Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Mart 2016

İmam Sadiqin (ə) Əhvaz valisinə cavab məktubu

Hər kəs mömin qardaşını sevindirsə, Peyğəmbəri (s) sevindirib və hər kəs Peyğəmbəri (s) sevindirsə, Allahı sevindirib
Bismillahir-rəhmanir-rəhim

Allahın sənə lütf və inayət olsun və səni Öz himayəsində qorusun. Çünki bu işdə güc sahibi yalnız Odur.
Səfirin sənin məktubunu mənə çatdırdı. Onu oxudum və istəklərin barədə nəzərindən agah oldum. Belə düşünürəm ki, Əhvazın hökumət və valiliyinə düçar olmusan. Sənin bu valilik və vəzifən məni həm sevindirir, həm də qəmləndirir. Allahın köməyi ilə hər ikisinin səbəbini sənə yazıram:
Sevinməyimin səbəbi:
Sevinməyimin səbəbi budur ki, ümid edirəm, Allah-taala Muhəmmədin (s) Əhli-beytinin (ə) dostlarının müşküllərini və əziyyətlərini sənin vasitənlə aradan qaldırsın, onları sənə görə izzətli və başı uca etsin, onlardan bir çılpağı geyindirsin, gücsüzünü güclü və bacarıqlı etsin, təfriqə odunu söndürsün, pərakəndəlikdən nicat versin. Bu işlər məni sevindirir.
Amma narahatlığımın səbəbi:
Məni qəmləndirən və sənə görə narahat edən səbəb budur ki, hökumət başında olub, qüdrətinin ən yüksək həddində –Allah eləməmiş– Əhli-beyt (ə) dostlarından kiməsə çətin tutasan və buna görə də behiştin iyi belə sənə çatmaya.
İstədiyini xülasə şəkildə sənə yazıram. Əgər ona əməl etsən və onun hədlərindən qırağa çıxmasan həyat və görüşündə sağlam qalacaqsan. İnşallah.
Bil, Ey Abdullah! Allahın bəndəsi! Atam öz hörmətli atalarından, o da Əmir əl-möminindən (ə), o da Allahın Peyğəmbərindən (s) belə rəvayət edir: "Hər kəs öz mömin qardaşından məşvərət və fikir mübadiləsi istəsə və onunla məşvərət etsə, amma o, ona məsləhətli olanını deməsə, Allah onun düşüncəsini əlindən alar".
Ona görə də həqiqət axtaran insan olaraq mənim fikrimi bilmək istədiyin üçün öz nəzərimi sənə deyirəm. Əgər əməl etsən, səni qorxudan məsələlərdən qurtulacaqsan.
1. Ey Abdullah! Bil ki, sənin qurtuluşun Allah dostlarının qanını qorumaqda, onları incitməməkdə, camaatla və tabeliyində olanlarla müdara etməkdə, ən güclü olduğun vaxtda onlarla layiqli və yumşaq davranmaqda, öz rəhbərlərinlə və onların nümayəndələri ilə müdara etməkdədir.
Həmişə Əhvaz xuzilərindən özünü qoru, onlarla ehtiyatla davran. Çünki atam öz hörmətli atalarından, onlar da Əmir əl-möminindən (ə) rəvayət etmişdir ki: "İman, yəhudi və xuzinin qəlbində möhkəmlənməz".
2. Sənin mənus olacağın, güvənəcəyin, işlərini tapşıracağın adam əmanətdar, təqvalı, sənin məzhəbin və adət-ənənələrinə uyğun bir şiə olmalıdır. Ona görə də dostlarını və köməkçilərini tanı və hər iki qrupu imtahan et. Onlarda inkişaf və hidayət görsən, daha qalanını özün həll et.
3. Yaltaq, şişirtmə və mübaliğə ilə danışan, pərdə saxlamayan şairlərə, təlxəklər kimi əməl edən dəyərsiz ünsürlərə hədiyyə və mükafat verməkdən çəkin və onun əvəzini Allah yolunda sərf et.
Zabit, komandir, məmur, səfir, yaxın adam, məktublarını aparıb-gətirən, sirr saxlayanlar, qoruyucular və əsgərlərinə verdiyin hədiyyələr, yalnız Allaha xatir və Onu razı salmaq üçün olsun.
4. Bəxşiş, sədəqə, Həcc səfəri, namaz libası, Allah yolunda verdiyin hədiyyə və paylarının hamısı ən pak qazanclardan olmalıdır. Çalış ki, qızıl-gümüş toplamayasan. Çünki onlardan olsan bu ayə sənə xəbərdarlıq edir: "Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!" ("Tövbə" surəsi, ayə 34.)
Heç vaxt ac qarınları doyuzduracağın şirniyyat və xörəkdən artıq qalanını nəzərindən qaçırma. Çünki bunların vasitəsilə (onları yoxsullara verməklə) Allahın qəzəbini söndürürsən.
Bil ki, atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) rəvayət edirlər ki, Peyğəmbəri-əkrəm (s) səhabələrinə buyurdu: "Qonşusu ac olan halda özü tox yatan kəs Allah və Qiyamət gününə iman gətirməmişdir". Səhabələr dedilər: Ey Allahın Peyğəmbəri! Əgər belə olsa, biz həlakətə düçar olduq. Peyğəmbər (s) buyurdu: "İstifadə etdiyinizin artığından, xurmanın və ruzinizin artığından, öz artıq geyimlərinizi ehtiyaclılara hədiyyə edin. Bu kömək və fadakarlıqla Allahın qəzəbini söndürəcəksiniz".
Ey Abdullah! Dünyanın etibarsızlığı, onun süstlüyü, keçmişdəkilərin ölüb getməsi barədə sənə xəbərdarlıq edirəm.
Atam buyurdu: "İmam Hüseyn (ə) Kufəyə tərəf hərəkət etdikdə İbn Abbas dedi: Səni qohumluq haqqına and verirəm. Məbada Peyğəmbərin (s) xəbər verdiyi Kərbəlada qana qəltan olacaq həmin şəhid sən olasan. Həzrət ona buyurdu: "İbn Abbas! Mən şəhid olacağım yeri səndən daha yaxşı bilirəm və təkcə əməvilərin yaratdığı bu çirkin dünyadan ayrılmaq ardıncayam. İbn Abbas! Əmir əl-mömininin (ə) dünya barədə nə buyurmasınə sənə xəbər verimmi?" İbn Abbas dedi: Bəli, ey Peyğəmbərin oğlu! Həzrət buyurdu: "Əmir əl-möminin (ə) buyurdu: Mən Fədəkdə işləyirdim. Birdən məftunedici və çox cazibəli bir qadın mənə tərəf gəldi. Mən əlimdə bel işə məşğul olduğum halda o, ən üstün gözəllik və işvə ilə özünü mənə göstərirdi. O, Qüreyşin qadınlarından daha gözəl idi... Mənə dedi: Ey Əbu Talibin oğlu! Məni özünə əqd etməyə hazırsan? Səni işin zəhmətindən ehtiyacsız edim, yerin və zamanın xəzinələrinin yerini göstərim, dünyanın padşahlığını həmişəlik sənin və səndən sonra övladlarının adına yazım? Mən ondan soruşdum: Sən kimsən ki, mən ailəndən sənə elçilik edim? Dedi: Mən dünya və onun zər-zivəri, qüdrət və şövkətiyəm. Onu tanıyan kimi dedim: Get və məndən başqa ər axtar. Sonra yenə tarlada öz işimlə məşğul olmağa başladım və bu şeri oxudum:
Həqiqətən, hər kəsi dünya aldadıbsa, o ziyana uğramışdır
Dünya əsrləri və qabaqkı nəsilləri adladandan başqa bir şey deyil
Dünya Qüreyşin ən gözəl qızı Səniyyənin simasında mənim yanıma gəldi
Zinət və bəzəyi ən gözəllərin bəzəyi kimi idi
Ona dedim: get başqasını aldat
Çünki sənin hiylələrinə agaham və səndən qafil deyiləm
Həqiqətən, mən hara, dünya hara?
Böyük Peyğəmbər Muhəmməd (ə) dünya ardınca olmayıb
O artıq dünyadan köçüb gedib
Təəccüb edirəm dünyanın kələyindən
O, öz zər-zivər xəzinələrini mənə gətirmişdi
Halbuki, Qarunun sərvətini, xalqın mülk və bağlarını əllərindən almışdır
Onların bütün sərvətləri məhv olur
Dünyanın maddi dəyərlərini toplayanlar, onu inhisar edənlər hesaba çəkilir
Bəs, ey dünya, get məndən başqasını aldat
Mən nə sənə ürək bağlamaram
Nə sənin dəyərlərinə, bağlarına, mülklərinə, suyuna, hökumətinə
Mən özümü Allahın verdiyi ruziyə qane etmişəm
Sən günahraklara və şər istəyənlərə layiqsən
Mən Allahdan və Onunla görüşəcəyim gündən qorxuram
Həmişəlik əzabdan qorxuram
Ona görə də sənə ürək bağlamıram".
Əmir əl-möminindən (s) sonra da bütün İmamlar (ə) ona iqtida etdilər. Ona görə də heç nəyə aludə olmadılar, sapınmadılar və Allah onların məqamını uca etmişdir.
Mən bununla doğruçu, təsdiq olunmuş, saleh əməlli Peyğəmbərin (s) tərəfindən səni dünya və axirət gözəlliklərindən agah etdim.
İndi, əgər sən məktubumda yazdıqlarıma əməl etsən, dağların və dənizlərin dalğalarının ağırlığında günahın və sapınmaların olsa da ümid vardır ki, Allahın səni bağışlayacağı yolu tutasan və lütf üzündən sənin günahlarından keçsin.
Ey Abdullah! Öz hökumətində və ərazində heç bir imanlı insanı qorxutma. Atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) nəql edirlər: "Hər kəs imanlı bir şəxsə qorxulu baxışla baxaraq onu qorxutsa, Allahın lütfünün sayəsindən başqa bir sayə olmayacağı bir gündə Allah onu qorxudacaq, onun bədəni və bütün bədən üzvləri zərrə-zərrə olacaq, çölün həşəratları ilə onu məhşur edərək ki, öz yerinə (cəhənnəmə) daxil olsun".
Yenə atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) nəql edirlər: “Hər kəs mömin bir şəxsin ehtiyacını və müşkülünü aradan qaldırsa, Allahın lütfünün sayəsindən başqa bir sayə olmayacağı bir gündə Allah onun çətinliklərini aradan qaldırar və Qiyamət günü ona minnət bəxş edər”.
Yenə buyurublar: “Hər kəs mömin qardaşının bir ehtiyac və hacətini aradan qaldırsa, Allah onun çoxlu istəklərini verər. Onlardan biri də behiştdir və behişti onun üçün hazır edər. Hər kəs çılpaq qalmış din qardaşını geyindirsə, Allah ona behişt libasları geyindirər və onun hədiyyə etdiyi libasın bir sapı da din qardaşının bədənində qaldığı vaxta qədər Allah ondan razı olar.
Hər kəs ac mömin qardaşını yeməklə doyuzdursa, Allah onu ən dadlı behişt xörəkləri ilə doyuzdurar. Hər kəs susamış mömin qardaşını su ilə doyuzdursa, Allah onun susuzluğunu behiştin xüsusi və əl dəyməmiş şərbətləri ilə aradan qaldırar.
Hər kəs mömin qardaşına xidmət etsə, Allah behiştdə ona xidmət etmək üçün təravətli və gözəl əxlaqlı cavanlar ayırar, onu pak dostlarla həmrah edər”.
Hər kəs mömin qardaşını çiyninə götürsə, Allah onu behişt miniklərinə mindirər və Qiyamət günü müqərrəb mələklərin qarşısında belə bir bəndəsi ilə fəxr edər.
Hər kəs mömin qardaşı üçün həyat yoldaşı seçsə və onun izdivacı üçün şərait yaratsa ki, onun munisi olan, onu şad edən, həyatına dəstək olan bir həyat yoldaşı olsun; Allah behişt hurilərini onun izdivacına gətirər, onun arzu etdiyi salehlər və doğruçularla mənus edər.
Hər kəs ehtiyacı olan mömin qardaşını görmək üçün onun evinə getsə, Allahla görüşənlərdən hesab olunar və Allaha vacibdir ki, öz ziyarətçisini əziz tutusun”.
Ey Abdullah! Atam öz atalarından, onlar da Əmir əl-möminindən (ə) nəql edirlər ki, Peyğəmbər (s) öz səhabələrinə buyurdu: “Ey camaat! Başqalarının eyiblərinin ardınca olmayın. Hər kəs imanlı insanların eyiblərinin ardınca olsa, Allah Qiyamət günü onun eyiblərini açar və onu evinin içində rüsvay edər”.
Yenə buyurublar: “Allah mömin insandan əhd almışdır ki, hərəkət və danışığı doğru olsun, öz düşməni ilə insafla rəftar etsin, yalnız özünü ittihamlardan müdafiə etməkdən başqa hər işdə qəzəbini boğsun. Çünki hər bir mömin behiştdə əbədi səadətə çatmaq üçün qısa dünya həyatında dilini bağlayır və qoruyur”.
Yenə buyurublar: “Allah tərəfindən vəhy mələki nazil olaraq dedi: Ey Muhəmməd! Allah sənə salam göndərir və buyurur: İmanlı insan üçün Öz adlarımdan biri olan “Mömin” adını seçdim. Ona görə də mömin Məndəndir və Mən mömindən. Hər kəs bir mömini təhqir etsə, mənimlə müharibəyə qalxmışdır”.
Yenə buyurublar: “Əlican! Bir kəsin batinini tanımayınca onunla münazirə etmə. Çünki əgər bir kəsin daxili yaxşı və pak olsa, o, Allahın dostudur və Allah Öz dostunu xar etmir”.
Yenə buyurublar: “Küfrün əz aşağı mərtəbəsi budur ki, bir kəs öz qardaşından bir söz eşidərək, bir gün bununla onu rüsvay etmək məqsədilə bu sözü yadında saxlasın. Belə kəslər nicat tapmayacaqlar”.
Yenə buyurublar: “Əgər bir kəs mömin şəxsdən gözü ilə nəyisə görübsə, yaxud qulağı ilə nəyisə eşidibsə və bu görüb, ya eşitdiyi şeylə onu məzəmmət etsə, yaxud onda eyb axtarsa və ya onu təhqir etsə, bu şəxs o kəslərdəndir ki, Allah onların barəsində buyurub: “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir”. (“Nur” surəsi, ayə 19.)”
Ey Abdullah! Atam öz atalarından, onlar da Əmirəlmöminindən (ə) nəql edirlər ki, Peyğəmbər (s) buyurdu: “Hər kəs mömin qardaşından bir söz desə və o sözlə onu camaatın nəzərindən salmaq istəsə, Allah onu günahına görə cəzalandıracaq ki, onun dəlilini gətirsin və nicat tapması üçün çarə axtarsın, lakin dəlil və çarə tapa bilməyəcək.
Hər kəs mömin qardaşını sevindirsə, Peyğəmbəri (s) sevindirib və hər kəs Peyğəmbəri (s) sevindirsə, Allahı sevindirib. Hər kəs Allahı sevindirsə, Allaha vacibdir ki, onu behiştə daxil etsin”.
Ey Abdullah! Yenə sənə sifariş edirəm Allahdan qorxmağı, Ona itaət etməyi və Onun ipindən yapışmağı. Hər kəs Onun hidayət ipindən yapışsa, düz yola hidayət olmuşdur. Ona görə də Allahdan qorx, təqvalı ol və heç kimin razılığını Allahın razılığından üstün tutma və onun razılığının yerinə seçmə. Bu, Allahın insanlara tövsiyəsidir və ondan başqa heç nəyi qəbul etməyəcək.
Bil ki, heç kəs üçün təqva üstün bir təklif və vəzifə yoxdur və bu, biz Peyğəmbər (s) ailəsinin sifarişidir. Əgər dünya və onun maddi dəyərlərindən sabah sual olunacağın bir şey qazanmaq istəmirsənsə, belə et.


1346 بازدید
در حال ارسال اطلاعات...