Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2015

Şiə cəmiyyətində böhranın idarə olunması

İmam Baqirin (ə) şəraitə uyğun tədbirləri
Tarixçilər İmam Məhəmməd Baqirin (ə) rəcəb ayının əvvəlində dünyaya gəldiyini qeyd edir. Amma başqa rəvayətlər də var. Bəzi rəvayətlərə əsasən, İmam Baqir (ə) səfər ayının 3-də dünyaya göz açıb. Səfər ayının başlanğıcını bu münasibətlə qənimət sayaraq şiələrin 5-ci imamının faəliyyətlərinə xülasə nəzər salırıq. İmam Məhəmməd Baqirin (ə) hansı ailədə doğulması, mənəvi və imamət məqamı şiələrə tanış mövzulardandır. Amma həzrətin günümüzlə bağlı sualları aydınlaşdıracaq rəftar və əməlləri barədə danışmaq daha əhəmiyyətli görünür.
İmam Baqirin (ə) üzləşdiyi mühüm problemlərdən biri rəhbərlikdə iddialı bir məzhəblərin ortaya çıxması idi. Hansı ki bu məzhəbin nə elmi baxımdan, nə mənəvi cəhətdən rəhbərliyə ləyaqəti çatırdı. Bu məzhəb zeydiyyə məzhəbi idi. Onların nəzərincə İmam Səccaddan (ə) sonra imamət məqamı Məhəmməd Baqirə (ə) yox, Zeydə çatıb. Bunun üçün dəlil göstərirdilər ki, şiələrin imamı təbliğatla məşğul olan yox, qiyam qaldıran şəxsdir. Zeydilərin nəzərincə, məsum imam əlində qılınc zülmlə mübarizə aparmalıdır.
Həzrət Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir ki, imam öldürülən və ya düşməni öldürülən kəs yox, İslam maarifini yayan şəxsdir. İmam Hüseyn (ə) öz imamətinin ilk 10 ilində qardaşı İmam Həsən (ə) kimi Müaviyə ilə sülh olmuşdu. Ömrünün son 6 ayında qiyam üçün şərait yarandı.
Zeydiyyə məzhəbinə görə imam Fatimə (ə) övladıdır və əlində qılınc var. Onlar bu əsaslarla İmam Baqirə (ə) qarşı çıxırdılar. İmam Məhəmməd Baqirin (ə) dövründə zeydiyyə çox məşhurlaşdı. Bu məktəblə yanaşı cəbriyyə, təfviziyyə, bu qəbildən başqa məktəblərdə yaranmışdı. Onların hər birinin özünəməxsus düşüncə tərzi vardı. Mücəssəmə məzhəbi ardıcılları düşünürdülər ki, Allah insana görünə bilər. Bu isə Allahın cism olması təsəvvürünü yaradırdı. Cəbriyyə məzhəbindən olanlar insanı azad saymırdılar. Onların nəzərincə, insan bütün əməllərə məcbur idi. Təfviziyyə məzhəbinin ardıcılları düşünürdülər ki, insan həyatında Allahın heç bir rolu yoxdur, insan başına buraxılmışdır.
İmam Baqir (ə) belə bir geniş düşüncə cəbhəsi ilə üzbəüz idi. Bəziləri imam məqamına münasibətdə ifrata varır, imamı Allah dərəcəsinə qaldırırdı. Bəni-Üməyyə hakimləri bütün bu məzhəblərin yaranmasından xoşhal idilər, Əhli-Beyt (ə) məktəbinə qarşı çıxanların çoxalmasını istəyirdilər.
İmam Baqir (ə) bu məktəblərə qarşı hansı işləri gördü? Öncə həqiqi Əhli-Beyt (ə) məktəbi yaradıldı. İmam Baqir (ə) qiyamdan öncə İslam maarifi sahəsində müəyyən işlərin görülməsini zəruri hesab etdi. İmam Baqir (ə) bir neçə istiqamətdə fəaliyyətə başladı. İlk iş şagirdlər tərbiyə olunması idi. Həzrət şagirdlər tərbiyə edir və bu şagirdləri müxtəlif məntəqələrə təbliğ üçün göndərirdi. Növbəti iş elm hövzəsinin təşkili idi. İmam müxtəlif şəhərlərdə özü və ya şagirdlərinin nəzarəti altında mədrəsələr yaradırdı. Bu mədrəsələrə qeyri-şiələr də gəlib-gedə bilərdilər. Kufə, Qum, Rey, Xorasanda belə mədrəsələr yaradılmışdı. Mədinə mədrəsəsi imamın öz nəzarəti altında idi. Başqa mədrəsələrə onun şagirdləri nəzarət edirdi. Bu yolun davamçılarından biri də həzrət Əbdüləzim Həsəni idi.
Mədrəsə yaradılması ənənəsi o zamanlar başladı. İmamlar dünyanın müxtəlif nöqtələrində İslam maarifinin yaranması üçün şagirdlər tərbiyə olunmasını xüsusi bir vəzifə sayırdı. Aram və sabit bir fəzada şiələr təhsillə məşğul olurdular.
İmam Baqirin (ə) imamətinin 3-cü ili Xorasanda Cabir ibn Cöfinin vasitəsi ilə mədrəsə təsis olundu. O zaman imam Mədinədə idi. Onun özünün Xorasana gəlməsi mümkün deyildi. İmam ən bacarıqlı şagirdlərindən olan Cabir ibn Cöfini bir neçə nəfərlə birlikdə Xorasana göndərdi. Rəvayətlərə əsasən İranın Xorasandan əlavə başqa şəhərləri də, şimal məntəqələri də bu adla tanınırdı. İmam Məhəmməd Baqir (ə) Qum, Rey və bir çox şəhərlərdə mədrəsələrin yaranması ilə məşğul idi. Nişapurda da mədrəsə yaradılmışdı. İmam Rizadan (ə) nəql olunan rəvayətə əsasən imam Mərvə doğru hərəkət etdiyi zaman bu şəhərdə dayanır. Rəvayətdə deyilir ki, 25 min nəfər əlində qələm İmam Rizanın (ə) buyuruqlarını yazırdı. Bu İmam Məhəmməd Baqirin (ə) fəaliyyətlərinin səmərəsi idi. İmamın təsis etdiyi mədrəsələri iki qrupa bölmək olardı. Onlardan bəzilərinin yeri sabit idi. Amma imamın təzyiqlərlə bağlı tədbirlərindən biri də səyyar mədrəsələrin təşkili idi. Məsələn Qumda fəaliyyət göstərən mədrəsə müəyyən müddətə Kaşana köçürüldü, Kaşanda bir müddət fəaliyyətdən sonra başqa şəhərdə fəaliyyətə başlayıb. Bu tədbirdə məqsəd imkan daxilində daha geniş sahəni əhatə etmək, daha çox insanı İslam maarifi ilə tanış etmək idi. Biz belə mədrəsələri səyyar mədrəsələr adlandıra bilərik. Həmin mədrəsələrdə müəllimləri ya imam özü, ya da onun şagirdləri təyin edirdi. Bəzi mədrəsələr ixtisaslaşmışdı. Belə mədrəsələrdə məsələn yalnız fiqh tədris oluna bilərdi. Bir sıra mədrəsələrdə kəlam tədris olunurdu. Elm sahəsində ixtisaslaşma bu günün söhbəti deyil, İmam Baqir (ə) öz fəaliyyətlərində bu işi görmüşdü. Bəzən imam müəyyən sulları cavablandırmağa vaxt tapmayanda müraciət edənləri şagirdlərin sorağına göndərirdi. Çünki müəyyən sahələrdə ixtisaslaşmış şagirdlərə etimadı vardı.
İmamın işlərindən biri də cihad ruhiyyəsini, hüseyni ruhiyyəni canlı saxlamaq idi. İmam Baqir (ə) qiyam qaldırmasa da qiyam ruhiyyəsini müsəlmanlarda yaşatmağa çalışırdı. Bu məqsədlə İmam Hüseynə (ə) əzadarlıq mərasimləri keçirilir, insanlar İmam Hüseynin (ə) ziyarətinə təşviq olunurdu. O zaman ziyarətin insan həyatı üçün təhlükələri də var idi. Amma şiə məktəbinin təravətli qalması üçün bu tədbirlər zəruri sayılırdı. İmam Baqirin (ə) İmam Hüseynin (ə) ziyarəti, eləcə də onun qiyamı ilə bağlı yazıları əlimizə çatıb. İmam seyyidüş-şühədanı nəzmə çəkir.
İmam Baqirin (ə) fəaliyyətləri arasında Həzrət Mehdinin (əc) zühuru ilə bağlı təbliğat yer alırdı. İmamdan bu mövzuda rəvayətlər nəql olunub. İmam Baqir (ə) insanları İmam Hüseynin (ə) ziyarətinə dəvət edir, digər tərəfdən məhdəvi maarifini yayırdı. Amma imam insanları emosional əməllərdən çəkindirirdi.
İmam Baqir (ə) və İmam Sadiq (ə) şiə məktəbində təqiyyə mövzusunu ortaya qoyub. Ardıcıllar təhlükəli vəziyyətdə olduğu zaman öz əqidələrini gizlətməyə vəzifəli olublar. Təqiyyə, yəni əqidəni gizlətmək şiə etiqadından sayılır. Məzhəbi qorumaq üçün belə bir addım atılması zəruri olub. İmam Baqirin (ə) rastlaşdığı problemlərdən biri də Bəni-Üməyyənin fəsadları idi. Onlar özlərini Peyğəmbərin (s) canişini sayır, eyni zamanda onun sünnələrinə əməl etmirdilər.
İmam Baqir (ə) öz şagirdlərinə öyrədirdi ki, mədrəsələrdə açıqlanası ilk mövzu Peyğəmbər (s) sünnəsidir. Əsl Peyğəmbər (s) sünnəsini qorumaqla bidətin qarşısını almaq lazımdır. Peyğəmbər (s) dünyasını dəyişəndən sonra həcc, namaz, oruc, xüms-zəkat kimi mövzularda bidətlər ortaya çıxdı. İmam Baqir (ə) nəzarəti altında olan mədrəsələrdə Peyğəmbər (s) sünnəsinin qorunmasına xüsusi əhəmiyyət yetirdi. İmam Baqirdən (ə) Peyğəmbərin (s) əməl və rəftarları barədə kifayət qədər hədis nəql olunmuşdur. Peyğəmbər (s) cəmiyyətdə necə idi, ailədə necə idi, Allahla raz-niyazı necə idi? Bütün bu suallar imamdan nəql olunmuş rəvayətlərdə aydınlaşdırılır.
İmam Baqir (ə) ömrünün və imamətinin bir hissəsini əməvi xəlifələrinin dövründə keçirmişdir. O zaman Ömər ibn Əbdüləziz xəlifə idi. İmam Məhəmməd Baqir (ə) Ömər ibn Əbdüləzizi Bəni-Üməyyənin nəcibi adlandırmışdı. Bəni-Üməyyə Peyğəmbər (s) və imamlar tərəfindən lənətlənsə də Ömər ibn Əbdüləzizin 3 əməli onu o birilərindən fərqləndirirdi. Əvvəla Ömər ibn Əbdüləziz Həzrət Əliyə (ə) minbərdən lənət oxunmasına son qoydu. O fədək bağlarını İmam Baqirə (ə) qaytardı, imama hədis yazmaq icazəsi verdi. Bildiyiniz kimi, hədis yazmaq 70 il qadağan olunub. Hədis tapanda onu yandırar, çaya atardılar. Ömər ibn Əbdüləzizin dövründə bu qadağa aradan götürüldü. İmam Baqirin (ə) şagirdləri azad şəkildə hədisləri qələmə almağa başladılar. Vəsail və Kafi kimi hədis kitabları İmam Baqir (ə) və İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətlərdən ibarətdir. Bu yolla əlimizə 50 minə yaxın hədis çatmışdır. Onların düzgünlüyünü dəyərləndirmək müctəhidlərin işidir.
İmamın şagirdlərinə tövsiyələrindən biri əqli mövzuda mübahisələrə yer ayrılması idi. Hədis qadağan olunduğu dövrdə imam bu yolla fəaliyyətini davam etdirirdi. Əqli mübahisələr azğın məktəblərə qarşı güclü silah idi. İmam şagirdlərinə tapşırmışdı ki, başqa məktəb ardıcılları ilə əqli dəlillər əsasında mübarizə aparır. Bu öz nəticəsini göstərirdi. Bəziləri belə mübahisələrdə öz zəifliyini etiraf edib təslim olardı, bəziləri inadkarlıq göstərərdi. Amma xalq şahid olurdu ki, bu cərəyanlar nəinki İmam Baqir (ə), hətta onun şagirdlərinə cavab verməkdə acizdir.
Zeydiyyə fiqhi məsələlərdə bu əqidə də idi ki, yalnız zeydi ilə izdivac etmək olar. Onlar təqiyyəni qəbul etmirdilər. İmam onlara buyurur ki, əgər təqiyyəni qəbul etmirsinizsə, nə üçün deyirsiniz ki, qeyri-zeydiyyə ilə evlənmək olmaz? Əgər bizdən gizlədiləsi bir sözünüz yoxsa nə üçün belə məhdudiyyət yaradırsınız? Belə əqli dəlillər əsasında müxalif tərəf geri çəkilməyə məcbur olurdu. Zeydiyyə özü də bir neçə qrupdan ibarəti idi. Şeyx Müfid sonrakı dövrlərdə zeydiyyə ilə mübahisələrdə onları tam məğlub etdi. Bu gün zeydiyyənin dünyada sayı azsa bu İmam Baqirin (ə) təlaşlarının nəticəsidir.

Vilayet.nur-az.com


1177 بازدید
در حال ارسال اطلاعات...