Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2015

Amerikalılar İran gəmisini görəndə...

Admiral Həbibullah Səyyari ilə söhbət
7 azər İran İslam Respublikasının təqvimində Donanma Günü kimi qeyd olunur. Cənab Rəhbər Ayətullah Xamenei dəniz qüvvələri haqqında danışarkən bu qüvvələri strateji qüvvələr adlandırıb və buyurub: Dəniz qüvvələri bu gün dünyanın bir çox nöqtələrində, o cümlədən ölkəmizdə strateji qüvvədir. Bu qüvvələrə strateji qüvvələr kimi baxmaq lazımdır.” Hərbi dəniz qüvvələrinin komandanı admiral Həbibullah Səyyari qarşıdakı strategiyalar və Cənab Rəhbərin hərbi dəniz qüvvələrinə tövsiyələri barədə danışır. (khamenei.ir)

Sual: Neçə illər öncə Cənab Rəhbər strateji qüvvələr ifadəsini işlətdi və dəniz qüvvələrini strateji qüvvələr adlandırdı. Sonradan bu ifadə dəniz qüvvələrində tez-tez işlənməyə başladı. Təəssüf ki, informasiya vasitələrində bu məsələ bir o qədər də işıqlandırılmayıb. Sizin nəzərinizcə dəniz qüvvələri nə üçün strateji qüvvələr sayılır, onun geosiyasi duruma hansı təsirləri var?

Cavab: Baş Komandan Cənab Rəhbər Ayətullah Xamenei 1388-ci il, mehr ayının 14-də İmam Xomeyni (r) Universitetində dəniz qüvvələrini strateji qüvvələr adlandırıb. Buyurub ki, İran ordusunun hərbi dəniz donanması strateji əhəmiyyət daşıyır. Bu ifadələr donanmadakı məsullar üçün yeni bir ifadə idi. Cənab Rəhbər bu məsələni gündəmə gətirənə qədər bu barədə düşünməmişdik. 1386-cı il, bəhmən ayının 19-da mən hərbi donanmanın ümumi vəziyyəti barədə Cənab Rəhbərə məruzə etdim. Cənab Rəhbər dəniz qüvvələrinin inkişafı, bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsi üçün dəyərli tövsiyələr verdi. Biz işimizi davam etdirdik, nəticələr barədə Cənab Rəhbəri məlumatlandırdıq. Cənab Rəhbər növbəti tövsiyələrini verdi. Vilayət layihəsi təsdiq olundu. İşi davam etdirdik, nəhayət 88-ci ildə Cənab Rəhbər hərbi donanmanı strateji qüvvə kimi təqdim etdi.
Mövzu maraqlı idi. Biz donanmanın strateji qüvvə olması barədə düşünürdük. Düşünürdük ki, Cənab Rəhbər bununla nə demək istəyib? Bu barədə çox fikirləşdik, belə bir qənaətə gəldik ki, dəniz qüvvələrinin inkişafı yolunda eniş-yoxuşlardan sonra hansısa bir nöqtəyə çatmışıq. Əhəmənilər dövründə Fars körfəzindən Aralıq dənizinə çıxıb əməliyyat keçiriblər. Hətta Amerikanın İran ziddinə çəkdiyi filmdə bu mövzu işıqlandırılıb. O zaman iranlılar dənizdən keçərək Yunanıstanla döyüşə giriblər. Deyirlər ki, Allah istəsə düşmən də xeyirə səbəb olar. Sual yarandı ki, min illər öncə İran qüvvələri bir bu qədər döyüşçünü həmin məntəqəyə necə apara bilib? Mövzunun təfərrüatı ilə işim yoxdur. Əsas məsələ həmin dövrdə dəniz naviqasiyasının gücüdür.
Tarixi nəzərdən keçirdikdə görürük ki, 1320-ci il, şəhrivər ayında ingilislər dəniz qüvvələri ilə cənubdan hücuma keçib. Dəniz qüvvələri komandanı Qulaməli Bayandur onlarla vuruşub. Şimalda və Cənubdakı döyüşlərdə 700 nəfərə qədər canlı qüvvə itirilib. “Dər çeşmi-bad” serialında həmin hadisələr işıqlandırılıb.
Pəhləvi rejimi dövründə dəniz qüvvələrinin təchizatı üçün müəyyən avadanlıqlar alınsa da öz istehsalımız olmayıb. Donanma inkişaf edib, hətta Məkran sahillərində yeni bazalar yaradılıb. Amma ağrılı nöqtə budur ki, NATO zəncirində bir halğa olmuşuq. NATO-nun əmrlərini yerinə yetirmişik, müstəqil qərarımız olmayub. İstehsalımız olmayıb. Sırf xarici texnologiyalardan bəhrələnmişik. Cənubdan kommunistlərin nüfuzunun qarşısını almaq üçün müdafiə xətti qurmuşuq.
Amma İslam İnqilabının qələbəsindən sonra hərbi donanma müharibədən uğurla keçdi. 59-cu il, azər ayının 7-də, yəni müharibədən 67 gün sonra İraq donammasını məğlub etdik, İraq dənizdən mühasirəyə alındı. Artıq İraqa təchizatın qarşı alındı, neft ixracı əngəlləndi. Düşmən iqtisadiyyatına güclü zərbə vurduq. Bu çox böyük qələbə idi. Əməldə sübuta yetdi ki, İran hərbi donanması milli resurslara güvənir.
Müqəddəs müdafiə illərindən sonra quruculuq başlandı. Cənab Rəhbər 88-ci ildə buyurdu ki, donanma özünü təsdiq etmək üçün fars körfəzindən çıxmalı, azad sularda hərəkət etməlidir. Həmd olsun Allaha ki, bu gün inkişaf etmişik. Cənab Rəhbərin sözlərindən aydın olur ki, dəniz qüvvələrinin strateji qüvvələr olmasının bir mənası onların azad sularda hərəkətidir. Cənab Rəhbər özü isə bunu belə izah etdi ki, ölkənin dəniz sularındakı mənafei strateji mənafeidir.
İqtidara malik olduğumuz zaman bu mənafelərə sahib dura bilərik. Cənab Rəhbər buyurduğu kimi, Oman sahillərinə çıxmaq, bu sularda hərəkət etmək lazımdır. Çünki Oman dənizi İran üçün bir xəzinədir. Yaxın keçmişə qədər buna bir o qədər də əhəmiyyət verilməyib. Cənab Rəhbər buyurdu ki, bu günə qədər bütün diqqətimizi fars körfəzinə yönəltmişik. Əlbəttə ki, fars körfəzi ölkəmiz üçün mühümdür. Amma unutmamalıyıq ki, fars körfəzi üçün mühüm dayanacaq Oman dənizidir. Beləcə, Cənab Rəhbərin sözünü əsas götürərək su hövzələrində strateji mənafelər sorağınca getdik.

Sual: Cənab Rəhbər nə üçün Oman dənizində donanmanın olmasını mühüm sayır?

Cavab: Araşdırmalardan aydın olur ki, ölkənin böyük qida mənbələri dənizdədir. O cümlədən yeni enerji mənbələri dənizdə yerləşib. Biz bu mənbələrdən faydalanmalıyıq. Hazırda dənizin qabarma-çəkilmə enerjisindən istifadə üzərində iş gedir. Bu çox böyük bir enerjidir. Eyni zamanda ölkənin iqtisadiyyatı üçün dəniz yolları böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə idxal və ixracatın 90 faizi dəniz yolları ilə həyata keçir. Dəniz turizmi də mühüm sahələrdəndir. Bütün bunlar dənizdə məşğulluq üçün də şərait yaradır. Cənab Rəhbər buyurur ki, sahildə və dənizdə, okeanda məşğulluq var. Cənab Rəhbərin sözlərini araşdırıb belə bir nəticəyə gəldik ki, ölkənin dəniz istiqamətində inkişafı mühümdür. Bu tövsiyələr əsasında işlədik. Cənab Rəhbərin bütün buyuruqları dərin mənalıdır.
Dəniz müstəvisində inkişaf xətdi əsasında dənizdə strateji planlar həyata keçirilə bilər. Limanlar genişləndirilməlidir, yeni limanlar tikilməlidir, Cənab Rəhbərin buyurduğu kimi xam neft satışına son qoyulmalıdır. Bizdən xam nefti alırlar, emal edib özümüzə satırlar. Sahildə neft-kimiya sahəsinin, neft emalı zavodlarının tikilməsi və genişləndirilməsi bizi xam neft satışından xilas edə bilər. Bilirsiniz ki, neft-kimiya sənayesi suya ehtiyaclıdır. Bu sənaye sahildə qurulmalıdır. Biz bir müddət ağanın buyuruqlarını anlaya bilmədik. Əgər vaxtında addım atsaydıq Dubay limanı tikilməzdi. Ticarət şirkətləri üçün Hörmüz boğazından keçib gəlmək sərfəsizdir. Şirkətlərə sərf edir ki, öz yüklərini Çabəhar və Cask limanlarında boşaltsınlar.
Ölkədə dənizçiliyin inkişafı sahilboyu abadlaşmaya da təsirlidir. Bu gün Cənub-Şimal karidoru mövzusu gündəmdədir. Əgər Çabəhar və Cask Orta Asiyaya birləşsə əslində Orta Asiya azad sulara çıxacaq. Bilirsiniz ki, hazırda Orta Asiyanın azad sualara yolu yoxdur. Buna görə də Orta Asiya ticarəti İran vasitəsi ilə həyata keçir. Layihə həyata keçsə bunun İrana böyük iqtisadi faydası olacaq. Dənizçiliyin inkişafı nəticəsində Xəzər dənizindən Qafqaza çıxmaq olar. Xoşbəxtlikdən İran İslam Respublikasının geosiyasi mövqeyi münasibdir, o dünya üçün dörd yol ayrıcısında yerləşir. Bir növ qitələri bir-birinə birləşdirir. Qədimdə ipək yolu olub, bu yol ölkəmizə müstəsna imtiyazlar verir.
Bildiyiniz kimi, İran sahilləri 3 yerə bölünür. Xəzər dənizi sahilləri, Fars körfəzi sahilləri və Məkran sahilləri. Məkran sahilləri Bəndər Abbasın Cənub-Şərqindən İran-Pakistan sərhədlərində son limana qədər sahəni əhatə edir. Məkran sahilləri ölkənin ən mühüm sahillərindəndir. Çünki oradan azad sulara çıxış yolu var. Buranı qızıl darvaza saymaq olar. Bir çox ölkələr üçün belə bir sahilə malik olmaq əlçatmaz arzudur. Belə ölkələrdən biri Rusiyadır. Rusiya keçmişdə geri qalmış ölkələrdən olub. O zamana qədər ki, Böyük Pyotr Qərbi Avropanın inkişaf səbəblərini ciddi araşdırıb, dənizə çıxışı bu inkişafın əsas səbəbi kimi dəyərləndirib. Sonra Neva sahillərində Sankt-Peterburqu tikib, Rusiya bu çayla azad sulara çıxıb. Bu gün Rusiya dünyada iqtidarlı ölkə kimi tanınır. Təəssüf ki, ləyaqətsiz İran şahları bu barədə düşünməyib. Bu baxımdan İran geri qalıb. Cənab Rəhbərin tövsiyələrindən sonra dəniz yollarının, xüsusi ilə Məkran sahillərinin əhəmiyyətini dərk etmişik.
Osmanlı imperiyası dövründə, səhv etmirəmsə miladi 1500-cü ildə Qərblə Cənubi Asiya Cənub-Şərqi Asiya arasında yollar bağlanıb. Cənub-Şərqi Asiya ilə Qərb arasında mövcud olan ipək yolu quruda da, dənizdə də ticarət əlaqələri üçün istifadə olunub. Avropalılar bu fikirə düşüb ki, Cənub-Şərqi Asiya ilə əlaqələri yenidən qursunlar. Bu məqsədlə İspaniya və Portuqaliyanın sorağına gediblər. Portuqallar və ispanlar azad sularda hərəkət edirdi. Onlar Afrikanı dövrə vurub iki qrupa bölündülər. Bir qrupu Cənubi-Amerikaya üz tutdu, digəri Hind okeanına. Babul-Məndəbdə yenidən iki qrupa bölündülər. Bir qrupu Cənub-Şərqi Asiyaya yola düşdü, digəri İranın sorağına gəldi. Cənub-Şərqi Asiyaya yürüşlər nəticəsində İndoneziyanın bəzi adaları indi də Portuqaliyanın əlindədir. İrana üz tutanlar Hind okeanının şimalında Tis deyilən yerdə dayandılar. Tis Çabəharın yaxınlığında bir kənddir. Orada portuqaliya qalası adlı bir qala da var. Afonsu di Albukerki adlı bir şəxs deyir ki, 21-ci əsrdə dünyaya hakim olmaq istəyən bu məntəqəyə hakim olmalıdır. Sonra Qeşm, Kiş, Fars körfəzinə qoşun çəkdilər, 120 ilə yaxın oraya hakim oldular. Şah Abbasın dövrünə qədər belə oldu. Şah Abbas İmamqulunu təchiz edib portuqalların üstünə göndərdi. Amma belə bir gücləri olmadığından İngiltərədən kömək istədilər. İngiltərənin köməyi ilə portuqalları Fars körfəzindən çıxardılar. Bəndər Abbasın adını dəyişib Qombrun qoydular. Sonra Qeşm və Kiş azad edildi. Amma ingilislər özləri həmin yerləri nəzarətə götürdü.
İngilislər belə plan cızmışdılar ki, ölkəyə nəzarəti əldə saxlamaq üçün iki iş görülməlidir. Əvvəla su hövzələrinə nəzarət edilməlidir, ikincisi əhali sahildən uzaqlaşdırılmalıdır. İranda bu işi gördülər. İnsanları dənizdən uzaqlaşdırdılar. Qacarilər dövründə ləyaqətsiz nazir demişdi ki, əgər ingilislər fars körfəzinə sahib olmaq istəyirsə şirin dostluğu şor su ilə nə üçün pozaq, fars körfəzini vermək lazımdır!! Bütün bunlar bizi böyük mənafelərimizə biganələşdirən imperializmin planlarıdır.
İnsanlar sahildən uzaqlaşdırılanda limanlardan məhrum oluruq. O zaman mühüm limanlardan biri Tis limanı idi. Digər liman Cask limanı idi. Üçüncü liman Sirab limanı idi. Xalq hər üç limandan məhrum edildi. Beləcə su hövzələrinə sahib oldular. Sonradan İran inkişaf edib NATO-ya qatılır. Su hövzələrimizə NATO nəzarət edir. Məkran sahilləri bərbad vəziyyətə düşür. İmperializmin istəyi bu idi. Cənab Rəhbər uzaqgörənliklə bildirdi ki, dəniz donanması iqtisadiyyatın çiçəklənməsində təhlükəsizliyi təmin edir. Beləcə dənizə qayıdış nəzəriyyəsi Cənab Rəhbər tərəfindən irəli sürüldü. Uzun illər istismardan sonra Cənab Rəhbər tövsiyə edir ki, sahillərin abadlaşdırılması ilə məşğul olaq. Şübhəsiz bu iş ölkəmizin dəniz müstəvisində inkişafına kömək edəcək.

Sual: Hazırda dəniz qüvvələri hansı strateji işləri görür?

Cavab: Hazırda iki məqsəd izlənilir. Biri ölkənin dənizçilik sahəsində inkişafı üçün dənizə qayıdışdır. Digəri dənizdə iqtidar məsələsidir. Bu iki mövzunu Məkran sahillərinin inkişafında, Cənab Rəhbərin tövsiyələrinin icrası istiqamətində şüara çevirmişik. Dənizdə təhlükəsizlik inkişaf üçün şərtdir. Bu iki şüar əsasında iş aparılır. Sahillərin abadlaşdırılması üçün layihələr həyata keçirilir. Tədricən Cənab Rəhbərin nəzərdə tutduğu vəziyyətə yaxınlaşırıq.
Dənizdə iqtidarla bağlı Cənab Rəhbərin fikri budur ki, yer üzünün 2/3-i sudan ibarət olduğundan azad sulara çıxmaq lazımdır. Dənizdəki mənbələrdən o zaman istifadə edə bilərik ki, dənizdə iqtidarımız olsun. Dənizə nəzarət edə bilməliyik. Özümüzə aid olan sularda, başqalarına məxsus olan sulara göz dikməməklə bu işi görürük. Cənab Rəhbər də buyurub ki, kiminsə haqqına toxunmamalıyıq. Amma azad sularda olmalıyıq, çünki yer üzünün 2/3-i su ilə əhatə olunub. Azad sularda olmağımız mənbələrimizi müdafiəsi deməkdir. Hazırda Ədən dənizində piratlarla üzbəüzük. Piratlar bütün ölkələrin su hövzələrindəki mənafelərini təhlükə altına alıb. Əgər İran İslam Respublikasının azad sularda iqtidarı olmasa öz mənafelərini müdafiə edə bilməz. Bu zaman məcbur olardıq ki, gəmilərimizin mühafizəsi üçün ingilislərə ağız açaq. Bu gün dəniz yollarında hamı iqtidar ardıncadır. Biz də öz haqqımızı istəyirik. Kiminsə haqqında gözümüz yoxdur. Azad sularda başqalarının da haqqı var. Ölkəmizin iqtisadi mənafeləri naminə dünya sularında olmalıyıq. Bizim suda iqtidarımız bu həddədir ki, aralıq dənizinə gedib-gəlirik. Cənab Rəhbər BəndərAbbasa gələndə buyurdu ki, siz azad sulara çıxanda bilirlər ki, kiməsə hücum etmək fikrində deyilsiniz. Bununla belə sizin varlığınız onları narahat edir çünki bu hərəkət məntəqə ölkələrinə də ümid verir.

Sual: Cənab Rəhbər Afrika ölkələri sahillərinə də üz tutmağınızı istəyib?

Cavab: Bəli, Cənab Rəhbər buyurub ki, dəniz qüvvələri Xarici İşlər Nazirliyi kimi ölkə diplomatiyasının inkişafında rol oynayır. Xarici İşlər Nazirliyi ölkənin əlaqələrini genişləndirməklə məşğuldur. Amma iqtisadiyyat, ticarət, mədəniyyət sahəsində müəyyən işlər dəniz qüvvələrinə həvalə olunub. Bu gün İran donanması 700-800 nəfəri dünyanın müxtəlif limanlarında düşürürsə, öz mədəniyyətini nümayiş etdirir. Bilirsiniz ki, dünyada iranafobiya mövcuddur. İran haqqında mənfi rəy yaratmağa çalışırlar. Cənab Rəhbər buyurur ki, əlllərində olan informasiya şəbəkələri vasitəsi ilə müxtəlif məntəqələrdə İran əleyhinə təbliğat aparıblar. Cənab Rəhbər dəniz qüvvələrinin öz iqtidarı ilə bu fəaliyyətləri təsirsizləşdirə biləcəyini söyləyir. Dəniz qüvvələri əlaqələri gücləndirə bilər. Ölkələrarası gediş-gəliş artar. İran İslam Respublikasının dünya ilə əlaqələri güclənər. Dənizdə təhlükəsizlik yaranar. İqtisadi və diplomatik əlaqələr artar. Ölkəmizin mədəni, hərbi, elmi, iqtisadi imkanlarını nümayişə qoya bilərik. Son olaraq dünya xalqları ilə rabitələrimiz güclənər.
Ötən bir neçə ildə aralıq dənizinə, qırmızı dəniz sahili ölkələrinə, bəzi Şərqi Afrika ölkələrinə getmişik. Cənub-Şərqi Asiyada olmuşuq. Bütün bunlar iqtidar göstəricisidir. İran gəmisi Çin sahillərinə yaxınlaşanda çinlilər İran gəmisini görmək üçün tələsir. Bu bizim ölkənin iqtidarını göstərir. Düşünürəm ki, azad sularda hüzurumuz milli qürur mənbəyidir. Bu gün dünya imperializmi bütün azad sularda hərəkət edir. Amma onların hərəkəti istilaçı xarakter daşıyır. İstənilən bir halda İran istilaçı deyil. Azad sularda bu şəkildə varlığımız iftixardır. Cənab Rəhbər tövsiyə edir ki, Atlantik okeanına da hərəkət etmək lazımdır. Cənab Rəhbər Qərbi Afrikada Qanbiyaya qədər getməyimizi istəyir. Biz də demişik ki, baş üstə, bu işi görərik. Cənab Rəhbər Qanbiyaya marağı “köklər” kitabı ilə əlaqələndirir. Bu kitabın müəllifi bir qaradərili qul olub. Sonradan təhsil alıb. Həmin kitabda bu ölkədən danışılır. Amerikalılar bu ölkəyə qul ardınca gedərmiş, bu ölkədə böyük cinayətlərə əl atarmış. Əgər İran bu ölkəyə gedib öz mədəniyyətini göstərsə Qanbiya xalqı üçün böyük hörmət olar. Onlar İranla Amerikanın fərqini görərlər. Biz bu yollarla İran haqqında həqiqəti dünyaya çatdıra bilərik.
Hazırda bu baxış və düşüncə iş planında yer alıb. Xarici İşlər Nazirliyi ilə müəyyən mövzular razılaşdırılmalıdır ki, həmin kursda səfərə çıxa bilək. Beləcə, dənizə qayıdış nəzəriyyəsi ölkədə dənizçiliyin inkişafı, Məkran sahillərinin abadlaşdırılması ilə həyata keçəsidir.

Sual: Cənab Rəhbər dəniz qüvvələrində hansı xüsusiyyətləri görmək istəyir?

Cavab: Cənab Rəhbər ötən il buyurdu ki, dəniz qüvvələrində bir neçə xüsusiyyət olmalıdır. Əvvəla, dəniz qüvvələri hərbi qüvvələrdir. Ona görə də İran İslam Respulikasının ordusu çərçivəsində xidmət edir. Onun dəniz sərhədlərini, dənizdə milli mənafeləri qorumaq məsuliyyəti var. Dənizdə sərhəd xətlərini qorumaq donanmanın işidir. İkincisi, dəniz qüvvələri elmidir, silahlı qüvvələrdə elm ən üstün səviyyədədir. Bu gün bizim donanmanın təchizatında olan raketlə təchiz olunmuş katerlər, hərbi gəmilər yüksək texnologiyalara malikdir. Dəniz qüvvələri hərəkət edəndə texnologiyanı da hərəkətə gətirir. Əgər bu gün esmines istehsal etmək lazım gəlirsə bunun üçün innovasiya şirkətlərimiz, universitetlərimiz, zavodlarımız var. Əgər liman tikmək istəsək bu işi görəcək böyük şirkətlərimiz mövcuddur. Əgər Məkran sahillərində dəniz qüvvələrinin işi davam etsə həmin məntəqənin abadlaşması da həyata keçəcək. Üçüncüsü, dəniz qüvvələri beynəlmiləl qüvvədir. Heç bir başqa qüvvədə belə bir xüsusiyyət yoxdur. Bu qüvvələr sahildən ayrılan kimi beynəlxalq sulara daxil olur. 50 kilometr sahildən aralanandan sonra beynəlxalq əraziyə daxil olursan. Dördüncüsü, dəniz qüvvələri siyasi qüvvələrdir. Ona görə qeyd etdim ki, dəniz qüvvələri Xarici İşlər Nazirliyi kimi diplomatik fəaliyyətlər göstərə bilər. Beşinci xüsusiyyət milli quruculuqda fəaliyyətlərdir. Dəniz qüvvələrinin Məkran sahillərində olması bu ərazidə abadlıq işlərinə təkan verib. Ərazidə təhlükəsizlik yaranıb. Cənab Rəhbərin buyuruğuna əsasən dəniz qüvvələri milliliyini, beynəlmiləlliyini, siyasiliyini, quruculuğunu, stratejiliyini qorumaqla dənizə qayıdış nəzəriyyəsinin həyata keçməsinə nail olmalıdır. İran da başqa ölkələr kimi dünya su hövzələrindən faydalana bilər. Sinqapur bizim Qişm adasının yarısı boydadır. Amma dənizdə böyük mənafeləri var. Eləcə də Dubay və Çinin Şanxay limanı dənizdən böyük fayda götürür.
Həqiqət budur ki, yer üzünün 70 faizi sudur və yer əhalisinin 80 faizi ya sahil boyunda yaşayır, ya da sahilin 200 kilometrliyində məskən salıb. Ölkələrin idxal və ixracının 90 faizi su yolları ilə həyata keçir. Xəritəyə baxsanız görərsiniz ki, dünyanın əksər mühüm şəhərləri dəniz kənarındadır. Beləcə dəniz mənbələrindən istifadə edilir. Əgər dünyada sahil şəhərləri zəif olan ölkə varsa o da İrandır. Bu da imperializmin siyasəti nəticəsində belə olub. Amma bu gün Cənab Rəhbərin tövsiyələri əsasında həmin zərərləri aradan qaldırıb dənizə qayıtmaq istəyirik.

Sual: Dəniz qüvvələrinin texnologiyaları nə dərəcədə millidir?

Cavab: Dəniz qüvvələri üçün əsas prinsiplərdən biri münasib təchizata malik olmaqdır. Cənab Rəhbər buyurub ki, dəniz qüvvələri texnologiyalara ehtiyaclıdır. Əgər esminesimiz olmasa Afrikanı dövrə vura bilmərik və ya sakit okeana çıxa bilmərik. Hər bir fəaliyyət üçün xüsusi təchizata ehtiyac var. İnqilabdan əvvəl ölkə donanmasının bütün təchizatı xarici olub. İnqilabdan sonra böyük fəaliyyətlər sayəsində milli sənayeni qura bilmişik.
Cənab Rəhbər neçə il öncə belə bir təkanverici sual dilə gətirdi ki, qeyrətiniz, himmətiniz varmı? Buyurdu ki, əgər varsa quruculuq işi aparın. 4 il sonra raketlə təchiz olunmuş gəmilər nümayiş etdirildi. Bu çox böyük bir iş idi. Görün rəhbərin bir cümləsi necə hərəkətverici oldu. Mərhum imam buyurmuşdu ki, Abadanın mühasirəsi yarılmalıdır. Onun bir cümləsi ilə bu hadisə baş verdi. 1386-cı ildə Cənab Rəhbər Bəndər-Abbasdakı sərgidə buyurdu ki, esmines istehsal edin. Elə bir gəmi hazırlayın ki, raket, vertalyot daşıya bilsin. Onun bir cümləsi ilə Cəmaran, Dəmavənd, Səhənd yaradıldı. Amma o zaman rəhbər bu barədə danışanda bəziləri buna şübhə ilə yanaşırdılar. Layihə o qədər əhəmiyyətli idi ki, Cənab Rəhbər özü Bəndər-Abbasa gəldi. Çünki ölkənin gəncləri böyük bir nailiyyətə imza atmışdılar.
Sizi inandırıram ki, dəniz qüvvələri beynəlxalq sularda hərəkət üçün kimsəyə möhtac deyil. Demək istəmirəm ki, dünya ölkələrinin elmi nailiyyətlərinə ehtiyacsızıq. Bizim dinimiz tapşırır ki, elm harda olsa ona sahib olun. Amma elə bir elm ki, imperializmin mənafelərinə işləməsin. Bu gün fəxr edə bilərik ki, azad sularda hərəkət üçün milli təchizatımız var.

Sual: Dəniz qüvvələri sanksiyalar şəraitində bu iqtidara necə çata bildi?

Cavab: Sanksiyalar bizə böyük zərbə vurdu. Amma digər tərəfdən onları nemət də saymaq olar. Heç vaxt sanksiyalara əsir olmadıq. Sanksiyalar səbəb oldu ki, milli istehsal güclənsin, yaradıcılıq, ixtiraçılıq çiçəklənsin. Cənab Rəhbərdən dəfələrlə eşitmişik ki, ehtiyac yaradıcılığa səbəb olur. Biz Tariq sualtı qayğını sanksiyalar şəraitində təmir edib işə saldıq. O zamana qədər sualtı texnologiyalarla tanış deyildik. Sanksiyalar tətbiq olunandan sonra xaricilər bütün texnologiyaları geri aldılar. Cənab Rəhbər buyurdu ki, bu yaxşı oldu, indi özünüz yaradın. Bu cümlə səbəb oldu ki, mühəndislərimiz Tariq gəmisini təmir edə bildilər. Tariq gəmisi üzərində iş sualtı sənaye sahəsində ilk iş idi. Tarixboyu sualtı qayığımız olmamışdı. Cənab Rəhbərin sözü səbəb oldu ki, bu iş görülsün və Bəndər-Abbasda işin nəticəsini gördük. Belə milliləşmə yaradıcılığa səbəb olur. Bu həm də gənclərin məmləkət və rəhbərliyə inamını göstərir.
Hazırda gəmilərimiz 20 gün suda üzür. İlk əvvəl bu iş çətin görünürdü. Çünki belə səfərlərimiz olmamışdı. Qərb informasiya şəbəkələrində bunu heyrətlə qarşılayırdılar. Səbəlan gəmisi dənizə çıxanda sakit okeanda amerikalılarla rastlaşdıq. Donanma qanunlarına əsasən beynəlxalq sularda iki gəmi bir-birinin yanından ötəndə özünü tanıtdırmalıdır. Səbəlan özünü İran gəmisi kimi təqdim etdi. Amerika gəmisi təəccüblə sual göndərdi ki, siz bura necə gəlmisiniz? Bizim gəmidən də onlara eyni sualı ünvanladılar. Həmin nöqtə İrana daha yaxın idi. Amerika gəmisindən belə bir cavab gəldi ki, yalnız onu demək istəyirdik ki, bu yollar tufanlıdır. Sonra Səbəlan gəmisinə ehtiram göstərdilər. Gəmimiz tufanla üzləşsə də sağ-salamat ötüb keçə bildi. Cənab Rəhbər buyurdu ki, gəminin kapitanını dəvət edin, görək o şəraitdə necə hərəkət edib? Bəli bu gün dənizdə rahat hərəkət etməyimiz bir iftixardır. Biz tufanlı şəraitdə tapşırıqları yerinə yetirmək gücündəyik.

Sual: Əgər hücum olsa müdafiə gücümüz hansı səviyyədədir?

Cavab: Biz hərbi gücdən danışanda təchizat baxımından özümüzü kiminləsə müqayisə etmirik. Təbii ki, imperializmin təchizatı daha üstündür. Amma biz inanırıq ki, müdafiədə lazım olan iman və iqtidara malikik. İstənilən bir təhlükənin qarşısında dayana bilərik. Bunu düşmən də bilir. Əgər bilməsəydilər bizimlə də başqa ölkələr kimi rəftar edərdilər. Onlar yaxşı bilirlər ki, İran təslim olub sakit dayanan deyil.
Silahlı qüvvələrimizin daim diqqət mərkəzində saxladığı nöqtələrdən biri budur ki, əməliyyat şəraiti yetərincə araşdırılsın. Şərait öyrənilir, ehtimal olunan şəraitlər üçün reaksiyalar təyin olunur. İstər dəniz qüvvələri, istər hava qüvvələri, istər quru qoşunları milli mənafelərin müdafiəsi istiqamətində xalqın ixtiyarındadır.
Silahlı qüvvələrin planı və Cənab Rəhbərin qərarı budur ki, silahlı qüvvələr ixtiyarında olan bütün təchizatları daim hazır vəziyyətdə saxlamalıdır. Cənab Rəhbər “şəbi həmleyi” ifadəsini işlədir. Yəni silahlı qüvvələr istənilən bir anda, istənilən bir şəraitdə məsuliyyət daşıdığı məntəqəni müdafiə etməyə hazır olmalıdır. Həmd olsun Allaha ki, silahlı qüvvələr istənilən bir yerdə istənilən bir vaxtda düşmənin hücumunu dəf etməyə, ona sarsıdıcı zərbə endirməyə qadirdir.

Vilayet.nur-az.com


1594 بازدید
در حال ارسال اطلاعات...