Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

Ayətullah Seyid Əhməd Zəncaninin vəsiyyətnaməsindən bir parça

İlahi, Sənin nemətlərin sonsuzdur, amma biz ondan qafilik, o nemətləri xatırlamırıq
Həzrət Ayətullah Seyid Əhməd Zəncani, hal-hazırda böyük təqlid mərcələrindən olan Ayətullah əl-üzma Seyid Musa Şübeyri Zəncaninin atasıdır. O öz dövrünün böyük fəqihlərindən hesab olunur. Bir çox tələbələr yetişdirmiş və fiqhi əsərlər yazmış Seyid Əhməd Zəncani həm də çox təqvalı insan olmuşdur. O, ictimai və ailə məsələlərində nümunəvi insanlardan sayılır. Mərhum Ayətullah Seyid Əhməd Zəncaninin övladlarına yazdığı vəsiyyətnamədən bir hissəsini sizə təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim

Mütəal Allahın vahidliyinə, həzrət Xatəmul-ənbiya Muhəmməd ibn Əbdullahın (s) risalətinə, onun on iki vəsisinin vilayətinə – onlardan birincisi həzrət Əliyyibni Əbi Talib və sonuncusu həzrət Höccət ibnil-Həsəndir – həmçinin, Muhəmmədin (s) halalı qiyamətə qədər halal, haramı da qiyamətə qədər haram olmasına, cəza gününə, savab və əzabın haqq olmasına iqrar etdikdən sonra deyirəm:
İlahi! Dünyanın hər yerində əli-qolu sınaraq xəstəxanalarda, ümumi və xüsusi yataqlarda gecə-gündüz nalə edən xəstələrin sayı qədər dərgahına şükürlər olsun ki, bizə sağlamlıq neməti vermisən və belə dərdlərə düçar etməmisən.
İlahi! Dünyanın hər yerinin xəstəxanalarında zəncirə çəkilən, günü əzab-əziyyətlə ötən dəlilələrin sayı qədər dərgahına şükürlər olsun ki, bizə ağı-qaradan seçmək neməti vermisən və belə bəlalara düçar etməmisən.
İlahi! Uzun illər boyu məhkəmələrdə ağır xərclərlə uzun-uzadı qanun süründürməçiliyinə mübtəla olub, işləri bilinməyən vaxta kimi uzanan insanların sayı qədər dərgahına şükürlər olsun ki, bizi belə müsibətlərə düçar etməmisən.
İlahi! İdarələrdə, icra aparatlarında və digər dairələrdə bir xırda işdən ötəri həm ayaqqbıları, həm də cibləri yırtılan müraciət edənlərin sayı qədər dərgahına şükürlər olsun ki, bizi onların sırasında qərar vermədin. Amma İraqda imamların (ə) qəbrini ziyarət etmək üçün sənəd düzəltməyə görə həm ayaqqabımı, həm də cibimi yırtmağı arzu edirəm.
İlahi! Tiryək, heroin və dünyanın digər zəhrimarlarına qurşanıb, can və malını bu yolda verən, yarıcan olaraq küçələrdə gəzən narkotik aludəçilərinin sayı qədər dərgahına şükürlər olsun ki, bizi belə evyıxan bəlalara düçar etmədin.
İlahi! Dünyada vasvaslığa düçar olaraq öz ömrünü onun dəli sevdasında tələf edən, ömrünü narahatlıqla keçirən adamların sayı qədər dərgahına şükürlər olsun ki, bizi bu bəladan qorudun.
İlahi! Sərvətlərinin artması bəlasına düçar olmuş, gecə-gündüz sərvət toplamaq ardınca qaçmış, yuxu və yeməyi özünə haram etmiş, amma yoxsullar kimi həyat sürən adamların sayı qədər dərgahına şükürlər olsun ki, bizi belə ötəri sərvətə, acınacaqlı vəziyyətə salmadın.
İlahi! Yola getməyən nankor ailə və övlad sahibi olmaqla şirin xörəkləri acı olan insanların sayı qədər dərgahına şükarlər olsun ki, bizə yaxşı ailə və saleh övlad neməti əta etmisən. Mən onlardan razıyam, Sən də məndən razı ol.
İlahi! Aləmdə hər biri bir növ müşküllə qarşılaşan insanların sayı qədər dərgahına şükürlər olsun ki, bizi müşküllərə düçar etmədin.
İlahi, Sənin nemətlərin sonsuzdur, amma biz ondan qafilik, o nemətləri xatırlamırıq. Yalnız bir kəsin o nemətdən məhrum olduğunu gördükdə həmin nemət yadımıza düşür. Məsələn kor və acizi görürük, sonra görməyimiz yadımıza düşür, lalı görürük danışmaq və eşitmək nemətini xatırlayırıq, əlsiz-ayaqsla rastlaşırıq, əl-ayaq neməti yada düşür. Onların halını gördükdən sonra öz halımız yadımıza düşür ki, əlhəmdulillah, bu nemətlər bizdə var. Allahı and verirəm dərgahına müqərrəb olanlara! Bizə mərhəmət etdiyi bu nemətləri bizdən almasın.

Əziz övladlarıma vəsiyyət edirəm – oğlan, qız, nəvə, nəticə və s. nəsildən nəsilə hamısına – böyüklərin bizə vəsiyyət etdiyi təqva, pərhizkarlıq, Allaha təvəkkül etmək və dünya əhlindən ümidini üzməyi.
Əziz övladlarım! Mütəal Allah bizə sonsuz nemətlər mərhəmət etmişdir. Heç sağlamlıq nemətlərinə diqqət etmisinizmi ki, kor deyilsiniz, kar deyilsiniz, dəli deyilsiniz, fələc deyilsiniz, bacarıqlı və çox gəlirli, lakin az ruzili deyilsiniz ki, yoxsul yaşayışla sərvətlilərin hesabını verməli olasınız, müflis deyilsiniz ki, malınızı borclu olduğunuz adamlar arasında bölsünlər, narkotik aludəçisi deyilsiniz, vasvas deyilsiniz, xəstəxanada yataq deyilsiniz, dəlixanada deyilsiniz və s. Hər biri minlərlə belə bədbəxtlik və müşkül yaradan acınacaqlı vəziyyətə düşməmisiniz.
Şükür mərhələsindən keçib, təvəkkül mərhələsində də dünya əhlindən ümidinizi üzün və yalnız Allaha ümid bağlayın.
Həyatda bacardığınız qədər şad və azad olun ki, xoş və rahat günlər yaşayasınız. Əks təqdirdə xəyal bağları ilə özünü bağlayıb, rahatlığınızı əldən verəcəksiniz. Azad olmağın bir nümunəsi də budur ki, nə şəxsiyyətpərəst olub birinin ardınca düşün, nə də kiminsə sizi pərəstiş etməsinə imkan verin. Təkəbbür xəstəliyinə tutulmuş birisini gördüm. O, öz vəziyyətindən mənə şikayətlənərək dedi: "gecələr yata bilmirəm, o qədər fikirləşirəm ki, gözümə yuxu getmir". Bu hansı fikirdir? Bu həmin "digəri nə üçün məndən yaxşı düşünür?", "nə üçün məndən irəlidədir?" fikirləridir. Bu cür qəm-qüssələr yuxunu ona haram edib. Mənim mühüm sifarişim odur ki, bu cür xəyal və mövhumatı özünüzdən uzaq edin. Hər kəs səndən yüksək düşünmək istəyirsə, qoy düşünsün, səndən irəlidə getmək istəyirsə, qoy getsin. Buna bağlanma.
Tütün və tənbəkidən istifadə etməyin, yoxsa irəli gedə bilməzsiniz –deyə, sizə yasaq qoya bilmirəm. Çünki görürəm ki, camaatın çoxu bu dərdə mübtəla olmuşdur. Amma tövsiyəm budur ki, tütün-tənbəkidən çox istifadə etməyin.
Amma tiryək, şirə və onun kimiləri ayrı-ayrılıqda sizə qadağan edirəm. Hətta, tiryək tüstüsü qalxan məclisdə iştirak etməyi də qadağan edirəm. Hətta, mənim övladlarımdan hər kəs belə zibillərdən istifadə etsə, onu nifrin edirəm. İlahi, onların hamısını Sənə tapşırırıam, onların hamısını belə zibillərdən qoru. Heroin və onun kimi şeylər ölkənin gənclərini öz kamına alan təzə müsibətlərdəndir. Allaha yalvarıram ki, mənim övladlarımı belə ürək parçalayan bəlalardan qorusun.
Digər sifarişim budur ki, izdivac məsələsini çox çətin tutmayın, qızı asanlıqla ərə verin, ağır mehriyyə tələb etməyin, avam camaat arasında adət olan bel qıran mərasimlərdən uzaq olun. Elçinin nəcabətini, dindarlığını, gözəl əxlaqını meyar qərar verin. İstixarə ilə işə başlayın və işlərin ardını Allaha tapşırın. Allah hər şeyə kifayət edəndir.




1628 بازدید