Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Fevral 2016

Ayətullah Seyid Əhməd Zəncaninin vəsiyyətnaməsindən bir parça

İlahi, Sənin nemətlərin sonsuzdur, amma biz ondan qafilik, o nemətləri xatırlamırıq
Həzrət Ayətullah Seyid Əhməd Zəncani, hal-hazırda böyük təqlid mərcələrindən olan Ayətullah əl-üzma Seyid Musa Şübeyri Zəncaninin atasıdır. O öz dövrünün böyük fəqihlərindən hesab olunur. Bir çox tələbələr yetişdirmiş və fiqhi əsərlər yazmış Seyid Əhməd Zəncani həm də çox təqvalı insan olmuşdur. O, ictimai və ailə məsələlərində nümunəvi insanlardan sayılır. Mərhum Ayətullah Seyid Əhməd Zəncaninin övladlarına yazdığı vəsiyyətnamədən bir hissəsini sizə təqdim edirik:

Bismillahir-rəhmanir-rəhim

Mütəal Allahın vahidliyinə, həzrət Xatəmul-ənbiya Muhəmməd ibn Əbdullahın (s) risalətinə, onun on iki vəsisinin vilayətinə – onlardan birincisi həzrət Əliyyibni Əbi Talib və sonuncusu həzrət Höccət ibnil-Həsəndir – həmçinin, Muhəmmədin (s) halalı qiyamətə qədər halal, haramı da qiyamətə qədər haram olmasına, cəza gününə, savab və əzabın haqq olmasına iqrar etdikdən sonra deyirəm:
İlahi! Dünyanın hər yerində əli-qolu sınaraq xəstəxanalarda, ümumi və xüsusi yataqlarda gecə-gündüz nalə edən xəstələrin sayı qədər dərgahına şükürlər olsun ki, bizə sağlamlıq neməti vermisən və belə dərdlərə düçar etməmisən.
İlahi! Dünyanın hər yerinin xəstəxanalarında zəncirə çəkilən, günü əzab-əziyyətlə ötən dəlilələrin sayı qədər dərgahına şükürlər olsun ki, bizə ağı-qaradan seçmək neməti vermisən və belə bəlalara düçar etməmisən.
İlahi! Uzun illər boyu məhkəmələrdə ağır xərclərlə uzun-uzadı qanun süründürməçiliyinə mübtəla olub, işləri bilinməyən vaxta kimi uzanan insanların sayı qədər dərgahına şükürlər olsun ki, bizi belə müsibətlərə düçar etməmisən.
İlahi! İdarələrdə, icra aparatlarında və digər dairələrdə bir xırda işdən ötəri həm ayaqqbıları, həm də cibləri yırtılan müraciət edənlərin sayı qədər dərgahına şükürlər olsun ki, bizi onların sırasında qərar vermədin. Amma İraqda imamların (ə) qəbrini ziyarət etmək üçün sənəd düzəltməyə görə həm ayaqqabımı, həm də cibimi yırtmağı arzu edirəm.
İlahi! Tiryək, heroin və dünyanın digər zəhrimarlarına qurşanıb, can və malını bu yolda verən, yarıcan olaraq küçələrdə gəzən narkotik aludəçilərinin sayı qədər dərgahına şükürlər olsun ki, bizi belə evyıxan bəlalara düçar etmədin.
İlahi! Dünyada vasvaslığa düçar olaraq öz ömrünü onun dəli sevdasında tələf edən, ömrünü narahatlıqla keçirən adamların sayı qədər dərgahına şükürlər olsun ki, bizi bu bəladan qorudun.
İlahi! Sərvətlərinin artması bəlasına düçar olmuş, gecə-gündüz sərvət toplamaq ardınca qaçmış, yuxu və yeməyi özünə haram etmiş, amma yoxsullar kimi həyat sürən adamların sayı qədər dərgahına şükürlər olsun ki, bizi belə ötəri sərvətə, acınacaqlı vəziyyətə salmadın.
İlahi! Yola getməyən nankor ailə və övlad sahibi olmaqla şirin xörəkləri acı olan insanların sayı qədər dərgahına şükarlər olsun ki, bizə yaxşı ailə və saleh övlad neməti əta etmisən. Mən onlardan razıyam, Sən də məndən razı ol.
İlahi! Aləmdə hər biri bir növ müşküllə qarşılaşan insanların sayı qədər dərgahına şükürlər olsun ki, bizi müşküllərə düçar etmədin.
İlahi, Sənin nemətlərin sonsuzdur, amma biz ondan qafilik, o nemətləri xatırlamırıq. Yalnız bir kəsin o nemətdən məhrum olduğunu gördükdə həmin nemət yadımıza düşür. Məsələn kor və acizi görürük, sonra görməyimiz yadımıza düşür, lalı görürük danışmaq və eşitmək nemətini xatırlayırıq, əlsiz-ayaqsla rastlaşırıq, əl-ayaq neməti yada düşür. Onların halını gördükdən sonra öz halımız yadımıza düşür ki, əlhəmdulillah, bu nemətlər bizdə var. Allahı and verirəm dərgahına müqərrəb olanlara! Bizə mərhəmət etdiyi bu nemətləri bizdən almasın.

Əziz övladlarıma vəsiyyət edirəm – oğlan, qız, nəvə, nəticə və s. nəsildən nəsilə hamısına – böyüklərin bizə vəsiyyət etdiyi təqva, pərhizkarlıq, Allaha təvəkkül etmək və dünya əhlindən ümidini üzməyi.
Əziz övladlarım! Mütəal Allah bizə sonsuz nemətlər mərhəmət etmişdir. Heç sağlamlıq nemətlərinə diqqət etmisinizmi ki, kor deyilsiniz, kar deyilsiniz, dəli deyilsiniz, fələc deyilsiniz, bacarıqlı və çox gəlirli, lakin az ruzili deyilsiniz ki, yoxsul yaşayışla sərvətlilərin hesabını verməli olasınız, müflis deyilsiniz ki, malınızı borclu olduğunuz adamlar arasında bölsünlər, narkotik aludəçisi deyilsiniz, vasvas deyilsiniz, xəstəxanada yataq deyilsiniz, dəlixanada deyilsiniz və s. Hər biri minlərlə belə bədbəxtlik və müşkül yaradan acınacaqlı vəziyyətə düşməmisiniz.