Şrift ölçüsü:
A+
A
A-
Kr
06 Dekabr 2015

Nardaran hadisələrində dindarları terrorçu edən rəsmi məlumatlara inana bilərikmi?

Uzun müddət idi ki, öz aktuallığı ilə gündəmi zəbt edən MTN başçısının xəyanəti dillərdən, mediadan düşmürdü
Allahın adı ilə!

Məlum Nardaran hadisələri diqqətlə araşdırıldıqda və məsələyə ümumi prizmadan baxıldıqda bir sıra məqamlar ortaya çıxır. Əlbəttə, gizli qalmış bu məqamlar - barəsində diqqətlə düşünülsə və ölkə ictimaiyyəti təkcə DİN-in yaydığı informasiyalarla kifayətlənməsə - əslində hər kəsə məlum olar.
DİN-in rəsmi olaraq yaydığı məlumatlar mətbuatı izləyən hər bir kəsə bəllidir. Amma, bu kimi hadisələr, ümumiyyətlə cinayət törədildikdə cinayəti törətmiş tərəf dindirilməli, məhkəməyə gətirilməli və ifadəsi alınmalıdır. Bütün bunlardan sonra işin həqiqəti ortaya çıxar. Yoxsa bir tərəfli “rəsmi məlumatdır”, “DİN yayıb” deyə anidən inanmaq yolverilməzdir.

Əlbəttə, deyilə bilər ki, cinayəti törətmiş şəxslər onsuz da cinayətlərini etiraf etməzlər. Doğrudur. Bundan əlavə heç kimin belə bir hadisəni törətməkdən sığortalanmadığı da məlumdur. Bütün bunlarla ilk baxışdan razılaşsaq belə, yenə yayılan informasiyalara araşdırmadan inanmaq sadəlöhvlük olar.

Fərz edək ki, məhkəmədə məlum hadisəni törətməkdə ittiham edilən şəxslər məsuliyyəti öz üzərlərindən götürdü. Həmçinin, fərz edək ki, “heç kim belə bir qanlı olayı törətməkdən sığortalanmayıb” fikriylə də razılaşdıq. Bəs yaxşı, DİN tərəfindən yayılan rəsmi məlumatların doğruluğuna ölkə ictimaiyyəti inanmağa borcludurmu? Hansı əsasla?

Gəlin mövzuyla bağlı bir neçə məsələni incələyək;

1. İlk olaraq DİN-in və iqtidaryönümlü kütləvi informasiya vasitələrinin yaydığı məlumatlara ona görə inanılmamalı və doğru olmadığı qənaətinə varılmalıdır ki, indiyədək bütün sərt çıxışlar edən, məmurları sərişdəsizlikdə, talançılıqda, dövlətə, xalqa, vətənə xəyanətdə ittiham edən hər bir şəxs – siyasi və dini baxışlarından asılı olmayaraq ya həbs edilib, ya öldürülüb, ya da hansısa yaxınından bunun qisası alınıb. Əlbəttə, bu məsələnin sübuta ehtiyacı yoxdur. Siyasi, vicdan, hicab məhbusları buna canlı və vücudi dəlildir.

Üstəlik, DİN başçısı cənab nazir çıxışlarının birində Nardarandan başqa Azərbaycanın heç bir yerində təhlükənin olmadığını iddia edib. Amma cənab nazir gərək unutmasın ki, təmsil olunduğu komandanın digər üzvü və bütün bir ölkənin təhlükəsizliyindən məsuliyyət daşıyan qurumun (MTN) birinci şəxsi həmin komandaya real təhlükə hesab edildiyi üçün ştatdan kənarda qaldı. (Deməli, DİN-in yaydığı informasiyalara inanmamaqda haqlıyıq!)

2. Ölkə gündəmini dəyişmək hər bir hakimiyyətin “quyruğunun qapı arasında qaldığı” bir vaxtda güclü və təsir mexanizmi hamıya bəlli olan bir silahdır. Hətta, bəzən hansısa dövlət elə bir hadisə ilə meydana çıxır ki, nəinki mövcud olduğu ölkənin, hətta bütün dünyanın gündəmini dəyişir. Dəfələrlə ölkəmizdə bu halın şahidi olmuşuq.

Növbəti dəfə gündəm dəyişilməli idi və bunun öhdəsində lazımi şəkildə gəlindi. Ölkə gündəmi dəyişdirildi. Uzun müddət idi ki, öz aktuallığı ilə gündəmi zəbt edən MTN başçısının xəyanəti dillərdən, mediadan düşmürdü. Belə bir hadisəni bəlkə də ancaq və ancaq qanlı bir olay “əvəzləyə” bilərdi.

Üstəlik, burada diqqət çəkən bir məqam var; MTN başçısı qovulduqdan sonra camaat arasında yayılması güclü ehtimal olan, xüsusən də müxalifətin ünvanladığı sual bilirsiniz nə olacaqdı? Madam MTN başçısının xəyanəti və əliəyriliyi üzə çıxıb, deməli bu vaxta qədər MTN-in keçirdiyi əməliyyatlar nəticəsində həbs edilənlərin işinə yenidən baxılmalıdır. Ehtimal var ki, bu işdə də əyriliyə yol verilib. Bu sualın meydana çıxmasının qarşısı isə “məharətlə” alındı.

Ən pisi odur ki, dindarların “gözlə-qaş arasında” həbs edilməsinə baxmayaraq, MTN başçısı o qədər cinayətlərinə baxmayaraq hələ də həbs edilməsi duyulmayıb.

3. Nardaran hadisələrinin əsas günahkarı kimi təqsirli bilinən MBH-nın sədri Tale Bağırzadə bu vaxta qədər iki dəfə həbs edilmişdi. Həbs edilən digər dindaş və soydaşları kimi o da siyasi məhbus, vicdan-hicab məhbusu kimi tanınırdı. Amma ona həbsxanada bir il yaxud bir qədər çox “iş kəsilirdi”. Deməli, o, üçüncü dəfə də yüngül maddələrlə bir il, il yarım həbs edilsəydi siyasi məhbusların biri də artacaqdı.

Yenidən yerli hakimiyyət Avropanın və beynəlxalq təşkilatların siyasi məhbuslarla bağlı qınağına tuş gələcəkdi. Üstəlik, uzun müddət idi ki, hakimiyyətə başağrısı gətirən Tale Bağırzadənin ölkədə artan nüfuzu daha da çoxalacaqdı. Amma belə bir qanlı olay hazırlayıb Tale Bağırzadəni terrorçu kimi göstərməklə yerli hakimiyyət həm özünü gözlənilən qınaqlardan sığortalamağa, həm də Hacı Tale başda olmaqla həbsdə olan digər ilahiyyatçıların da ümumi mövqeyini terrorçu kimi göstərməyə çalışdı. (Çünki həbsdə olan digər ilahiyyatçılar Hacı Tale ilə bir dini əqidəni bölüşür və mübarizə dostlarıdır)
Üstəlik, Hacı Tale gəncdir, potensialı var. Həbs edilmiş digər ilahiyyatçılardan fərqli olaraq o, təkcə dini cameədə deyil, demək olar ki, bütün ölkədə tanınır, nüfuzu var. Bir neçə telekanalda təqdim edilib, Milli Məclis üzvlərindən bir neçəsi onun haqqında tədbirin görülməsi qənaətinə gəlib və başqa bu kimi məqamları qeyd etmək olar. Belə gənc lider on, on iki, on beş il azadlıqdan məhrum edilmiş olsa belə, azadlığa çıxdıqdan sonra yenə onda mübarizə əzmi olacaq. Ən azından yaşı buna imkan verir. Deməli, daha iriçaplı hadisə törətmək və onu nüfuzdan salmaq lazım idi.

4. Diqqət etsək görərik ki, Hacı Taledən öncə və sonra həbs edilən digər ilahiyyatçılar da, odlu silah saxlamaqda, qumbara gizlətməkdə ittiham edilir, evlərindən tank, top və uyuşdurucu maddə tapılır (əlbəttə, rəsmi məlumatlara görə). Amma bu ssenarini yazanlar bir həqiqəti unudub; Kimi inanclı insanın, ilahiyyatçının silah, qumbara saxlamasında inandıra bilsəniz də, narkotik maddə saxlamasına inandıra bilməzsiniz. Bu, həm də Azərbaycan inanclısını açıq-açığına təhqir hesab etməkdir. Məgər, inanclı kəsim indiyədək narkomanlarınmı arxasınca gedib? Narkomanlaramı iqtida edib? Niyə bunları bir dəfə də olsun kimsə uyuşdurucu maddə qəbul edən, iynə vuran yerdə görməyib? Niyə ancaq etiraz edən kimi “narkoman” olduqları üzə çıxır. Buradan belə bir nəticə çıxır ki, hazırda azadlıqda olan bütün ruhanilər “narkomandır”, amma nə vaxtsa etiraz edəndə narkomanlıqları üzə çıxacaq. Deməli, eyni ssenari üzrə film davam edir.

5. İlahiyyatçıları terrorçu, qanunsuz odlu silah, qumbara, tapança gəzdirən, uyuşdurucu maddə saxlayan şəxs kimi qələmə vermək istəyənlər qeyd etdiyimiz kimi, Tale Bağırzadədən öncə də bir neçə ilahiyyatçını həmin ittihamlarla həbs etmişdilər. Bəs nə üçün bunlardan biri olan Mövsüm Səmədov, Abgül Süleymanov evində top-tüfəng, narkotik maddə “saxladığı” halda onlara qarşı belə bir əməliyyat keçirilmədi. Nə üçün onlar hakimiyyəti silah-zor gücünə ələ keçirməyə çalışmadı. Nə üçün xarici dövlətlərin maraqlarına “xidmət edən”, xarici dövlətlərdə “təlim görən” bu insanlar polisə atəş açmadı. Və nəhayət nə üçün onlar bu “böyük planlarını həyata keçirmədən” və “hədəflərinə çatmadan” danışmaqla özlərini “yandırdılar”? Bu insanlara bu cür iftiraları “rəsmi məlumat” şəklinə salıb ictimaiyyətə çatdıran təxribatçı qüvvələrin Nardaran olaylarıyla bağlı verdikləri məlumatlara necə inanmaq olar?

6. Bir insanın ən azından işlətdiyi ifadələrə diqqət etdikdə kimliyi ortalığa çıxır. Məhşur bir söz var; Danış, deyim kimsən! Bu ifadə bizim xalqa məxsusdur. Terrorçu olduğu rəsmən iddia edilən Tale Bağırzadənin məlum Nardaran olaylarına qədərki çıxışlarına, müsahibələrinə, yaxud moizələrinə diqqət etsəniz görərsiniz ki, sivil mübarizədən, haqqı qanun çərçivəsində tələb etməkdən savayı heç nəyə rast gəlinmir. Hətta, MTRŞ-ın qulaqburması vermədiyi XəzərTV və onun kimi yerli televiziya kanalları Tale Bağırzadə haqda “sənədli film” hazırlayıb onu terrorçu kimi qəlmə verdikdə qarşı tərəfin mövqeyi ancaq və ancaq məhkəməyə müraciət etmək qərarına gəlmək oldu. Soruşmaq lazımdır: XəzərTV-nin Tale Bağırzadənin fotosuyla birlikdə efirə çıxartdığı terrorçuların hansı birisi mövcud olduğu dövlətin məhkəməsinə müraciət edir? İŞİD qruplaşmasının özünün “müstəqil məhkəmə”sini elan etdiyi bir vaxtda, Tale Bağırzadə də özünə müstəqil məhkəməmi qurmuşdu. Unutmayaq ki, Terrorçunun işi məhkəməyə müraciət edib qanun çərçivəsində haqqını tələb etmək deyil, həmin telekanala bomba qoyub havaya uçurmaqdır.

7. İstər efir məkanında və digər KİV-də MBH-nı terrorrist kimi göstərməyə hesablanmış epizodlar olsun, istərsə də məlum Nardaran olayından öncə hərəkat liderinin müavinlərinin həbsi – bütün bunlar Nardaran hadisələrinin planlı şəkildə meydana çıxdığını göstərir. Əks halda, MTRŞ XəzərTV-ni heç bir sübut-dəlil olmadan vətəndaşı terrorçu adlandırdığı üçün ən azından şifahi töhmət etməli idi. Utanmazcasına efirə kimisə çıxarıb MBH-nın qeyri-rəsmi olduğunu, qeydiyyatdan keçmədiyini ölkə ictimaiyyətinə çatdırmaq əvəzinə düşünmək lazım idi ki, Boko-Haramdan, İŞİD-dən, Əl-Qaidədən fərqli olaraq nə Avropa və Amerikanın, nə heç bir müsəlman dövlətinin, nə də heç bir təşkialtın terror siyahisində adı olmayan bir hərəkatı terorrda ittiham etmək abırsızlıqdır. Amma bu edilmədi. Deməli, bütün bunlar bu hadisənin meydana gəlməsi üçün bir zəminə idi.

8. Tarix boyu mənfur siyasət yürüdənlərin rəqiblərini ləkələmək üçün min bir vasitəyə əl atdığı eşitmişik. İslam tarixini oxuyanlar gözəl bilir ki, İmam Əlinin (ə) xəlifəliyi dövründə qanuni xəlifəyə qarşı qiyam qaldırmış və istefaya göndərilməsinə baxmayaraq zəbt etdiyi postu tərk etmək niyyətində olmayan Şam (Suriya) icra hakimi Müaviyə ibn Əbu Süfyan (l.ə) bəzi vaxtlar icra başçısı olduğu Şamdan xilafətin mərkəzi olan Kufəyə (İraq) öz adamlarını Xəlifənin (ə) adamlarına oxşar qiyafədə göndərib küçədə insanlara zülm etdirir, sonra da şayə yayırdı ki, xəlifənin adamları xalqa zülm edir. Nardaran hadisəsində bu siyasətin rolunun olmadığını hardan bilə bilərik? Fakt olan budur ki, hökümət qüvvələrinin həyata keçirdiyi əməliyyat normalda lentə alınmalı olduğu halda alınmayıb və bu günədək ölkə ictimaiyyətinə təqdim edilməyib. Əksinə, bir neçə gün ərzində xalq arasında elə bir xof yaradılıb ki, lent yazısı tələb edən belə tapılmır.

Bir qədər dərin düşdündükdə belə bir qənaətə gəlinir ki, dindar çevrə ilə dövləti bir-birinə düşmən edən təxribatçı qüvvələr əslində belə bir dırnaqarası əməliyyatı lentə almamaqda hardasa “haqlı” idilər. Çünki əslində Nardaranda əməliyyat adına heç nə baş verməyib. İki-üç güllə səsi eşidilib, altı-yeddi nəfər vətəndaşı öncədən yazılmış ssenari əsasında qurban veriblər. Məsələni isə iqtidara meyilli media hətta DİN-dən daha çox şişirdib. Mediada yayılan fotolara baxdıqda, ordunun, texnikanın Nardarana yeridilməsini oxuduqda ele başa düşülür ki, Nardaranda əməlli-başlı xalq kütlələri ilə hökümət qüvvələri üz-üzə gəlib. Deməli, əməliyyatı həyata keçirənlər bu lent yazıların ictimaiyyətə təqdim edilməsiylə rüsvay olacaqlarını anlayıblar.

9. Bu arada xarici dövlət faktorunu da unutmamalıyıq; Bildiyimiz kimi, Azərbaycan hər iki qütbün ortasında qalıb. İndiyədək İranda dini təhsil almış və İrana yaxınlığı ilə tanınan insanlar MTN tərəfindən həbs edildikdə İranın adı “pisə çıxır” İran düşməni olan İsrail isə razı qalırdı. Deməli, MTN başçısının qovulması İsraili narazı salırsa, bunun əvəzində İrana da “göz dağı” vermək lazım idi. Heç də təsadüfi deyil ki, indiyədək məlum Nardaran hadisələriylə bağlı rəsmi məlumatlara əsasən danış(dırıl)anların heç birisi açıq-aşkar hünər edib İranın adını hallandırmır, ancaq və ancaq “xarici dövlətlər”, “xarici dövlətlərin maraqları”, “xarici dövlətlərdə təlim keçən insanlar” ifadəsiylə (hələlik!) kifayətlənirlər.

10. MBH lideri dəfələrlə polis bölməsinə çağrılıb və xəbərdarlıq edilib. Heç birisində də çağırılan bölməyə getməmək fikrində olmayıb. Bəs görəsən bu dəfə nə üçün həmişə olduğu kimi adi qaydada çağırılıb dindirilməyib? Məgər bunu edə bilməzdilərmi?

11. Nardaran olaylarına qədər indiyədək ölkəmizdə hökümət qüvvələrinin etirazçı vətəndaşlarla nəzərə çarpacaq dərəcədə qanlı toqquşmasına iki dəfə rast gəlinib. Birincisi 2003-cü ilin Prezident seçkilərinin başa çatmasından dərhal sonra 15-16 Oktyabr hadisələri zamanı. Seçkinin nəticələri ilə barışmayan etirazçı xalq kütlələri əvvəl Musavat partiyasının qərargahının önündə, sabahı gün isə Azadlıq meydanına toplaşdı. Orada xalqa nə divan tutuldu, hamı gördü. Əlbəttə, iri cüssəli üç - dörd nəfərin çəlimsiz kişiyə, cavana, yaşlı qadına hücum edib dəyənəklə vurmasının müqabilində zülmə məruz qalanlar heç nə edə bilmirdi. Kadrlardan da məlum olduğu kimi o zamanadək mənəvi, o gün isə fiziki əzaba məruz qalan bəzisi polisləri təpiklə, yumruqla vururdu, yaxud əllərindən qaçmaq üçün can atırdı.

İkincisi isə "üçüncü hicab aksiyası" adıyla tarixə düşən aksiyadır. Bu aksiyada hətta polis əməkdaşlarının da qana boyanmasının şahidi olundu. O zamanları yada salsanız görərsiniz ki, üçüncü hicab aksiyasına qədər ilk və ikinci hicab aksiyalarında polisə, dövlət qulluqçusuna bir çırtma belə dəyməmişdi. Bəs nə üçün üçüncüsündə polis əməkdaşı belə, başı-gözü qanlar içində idi? Cavabı çox sadədir: Çünki ilk və ikincisindən fərqli olaraq üçüncü hicab aksiyasında aksiyaya rəhbərlik edən bircə nəfər ruhani və ilahiyyatçı yox idi. Sonradan aksiyada iştirak etməyən kimlərisə şərləyib hadisənin təşkialtçısı kimi qələmə verib həbs etdilər. Amma, ilk və ikinci aksiyada etirazçı dindarların önündə ilahiyyatçı var idi və məhz, ilahiyyatçı və ruhaninin nəzarətiylə altında baş tutan aksiyada polisə əl qaldırılmadı. 2003-cü il Azadlıq meydanındakı toqquşmada da etirazçılara rəhbərlik ruhani və ilahiyyatçıların öhdəsində deyildi. Deməli, ilahiyyatçı və ruhani kimi insanların rəğbətini qazanan şəxslərdən polisə əl qaldırmaq, güllə atmaq gözlənilməzdir.

Əlbəttə, bu barədə çox qeydlər etmək olar. Həqiqətən də, ictimaiyyətin diqqətinə çatdırılan rəsmi məlumatlar əsassızdır və Nardaran hadisələrinin sərişdəsiz insanlar tərəfindən ssenariləşdirilməsi gün kimi aydındır. Rəsmi məlumatlar nəinki inandırıcı deyil, hətta inanmamaqda tam haqlıyıq. Bütün bunlar uşaqcasına cızılmış bir plandır.
Ən əsas, ölkə ictimaiyyəti gərək hadisələri incəliklərinə qədər araşdırdıqdan sonra qərar versin. Birtərəfli düşünmək qeyd etdiyimiz kimi sadəlöhvlükdür.

Salman Rəhimli


1855 بازدید