Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Noyabr 2015

Namaz heç bir halda tərk edilməyən ibadətdir

İmam Hüseyn (ə) Aşura günü düşmənlə üz-üzə olmasına baxmayaraq, namazını tərk etmədi
İslam dinində vacib əməllər müəyyən şərait çərçivəsində insanlara vacib olur. Məsələn, Həcc ziyarəti bu səfərə getmək üçün kifayət qədər pulu və s. imkanları olan zaman vacib edilir və yoxsul təbəqənin nümayəndələrinə borc alıb bu dini vəzifəni yerinə yetirmək əmr edilməmişdir. Yaxud, oruc tutmaq istəyən şəxs sağlam olmalıdır. Oruc tutmaq hər hansı bir şəxsin sağlamlığına zərər yetirə biləcəyi halda ona bu işi görmək vacib deyil, əksinə bunu gördükdə haram etmiş olur və s. Lakin namaz qılmaq bu kimi şərtlərdən müstəsnadır. İstər yoxsul olsun, istərsə də varlı, istər sağlam olsun, istərsə də xəstə namaz qılmaq hər bir müsəlman şəxsə vacibdir. Ayaq üstə dura bilməyən oturaq vəziyyətdə, otura bilməyən uzanaraq bu əməli icra etməlidir. Qurani-Kərimdə Allah həzrət İsanın (ə) dilindən belə nəql edir:
“O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu”. (“Məryəm”,31.)
Hətta döyüş meydanlarında belə namaz tərk edilməməlidir. Baxmayaraq ki, təhlükə hiss olunan yerlərdə dörd rükətli namazlar iki rükət qılınır:
“Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rək’ətli namazı iki rək’ət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən, kafirlər sizinlə açıq düşməndirlər”. (“Nisa”,101.)
İmam Əli (ə) “Suffeyn” döyüşündə namaz qılmaq istədikdə ona, indi namaz qılmaq vaxtımıdır? – deyə etiraz edildikdə o Həzrət (ə) onlara buyurdu: “Bizim düşmənlə döyüşməyimizdə əsas məqsəd namazın icrası deyilmi?”
Atasından belə tərbiyə alan İmam Hüseyn (ə) Aşıura günü düşmənlə üz-üzə olmasına baxmayaraq, namazını tərk etmədi. İmamın böyük səhabələrindən olan Əbu Səmamə üzünü o Həzrətə (s) tutaraq dedi: “Ey Allah rəsulunun övladı, biz tezliklə əzizlərimizə qovuşarıq. Sizinlə birlikdə daha bir namaz qılmaq istəyirik”. İmam göyə baxım buyurdu:
“Bəli, namazın vaxtıdır. Sən namazı yada saldın, Allah səni namaz qılanlardan etsin”. Sonra o Həzrət (ə) zöhr namazını camaatla qılmağa başladı. Hətta bu irfani ibadət zamanı o Həzrətin (ə) bir neçə səhabəsi düşmən tərəfindən qətlə yetirilərək şəhid edildi. (“Fərhəngi-Aşura”.)
Demək, nəyəsə görə namazı tərk etmək, müxtəlif bəhanələr gətirmək yalnız insanın öz-özünü aldatması deməkdir və bu, çox böyük fəsadlara səbəb olur. Çünki Allahla əlaqəsini kəsən şəxsı şeytan asanlıqla öz toruna salır. Fəxri Razi təfsir əsərində “Əsr” surəsini izah edərkən yazır: “Bir qadın nalə çəkən halda Peyğəmbərin yanına gəlib dedi: “Ey Resulullah (s), səhabələr getsin, təklikdə sənə sözüm var”. Səhabələr getdilər. O qadın Peyğəmbərin (s) yanında oturub dedi: “Ey Allahın rəsulu (s) çox böyük bir günah etmişəm”. Peyğəmbər buyurdu: “Allahın rəhməti ondan böyükdür”. Günah nə qədər böyük olsa da insanın (Allahın rəhmətindən) məyus olması mənasızdır. Əgər insan sidq ürəklə tövbə etsə, qəlbində günahlarının qorxusundan bir təlatüm yaransa günahları bağışlanacaqdır. İslam dinində çıxılmaz vəziyyət yoxdur. Peyğəmbər buyurdu: “Günahın nədir?” Dedi: “ Ey Allahın rəsulu (s) ərli qadın olduğum halda zina etdim, hamilə oldum, uşaq dünyaya gəldi, onu sirkə qabında boğdum və sonra da nəcis sirkəni camaata satdım”. Həqiqətən də çox böyük günahdır. Məlum olur ki, Allahın peyğəmbəri (s) çox narahat olmuşdur. Onun hökmünü dedikdən sonra buyurdu: “Xanım, istəyirsənmi sənin bu bəlaya uğramağının səbəbini deyim?” İnsan bəzi vaxtlar elə bir bəlaya düşür ki, ondan qurtulmaq mümkün olmur.
“Belə düşünürəm ki, sən namazı tərk etmisən”. (“Təfsiri-Fəxre Razi”, c. 32, səh. 85)
Şübhəsiz, Allah, göstərişlərinə əməl etməyib, bəhanə gətirən şəxsləri sevmir və müəyyən etdiyi gündə onları cəzalandıracaqdır.


1693 بازدید
در حال ارسال اطلاعات...