Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2015

Şiəlik - məhəbbət məzhəbi

Məsum imamların hər biri malik olduqları bütün əzəmətə və ilahi nura rəğmən, hamını İmam Hüseynə (ə) agah şəkildə təvəssül və diqqət etməyə çağırmışlar.
Şiəlikdə təbliğat məhəbbət və eşq əsasında aparılır. Şiəlik məhəbbət məzhəbidir və məhəbbət şiəliyin özəl xüsusiyyəti. Şiəlik kimi məhəbbətlə əlaqədar olan az məktəb, məslək, din, ayin və təriqət tapmaq olar. Şiəliyin kökü məhəbbət zülalındadır, təvəlla və təbərra, sevgi və nifrət dinidir. Onda eşq və məhəbbət düşüncə və ağılla uyğun və çiyin-çiyinədir, iman duyğusal bağlılıqla yanaşıdır. Şiələrin etiqad və imanları hərəkət və əməl məqamında lazımi təsiri belə kəsb edir. Həmin qəribə və sehrli xüsusiyyət bütün sərt müxalifətlərə və geniş düşmənçiliklərə rəğmən, belə bir məktəbin və təfəkkürün bu günə qədər yaşamasına bais olmuşdur.
Əhli-beyt (ə) məhəbbəti İslam təfəkküründə ən üstün dərəcəli məhəbbətdir və bu fəxr şiəyə məxsusdur. Bu məhəbbətin zirvəsi həzrət Əbu Abdullaha (ə) hörmət və eşqdə təzahür olunub, Aşura və Kərbəla hadisəsində - ən yaxşı Allah adamlarının fədakarlığı macərasında şiə tarixi və mədəniyyəti üçün yadigar qalmışdır. Tarix boyu ruhani və din təbliğatçıları dini həmin hadisənin sayəsində qorumuşlar. İndi də belədir. Əbu Abdullahın (ə) əza çadırı din təbliğatı məclisi, inancların və ilahi hökmlərin bəyan edildiyi və xalqa moizə olunduğu yerdir. Təbliğatçılar məhərrəm və səfər aylarında xalqın hisslərini dinə və imana sarı yönəldirlər. Hətta ramazan ayında Allah ziyafəti də Əbu Abdullahın (ə) məhəbbət çadırında keçirilir, bu ayın mənəvi bərəkətləri və nuru İmam Hüseynə (ə) təvəssül süfrəsində paylanır. İlin digər günlərində də təbliğat məclisləri və minbərlər, hansı adla və hansı bəhanə ilə olsa belə, irfan və qəhrəmanlığın bu əzəmətli binası sayəsində qurulur.
Əsrlər boyu və son bir neçə əsrdə bizim cəmiyyətimizdə dinə dair bu baxış və bu xatırlatma Hüseyn ibn Əlinin (ə) adı ilə bağlı olmuş və müəyyən həddə dini xalqın yaddaşında saxlamışdır. Bu geniş kanal inqilabda işə yaradı. Bizim Aşura hadisəsinə əsaslanan inqilab təfəkkürümüz bütün ölkəyə çəkilmiş bu nizam-intizamlı kanallarla hər yerə yayıldı və xalqı səhnəyə çıxardı. Əgər bizim ölkəmizi bu məsələdə digər müsəlman ölkələri ilə müqayisə etsəniz, İmam Hüseynin (ə) adının yaşanmadığı yerdə açıq fərqi müşahidə edərsiniz. Bu bizim cəmiyyətimizə özəl xüsusiyyətlər bəxş etmişdir.
Tərəf-müqabili düzgün bəndəlik yolunda irəliyə aparmaq üçün təbliğat üç yönümdə - (mənəvi paklıq üçün) moizə, (xalqın dini məlumatını artırmaq üçün) ilahi bilgiləri izah və müdafiə etmək və (dinləyicilərin böyük məqsədlər yolunda hərəkətinin keyfiyyətini artıran örnək təqdim etmək üçün) həzrət Əbu Abdullahın (ə) dərdli hadisələrini söyləmək və mərsiyələr demək yönümlərində aparılır. Bu baxımdan Əhli-beytə (ə) və özəlliklə İmam Hüseynə (ə) məhəbbət və təvəssül sayəsində təbliğatın davam etməsi nəinki mümkündür, hətta Əba Abdullahın (ə) xatirəsi təbliğatın üç əsas təməlindən biridir.
Həqiqət budur ki, Hüseyn ibn Əli (ə) dünya müqəddəsləri arasında bir günəş kimi nur saçır. Əgər peyğəmbərlər, övliyalar, imamlar, şəhidlər və saleh adamlar ay və ulduzlar kimi olsalar, bu həzrət dünyaya saçan günəş kimi parlayır.
Bu böyüklərin arasında da müəyyən göstəricilər var və şübhəsiz, həzrət Əbu Abdullah (ə) onların ən böyüklərindən biridir. Həqiqətən təkcə bizim kimi kiçik və dəyərsiz insanlar yox, hətta bütün varlıq aləmi - övliyaların, böyüklərin və yaxın mələklərin ruhları da onun nur şüasına möhtacdırlar. Varlığın bizə aydın və tanış olmayan bütün qatlarında Hüseyn ibn Əlinin (ə) mübarək nuru günəş kimi parlayır. Əgər insan özünü bu günəşin şüası altına salsa, çox dəyərli bir iş görmüş olar.
Məsum imamların hər biri malik olduqları bütün əzəmətə və ilahi nura rəğmən, hamını İmam Hüseynə (ə) agah şəkildə təvəssül və diqqət etməyə çağırmışlar. Tarixi baxımdan da bu ad və şəxsiyyət bir tarixi dövr və bir tarix kitabıdır; əlbəttə, sadə və məlumat tarixi mənasında yox, tarixin izahı, təhlili və tarixi həqiqətlərin dərsi mənasında.
Hüseyn ibn Əlinin (ə) həyatında bütün yamacları öz şüası altında saxlayan parlaq bir zirvə vardır və o, Aşuradır. İmam Hüseynin (ə) həyatında o qədər hadisələr, mətləblər, tarix və hədislər var ki, əgər Kərbəla hadisəsi olmasaydı da, o həzrətin həyatı digər imamların hər birinin həyatı kimi hikmətlərin, əsərlərin, rəvayətlərin və hədislərin mənbəyi olardı. Lakin Aşura hadisəsi o qədər mühümdür ki, siz o həzrətin həyatındakı digər sahə və əlamətləri az xatırlayırsınız. Aşura hadisəsi də çox əhəmiyyətlidir. Hüseyn ibn Əli (ə) barəsində deyilmişdir ki, səma və səmadakılar, yer və yer üzərində olanlar onun üçün ağlamışlar. Hələ bu dünyaya ayaq qoymamış yer və göy Hüseynə (ə) ağlamışdır. Məsələ bu qədər əhəmiyyətlidir. Yəni o gün Aşura macərası və tarixdə bənzərsiz olan böyük şəhadət baş verdi. Bu, gözlərin dikildiyi bir məsələ idi. Doğrudan, bu necə hadisədir ki, əvvəlcədən təqdir olunmuşdur!
Tarix boyu dünyada müxtəlif insanlar qiyam etmiş, müəyyən qruplara başçılıq etmiş, zəhmətlər çəkmiş, nailiyyətlər əldə etmişlər; yaralanmış və öldürülmüşlər. Onların arasında peyğəmbər və imam övladları da az olmamışdır. Lakin Seyyidüş-şühəda özəl bir fərd, Kərbəla hadisəsi də özünəməxsus bir hadisədir. Kərbəla şəhidlərinin digər şəhidlər arasında bənzərsiz yeri var. Görəsən nə üçün? Bu sualın cavabını hadisənin təbiətində və ruhunda axtarmaq lazımdır.
Kərbəla hadisəsi təxminən yarım gündən artıq sürməmişdir. Bir qədər insan şəhid olmuşdur; ya yetmiş iki nəfər, ya bir neçə nəfər az və yaxud çox. Dünyada bu qədər şəhid var. Amma siz Kərbəla məsələsinin olduqca böyük əzəmət kəsb etdiyini görürsünüz. Doğrusu da budur və hələ bundan da əzəmətlidir. Bu hadisə bəşər vücudunun dərinliklərinə belə təsir göstərmişdir. Bu, hadisənin ruhuna görədir. Hadisənin zahiri çox da böyük deyil. Hər halda, kiçik uşaqlar çox yerdə öldürülmüşlər; halbuki orada yalnız bircə altıaylıq körpə öldürüldü. Düşmənlər bəzi yerlərdə qətliam törətmiş və yüzlərlə uşaq öldürmüşlər. Burada söhbət fiziki məsələdən getmir, məna və ruh baxımından çox əhəmiyyətlidir.
Təbliğatçılar öz ilahi vəzifələrini yerinə yetirmək üçün hicrətin 61-ci ilində Kərbəlada baş verən Aşura macərasının şəraitini, məqsədlərini və nəticələrini bilsinlər, onun dərs və ibrətlərini ayrı-ayrılıqda çıxarsınlar, bundan sonra tərəf-müqabillərinin və müştaq insanların izdihamı qarşısında Şəhidlər ağasının və onun yoldaşlarının başlarına gələn müsibətləri məntiq və emosiya fonunda söyləsinlər, bu macəranın dərs və ibrətlərini yada salsınlar. Bu, ümumi camaat arasında "müsibətli hadisəni söyləmək" adlandırılan vəzifədir.

Ayətullah Seyid Əli Xamenei


1527 بازدید