Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Fevral 2014

Ərdəbilin cümə namazı – 24 yanvar (4 bəhmən)

Birinci xütbə

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین


Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Təqvanın sadə mənası budur ki, insan hesab-kitablı, nizamlı yaşasın. Çünki Allah-Taala dünyanı hesabla, nizamla xəlq edib. İnsan düşünüb ölçülü addım atmalı, başqalarının qəlbini qıracaq sözlər danışmamalı, insanları hörmətdən salacaq işlər görməməli, dində təhrifə, bidətə yol verməməlidir.

İnsan bəzən bir söz danışır və sözgəzdirənlər o sözü elə yayır ki, qan tökülməsinə səbəb olur. Rəvayətə görə məhşər səhnəsinə gətirilən adamlardan bəzilərinin üzünə qan çilənər. Onlar etiraz edəndən deyilər ki, sənin sözün dildən-dilə gəzdi, sonda günahsız insanın ölümünə səbəb oldu. Sənin bu qanda payın var. İlahi təqvası olanların bütün işləri ölçülüdür. Xüsusilə qəlb hallarına nəzarət edirlər, hesab-kitabları var. Qəlblərində hər sevgiyə, hər nifrətə yer vermirlər. Ərəb dilində üzüm bağına "kərm" deyirlər. Peyğəmbər (s) buyurur ki, la təqulu lil inəbil – kərm. Yəni üzümə kər deməyin. Kərm elə bir bağa deyilər ki, divarı olsun. Üzüm bağının divarı olduğundan ona kərm deyiblər. Peyğəmbər (s) buyurur ki, kərm, yəni divarı olan bağ möminin qəlbidir. (قلب المومن بین اصبعی الرحمن، یقلبه کیف یشاء) Hədisə görə, möminin qəlbi Allahın iki barmağı arasındadır. Allah ona nüfuz edə bilər. Dünya bər-bəzəyi, dünya sevgisinin yeri qəlb deyil. (اَخَذَتْ لَوْعَةُ مَحَبَّتِکَ بِمَجامِعِ قُلُوبِهِمْ) Əgər insan qəlbinə, vücuduna dəqiq nəzarət edə bilsə onun bu işi təqva adlanar. İnsanda elə bir xarakter formalaşar ki, büdrəmələrə, pis işlərə mane olar.

Təqva o deyil ki, insan dilinin altına daş qoysun, danışa bilməsin. Həzrət Peyğəmbər (s) iki dəfə o qəlbinə işarə ilə buyurdu ki, təqvanın yeri buradır. Qəlbdə nəzarət halı yarananda insan öz yuxularına da hakim olur. Mərhum Səduq böyük alimlərdən olub. Buyurur ki, yuxuda pis bir səhnə görüb möhtəlim olmağım yadıma gəlmir. Bu şəxs yuxuda da özünə nəzarət halına malik olub. Şəhid Mütəhhəri mərhum Şeyx Əbdülkərim Hairinin (Qum Elm Hövzəsinin təsisçisi) dilindən nəql edir: "Əgər yuxuda da naməhrəm görsəm gözümü yumuram." Buna deyirlər təqva əhli!

Təqvalı insan problemlərinə, nöqsanlarına diqqətli olur. O daim səhvlərini aradan qaldırır. Məsumlar buyurur ki, qiyamətdə əməl naməsinə baxıb hər xətadan sonra bir tövbə görənin xoş halına. Yəni insan günah edən kimi tövbə qılsa günah onun vücudunu zəhərləməz. Əraf surəsinin 201-ci ayəsində oxuyuruq: "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar."

Bir gün mərhum Şeyx Abbas Qumminin minbərə kitabla qalxdığını gördülər. Səbəbini soruşdular, alim buyurdu: "Yuxuda gördüm ki, orucumu pozuram (oruc halda yeyirəm). Çox düşündüm ki, bu yuxunun mənası nədir? Belə bir qənaətə gəldim ki, minbərdə rəvayətləri düz oxumuram. Orucu batil edən şeylərdən biri Məsumların sözünü təhrif etmək və ya demədikləri sözü onların adına yazmaqdır. Buna görə də özümlə kitab götürdüm ki, rəvayəti kitabdan düzgün oxuyum." Təqva sifətinin cəmiyyətə belə hakim olması necə də gözəldir.

Əzizlər! Söhbətimizin mövzusu budur ki, insan xəlvətdə Allahla raz-niyaz xüsusiyyətinə sahib olmalıdır. Dünyada bu sifətə məqam verilir. Meyar budur ki, insanda haqla ünsiyyət istedadı hansı həddədir.

Biz Avropada liftə minmişdik. Lift otağının divarlarına çoxlu it şəkli yapışdırılmışdı. Səbəbini soruşdum, belə cavab verdilər: "Bu binada bir xanım it saxlayırdı və qəlbən itə bağlanmışdı. Bu günlərdə it ölüb və bu ölümdən təsirlənən xanım onun şəkillərini divarlara yapışdırır." İmam Səccad (ə) buyurur: "Əgər bütün insanlar ölsə, təkcə mən qalsam, bir də Quran, tənhalıq hiss etmərəm." İnsanın ilahi maariflə ünsiyyəti çox dəyərlidir. Nə üçün dövrümüzdə bu zövq süqut edib? İnsan öz zövqünü Allahla raz-niyaza kökləsə çox yaxşı olar. Quran ayələrindən anlaşılır ki, bu ruhiyyə insanı yüksəldir və Allah belə ruhiyyənin müştərisidir. İsra surəsinin 79-cu ayəsində buyurulur: "(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!" Allah bu yüksək məqamı "məhmud" adlandırır. Biz bu məqamı təsəvvür edə bilmirik. Sad surəsinin 30-cu ayəsində oxuyuruq: "Biz Davuda Süleymanı bəxş etdik. Nə gözəl bəndə! O, daim Allaha sığınan bir kimsə idi. (Onun rizasını qazanmaq diləyirdi)." Ayədə Allah, əndələrin dərk etməkdə çətinlik çəkdiyi bir məqam haqqında danışır. Saffat, 75: "Həqiqətən, Nuh (öz tayfasının məhv edilməsi barədə) Bizə dua etmiş, onun duası necə də gözəl qəbul olunmuşdu!" Bəli, təqva məqamına yüksəlmiş bəndə belə təriflənir.

Kamillik yolunda xəlvətə çəkilmək, gecə yarı Allahla ünsiyyətə qatılmaq tövsiyə olunur. Gecənin fəzilətini əldən verməyək. Bəndənin ustadı həmişə tövsiyə edərdi ki, gecə kamillik ardınca getməyin hesabı ayrıdır. Muzzəmmil, 6: "Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!" Gecənin bir hissəsi xüsusi fəzilət və təsirə malikdir. Həmin anlarda dilə gələn sözlər hala münasibdir. Burada gecənin təsiri var. Gecəyə süvar olun, qoymayın gecə sizə süvar olsun.

İmam Həsən-Əsgəri (ə) buyurur: "Allahla vəslət elə bir səfərdir ki, gecə yarı ibadət olmadan ələ gəlməz." (اِنَّ الوُصُولَ اِلی اللهِ عَزّوجلَّ سَفَرٌ لا یُدرَکُ اِلّا بِامتِطاءِ اللَّیلِ)

Bəli, Allah-Taala insanın gecəni özünə müti etməsini istəyir. Hazırda biz hər birimiz bir miniyə süvarıq. Amma nəyə? Hansı istiqamətdə gedirik? Kimi yalana, kimi rüşvətə, kimi harama, kimi iffətsizliyə süvar olub. Əzizlər! Bu miniklərin sizi haraya apardığını düşünürsünüz? Həzrət Əli (ə) duada belə deyir: "Necə də pisdir nəfsin süvar olduğu azğın istəklər... vay olsun o nəfsə ki, batil gümanlar, yersiz arzular onun qarşısında cilvələnib. Nəticədə oğrunu gözəl görür, ətrafdakıları aldadır. Həzrət buyurur ki, əgər Allaha çatmaq istəyirsinizsə ən qısa yol gecə miniyinə süvar olub getdiyiniz yoldur. Gecə yarı bir səcdə ilə gedilən yolu yüz ilə getmək olmaz. Yüz ilə gedilən yolsa onun nəzərində bir addımdan artıq deyil.

Rəvayətlərdən belə başa düşülür ki, yüksək mənəvi məqama çatmaq üçün nəfs tərbiyə olunmalıdır. Allah qarşısında ibadət məqamına çatmaq üçün nəfsin tərbiyəsi zəruridir. Nəfs tərbiyə olunsa ibadətdən ləzzət alar. Bəziləri saatlarla güzgü qabağında dayanır və özünə baxmaqdan ləzzət alır. Bu iş, özünə sığal çəkib ləzzət almaq böyük hünər istəmir. Hünər qəlbin sığalıdır. Hünər odur ki, Allahın nuru qəlbə təcəlla etsin. Pərvərdigara, bizi bir yerdə qərar ver ki, ərşinin nuru nəfsimizə saçılsın. Bu dualarda gözəl mənalar var, onlardan bəhrələnin. İmam Baqir (ə) buyurur: "Allah İbrahimə iki səbəbdən məqam əta etdi..." Allah özü İbrahimlə dost olmaq istədi. Nisa, 125: " Yaxşı əməl sahibi olan özünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur!" İbrahim özünü o qədər paklamışdı ki, Allah onunla dost olmaq istədi. Diqqəti cəlb etmək üçün bu paklığa ehtiyac var. Allahın İbrahimi dost seçməsinin iki səbəbindən biri İbrahimin qəlbi açıq və səxavətli olması, digəri gecələri oyaq qalması idi.

İkinci xütbə

بسم الله الرحمن الرحیم

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Əzizlər, insanın həm dünya, həm də axirətdə asayişə ehtiyacı var. İnsan çox hadisələrlə rastlaşır ki, bu hadisələr onu sıxıntıya salır. Asayiş istəsəniz, bunun yolu təqvadır. Təqva məqamını kim şərh edə bilər?! Allahla gözəl rabitə sayəsində, gözəl əməllərlə asayiş əldə edə bilərsiniz. Təqva özü əməli bir rabitədir. (bax: Duxan, 51; Qəmər, 55;)

Əzizlər, icrasına başlanılmış nüvə razılaşmasının müsbət və mənfi tərəfləri var. Biz də böyük Rəhbərin siyasəti altında dövləti himayə edirik. Razılaşmanın müsbət tərəfi budur ki, uranın zənginləşdirilməsi rəsmi olaraq tanındı. Yəni İran nüvə ölkəsi olaraq qəbul edildi. Bu çox mühüm idi. Razılaşmanın ikinci müsbət tərəfi budur ki, nüvə texnologiyası İranın ixtiyarında qaldı və İran istənilən vaxt güzəştə getdiklərini geri götürə bilər. Üçüncü müsbət nöqtə bu oldu ki, sanksyaların genişləndirilməsi dayandırıldı. Dördüncü müsbət nöqtə bəzi sanksyaların ləğvidir. İran bundan sonra neft və neft-kimya məhsullarını dünya bazarında sata biləcək. Beşinci nöqtə budur ki, başqa ölkələr və böyük şirkətlər İranda daha asanlıqla sərmayə yatıra biləcək. Altıncı nöqtə budur ki, qərb tərəfindən dondurulmuş İran pullarının bir hissəsi geri qaytarılacaq. Şübhəsiz ki, bu işlər ölkə iqtisadiyyatına müsbət təsir göstərəcək.

Təəssüf ki, razılaşmanın mənfi tərəfləri də var. Savaş meydanında irəliləm-geriləmələr təbiidir. Unutmamalıyıq ki, böyük bir müharibə meydanındayıq. Bu meydanda taktiki gediş olaraq geri çəkilmək mümkündür.

İradlardan biri budur ki, nüvə sahəsində texnoloji tərəqqi məhdudlaşdırılır. Başqa bir nöqtə nüvə sənayesinin perspektivləri ilə bağlıdır. Onlar bank sanksyaları ilə İran iqtisadiyyatına güclü təsir göstərirlər. Bundan əl çəkəcəkləri gözlənilmir. Nə qədər ki, bank əməliyyatları azad deyil bunun iqtisadiyyata mənfi təsiri olacaq. Bütün neft müamilələrindən gələn gəlirlər beynəlxalq bank sistemindən keçəcək və bu sestemə dünya imperializmi nəzarət edir.

Xalqımız bilməlidir ki, taleyimiz bu razılaşmadan asılı deyil. Daxili problemlərimiz xarici əlaqələr kölgəsində aradan qalxmayacaq. Çünki bir sıra problemlərin sanksiyalara aidiyyatı yoxdur. Əgər ölkədə ildə yüz milyard

dollarlıq qaz məsrəf olunursa, neft məsrəfi beş milyon barelə çatırsa, bunun zərbəsi sanksiyalardan yüngül olmur.

Digər tərəfdən, İrana qaytarmaq istədikləri pul xərclərimiz müqabilində bir damladır. İranın 100 milyard dollar pulundan 2 milyard 400 milyon dollar qaytarmaq istəyirlər. Elə bir mexanizm qurublar ki, pul hissə-hissə ödənilir və İran bu pulla bir iş görə bilməyəcək.

Əsil yol Böyük Rəhbərin göstərdiyi yoldur. İranın daxili imkanları böyükdür, bu imkanlara düzgün nəzarətlə çox iş görmək olar. Dövlətin hazırkı vəzifəsi budur ki, müzakirələrə çarəsizlikdən gedildiyini düşünmənin beynindən çıxarsın. Əgər qərb düşünsə ki, İran məcbur olub müzakirələrə gəlib, tamahları bir az da artar. Onlar ölkəmizə qarşı addımlardan çəkinmirlər. İnsafla hökm çıxarsaq, deməliyik ki, düşməni müzakirə stoluna əyləşdirən ölkəmizin qüdrətidir. İran xalqının milli birliyi ölkəmizdəki sabitliklə sübuta yetib. Bütün regionu qarışdırıblar. Məqsədləri enerji resurslarına nəzarət və İsrailin təhlükəsizliyini təmin etməkdir. Əl uzada bilmədikləri yeganə ölkə İrandır. Bu qənaətə gəliblər ki, regionda balans pozulub və İran yeni güc mərkəzinə çevrilib. İndi bu güc mərkəzi ilə münasibət qurmağa çalışırlar. ABŞ araşdırma məkrəzlərinin yekdil qərarları budur ki, yaxın şərqdə güc mərkəzi olmağa layiq yeganə ölkə İrandır. Başqa ölkələr özü müdiriyyətə ehtiyaclıdır və regiona nəzarət edə bilməz. Ərəbistan, BƏƏ nəzarətə ehtiyaclı ölkələrdir. Hazırda regionda uduzan ölkə Ərəbistandır. Allah onları elə zəlil etdi ki, terrorçu qrup DAİŞ-dən uzaqlaşmağa məcbur oldular. Bu qrupu özləri yaratmışdılar. Hətta hakimiyyətə gətirdikləri əli qana batmış Bəndər ibn Sultanı işdən uzaqlaşdırdılar. Hətta ABŞ Ərəbistanı məcbur etdi ki, informasiya vasitələrində vəhabi müftilərinə qarşı çıxış etsin. Ötən həftə bir televiziya aparıcısı vəhabi müftilərinin ziddinə çıxış etdi. Kimsə bunu gözləmirdi. Ərəbistan kralı tək qalıb, ABŞ, Türkiyə və digər müttəfiqlər ona arxa çevirib. İndi deyir ki, əvvəlcədən Bəndər ibn Sultana müxalif olub. Soruşan lazımdır ki, Bəndəri kim gətirib?! Özünüz özünüzü inkar edirsiniz?! Bəndəri işdən kənarlaşdıran Ərəbistan kralı onun işini üç nəfərə tapşırdı. Elan etdilər ki, Bəndər Amerikaya müalicəyə gedir. Necə ki Misirin kəşfiyyat naziri Ömər Süleyman ABŞ getdi və qayıtmadı. Çünki bu adamlar Ağ Evin regiondakı alətləridir. CİA bu şəxslərə qarşı çox həssasdır və onlarda olan sirri faş olmağa qoymaz. Təhlükə hiss etdikdə belələrini qətlə yetirirlər ki, bildikləri faş olmasın. Beyrutda İran səfirliyinin qarşısında partlayış törədən Macid bu məqsədlə qətlə yetirildi.

Bəndərin işdən kənarlaşdırılması səbəbi aydındır. Çünki Bəndər onun üçün ABŞ-ın çəkdiyi cızıqdan çıxdı. Canavar şirə deyir ki, ey şir, nə üçün meşədə hamı səndən qorxur? Şir dişlərini göstərib elə bir nərə çəkir ki, hamı qorxuya düşür. Canavar düşünür ki, bu yaxşı yoldur o da ətrafdakıları bu yolla qorxutsun. Hansı heyvana çatırsa dişlərini qıcıdıb nərə çəkməklə onları qorxudur. Amma bir gün qəfildən şirlə rastlaşır və özünü unudub şirə diş qıcıdır. Şir sakitcə deyir: "Bunu sənə mən öyrətmişəm. İndi məni qorxudursan?!" Bir zaman Səddam Küveytə hücum edəndə İordaniya kralı Hüseyn onun himayə etdi. Hüseyni ABŞ və Britaniya hakimiyyətə gətirmişdi. ABŞ və Britaniya Hüseynə anlatmağa çalışdı ki, onu və atasını hakimiyyətə gətirən elə onlardır. Bəli, kral Hüseyn onu taxta çıxaranların siyasəti qarşısında söz demək istəyirdi.

İkinci Dünya müharibəsində Rzaxan müttəfiqlərə qarşı çıxdı və müttəfiqlər onu sürgün etdilər. Britaniya səfiri dedi ki, Rzaxanı özümüz gətirmişdik, özümüz də apardıq."

Tarixdə maraqlı hadisələr çoxdur. Onlardan birini yada salıram. Azərbaycan Demokrat partiyasının rəhbəri Seyid Cəfər Pişəvəri şəmsi 1325-ci ildə elan etdi ki, bu partiya hökumət yaradıb. O dövrün insanları yaxşı xatırlayır ki, Təbrizdə, Ərdəbildə, ətrafda nələr baş verdi. Müstəqillik elan edildi. Pişəvərini Sovetlər Birliyi iş başına gətirmişdi. Bir müddət sonra Moskva İranla danışıqlara getdi və Pişəvərini tək qoydu. Şah ordusu Zəncandan daxil olub demokratları qətliam etdi. Onlardan bir qrupu ölkədən qaçdı. Pişəvərinin doktor Nüsrətullah Cahanşahlı Əfşar adlı müavini vardı. O deyir ki, şah ordusu gələndə Pişəvəri rus konsulluğuna getməyi təklif etdi. Konsulluğa daxil olanda baş konsul haray çəkdi ki, xalqı məhvə apardınız. Pişəvəri onun qarşısında jest göstərəndə unutmuşdu ki, onu hakimiyyətə gətirən ruslardır. Baş konsul Pişəvərini dinləyib axırda türkcə dedi: "Səni gətirən sən get deyir." Sonra göstəriş verdi ki, Culfaya yola düşək bizi maşın gözləyir. Bu hadisə demokrat partiyasının mahiyyətini yaxşı açır. Ruslar sərhədi keçəndən sonra avtomobil qəzası qurub Pişəvərini qətlə yetirdilər. İndi hər il 21 azərdə demokrat partiyasının məğlubiyyət il dönümü qeyd olunur, bir qrup Bakıda Pişəvərinin qəbri üstünə gedirlər. Bu məzardan ibrət götürmək yaxşıdır. Seyid Cəfər Pişəvəriyə deyiləsi söz var: Ey Seyid! Cəddinə, cəddinin dininə qarşı düşmənlə müamilə edəndə, cəddinə qarşı çıxanda, düşmənlə əl-ələ verəndə aqibətin belə olmalıydı!

Əzizlər! İran İslam İnqilabının əzəməti səbəb oldu ki, ötən həftə beynəlxalq bir təşkilatın maskası yırtılsın. BMT baş katibi əvvəlcə elan etdi ki, Cenevrə 2 danışıqları İran olmadan nəticə verməyəcək. Bildirdi ki, Yaxın Şərq və Suriya İranın əlindədir. Etiraf etdi ki, İranın iştirak etmədiyi müzakirələr heç vaxt nəticə vermir. Baş katib bildirdi ki, Cenevrə 2 müzakirələrindəki tərəflər təkrar sözlər danışır, bir-biri ilə didişir. Bu məqsədlə baş katib İranı dəvət etdi.

BMT baş katibinin təlaşları bu nöqtəyə qədər müsbət idi. Amma dünya polisi rolunu özünə götürmüş ABŞ təzyiqlərə başladı və BMT baş katibi dəvətini geri götürdü. Maraqlı nöqtələrdən biri budur ki, BMT baş katibləri həmişə işdən gedəndə elan edir ki, qərarları Amerikanın təzyiqi altında qəbul edib. BMT-nin nizamnaməsində yazılır ki, bu təşkilat müstəqildir. Əslində BMT heç bir dövlətin təzyiqlərinə təslim olmamalıdır. İrana göndərilmiş dəvəti geri götürməklə BMT-nin olan-qalan nüfuzunu puça çıxardılar. Aydın oldu ki, BMT dünya problemlərinin həllində oyuncaq təşkilatdır. Mən üzümü Pan Ki Muna tuturam: BMT-nin əsas vəzifəsi beynəlxalq hüquqların qorunmasıdır. BMT başçısının İrana münasibətdə bu addımı ona şərəf gətirmədi. Siz Suriyanı terroristlərin əlinə vermisiniz. Bu ölkədə insan haqları ən çirkin şəkildə tapdanır. Cənab Rəhbər buyurur: "Dünyada insan haqlarından kim danışsa da, Amerika danışa bilməz." BMT-nin yaranmasında məqsəd budur ki, dövlətlərin qanunsuz addımlarının qarşısı alınsın. Millətləri qorumaq, təcavüzlərin qarşısını almaq BMT-nin əsas işidir. Təəssüf ki, BMT vəzifəsini yerinə yetirə bilmədi. Bu təşkilat 1948-ci ildə ikinci dünya müharibəsindən sonra imperialist qüvvələr tərəfindən yaradılıb. Bu təşkilatı yaradanlar ikinci dünya müharibəsinin qalibləri idi. BMT bu gün də onların əlində alətdir. Bəli, dünyaya hakim nizam ayrı-seçkilik və ədalətsizlik üzərində qurulub. Əsrin Sahibi İmam Zaman zühur edənədək beynəlxalq müstəvidə hüquq pozuntuları davam edəcək. Yalnız İmam (əc) müqəddəs arzuları reallaşdıracaq. İmam Zamanın (əc) adlarından biri də Arzudur (Umniyyə - بِنَفْسی اَنْتَ اُمْنِیَّةُ شائِقٍ یَتَمَنّى مِنْ مُؤْمِن وَ مُؤْمِنَةٍ ذَکَرا فَحَنّا). Canım Sənə fəda olsun, ey Səni yada salıb nalə çəkən möminlərin arzusu!

Nur-az.com