Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Yanvar 2014

Daş üzərində çiçək?

Loğman həzrət Davudun ziyarətinə gəlir. Həmin vaxt həzrət Davud zireh düzəldirmiş. O vaxta qədər Loğman zireh görməyibmiş. Sakit dayanıb kənardan baxır. Nəhayət həzrət Davud zirehi toxuyub qurtarır. Sonra ayağa qalxıb əyninə geyinir və Loğmana deyir: "Doğrudan da düşmənlə vuruşda gözəl müdafiə vasitəsidir." Loğman deyir: "Qəm-qüssə qarşısında isə gözəl sığınacaq səbrdir." Səədinin təbirincə Loğman Davudun əlində dəmirin möcüzə ilə muma döndüyünü gördü. Heç nə soruşmadı, bildi ki, sonda məlum olacaq. Mövlana öz divanında bu əhvalatı nəql edəndən sonra deyir ki, Loğman səbri hər yerdə qəm qabağında dayanacaq müdafiə adlandırdı. Mövlana yazır ki, Allah yüz min kimiya yaratdı, insanın səbri kimi kimiya görünməz. Başqa bir məqamda şair yazır ki, səbr bir xəzinədir, səbr et ki, keçmiş qəmlərinə şəfa tapasan.

Doğrudan da, səbr və müqavimət əzəmətli kimiya, qələbə səbəbi, təkamül amilidir. Unutmamalıyıq ki, zülm qarşısında dözmək səbr deyil. Səbr sözünün lüğət mənası bir məqsədə çatmaq yolunda səbrdir. Demək səbr acizliyin ziddidir. Səbrin əsl mənası müqavimət və ardıcıllıqdır. Vəzifəsini yerinə yetirmək istəyən insan üçün məqsədə aparan çətin yolda ən böyük yardımçı səbrdir. Ənfal, 65: "Ya Peyğəmbər! Möminləri döyüşə həvəsləndir (təşviq et). İçərinizdə iyirmi səbrli kişi olsa, iki yüz kafirə, yüz səbrli kişi olsa, min kafirə qalib gələr. Çünki onlar (həqiqətən, Allahın möminlərə olan köməyini) anlamayan bir tayfadır!"

Əgər İslamda səbr deyəndə acizlik içində dözmək nəzərdə tutulsaydı belə səbr zəifliyə səbəb olardı. Əsl səbr isə insanın gücünü, müqavimətini artırır. Məliküş-şüəra bu barədə yazır: Dağ çayından bir qol ayrıldı; Getdiyi yolda daşa dirəndi; Daşdan istədi ki, ona yol versin; Qara qəlbli daş ona bir sillə çəkib rədd etdi; Daşın cavabı suyu saxlamadı; Daşın altından, üstündən baş vurub sonda onun özünü apardı...

Həzrət Peyğəmbər (s) buyurur: "Səbr və dözüm xeyir miniyidir. Allah öz bəndəsinə səbr və dözümdən qüvvəli bir şey verməyib." (Ğurərul-hikmə). İmam Sadiq (ə) buyurur: "Səbr və dözümü olmayan insan kamil şəxslər sırasında dayanmağa layiq deyil." (Biharul-ənvar). Həzrət Əli (ə) buyurur: "Ali dəyər və məqamlar səbr və müqavimətlə əldə olunar." (Ğurərul-hikəm). İmam Sadiq (ə) buyurur: "Bəlaya düçar olan möminlər səbr və dözüm göstərsələr min şəhidin savabını qazanarlar." (Üsuli-Kafi).

Övliyaların, din öncüllərinin buyuruqlarından aydın olur ki, səbr və dözüm üç qismdir: Çətinliklər qarşısında dözüm; ibadətdə səbr; günah qarşısında səbr. (Biharul-ənvar). Həzrət Əli (ə) buyurur: "Günah qarşısında səbr ibadət və çətinliklə rastlaşanda səbrdən üstündür." (Şərhi-Nəhcül-bəlağə).

Səbrdən danışılarkən səbri-cəmil deyilən bir səbr xüsusi vurğulanır. Həzrət Yaqub (ə) övladlarının qardaşları Yusifə rəhimsizliyi ilə bağlı buyurur: "(Qardaşlar Yəqubun yanına qayıdıb əhvalatı atalarına danışdıqdan sonra) o dedi: “Xeyr, sizin öz nəfsiniz sizi bu işə sövq etdi (pis əməlinizi sizə yaxşı göstərdi). (Bir dəvə yükü artıq ərzaq almaq xatirinə qardaşınızı bada verdiniz. Əvvələn, Bin Yamin heç vaxt oğurluq etməz. İkincisi, oğurluq edənin tutulub kölə edilməsi bizim şəriətimizdədir. Misir hökmdarı bizim şəriətimizi haradan bilir? Bunu siz ona demisiniz). (Mənə) yalnız gözəl (tükənməz, dözümlü) səbr (gərəkdir). Ola bilsin ki, Allah onların (oğlanlarımın) hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir!”" (Yusuf, 83). Ayədə səbrin cəmil məqamı vurğulanır. Allah öz peyğəmbərini səbri-cəmilə dəvət edir. İmam Baqir və İmam Sadiqdən (ə) nəql olunmuş rəvayətdə deyilir: "Səbri-cəmil o səbrdir ki, insan xalqa şikayət (giley-güzar) etmir." (Üsuli-Kafi).

Həzrət Peyğəmbər (s) buyurur: "Səbrin üç nişanəsi var: İnsanın ruhiyyəsi süstləşmir, ruh düşgünlüyü yaranmır, insan Allah dərgahına şikayətlənmir. Süstlük haqqı puça çıxarır, düşgünlük nankorluğa səbəb olur, Allahdan şikayət Ona itaətsizliklə nəticələnir." (Biharul-ənvar).

İmam Sadiq (ə) buyurur: "Allah-Taala həzrət Davuda vəhy etdi ki, Əvs qızı Xəlladəni behiştlə müjdələ, ona de ki, səninlə behişt yoldaşı olacaq. Həzrət Davud Xəlladənin evinə gedib qapısını döydü. Xəlladə pərdə arxasından Davudu görüb dedi: "Allah mənim barəmdə nəsə buyurub?" Həzrət Davud Allahın buyuruqlarını Xəlladəyə çatdırdı. Özünü buna layiq bilməyən Xəlladə dedi ki, bəlkə Allah başqa bir Xəlladəni nəzərdə tutub. Həzrət Davud Allahın məhz onu nəzərdə tutduğunu buyurdu. Xəlladə dedi: "Ey Peyğəmbər! Dediklərini inkar etmirəm. Amma özümdə məni sənə behişt yoldaşı edəcək sifət görmürəm." Davud ondan istədi ki, öz batini halından danışsın. Xəlladə dedi: "Qarşıma nə çətinlik çıxdısa, hətta ac qaldığım zaman səbr etdim, Allahın müqəddərratından razı qaldım. Allahdan o qədər razıyam ki, hətta çətinliklərin aradan qalxması üçün ağız açmıram, daim Ona şükr edirəm." Həzrət Davud dedi: "Elə bu xüsusiyyətlərinə görə həmin məqama yüksəlmisən."

İmam Sadiq (ə) buyurur: "Bu din Allahın salehlər üçün bəyəndiyi dindir." (Biharul-ənvar). Səbr və dözüm Peyğəmbərin həyatında hər zaman diqqəti çəkir. Besətin əvvəllərində elə səbrli ardıcıllar tərbiyə etmişdi ki, ən böyük işgəncələrə dözürdülər. Bilal Həbəşi, Əmmar Yasir, Yasir, Süməyyə bu qəbil insanlardandır. Əmmarın atası Yasir, anası Süməyyə işgəncələr altında şəhadətə çatdılar.

Yasir və Süməyyənin yaşı ötmüşdü. Amma öz müqavimətləri ilə düşmənin sinəsinə dağ çəkdilər. Peyğəmbər (s) işgəncə altında olan bu iki şəxsi görüb buyurdu: "Səbr edin, yeriniz behiştdir." (Əlqədir).

Şirk başçıları Əbu Talib vasitəsilə Peyğəmbəri hədələyirdilər. Əbu Talibə vəd edirdilər ki, Peyğəmbər tutduğu yoldan əl çəksə ona böyük məqam və sərvət verərlər. Əbu Talib onların sözünü Peyğəmbərə çatdırdı və belə cavab aldı: "Ey əmi! Əgər müşriklər günəşi sağ, ayı sol əlimə versələr ki, İslamın təbliğindən əl çəkim, heç vaxt bu işi görmərəm, sonda ya İslam qalib gələr, ya mən öldürülərəm." Əbu Talib Peyğəmbərin sözlərini müşriklərə çatdırdı: "And olsun Allaha, Məhəmməd heç vaxt yalan danışmayıb. O təslim olmayacaq, gedin İslamı qəbul edin." (Əlqədir).

Həzrət Əlinin (ə) səbr və ardıcıllığı misilsiz olub. İlk İslam savaşlarında münafiqlər qarşısında müqaviməti, xilafət dövründəki ardıcıllığı, Cəməl, Siffeyn və Nəhrəvandakı sabitqədəmliyi nümunədir. Həzrət Əli (ə) Peyğəmbər (s) dünyasını dəyişəndən sonrakı acı məqamlarda buyurur: "Səbr və dözümü ağıl və düşüncəyə yaxın gördüm. Gözünə çöp düşmüş, boğazında sümük qalmış şəxs kimi səbr etdim." (Nəhcül-bəlağə).

Həzrət Əli (ə) Peyğəmbərdən (s) sonra ağır hadisələrlə üzləşdi və bu hadisələr qarşısında dağ kimi dayandı. O hər dəfə çətinliyə düşəndə iki rəkət namaz qılıb bu ayəni oxuyardı: "(Müsibət vaxtında) səbr etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da, (Allaha) itaət edənlər üçün ağır deyildir." (Bəqərə, 45). Şəhadət zərbəsi başına enən zaman nalə çəkmək əvəzinə belə buyurdu: "And olsun Kəbənin Allahına, qalib gəldim, nicat tapdım." (Muntəhul-əmal).

Aşura günü İmam Hüseynin (ə) göstərdiyi səbr və müqavimət yetərli nümunədir. Həmid ibn Müslim deyir: "And olsun Allaha! Övladları, ailəsi, dostları öldürüldüyü zaman İmam Hüseyn kimi şücaət göstərən, düşmənə hücum edən, düşməni qabağından qaçıran bir kişi görmədim. Düşmənlər onun qarşısından çəyirtkə kimi qaçırdılar. Sonra İmam meydanın ortasına qayıdıb la hovlə vəla quvvətə illa billah deyərdi." (Luhuf).

İmam Hüseynin (ə) Aşura günü və ondan öncəki şücaətləri böyük müqavimət dərsidir. İmamda (ə) misilsiz fədakarlıq, isar və müqavimət ruhiyyəsi vardı. Bir nümunə deyək: Hürrün döyüşçüləri İmamın karvanını izlədiyi zaman Hürr deyir: Ey Hüseyn! And olsun Allaha, döyüşsən, öldürüləcəksən."

İmam Hüseyn (ə) buyurur: "Məni ölümlə hədələyirsən? Məni öldürsəniz işləriniz qaydaya düşəcək?! Ovsun qardaşı əmisi oğlu Peyğəmbərə köməyə gedəndə onu ölümlə qorxutdu. Mən sənə həmin şəxsin cavabını verirəm. Mən gedirəm, ölüm kişi üçün xəcalət deyil. Bir şərtlə ki, niyyəti haqq olsun, İslam uğrunda döyüşsün... Əgər sağ qalsam peşiman deyiləm. Əgər ölsəm, şikayətim yoxdur. Vay sənin halına ki, sağ qalsan xar olarsan..." (İrşad).

Harun ər-Rəşid İmam Kazimi (ə) zindana salandan sonra Rəbii Hacibi İmamın yanına