Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Fevral 2014

Şikayətlənmək, deyinmək, donquldamaq

İslam əxlaqında bəyənilməyən sifətlər arasında hamıya tanış, bəlkə də hamının yoluxduğu bir sifət var və bu sifət adətən "deyinmək" adlandırılır. İnsan həyatı başdan-başa problemdir. Qətiyyətlə deyə bilərik ki, həyatda çətinliyi olmayan insan yoxdur. Əsas məsələ qarşıda dayanan çətinliyin böyüklüyü yox, insanın əzm və iradəsidir. Qüdrət sahibi olan Allaha güvənən insan çətinliklər qarşısında sınmır, Allahın yardımını gözləyir.

Sual yaranır ki, insan onun qarşısına çıxan problemlər qarşısında nə etməlidir? Çətinliyə reaksiya fərqli olur. Bəziləri şikayətlənir, ah-nalə çəkir. Fussilət, 51: "(Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər." Olsun ki bu ayədə dua deyərkən elə həmin ahuzar, şikayətlənmək, giley nəzərdə tutulub. Məaric, 20: "Ona bir pislik üz verdikdə fəryad qoparar." Bəli, bəzi insanların çətinliyə reaksiyası belə olur.

Başqa bir qrup çətinliklə rastlaşan kimi ümidini hər şeydən üzür, bədbinləşir. İsra, 83: "İnsana bir nemət (sağlamlıq, var-dövlət) verdiyimiz zaman (Bizdən) üz çevirib uzaq gəzər. Ona bir pislik üz verdikdə isə məyus olar!"

Üçüncü bir qrup da var ki, bu insanlar onlara verilən nemətləri unudar, nankorluq göstərərlər. Şura, 48: "(Ya Peyğəmbər!) Əgər (bu müşriklər sənin dəvətindən) üz döndərsələr (əsla ürəyini qısma). Biz səni onlara gözətçi göndərməmişik. Sənin öhdənə düşən ancaq (risaləti) təbliğ etməkdir. Əgər Biz insana Öz dərgahımızdan bir mərhəmət (nemət) daddırsaq, ona sevinər; yox, əgər onlara öz əlləri ilə etdikləri əməllərin ucbatından bir pislik toxunsa, (görərsən ki) insan, həqiqətən, nankordur!"

Qurani-Kərim həyat çətinliklərindən danışanda insanların tutumsuzluğunu, dözümsüzlüyünü önə çəkir. İnsan adətən kiçik bir problemlə rastlaşanda ümidsizləşir və müqavimətsiz insanların əsas sifətlərindən olan deyinmə, şikayətlənmə xəstəliyinə yoluxur. El arasında bu sifətə donquldamaq da deyirlər. Belə insan başqalarının hüzuru və ya təklikdə dodağının altında danışır, özü ilə danışa-danışa narazılığını dilə gətirir.

Bəzi insanlar yalnız çətinliyə düşdükdə mömin olur. Yunis, 12: "İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi."

Başqa bir qrup çətinliklə rastlaşanda Allahdan küsür, düşünür ki, Allah onu bədbəxt etmək istəyir. Fəcr, 16: "Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər."

Ağıl və məntiqə əsaslanan insan dərk edir ki, qarşıya çıxan problemin həlli üçün təlaş lazımdır. Quyuya düşmüş adam çabalamasa, təlaş göstərməsə həyatını itirər. O ən azı başqalarını köməyə çağırmalıdır. Köməyə çağırdıqları arasında Allahdan qüdrətlisi kimdir?! Əgər quyuda deyinməyə başlarsa bu onun axmaqlığını göstərir. Əslində bütün problemlər quyu kimidir. Quyuya düşdüyü zaman deyinən insanla problemlə rastlaşıb deyinən insan arasında oxşarlıq çoxdur.

Həqiqət budur ki, deyinməklə problem həll olunmur. İman yoluna qədəm qoyan insan yaxşı olar ki, elə ilk addımda şikayətlənmək, deyinmək, gileylənmək, donquldamaq kimi sifətlərdən uzaqlaşsın. Əxlaq alimləri iman yoluna qədəm qoyan insana deyinmək orucu (ruzeye-ğor zədən) tutmağı tövsiyə edir. Bu oruc ramazan orucundan fərqli olaraq ömür boyu tutulur. İnsan bir müddət özünə nəzarət etdikdən sonra deyinməməkdən ləzzət alır. Deyinməməyi xarakterə çevirmiş fərd ruhi aramlıq əldə edir, başını aşağı salıb problemlərinin həlli ilə məşğul olur. İslam çətinliyə qələbə üçün deyinmək yox, şükr etməyin faydasından danışır. İnsan həm təlaş, həm də şükr etməklə çətinliyə qalib gələ bilər.

İlahi ayələrə diqqət yetirdikdə "usr" sözünün 12, "yusr" sözünün 36 dəfə işləndiyini görürük. Yəni həmişə çətinlik asanlığın üçdə biri qədər olur. Hər çətinlik ardınca rifah və asanlıq gəlməsi ilahi sünnədir.

Yaxşı olar ki, insan pislikləri dilə gətirib deyinmək əvəzinə müvəffəqiyyətləri yada salıb özündəki həyat həvəsini gücləndirsin. Zuha, 11: "Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!" İmam Sadiq (ə) buyurur ki, Allahın sənə əta etdiklərini yada sal, dilə gətir. Əlbəttə ki, insana müvəffəqiyyətlərdən danış deyiləndə insan təkəbbürə yol verməməli, uğurları dilə gətirəndə lovğalanmamalıdır. Əgər ilahi niyyətlə uğurlar yada salınsa bunun möcüzəvi təsiri olar. Müvəffəqiyyətləri xatırlamaq ruha aramlıq gətirir, qarşıdakı problemləri kiçik göstərir, müqavimət gücünü artırır. Belə insanlar heç vaxt ümidsizliyə qapılmır, problem qarşısında sınmır. (9ktenews)


İnsan unutmamılıdır ki, başqalarından giley heç bir problemi həll etmir. Təəssüf ki, əksəriyyət qarşıdakı çətinliyi görür, amma nemətləri görmür. Şərait zərərimizə dəyişən kimi gileylənməyə başlayırıq. Adətən qarşıya çıxan problemə görə kimlərisə ittiham edirik. Əsl günahkar isə özümüzük. İnsanın çətinliyə ilahi baxışı olmalıdır. Əks təqdirdə kiçik çətinlik aramlığımızı əlimizdən alacaq, ruhumuzda böhran yaranacaq. Dərk etməliyik ki, çətinlik insan həyatının zərurətidir və çətinlik olmadan kamala çatmaq mümkün deyil. Kamillik məqsədi olan insan şikayətlənməməlidir. Belə insan üçün çətinlik özü də bir nemətdir. Çünki insan hər çətinliyi aşanda bir pillə yüksəlir. Deyinmək, donquldamaq isə insanı alçaldır, insan hər dəfə dilinə giley gətirəndə onun şəxsiyyəti kiçilir.

İnsanı deyinməyə aparan amillərdən biri onun hər işdə özünü başqaları ilə müqayisə etməsidir. Nə üçün başqaları məndən varlıdır, nə üçün başqaları məndən güclüdür, nə üçün başqalarının vəzifəsi böyükdür, nə üçün başqalarının dostu çoxdur, nə üçün başqalarının ailəsi xoşbəxtdir? Belə suallar, müqayisələr insanı böhrana aparır. Özünü başqalarından geridə görməklə Allahdan narazılıq edir, bununla da iman sütunları sarsılır.

İslamda insan üçün ən bəyənilmiş sifət razılıq sifətidir. İnsan ən ağır problemlər içində belə narazılığı özünə yaxın buraxmamalı, başa düşməlidir ki, narazılıq onun problemlərini daha da artırır. Əslində narazılıq özü bir problemdir. Əgər insanda belə bir sifət varsa onun doğru yolu tapması və bu yolda addım atması qeyri-mümkün olur. Əgər deyinməkdə davam etsəniz, daim narazılığınızı bildirsəniz ətrafdakı insanlar tədricən sizdən uzaqlaşacaq. İnsan fitrəti razı insanlara meyillidir. Əgər hamının problemi varsa nə üçün mən öz problemimdən danışmalıyam!

Əgər qarşıya çıxan problemi həll etmək mümkün deyilsə artıq enerji sərf etməmək düzgün olar. Mömin insan təlaşla aşılmayan problemlərin həlli üçün qüdrət sahibi olan Allahın qapısında dayanır. İnsana boy verməyən bir divarı yalnız Allahın yardımı ilə aşmaq olar. Düşünməyin ki, bu divarı qaldıranlar günahkardır. Divarı aşmaq barədə düşünün.

Qəm-qüssə, nigarançılıq həyatımızın tərkib hissəsidir. Xəstəlik, maddi ehtiyac, evsizlik, gözlənilməyən qəza hamının qapısını döyə bilər. Kimsə bu hadisələrdən sığortalanmayıb. Əlbəttə ki, bu hadisələrin fəlsəfəsi var. İdmançı baryerləri aşmaqla öz fiziki göstəricilərini artırır. Çətinliklər də idman meydançasındakı baryerlər kimidir. İnsan çətinlikləri aşdıqca kamilləşir, möhkəmləşir. Bu həqiqəti dərk etməyən və ya dərk etmək istəməyənlər gücü şikayətə verir və daim deyinir. Dizini qucaqlayıb oturmaq, dodaq altda narazılıq etmək, ətrafdakı insanları ittiham etmək insana yaxşı heç nə vəd etmir.

Maraqlı nöqtə budur ki, insan xarakterində müşahidə edilən giley və şikayət müəyyən çərçivədə xeyirli ola bilər. Əlbəttə ki, bunun şərtləri var. İnsan ah çəkməklə mənfi enerjidən qurtulur. Əslində ah çəkmək də deyinmək qismindəndir. Əgər insanın haqqı doğrudan da tapdanmışsa və o haqlı olaraq şikayətlənirsə belə şikayət pislənilmir. İslam zülm qarşısında razılığı bəyənmir. Mübariz insan zülmlə vuruşur, zülmə müqavimət göstərir, zülm ittiham edir.

Yaxşı olar ki, insan öz problemlərini konkretləşdirib onların həlli üçün düzgün yol axtarsın. Problemlər qarşısında ən düzgün seçim budur. Problemi tanımadan onu həll etmək olmaz. Təsəvvür edin ki, qarşınıza çıxmış divarı tanımadan onu dağıtmaq çətindir. Əgər bu divarı sizin gücünüzün fövqündə olan bir möhkəmlikdə tikiblərsə ona güc vurmaq faydasızdır və başqa yol axtarmaq lazımdır.

İnsan unutmamalıdır ki, onun enerjisi Allaha güvəndikdə qeyri-məhdud olur. Yəni problemlər təkcə təlaş yox, həm də Allaha təvəküllə aşılır. Təkcə özünə güvənən insan külünglə dağı yarmaq istəyən sadəlövh insan kimidir. Allahın razılığı, tövfiqi olmasa insan addım ata bilməz. Bunu ututmamaq lazımdır.

İnsan özünü düzgün tərbiyə etdikdə qarşısına çıxan problemlərdə özünü itirmir. Çünki özünü və problemləri yaxşı tanıyır. O başa düşür ki, həyəcan, nigarançılıq insanın enerjisini boş yerə sərf edir.

Müvəffəq insan problemlərlə rastlaşdıqda "nə üçün" sualından daha çox "necə" sualı barədə düşünür. Problemin nə üçün yaranması onu həll etmir. Əsas məsələ onu necə adlamaqdır. Əgər insan həmişə problem görən kimi günahkar axtarmayıb bu problemi aşmaq barədə düşünsə tezliklə uğur qazanar. (tebyan)

Nur-az.com


1422 بازدید