Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Yanvar 2014

Dini cameəmizin din qədər gərəkli dil ehtiyacı

Yeri gəlmişkən

Dünyanın dərdi saysız-hesabsız. Bir insan öz xarakteri, sözü, əməlləri ilə dünyaya dərd deyilsə (heç olmaya sıfırsa) xoş halına. Vay halına bir siqaretlə də olsa dünyada pislik artıranın. Demək, insan dünya səhnəsinə üç ampluada çıxa bilər: ya mənfi, ya sıfır, ya da müsbət. İnsan min yolla pis ola bilər. Bunun əsas biri bacarmadığı işlə məşğul olmaqdır. Bacarmamaq təkscə istedadsızlıq deyil. Bir işi diqqətsiz, sevgisiz görmək də bacarmamaqdır. Almaniya kimi tibbi təcrübəyə sahib ölkədə cərrah xəstənin qanqrena olmuş ayağı əvəzinə sağlam ayağını kəsirsə, problem təkcə istedadda deyil.

Azərbaycan dini cameəsinin dərdləri dünyanın dərdlərinə çatmasa da bəs qədərdir. Mən siyasəti dindən ayrı saymıram, amma siyasət adamı da deyiləm. Ədəbiyyat adamıyam. Bu sahədə bilik və istedadım naqis olsa da, ədəbiyyatın əhəmiyyətini həyati hesab edirəm.

Azərbaycan da bütün dünya kimi siyasətçilik epidemiyasından əziyyət çəkir. Müəllimdən şagirdə, müdirdən xidmətçiyə hamı siyasətdən danışır. Amma əlində işi olan və o işi sevənlər lafdan (hazırda siyasətdən) uzaqdır. Sözüm bu deyil ki, dindarlar hicab qadağasına qarşı çıxanda balkondan Xəzərə baxıb qağayıları sayasan. Xalq küçəyə axışıbsa onunla olmamaq OLMAMAQdır. Amma baxır necə olmaq. Söyüş söymək, daş atmaq, maşın yandırmaq? Yox, İNSAN dağıdıcı ola bilməz. Bu mövzudan ötək.

Azərbaycan dini cameəsinin ədəbiyyatda dala qalmaq problemi var. Dünyada əksər dini cameələr bu ağrını çəkir. Ən azı qonşu ölkələrdə dini ədəbiyyatın professional ədəbiyyatdan neçə il yox, neçə əsr geri qaldığı mübahisə doğurmamalıdır. Çünki dünya ədəbiyyatına şedevrlər vermiş Rudəki, Şəhid Bəlxi, Firdovsi, Əbül-xeyr, Sənai, Əttar, Mövlana, Nizami, Hafiz qələmi min ildir qırılıb, necə qırılıb! Şəhid Hüseyn Cavid zümrəsindən olanlara təzimlə onları istisna edirik.

Azərbaycanda oxucuya təklif olunan dini ədəbiyyatın dil-ədəbiyyat baxımdan səviyyəsi ALLAH SÖZÜ şənindən çox uzaqdır. Bu sahəyə yaxın adam kimi (iki yüzdən artıq dini kitab tərcüməsi və redaktədən sonra) danışıram və sözümün məsuliyyətini dərk edirəm. Əgər Azərbaycanda İslam, Əhli-beyt məktəbi tanınmırsa, cavablandırılmamış suallar varsa, cavablar şübhələrin kökünü baltalaya bilmirsə, bunun səbəbi İslam bilgilərinin yetərsizliyi yox, rüsvayçı transformasiyadır. Biz Allah sözünü, peyğəmbər və övliya kəlamını öz dil səviyyəmizə alçaldıb xalqa veririk. Allah sözünü kəsib-doğrayıb, əzib-bulaşdırıb oxucuya vermək hicaba qadağa qoymaq qədər cinayətdir... Məncə!

Dayanacaqlar

Dini ədəbiyyatla məşğul insanlar özünə sual verməlidir ki, mən bu sahəyə nə qədər yaxınam? Təəssüf ki, ümumi həcmində əsas yük tərcümədən ibarət olan dini ədəbiyyat istehsalı ilə professionallar məşğul olmur. Başda özüm olmaqla. Adətən dini təhsil alanlar başlanğıcda ağır maddi durumu yüngülləşdirmək üçün tərcümə işinə qədəm qoyur. Təbii ki, iş prosesində insanın niyyəti və bacarığı başlanğıcdakından fərqlənə bilər. Pul üçün gələnin sonradan bu işi sevməsi, öz üzərində işləyib peşəkar da olmasa, qənaətbəxş bir səviyyəyə çatması mümkündür. Bu adamlara təzim edirəm.

Bütün peşələrdə dayanacaqlar var. İnsan hansı səviyyəyə qədərsə gedir və dayanır. Əgər bu duruş davam etsə, həmin insanın peşə səviyyəsi elə bu A nöqtəsi olacaq. A nöqtəsindən (çalasından) çıxmaq üçün böyük və ölçülü təlaş lazımdır. Dünyanın məşhur yazıçıları bu dayanacaqları keçib. Adi halda əksər şairlər üçün sevgi şeirləri adlı bir səbət var. Uşaqların atıldığı, bayıra çıxmağa boy verməyən səbət kimi.

Tolstoyun əsərlərinə baxaq, Lev Tolstoyun!
1859 – Ailə səadəti
1860 – Dekabristlər
1863-1869 – Hərb və Sülh
1873 – Anna Karenina...
Son əsərləri maraqlıdır:
Dəlinin qeydləri – 1884-1903
Sergi ata – 1890-1898

Tolstoyun bu və bundan başqa bir çox əsərlərini, o cümlədən Hərb və Sülhü oxumuşam. Tolstoy 1910-cu ildə dünyasını dəyişib. Onun yaradıcılığında dayanacaqları təyin etmək çətindir. Amma “Sergi ata” ağır bir dayanacaqdan sonra keçilən yoldur. Etiklər Tolstoy üçün Hərb və Sülhü yox, məhz Sergi atanı çevriliş sayır.

Tərcümə işinə qol çırmamış şəxs tərcümənin dünyada qəbul edilmiş prinsiplərini bilməlidir:
-tərcümə imkan həddində əsərin məzmunu, ideyası və mənasını ifadə etməlidir;
-tərcümə əsərin ədəbi-milli çalarlarını saxlamalıdır;
-tərcümədə dəyişmə, əlavə, ixtisar, təhrif olmamalıdır;
-ədəbi tərcümə estetik baxımdan orijanala bərabər olmalıdır;
-tərcümə dili düzgün, aydın, canlı və zəngion olmalıdır;
-düzgün tərcümə sətri tərcümədir;
-əsil tərcümə yaradıcı işdir (perevodovedcheskiy.academic)

Fransız tərcüməçi Etyenn Dole tərcüməçi üçün 5 əsas prinsip irəli sürür:
-tərcümə olunan əsəri və müəllifi başa düşmək;
-əsərin tərcümə olunduğu dili kamil bilmək;
-orijinala sədaqəti itirməməklə söz-söz tərcümədən uzaq olmaq;
-tərcümədə ümumişlək dildən istifadə;
-düzgün söz seçimi ilə tonallığı qorumaq...

İngilis Taytler başqa prinsiplər irəli sürür:
-tərcümə orijinalın ideyasını tam ifadə etməlidir;
-stil və manera gözlənilməlidir;
-tərcümə asan oxunmalıdır...

Janr-stil baxımından tərcümə növləri:
-elmi-texniki tərcümə;
-ictimai-siyasi tərcümə;
-bədii tərcümə;
-hərbi tərcümə;
-hüquqi tərcümə;
-məişət tərcüməsi...

(Təəssüf ki, bu sırada dini tərcümə gözə dəymir)

Üslubuna görə tərcümə növləri:
-tam tərcümə (ixtisarsız)
-qismən tərcümə (əsas qəyənin çatdırılması)
-ixtisarla tərcümə (mətnin ixtisarı)
-fraqment tərcümə (ayrıca hissəsnin tərcüməsi)
-aspekt tərcümə (seçmə ilə tərcümə)
-referativ tərcümə (mahiyyətin tərcüməsi)
http://teneta.rinet.ru


Təcrübədə öyrəndiklərimiz:
1.Tərcüməçi tərcümə edəcəyi kitabı diqqətlə oxumalı, qaranlıq, şübhəli nöqtələri qeyd edib, müşavirə almalıdır.
2. Kitabı tam anladığına əmin olduqdan sonra yalnız tərcümə üçün təyin etdiyi zamanda bu işlə məşğul olmalı və tərcümə gedişində ətrafla ünsiyyətə yol verməməlidir.
3. Tərcümə başa çatdıqdan sonra tərcüməçi Tərcüməçidən başlığı altında kitab və tərcümə ilə bağlı giriş yazmalı və oxucuya iradlarını bildrimək şəraiti yaratmalıdır ( e-mail ünvanı göstərməklə)
4.Tərcümə tətbiqi redaktə edilməlidir.
5.Redaktədən sonra korrektə aparılmalıdır.
6.Kitabı mütaliə etmiş peşəkar ədəbiyyatçıdan rəy alınmalıdır.

Nədən başlamışdıq?

“İdeoloji”, yoxsa “mədəni”? Tərcümə barədə yazmaq fikri hörmətli ilahiyyatçı Vüsal Hüseynzadə ilə məhz “təhacome-fərhəngi” ifadəsinin tərcüməsi ilə bağlı fikir mübadiləsindən sonra yarandı. Hazırda dini mətnlərin tərcüməsində “dayanacaqlardan” keçmiş Maqsud Sailin bu söhbətdə yeri görünürdü. Hər halda mən gənc həmkarlara təşviq üçün minnətdaram.

Məm yalnız zehnimə gələn sualları dilə gətirəcəyəm. Məqsədim hörmətli həmkarlardan cavab almaqdır.

Fars dilindən tərcümədə qədərincə işlənən ifadələrdən biri “təhacome-fərhəngi” (تهاجم فرهنگی) ifadəsidir. İlk baxışdan asan anlaşılan ifadədir: mədəni hücum. Amma...
Suallar yaranır. Qərbdə “cultural invasion” ifadəsi var. Translate.google bu ifadəni azəricəyə “mədəni işğal”, ruscaya “культурноe вторжениe”, tükcəyə “kültürel işgali”, ən maraqlısı farscaya “تهاجم فرهنگی” kimi tərcümə edir. Bizim mübahisə və ya müzakirəmizin mövzusu “mədəni” sözündən dolayı idi. “Mədəni” sözü müasir azəri türkcəsində daha çox “mədəniyyətli” mənasında görünür. Yəni mədəni hücüm deyiriksə bu əslində mədəniyyətli hücum kimi səslənir. Fikirlərimi qırıq-qırıq deyib ötür, həmkarların fikrini bilmək istəyirəm. Mən düşündüm ki, mədəni hücum yox, mədəniyyət hücumu demək düz olardı. Yəni nə hərbi, nə siyasi hücum, məhz mədəniyyətlə - mədəniyyət vasitəsilə (mədəniyyətli yox) hücum! Bu hücumda silah mədəniyyətdir. Bəziləri bu fikirdədir ki, silah yox, hədəf mədəniyyətdir. Məsələn, qərb əxlaqsızlıqdan başqa bir şey olmayan mədəniyyəti ilə hücuma keçir. Və ya İslam mədəniyyətini hədəfə alır.

“تهاجم فرهنگی” ifadəsinin ideoloji hücum ya müharibə kimi tərcüməsi də problemsiz görünmür. Bu hücum növündə də odlu ya soyuq silah yoxdur, amma ideologiya var. Sual yaranır ki, ideologiya mədəniyyətdir?

Sözümü bilərəkdən, məqsədli şəkildə yarımçıq qoyur və bütün ədəbiyyat həvəskarlarını fikir bildirməyə dəvət edirəm. Gəlin dini cameəmizin ədəbiyyat əskiyini, ədəbiyyat nöqsanını, ədəbiyyat xəcalətini aradan qaldırmaq üçün bir addım ataq. Addımınız uğurlu olsun!

Arzu

Nur-az.com


1409 بازدید
در حال ارسال اطلاعات...