar bu ehtiyacın ödənməsi lazım gələndə elə bir görkəm alırdılar ki, çox üzücü olurdu. Məncə 89, 90-cı illər idi. Sonu bizim xeyrimizə tamamlandı. Gənclərimiz gördülər ki, onlar pulunu alır və zənginləşdirilmiş uranı vermək lazım gələndə naz edirlər, qərara gəldilər ki, özləri 20 faiz uranı zənginləşdirsinlər. Zəhmət çəkdilər, can qoydular, özləri 20 faizlik uran istehsal etdilər. Uranı zənginləşdirmək 20 faizə qədər çətindir. Yəni xam uranı 20 faizə qədər zənginləşdirə bilsən yolun çətini keçilir, 20 faizdən sonra 99 faizə qədər zənginləşdirmək asandır. Yəni 20 faiz zənginləşdirə bilən 50 faiz, 80 faiz, 90 faiz zənginləşdirməyə asanlıqla nail olacaq. Onlar buna görə hay-küy salmışdılar. Gözləri kor. İstəyirdilər bizə satsınlar ki, biz istehsal ardınca getməyək. Deyirəm ki, əgər bu gün əlimizdə olan neft onların əlində olsaydı ehtiyacımız olanda bizə butulkalarda satardılar. Biz indi barellə, tonlarla satırıq. Amma bizim ehtiyacımız olsaydı və neft onların ixtiyarında olsaydı bizə butulka ilə satardılar. Bir gün neft olmasa və bizim nüvə enerjisinə ehtiyacımız yaransa nə edəcəyik? Təsəvvür edin neft o qədər ucuzlaşdı ki, onu ixrac etməyə dəymədi. Görürsünüz ki, son vaxtlar nə qədər ucuzlaşıb. Bu zaman nə etməliyik? Neftə gözümüzü yummalı, nüvə enerjisi barədə düşünməliyik. Haradan gətirək? Kim bizə verəcək? Belə bir vəziyyət 5-10 il bundan sonra qarşımıza çıxa bilər. Bu barədə indidən fikirləşməliyik. Ehtiyacları dəyərləndirməliyik. Gələcəyin ehtiyacları bu gün müəyyən edilməlidir. Faydalı elm elə bir elmdir ki, belə ehtiyacların aradan qaldırılmasına kömək etsin. Bu nöqtəni nəzərinizə çatdırmağı lazım bildim.
Başqa bir nöqtə inkişaf sürətidir. Mənbələr bildirirlər ki, İran inkişaf sürətinə görə dünyada 17-19-cu yerdədir. Biz elm sahəsində inkişaf edirik. Bununla qürur duyuruq. Kim bunu inkar etsə bizi narahat edir. Bir nöqtəni mötərizədə diqqətinizə çatdırıram. Bəziləri universitet əhlidir, universitetdə tələbələrə söhbət edirlər. Deyirlər ki, İranda elmi inkişaf bir yalandır. Nə yalandır? Sionist rejimin araşdırma mərkəzləri İranın elmi inkişafına görə nigarançılığını bildirir. Bu bütün dünyada deyilir. Bunu biz demirik. Onlar deyirlər. Sizin inandığınız mənbələr deyir. Deyirlər ki, İranda inkişaf var. Heç olmaya onların sözünə inanın. Deyirlər yox, bu elmi inkişaf bir yalandır. Mən deyirəm ki, ölkəmizin elmi inkişafı reallıqdır və sürəti də yaxşıdır. Amma bu inkişafla biz geriyik. Bunu unutmamalıyıq. Biz çox geri qalmışıq. Bizi uzun illər hərəkət etməyə qoymayıblar. Amerikada elmi inkişaf tarixi 130-140 ildir. 1860-1865-ci illərdə daxili müharibələrdən sonra bu ölkədə inkişaf başlayıb. O zamana qədər Amerika Avropadan ehtiyac duyduğu texnologiyaları idxal edib. Sonra inkişaf başlayıb. Demək 150 il bizdən öndədirlər. 130-140 il bizdən irəlidə gedirlər. Elm belədir ki, birinci addımı atsan, ikinci addım iki qat sürətli olur. Dəfələrlə misal çəkmişəm. İki nəfər yanaşı hərəkət edir. Onlardan biri bir velosipet tapır. Velosipetlə hərəkət edən o birini ötüb keçir. O velosipedlə avtomobilə çatır, siz velosipedə çatırsınız. Siz velosipedə çatanda o avtomobilə çatır. Avtomobilin sürəti velosipedin sürətindən bir neçə dəfə çoxdur. Beləcə o sizdən irəlidədir. Sürət hər gün artır. Arada məsafə də hər gün artır. Belə bir fasilə var. Biz inkişaf sürətinə çox əhəmiyyət verməliyik. Dünyanı heyrətə gətirən bizim inkişaf sürətimiz oldu. Dedilər ki, İranda elmi inkişaf sürəti dünyadakı orta sürətdən 13 dəfə artıqdır. 13 dəfə! Bu bir həqiqətdir. Hazırda nə qədər olduğunu bilmirəm. Bu rəqəmlər 3-4 il bundan öncəyə aiddir. Bunu da beynəlxalq mərkəzlər deyib. Bizim sözümüz deyil. Biz bu sürəti qorumalıyıq. Əgər bu sürət azalsa nə baş verəcəyini bilmək olmaz. Geri qalacağıq. Demək inkişaf sürəti mühüm amildir.
Başqa bir məsələ araşdırma məsələsidir. Tədqiqat, araşdırma çox mühümdür. Bizdə bu iş gedir. Amma universitet özü araşdırma mərkəzi kimi fəaliyyət göstərməlidir. Universitetlərdə belə mərkəzlər yaradılmalıdır. Yəni universitet araşdırma üzərində fəaliyyətini nizamlamalıdır. Bunun eybi yoxdur ki, kənarda da araşdırma mərkəzləri olsun. Amma universitetlərin araşdırmaya əhəmiyyət verməsi mühümdür.
Başqa bir məsələ elmi cəmiyyətin xəritəsidir. Müəyyən eniş-yoxuşlardan sonra elmi cəmiyyətin xəritəsi təsdiqləndi və işə başlanıldı. Amma bu xəritə üzrə zərif nöqtələrə də diqqət yetirilməlidir. Bundan ötrü iş meydanına getmək, kompleks elmi xəritənin nə qədər icra olunduğunu görmək lazımdır. Hansı ixtisaslara ehtiyac çoxdur. Lazım olan ixtisaslar üzrə tələbələrin sayı nə qədərdir. Ehtiyac duyulmayan ixtisaslarda təhsilə zərurət varmı? Bütün bunları elm xəritəsində müəyyən etmək lazımdır. Ölkənin hansı məntəqəsində hansı ixtisasa ehtiyac çoxdur? Təhsil Nazirliyi bu barədə araşdırmalar aparmalıdır. Universitetin harada nəyə ehtiyaclı olduğunu bilməlidir. Məruzə edən nazirlər universitetlərin işmehvər olması barədə danışdılar. Bu gözəl fikirdir. Bu iş hökmən görülməlidir. Amma onun müqəddimələri var. Uzaq bir məntəqədə yerləşən universitetdə bu islahatları necə həyata keçirmək olar? Elm xəritəsində bütün bu suallara cavab tapılmalıdır. Diqqətinizə çatdıracağım başqa bir məsələ ali təhsilin keyfiyyəti məsələsidir. Kəmiyyət baxımından inkişafımız yaxşıdır. Keyfiyyə baxımından ehtiyaclar yerində durur. Keyfiyyət üçün meyarlar müəyyənləşdirilməlidir. Dünyada meyarlar var. Amma o meyarlar bizim ehtiyaclarımıza uyğun deyil. Həmin meyarlar arasında münasib meyarlar da var. Amma bizim ölkəmizin ehtiyaclarına uyğun bəzi meyarlar da tapılmalıdır. Təhsil Nazirliyi bu məsələni araşdırmalı, keyfiyyət sahəsində inkişaf üçün meyarlar təyin etməlidir.
Bir məsələni də xülasə şəkildə diqqətinizə çatdırmağa məcburam. Bu təhsil alanların məşğulluq məsələsidir. İş yerləri yaradılmasında yollardan biri sənaye ilə universitet arasında rabitələr qurulmasıdır. İki sahə arasında rabitə yaranmalıdır. Bu həm sənaye, həm universitet üçün faydalıdır. Bu universitetə müdiriyyət, tələbələr üçün faydalı işdir. Təəssüf ki, ölkəmizdə hələ ki, bu iş görülmür. Məndə müəyyən məlumatlar var, bəzilərini də cənab Fərhadi söylədi. Məsələn hərbi sahədə müdafiə orqanları ilə universitetlər arasında gözəl həmkarlıq var. Mən bu sahə ilə yaxından tanışam. Müqavilələr bağlanıb, gözəl işlər görülür. Amma bu kifayət deyil. Mən eşitmişəm ki, inkişaf etmiş ölkələrdə tələbələr elmi işini müdafiə edəndə sənayedən nümayəndələr iştirak edir. Elmi işə qulaq asırlar. Elə oradaca tələbə ilə müqavilə bağlanır. Yəni bu qədər diqqət yetirirlər. Bu sahədə iş görülməlidir. Oturun sənaye məsulları ilə bu barədə danışın. Sözün həqiqi mənasında universitetlə sənaye arasında həmkarlıq yaransın. Təkcə sənaye yox, bütün sahələrlə belə əlaqə yaratmaq lazımdır. Bu da mühüm məsələdir. Müqavimət iqtisadiyyatında görüləsi işlərdən biri də inovasiya iqtisadiyyatının qurulmasıdır. Bu barədə çox danışmışıq. Dostlar da bəzi fikirlər bildiriblər. Təəssüf ki, hələ ki, görüləsi iş görülmür. Dövlət məsullarının müqavimət iqtisadiyyatının həyata keçməsi ilə bağlı icra proqramları son günlərdə mənə çatıb. Bir neçə gün olar. Hələ ki müqavimət iqtisadiyyatı üçün görüləcək işlərdən uzaqdayıq. Siz universitetdə bir iş görün. Yəni bu işdə öz payınızı müəyyənləşdirin, öz payınıza əməl edin.
Bu deyilənlər elm barədə idi. Əlbəttə başqa zəruri məsələlər də var. Deyilən sözlər təkrarlanmış olsa da bilirsiniz ki, bu təkrarlar faydalıdır.
İkinci məsələ universitetlərin mədəniyyət məsələsidir. Bəziləri universitetlərdə mədəniyyət işini orada konsert keçirmək, tələbələr üçün səfərlər təşkil etməklə səhv salır. Düşünürlər ki, bu işlər mədəniyyətə aiddir. Deyirlər tələbə gərək təravətli, şad olsun. Şad olmaq hər yerdə yaxşıdır. Amma necə, hansı qiymətə? Qərb oğlanla qızların məhdudiyyətsiz rabitələrindən nə bəhrə götürür? Bir gün bizə deyirdilər ki, Avropada hicab yoxdur, qadınlarla kişilər bir-birinə qarışıb, cinsi ehtiraslara da nəzarət olunur. İndi baxın görün deyilənlər doğru idi? Ehtiraslara nəzarət olunur, yoxsa ehtiraslar təhrik edilir? Amerika və Avropa ölkələrində baş verən saysız cinayətlər, cinsi zəmində baş verən hadisələr göz qabağındadır. İş bir yerə çatıb ki, cins müxalif cinsə maraq göstərmir, onunla kifayətlənmir. Bundan da pis olacaq. İslam insanı tanıyır, buna görə hicab hökmü var. Buna görə qadınla kişi arasında münasibətlər məhdudlaşdırılır. İslam məni və sizi tanıyır. İnsan Allahın yaratdığı varlıqdır, Allah bizim yaradanımızdır. Qızlar və oğlanların birlikdə səfəri nə məna daşıyır? Dağ gəzintiləri, müxtəlif düşərgələr, hətta xaricə səfərlər mədəniyyət deyil, başqa məna daşıyır. Universitetdə mədəniyyət üzrə məsullar bu məsələlərə diqqət yetirsinlər. Universitetdə mədəniyyət işi elə aparılmalıdır ki, mömin insanlar tərbiyə olunsun. İnqilabi, əxlaqlı insanlar yetişdirilsin. Mədəniyyət fəaliyyətləri bu ehtiyacları təmin etməlidir. Mədəniyyət işinin mahiyyəti bir gəncin inqilabçı tərbiyə olunmasından ibarətdir. Bu ölkədə inqilab olub, inqilaba bağlı olmaq lazımdır. Biz inqilabı öz həyatımızın prinsiplərindən hesab etməliyik. Yalnız bu halda irəli gedə bilərik. Gənclər ideallara inanmalı, məmləkətini sevməlidir. Onların dini və siyasi bəsirəti olmalıdır. Bir gəncin dini və siyasi baxışları nüfuzlu olmalıdır. Onu kiçik bir şübhə yolundan çıxarmamalı, siyasi məsələdə yolunu azmamalıdır. Çoxları 88-ci il fitnəkarlığında yolunu azdı. Onlar pis insan deyildilər, sadəcə bəsirətləri yetərincə deyildi. Əgər biri deyirsə seçkilər bəhanədir, üsul-idarəni hədəfə almaq lazımdır, nə etməliyik? Siz ki canınızı bu inqilab yolunda verməyə hazırsınız, belə şüarlarla rastlaşanda nə etməlisiniz? Belə şüarların arxasında bəsirətsizlik dayanır. Lazım olan məqamda vəzifəni dərk etməmək səhvə aparır. Elə insanlar tərbiyə olunmalıdır ki, özünə imanla, ümidlə irəli getsin. Doğru deyiblər ki, ümidsizlik ən böyük zərərdir. Məyus olmamalıyıq. Ölkənin gələcəyinə ümidvar olmaq lazımdır. Bunun üçün əsas var. Bu qədər tutum, potensial imkanlara malikik. Mən dövlət məsulları ilə görüşdə dedim ki, Avropa ölkələrində inkişaf 1,5 faizsə bunun səbəbi onların potensial imkanlarının azlığıdır. Əgər biz 8, 9 faiz inkişaf istəyiriksə bunun üçün potensial imkanlarımız var. Bizim işə salınmamış resurslarımız kifayət qədərdir. Biz 10 faiz inkişafa da çata bilərik. Bu imkanlardan faydalanmaq lazımdır. Bu qədər imkanı olan ölkə nə üçün ümidsiz olmalıdır? Ölkənin mövqeyini düzgün qiymətləndirməklə hərəkət etmək lazımdır. Bütün dünya, düşmənlərimiz bir şəkildə, dostlarımız başqa bir şəkildə deyirlər ki, İran İslam Respublikası iqtidarlı dövlətdir. Amma bir ağa ölkə daxilində çıxış edir, deyir ki, bizim gücümüz yoxdur, təcrid olunmuşuq. Bu həqarətdir, özünü kiçik görməkdir. Əgər özünü kiçik görürsənsə, nə üçün milləti kiçik sayırsan? İslam Cümhuriyyətini, məmləkəti nə üçün kiçik hesab edirsən? Belə baxış olduqca təhlükəlidir. Bütün dünya desin ki, sən güclüsən, bir ağa desin ki, bizim gücümüz yoxdur, biz heç kimik.
İstiqlala, düşüncə azadlığına, siyasi müstəqilliyə, mədəniyyət müstəqilliyinə, iqtisadi azadlığa etiqadlı gənclər tərbiyə olunmalıdır. Tərbiyə olunmuş gənclər mədəniyyət işində sözün həqiqi mənasında müstəqilliyinə etiqadlı olmalıdır. İnqilaba, İslam mədəniyyətinə, iman, nikbinlik, xoş ruhiyyə mühümdür. Mədəniyyət budur. Bu asan iş deyil. Çox çətin işdir. Bunun üçün proqram hazırlanmalıdır.
Əlbəttə ki, bəzi universitetlərdən gələn məlumatlar başqa söz deyir. Fəzanı mömin, inqilabçı, nikbin gənclərin ixtiyarına verin. Sizin ən böyük məsuliyyətlərinizdən biri budur ki, fəza mömin, imanlı, inqilaba etiqadlı gənclərin əlində olsun, ilk sözü onlar desin. Bu sizin vəzifələrinizdəndir.
Əziz universitet heyəti, əziz qardaşlar və bacılar diqqətli olun! Mən universitetə bağlıyam. Həm bu təhsil ocağına inamım var, həm də sevgim. Bilin ki, universitet və tələbə bu gün ən böyük fitnəkarlıqların hədəfindədir. Elə universitetlərimiz olsun ki, onun tələbə və müəllimi inqilabi ruhiyyədə olsun, bu ruhiyyə ilə meydana girsin, düşmənin çəkdiyi qırmızı xətləri tapdasın, irəli gedib ölkəni irəli aparsın, elm bayrağını yüksəyə qaldırsın. İnqilabi şüarları, düşmənin qorxuduğu şəkildə ucadan səsləndirsin. Onlar bütün bu hadisələrin baş verməməsi üçün proqram cızırlar. Pul xərcləyirlər. Düşmənlər gələcək müstəmləkəçilik planlarını hazırlayırlar. Keçmiş müstəmləkəçilik bu gün özünü doğrultmur. Yeni istismar adlandırılan hadisə də artıq köhnəlib. Onlar bir ölkənin düşüncə sahiblərinin təfəkkürünə nüfuz etmək, onların məqsədlərinə əl uzatmaq istəyirlər. Bunun üçün sərmayə qoyurlar, pul xərcləyirlər. Bütün bu problemlərə diqqətli olmaq lazımdır.
Dəyərli ustadlarımız da var. Minlərlə mömin, inqilabçı, ideallara bağlı ustadlar çalışır. Əvvəllər də belələri olub. Müqəddəs müdafiə illərində də belə ustadlarımız vardı. Bu gün həmd olsun Allaha ki, mömin və inqilabçı ustadlarımız qat-qat artıqdır. Onları qədrdanlıq etmək lazımdır. Ümid edirəm ki, Allah sizə və bizə bu işləri görməkdə tövfiq verəcək.
Bu günkü söhbətləri diqqətlə dinlədiniz. Sizin diqqətlə qulaq asmağınızdan həvəslənib danışırıq. Amma mənim deyiləsi qeydlərim çox idi.
Allah-Taaldan diləyirəm ki, hamınızı müvəffəq etsin. Sizi öz tövfiqindən bəhrələndirsin. Bu gün öhdənizdə olan məsuliyyətləri istər universitetdə rəis ünvanında, istər ustad ünvanında, nazirliklərdə, Mədəniyyət İnqilabi Ali Şurasında, məclisdə, yerinə yetirəsiniz, fəaliyyətləriniz Allahın hüzurunda başucalıq səbəbi olsun.
Vəssəlamu əleykum və rəhmətullah.

Vilayet.nur-az.com


1243 بازدید
در حال ارسال اطلاعات...