Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Fevral 2016

Haqq və batilin zahiri nişanələri

Haqq ağır və acıdır, batil isə yüngül və şirin
Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əbuzər! Haqq ağır və acıdır; batil yüngül və şirindir. Çox vaxt bir saatlıq həvəsə uymaq uzun müddətli qəmə, kədərə səbəb olur.”
Burada Peyğəmbərin (s) sözünün məzmunu budur ki, haqq ağır və acıdır, batil isə yüngül və şirin. Bu cümlənin izahında deməliyik ki, öz axirət səadətini düşünən mömin, öz imanının tələbinə uyğun olaraq ruhi və mənəvi təkamülün fikrində olmalıdır. Bunun üçün onun hədəfə çatmasında yolunu kəsmiş bütün maneələri kənara qoymalıdır. Təbiidir ki, bu yola təzə qədəm qoymuş mömin hər şeyin onun üçün asan, şirin olmasını istəyir. O özünü bu yolun çətinliklərini daşımağa, acılarını dadmağa hazır etməmişdir. Buna görə də mümkündür çətinliklərlə, problemlərlə üzləşdikdə yerində addımlasın və hətta geri gedib haqdan üz döndərsin və ya bir-iki addım atıb qabağa getsə də belə bir fikir onu narahat etsin ki, nəyə görə haqq və xeyir yolda addımladığı halda bu qədər problem və çətinlik olmalıdır.
İnsanı həmişə bir sual düşündürməkdədir ki, niyə haqq ağır və acıdır və insan haqq yolda addımlarkən məşəqqətli problemlərlə üz-üzə gəlmiş olur, amma batil şirin və asandır? Niyə insan acıları dadıb şirinliklərə göz yummalıdır? İnsan üçün bəlkə də belə bir sual qarşıya çıxsın ki, - nəuzubillah -, Allah görən paxıldır ki, dostlarına dünyanın şirinliklərini və ləzzətlərini dadmağa icazə vermir və onlara vəzifə olaraq çətin və ağır işləri tapşırır? Haqqı şirin etməsinə nə mane olurdu? Belə olsaydı hamı haqqın dalınca gedib yolunu azmazdı. Mömin bir insanla fasiq birisinin həyatını müqayisə edəndə görürük ki, möminin həyatda sinə gərəcəyi çətinlikləri daha çoxdur. Bir tikə halal çörəyi qazanması üçün dəridən – qabıqdan çıxmalıdır. Onun həyatda ailəsi ilə, qonşusu ilə, övladları ilə bağlı bir sıra çətinlikləri vardır. Bunun əksinə, onun fasiq qohumu və ya qonşusu kefdədir və elə də çətin bir problem ilə üzləşmir. Bu müqayisə ilə üzləşəcəyimiz sual budur: necə olur Allah mömini sevdiyi halda - necə ki, saysız-hesabsız rəvayətlərdə iman və mömin haqqında təriflər deyilib – onu bu qədər çətinliklərlə üzləşdirir. Öz gün-güzaranını sahmana salması üçün nə qədər zəhmət çəkməlidir. Evlənmək istəyəndə özünə bab münasib adamı tapması üçün hərdən neçə il gözləməli olur. Hansı qapıya gedirsə - naz edir, bəyənib ona qız vermirlər! Amma başqaları evlənəndə bu problemlə o qədər də üzləşmirlər. Ürəkləri istədiyi qızı seçib alırlar. Bu müqayisə mömin və kafir olan iki cəmiyyət arasında da mövcuddur. Bosniya və Herseqovinanın müsəlman xalqını onların qonşuluğunda olan qeyri müsəlman cəmiyyəti ilə müqayisə etdikdə özlüyümüzdə düşünürük: görən Bosniya və Herseqovina xalqı nə edib ki, bu bəlalara tuş gəlib, bu qədər çətinlik çəkməlidir? Niyə kafirlər onların kənarında asudə yaşamalıdır, amma bu müsəlman millətinin hər an canı, malı, namusu ayaqlar altına atılmalıdır və alçaq serb qövmü onları çalıb-çapmalıdır? Əgər Allah möminlərin tərəfindədirsə onda niyə onlara kömək etmir?
Bu suallar müxtəlif formalarda bizim qarşımıza çıxır və hər kəs də öz mərifət həddinə görə ona cavab verir. Amma hər halda bizim əksəriyyətimiz üçün qaranlıq qalan yerlər var. Mümkündür imanı daha çox olanlar desinlər