Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Dekabr 2015

26 noyabr Nardaran hadisəsi - müasir dövlətçiliyimizin qara ləkəsi

A. Paşazadə yaxşı bilir ki, bəzi günahları adama Allah bağışlayar, amma nardaranlı bağışlamaz.
Bismillahir-Rəhmanir-Rəhim

1.Hadisənin başlanğıcında dindar insanların toplandığı evə, xüsusilə camaat namazı qılınan bir vaxtda polis qüvvələrinin xüsusi əməliyyat adı altında vəhşicəsinə silahlı hücumu, müdafiəsiz insanların məzlumcasına şəhid edilməsi ölkəmizdə analoqu olmayan bir faciədir. Məlumdur ki, belə bir qanlı olayı hazırlayıb həyata keçirən, onu daxili və xarici mətbuatın manşetinə çıxaran qüvvələrin bu işdə çox mühüm və məxfi hədəfləri vardır. Zərərçəkən dindar cameənin isə bu gün məlum hadisəni araşdırmaq üçün nə müstəqil tədqiqat qrupu, nə də o hüquqi müdafiə təşkil edəcək təmsilçiləri var. Bu səbəbdən baş verənləri tam təfərrüatı ilə anlamaq, onun arxasında dayanan qüvvələri tanımaq üçün zamana ehtiyac var. Amma hadisə ilə bağlı qətiyyətlə bəyan edəcəyimiz mövqe budur:
Sovetlər Birliyi dağıldıqdan sonra başlanan İslam intibahı dövrünün əvvəlindən bu günə qədər şiə cameəsində silahlı qruplaşma olmayıb. Bu gün də hadisəyə görə müqəssir sayılan Müsəlman Birliyi Hərəkatının silahlı qruplaşma, ekstrimist dəstə, terror təşkilatı olması iddiasını qətiyyətlə rədd edirik. Hadisədən sonra ölkə boyu yayılan repressiya dalğası sübut etdi ki, bu qanlı faciə İslam dininə qarşı hazırlanmış geniş planı həyata keçirmək zərurətindən doğub. Eyni ilə bolşeviklərin xalqımızın mütəfəkkirlərini, ziyalılarını, din xadimlərini məhv etmək üçün uydurduğu pantürkizm, panislamizm və paniranizm ittihamları yada düşür. Dəfələrlə demişik və bir daha üzümüzü xalqımıza, vicdanlı dövlət rəhbərlərinə tutub deyirik: Biz silahlı qruplaşma deyilik, aramızda belə qrupların yaranmasına imkan vermərik. Yalnız işğal olunmuş torpaqlarımızın azadlığı, istiqlalımzı və xalqımızın təhlükəsizliyini qorumaq üçün silaha sarılacağıq. Dini cameədən kənarda 3-4 emosional gəncin əlinə silah verənləri, sıralarımıza nüfuz edib daim bizləri qan tökməyə sövq edənləri də gözəl tanıyırıq. Bu günə qədər olduğu kimi bundan sonra da əlimizdə silah görməyi arzulayan daxili-xarici düşmənlərin arzularını ürəklərində qoyacağıq. 

2.Məlum hadisədən 10-15 gün öncə başlamış, hadisədən sonra davam edən psixoloji müharibədə diqqət çəkən məqam İran İslam Respublikasında, müqəddəs Qum şəhərində təhsil alan tələbələrə qarşı qara piar məsələsidir. Bu arada tələbələrin sayı fantastik həddə şişirdilir. Onların dini təhsil ocaqlarında deyil, hərbi siyasi mərkəzlərdə təlim aldığı göstərilir. Bu gənclərin casus, terrorçu və narkotik maddələrə aludə olduğu deyilir. Dünyanın ən mühüm elmi-dini mərkəzlərindən olan müqəddəs Qum şəhəri, dünya şöhrətli din alimləri təhqir olunur. Xüsusilə, bir neçə ay bundan öncə ölkəmizdə səfərdə olan, 93 yaşlı türk dilli təqlid mərcəsi Ayətullah Nuri Həmədaniyə qarşı təsəvvürə gəlməyən təbliğat kompaniyası aparılır, bu işdə çox iyrənc və utanc gətirən üsullardan istifadə olunur. Qeyd etdiyimiz bu kimi böhtanlara cavab olaraq deyirik:
Birincisi, Qumda təhsil alan tələbələrin sayı 3-4 min yox, 300 nəfərdən bir qədər artıqdır və onların tam siyahısı ölkəmizin Tehrandakı konsulluğuna, QMİ-yə və Dini Komitəyə təqdim olunmuşdur.
İkincisi, gənclərimiz hərbi siyasi mərkəzlərdə yox, 90-dan artıq ölkənin nümayəndələrini təmsil edən beynəlxalq mədrəsədə təhsil alır. Bu mədrəsələrin qapısı dünyanın hər bir yerindən, o cümlədən Azərbaycandan gələnlərin üzünə açıq olub. Bu günə qədər burada vətənimizdən gəlmiş yüzlərlə ziyarətçi qonaq olmuş, ruh yüksəkliyi və gözəl təəssüratla buradan ayrılmışlar. Onların arasında dini komitənin sabiq sədirləri professor Rafiq Əliyev və Hidayət Orucov, hazırki sədri Mübariz Qurbanlı, QMİ-nin sədri Allaşükür Paşazadə və s. şəxslər olmuşlar. Tehrandakı səfir, konsul və diplomatik korpusumuzun onlarla əməkdaşı ildə bir neçə dəfə bu yerlərin ziyarətinə gəlir, tələbələrlə görüşür, birgə tədbirlər keçirir, mədrəsələrdə keçirilən Qanlı Yanvar, Xocalı Faciəsi və bu kimi digər mərasimlərin iştirakçısı olurlar.
Üçüncüsü, bu tələbələr necə terrorist, casus və narkomandır ki, dini komitənin sədri Mübariz Qurbanlı, QMİ sədri Allahşükür Paşazadə və səfirliyimizin nümayəndələri istədikləri vaxt onlarla görüşə bilir, restoranlarda onlar üçün ehsan süfrəsi açır, maddi yardım göstərir, ürək sözlərini eşidir və problemlərini həll edəcəklərinə söz verirlər. Təəccüblüdür ki, A. Paşazadənin bu dini-elmi mərkəzdə rəsmi nümayəndəliyi var, hər gün mədrəsələrə baş vurur, şeyx tərəfindən onlara aylıq təqaüd verir. Görəsən QMİ "terrorist" və "casus"ları maliyyələşdirməkdən qorxmurmu? Ölkə qanunvericiliyində silahlı qruplaşma üzvlərini təmin edənlər üçün heç bir cinayət nəzərdə tutulmayıbmı? Əgər belə deyilsə, nəyə görə M. Qurbanlı, A. Paşazadə, diplomatik korpusun nümayəndələri və bu kimi şəxslər şər kompaniyasına qarşı çıxmır, üstəlik öz əsassız çıxışları ilə üzərimizə yağdırılan ittihamları təsdiqləyirlər?
Cavabı çox sadədir: Ölkəmizdə "din dövlətdən ayrıdır" prinsipi əsasında din və dövlətin dini təşkilatları onun əlində bir alətdir. Eyni ilə bir bıçaq kimi - onunla həm cərrahiyyə əməliyyatı aparmaq, həm də adam öldürmək olar. Lazım gələndə dinin və dindarın xeyrinə danışmaq, sifariş gələrsə həmin insanlara vətən xaini, ekstremist, terrorist və casus damğası vurmaq!
Dördüncüsü, Ayətullah Nuri Həmədani QMİ sədri A. Paşazadə və dini komitənin sədri M. Qurbanlının birgə dəvəti ilə ölkəmizdə qonaq olub. Özü də bu şəxslər Qum şəhərinə gələrkən dünya şöhrətli bu təqlid mərcəsinin dəftərxanasına gedib, onun ölkəmizə səfər etməsini xahiş ediblər. 93 yaşlı bir alim belə bir səfər üçün səhhətinin münasib olmamasına baxmayaraq, onunla bir dildə danışan müsəlman bacı-qardaşlarını ziyarət etmək üçün bu dəvəti qəbul edib. İnsafla desək, ölkəmizdə çox gözəl qarşılanıb, doğmalıqlar və isti münasibətlər görüb, səfərdən çox məmnun qayıdıb. Amma təəssüflər olsun ki, çox keçməmiş siyasi dairələr xalqımızın qonaqpərvərliyinə ləkə gətirəcək işlərə əl atdı, həyasızcasına bu ilahi şəxsin ünvanına böhtanlar yağdırmağa, onu casus şəbəkəsinin, terror təşkilatının rəhbəri kimi qələmə verməyə başladılar. Bunun ardınca onunla görüşə gələn ziyarətçiləri də təhqir edib aşağılamağa başladılar. Yenə də qarşıya belə bir sual çıxır: Əgər bu alim casus şəbəkəsi və terror təşkilatı rəhbəridirsə, nəyə görə onun hüzuruna gedib xahiş-minnətlə ölkəmizə dəvət edirlər? Yox əgər bu iddialar əsassızdırsa, dəvət edənlər nəyə görə ağızlarına su alıb dayanırlar?! Qonaq dəvət edib sonra ardınca olmazın böhtanını yağdırır, bu kimi iyrənc işlərlə xalqımızın adına ləkə gətirirlər. 

3.Məlum hadisədən sonra ölkədə qəribə çaxnaşma yarandı. Dövlətə bağlı bütün orqanlar, əlaqədar və əlaqədar olmayan bütün təşkilatlar, Kütləvi İnformasiya Vasitələri və s. İslam dininə, xüsusilə onun şiəlik qoluna qarşı amansız hücumlara başladılar. Sanki ürəklərində illərdən bəri yığılıb qalmış kin-küdurətlərini birnəfəsə boşaltmaq istəyirdilər. Bu arada xalqımızı təmsil etməyən parlament də öz üzərinə düşən vəzifəni lazımınca icra etdi. İslam maariflənmə sahəsində üzümüzə bağladıqları qapılardan əlavə, yaddan çıxan nəfəslikləri də qapatdılar. Görülən bütün bu işlərin qarşısında Quranın bu ayəsini xatırlamaqla kifayətlənirik:

يُرِيدُونَ لِيُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَاللَّهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ

"Onlar Allahın nurunu öz ağızları ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu tamamlayacaqdır." ("Səff" surəsi, ayə 8)


Təkcə bir qadağanın üzərində dayanıb, onun mahiyyətini açıqlamaq istəyirik. Son günlərdə qəbul edilən, daha doğrusu təkmilləşdirilən qadağalardan biri də xaricdə dini təhsil alan şəxslərin ölkəmizdə dini fəaliyyətinin qadağan olunmasıdır.
Ölkəmizdə hər bir sahəyə aid mütəxəssislər yetişdirmək və ixtisas təkmilləşdirmək üçün xarici ölkələrə yüzlərlə, minlərlə tələbə göndərilir. Bu işdə hansı sahəyə daha çox zərurət varsa, ona daha çox diqqət ayrılır. Əgər Azərbaycan xalqı müsəlmandırsa, onların dini İslam dinidirsə, bu sahədə mütəxəssisə ehtiyac yoxdurmu? Əlbəttə ehtiyac var, həddən artıq ehtiyac var. Sovet dövründə bir nəfər də olsun din alimi yetişdirilməyib, olanları da fiziki-mənəvi cəhətdən məhv ediblər. Bəzi dairələrdə, ölkənin giriş-çıxışlarında tələbələrdən "nə üçün Azərbaycanda təhsil almırsınız" deyə soruşurlar. Cavabı budur ki, əvvəla bu qadağalarla xüsusi şəkildə kimdən elm öyrənsinlər? İkincisi, İslam Universiteti kimi rəsmi yerləri göstərirsinizsə, ölkənin birinci dini rəsmisinin ibtidai dini savadı yoxdursa, hansı elmdən, təhsildən danışmaq olar?! 15-20 il gəncliyini təhsilə sərf edərək dini savada yiyələnib ölkəmizə qayıdan alimlərimiz bu mürtəce qanuna görə evdən bayıra çıxmamalıdır. Çünki hər addımda ondan dini suallar soruşulacaq, cavab verdikdə qadağanı pozduğu üçün cərimələnəcək və ya həbsə atılacaq. Əlbəttə, ayrı bir yolu da var: evdə oturub gecə-gündüz namaz qılmaq, dua etmək, belə bir qanunla ilahi dinin qarşısına sədd çəkənləri qarğımaq!

4.Məlum hadisədə Nardaran kəndi xüsusi bir seçim idi. Qeyd edildiyi kimi, əvvəlcədən düşünülmüş bir şəkildə məkirli plan hazırlayaraq kənddə qanlı hadisə törətdilər. Heç bir xəbərdarlıq etmədən içərisində uşaq, qadın, qoca olan evə silahlı basqın edərək 4-5 nəfəri öldürüb, 10-15 nəfəri yaraladılar. Meyitləri, yaralıları özləri ilə aparıb, ailələrinə, yaxınlarına heç bir məlumat vermədilər. Cənazələri geri qaytarmaqdan imtina edib, həyatlarına qıydıqları bu gənclərin ruhsuz bədənlərini müxtəlif yollarla təhqir etdilər. Nəticədə onların dəfninə də icazə verməyib, şəhidləri anlaşılmaz tərzdə özləri dəfn etdilər. Yaraladıqları insanlarla öz doğmalarını belə görüşməyə qoymadılar. Şuşanı işğaldan azad edirmiş kimi, kəndə ağır texnika, hərbi qüvvə yeritdilər. İŞİD terrorçu qüvvələrinə xas bir tərzdə "fəth" etdikləri hər bir məkanda ilk növbədə İmam Hüseynə (ə) matəm və hüzn əlaməti olan qara bayraqları qoparıb ayaqları altına saldılar. Kəndin divarlarını bəzəyən Quran ayələri, Peyğəmbər (s) və İmamların hədisləri yazılmış plakardları sındırıb dağıtdılar. Öz şakərlərinə uyğun olaraq, yenə də istədikləri evdən qucaq-qucaq silah "tapıb" günahsız insanları həbs etməyə başladılar. İxtiyarlarında olan bütün tribunalardan yararlanaraq, bu müdafiəsiz yurdun üzərinə səlib yürüşünə keçdilər. Hər kəs öz "istetadına" uyğun yıxılmış qədim Abşeron kəndinə bir təpik vurdu, böhtanlar, təhqirlər, təhdidlər yağdırdı. Yumruq kimi vəhdəti olan bu qəsəbəni bir günə qoydular ki, kimsə evdən bayıra çıxmağa cürət etmədi. İşığını, qazını, suyunu, bütün rabitə əlaqələrini kəsdilər. Soyuq havada ac-yalavac bu kəndə işğalçı erməniyə rəva bilmədiklərini rəva bildilər. Xəzərin sahilində şaxtalı, qaranlıq və qorxunc gecələrdə ac yatan körpələrin, qocaların, qadınların nə çəkdiklərini bir Allah bilir. 

Nardaran kəndində silahlı birləşmənin olmaması gün kimi aydındır. Bu insanlar dövlət və xalq üçün heç vaxt təhlükə mənbəyi olmayıb, yol kəsməyib, bir yerə hücuma keçməyib. Amma qanunsuz rejimə xoş gəlməyən "səhv" addımları çox olub. Məsələn, onlar dindar insanlardır, rejimin qoyduğu dini qadağalara məhəl qoymurlar. Rejimin dostu (İsrail) ilə düşmən, düşməni (İran) ilə dostdurlar. Deyirlər ki, siz yüzlərcə kilometr uzaq bir vilayətdən gəlib ayağımızın altından nefti-qazı çıxarıb satmaqla milyardlara sahib olmusunuz, bizə də aclıq və soyuqdan ölməmək üçün o sərvətlərdən iynə ucu qədər pay verin. Bu kimi "günahların" davamını sadalamaq olar. Amma onların ən bağışlanmaz "səhvi" İmam Hüseynçi olmalarıdır. Bunlar hər il minlərlə insanı başlarına toplayaraq "Hüseyn-Hüseyn" deyir, Yezidə lənətlər yağdırır. Bununla kifayətlənməyib zəmanəmizin Müaviyə-Yezidlərinə də daş tolazlayırlar. Bu arada kimlərsə bizimkilərin başına ağıl qoyaraq deyirlər ki, məhərrəmlik və Aşuradan qorxun. İranda bizim ağalığın axırına bu Aşuralar çıxdı. Sizin də padşahlığınızı məhz bu mərasimlər başınıza uçuracaq. Başqa sözlə, ya siz Aşuranı bu məmləkətdən yığışdıracaqsınız, ya da Aşura sizi bu ölkədən qovub çıxaracaq. Bu sadəlövhlər də İmam Hüseyn (ə) məktəbini tanımadan bilmədən onu yıxmağa qalxıblar. Allah axırımızı xeyrə calasın. Bircə nöqtəni qeyd etmək istərdik ki, bu ölkəni idarə edənlər əllərini nahaq qana buladılar. Özü də Nardaran kimi İmam Hüseyn (ə) ocağında. Ölkəmizdə bu işin məsuliyyətinin nə qədər ağır olamasını təkcə şeyx Allaşükür Paşazadə bilir. Ona görə də hacı Talelərə terrorist deyib durur, nardaranlıların haqqında çox ehtiyatla danışır. O bilir ki, bəzi günahları adama Allah bağışlayar, amma nardaranlı bağışlamaz.

Mübariz Ruhanilər Cəmiyyəti


2700 بازدید
در حال ارسال اطلاعات...