Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Dekabr 2015

İdeallar və gerçəklik

Höccətülislam Əli Riza Pənahiyanla söhbət
İdealizm və realizm Cənab Rəhbərin söhbətlərində yer almış mövzulardandır. Cənab Rəhbər Ayətullah Xamenei bu il tələbələrlə görüşdə buyurdu: “Tələbənin ilk məsuliyyəti onun ideallara bağlılığıdır. Bəziləri təbliğ edirlər ki, ideallara bağlılıq reallığa ziddir. Əslində belə deyil. İdeallara bağlılıq mühafizəkarlığa ziddir, reallığa yox. Mühafizəkarlıq odur ki, siz acı və pis də olsa mövcud vəziyyətlə barışırsınız, vəziyyəti dəyişmək üçün hərəkət etmirsiniz. Bu mühafizəkarlıqdır. İdealistlik isə gerçəkliyi düzgün tanımaq, onun müsbət cəhətlərindən faydalanmaq, onun mənfi tərəfləri ilə mübarizə aparmaqdır. İdeallara bağlılıq budur. Gözünüz ideallarda olsun. Tələbə üçün bu önəmlidir.” Bu mövzuda suallarla höccətülislam vəlmüslimin Əli Riza Pənahiyana müraciət etdik. Hövzə və universitetin ustadı cənab Pənahiyan suallarımızı yazılı şəkildə cavablandırıb.

Sual: İdealizmlə realizm arasında hansı münasibət var? İdealizm nə zaman fantastikaya gedib çıxır?

Cavab:
Bəziləri elə ideallara üz tuta bilər ki, bu ideallar varlıq aləmindəki gerçəkliklərə ziddir. Müəyyən şəraitlərdə idealların gerçəkliklə uyğun gəlməməsi mümkündür. Bəzən də reallığın düzgün qiymətləndirilməməsi ilə rastlaşırıq. Həm reallıq, həm də ideallara münasibətdə insanların yanılması mümkündür. Əslində isə ideallara bağlılıqla reallıq arasında zati bir fərq yoxdur. İdeal düzgün gerçəkliyin geniş təsəvvürüdür. Onun reallığa çevirilməsi mümkündür.
İnqilabımızda və məktəbimizdə ideallar gerçəkliklə eynidir. Bir müsəlman görür ki, ona gerçəkdə zülm olunur. Onu Allahın nemətlərindən məhrum edirlər. Onun öz haqqını tələb etməsi, mübarizə aparması da gerçəklikdir. Gerçəklik budur ki, o dünyada ədaləti bərpa edə bilər, eləcə də bu işdə din ona yardımçıdır. Din insanı potensial imkanlarını işə salmağa çağırır. İnsana bildirilir ki, bu işdə Allah sənə yardımçıdır. Beləcə zülmdən qurtuluş onun idealına çevirilir.
Biz ideallara bağlı insanları adətən inqilabçı adlandırırıq. Onun ideallarının əsasında reallıq dayanır. Məgər haqqın qələbəsi ilə bağlı dinin vədləri fantastikadır? Məgər haqqın qələbəsi bir gerçəklik deyil? Bəşər cəmiyyətinin imperialist güclərdən üstünlüyü gerçəklik deyilmi? Məgər zülm-sitəm, istismarın aradan qaldırılmasının mümkünlüyü reallıq deyil? Elə bu reallıqlar bəşər azadlıqlarının gerçəkləşməsində ideal olaraq formalaşır.
İnsanın idealları olanda ağıl bu idealları təsdiqləyir. Əgər ağıl təsdiqləmirsə bu gerçəkliyə uyğun deyil, artıq onu ideal saymaq olmaz. Bu fantastika adlandırıla bilər. Bəziləri demokratiya adı altında müəyyən qanunların hakim olmasını ideal seçib. Bu yolla bəşəriyyəti səadətə çatdıracaqlarını düşünürlər. Bu əfsanədir, təxəyyüldür. İnsanlar demokratiyanın hədəflərinə demokratiya ilə çata bilməzlər. Bu sadəlövhlükdür. Bu həqiqətdən uzaqdır. Amma bizim ideallarımız reallığın zirvə həddidir. İmam Xomeyni (r) məktəbində ideallara bağlı insan gerçəklikdən uzaq düşməyib. O böyük həqiqətləri kiçik həqiqətlərdən fərqləndirməyi bacarıb.

Sual: Realistliklə mühafizəkarlıq arasında nə fərq var? Nə üçün idealistlik bir tərəfdən reallıq, digər tərəfdən mühafizəkarlıq sayılır?

Cavab:
Ehtiyat ağıl şərtidir. Amma mühafizəkarların ehtiyatı ağla əsaslanmır, qorxudan qaynaqlanır. Qorxu gerçəkliyə ziddir. Qorxu, tamah çoxlarını mühafizəkar edir. Belə insanlar gerçəkliyin böyük bir hissəsini görə bilmirlər. Gördükləri də dəyərsiz gerçəkliklərdir. Əgər ağıllı bir insan bütün gerçəkçikləri nəzərə alsa onları əhəmiyyətinə görə qruplaşdıra bilər. Beləcə daha yüksək məqsədlər istiqamətində hərəkət etmək mümkündür. Bu zaman insan heç vaxt mühafizəkar olmaz. Biz elə bir dünyada yaşayırıq ki, bizi əhatə etmiş gerçəkliklər beləcə qruplara bölünüb. Gerçəkliklərin mənfi müsbəti var, onun mənfilərinə bağlanmaq mühafizəkarlıqdır.

Sual: Cənab Rəhbər bu əqidədədir ki, bir tarixi prinsip var və o gerçəkliklərin ideallara doğru dəyişməsidir. Müsbət gerçəkliklərdən faydalanmaqla mənfi gerçəkliklərdən xilas olmaq lazımdır. Bu barədə nə düşünürsünüz?

Cavab:
Cənab Rəhbər bu fikiri ilə ilahi sünnələrə işarə edir. Bizi əhatə etmiş ən mühüm reallıq ilahi sünnələrdir. Allah öz göstərişlərini, qanunlarını reallıq əsasında tənzimləmişdir. Cənab Rəhbərin baxışı budur ki, insan realist olsa, həmin reallıqlar onu ideallara doğru aparar. Bu zaman insanın yüksək ideallara çatmaq imkanı yaranır. Bu zaman insanda elə bir bəsirət, güc yaranır ki, mənfi gerçəklikləri dəyişə bilir, əlçatan imkanlar onun nəzərindən qaçmır. Biz daim xeyirimizə olan gerçəkliklər qucağında yaşayırıq. Bəzi gerçəkliklər də bizə qarşıdır. İdeallara bağlılıqda məharət odur ki, müsbət gerçəklikləri tanıyıb onlardan faydalana biləsən. Bu zaman ideallara bağlılıq bizi doğrudan da reallığın zirvəsinə çatdırıb.

Sual: Bəziləri bu fikirdədirlər ki, gənclərin vəzifəsi inqilabçılıq, məsulların vəzifəsi mənafeləri düşünməkdir. Bu arada düzgün yolu tapmaq olar. Bu bölgüyə necə baxırsınız?

Cavab:
İnqilabçılığın məsləhətlə hansı ziddiyyəti var ki, gənclər məsləhəti məsulların öhdəsinə buraxsın?! İnqilabçılığın məsləhətlərə hansı ziddiyyəti var ki, məsullar inqilabçılığı gənclərin öhdəsinə versin?! Bu sözlər əsassızdır. Əgər məsləhət, mənafe yerindədirsə, bütün inqilabçı cavanlar onu tanımalı, qorumalıdırlar. Əgər inqilabçılıq özü məsləhətdirsə məsullar da inqilabçı olmalıdır.
Gənclərin inqilabçı, məsulların yolgöstərən məsləhətçi olması düzgün bölgü deyil. Mərhum imam inqilabçılıqda gənclərə nümunə idi. Məgər imam məsul deyildi?! İmam həm inqilabçılıq, həm də məsləhətin ən yüksək pilləsində dayanırdı. Bunu gənclər də başa düşür, imama kömək edirdilər. İnqilabçılığın ağla zidd olduğunu demək yanlışdır. Gerçəkliyə əsaslanan inqilabçı məsləhəti hamıdan yaxşı başa düşə bilər.

Sual: Nə üçün düşmən xalqımızın, xüsusi ilə gənclərin inqilabın ideallarına biganə qalmasını istəyir?

Cavab:
Əgər gənclər ideallara bağlı olmasa, inqilabçı ruhiyədən uzaqlaşsa enerjilərini boşa sərf edərlər. Onlar nəinki ağıllı hərəkət etməz, hətta yolu azarlar. Düzgün mənəvi tərbiyə yalnız inqilabi ruhiyyə sayəsində mümkündür. Biz müqəddəs müdafiə illərində inqilabi ruhiyyənin gənclərin tərbiyəsində oynadığı rolu gördük. O zaman gənclər öz döyüş ləyaqətləri ilə ölkəni fəlakətdən qurtardılar.
Bu nöqtələri dərk etsək düşmənin nə üçün inqilabi ideallara qarşı olduğunu başa düşərik. Onlar müxtəlif yollarla gənclərimizin enerjisini sərf etməyə çalışırlar. Heç bir ideoloji hücumdan, təxribatdan çəkinmirlər. Gənclərdə biganəlik ruhiyyəsi yaratmaq üçün planlar cızırlar. Amma gənclərimizin düşmənə aldanması imkanı yoxdur. Gənclərimizin yüksək təhlil qabiliyyəti var. Onları asanlıqla aldatmaq olmaz. Buna görə də gənclərimiz inqilabçıdır. Əgər öndə gedən məsullar inqilabi ruhiyyədən uzaqlaşsa gənclər qısa bir müddətdə onların yerini tuta bilər. Bu gənclər həm kəmiyyət, həm də keyfiyyət baxımından inqilabın əvvəlindəki gənclərdən öndədirlər.

Sual: Bəziləri bu fikirdədir ki, inqilabçılığın meyarları var. Güya inqilabçı insanda zorakılığa meyl var. Sizcə inqilabi ruhiyyə üçün təhlükə nədən ibarətdir?

Cavab:
Ölkəmizin son onillik təcrübəsi göstərir ki, inqilabçılar səbrli, ağıllıdırlar, əksinə liberalizm tərəfdarları zorakı və ədəbsizdirlər. Liberalizm kimi cərəyan tərəfdarları həmişə ağıl və məntiqdən dəm vururlar, eyni zamanda hislərin təsiri altındadırlar. İmamın məktəbində inqilabçı fərd vilayətə bağlı olduğundan heç vaxt nəzarətdən çıxmır. O ən böyük zülmlərə dözər ki, vilayət xəttindən çıxmasın. Əgər susmaq məsləhətdirsə o heç vaxt fəryad qoparmaz.
Mövla Əli (ə) kimi məzlumiyyət ədəbinə rəftar etmək də inqilabçıların xüsusiyyətlərindəndir. İnqilabçının da ifrat və təfritə uğraması mümkündür. O ifrata varanda qiyamçı olur, təfritə gedəndə mühafizəkarlaşır. Artıq belə bir insan inqilabçı deyil. Əgər inqilabçı özbaşına əlinə silah alırsa o terrorçudur, inqilabçı, ya hərbçi yox.
Bu gün həm də qərbpərəst kimi çıxış edən mühafizəkarlar bir gün özlərini Qərblə mübarizədə imam və rəhbərdən öndə görürdülər. Gənclər tarixi öyrənməli, inqilabdan keçən 30 ilin dərsləri və ibrətləri ilə tanış olmalıdırlar. Bu tarixi gizləmək olmaz. Bir zaman Amerikaya qarşı Səddamla ittifaqa getmək istəyənlər bu gün Amerikaya dostluq əli uzatmağa tələsirlər. Bəli, yoldanazan inqilabçılarımız da var. Amma o artıq inqilabçı deyil. Çünki inqilabçı vilayətçidir, intizamlıdır. İdeallara olan eşq onu bəsirətli edib, reallığı görür.

Vilayet.nur-az.com


1672 بازدید